Məhkəmə qərarları › İş №e-2(011)-232/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-232/2023

12.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-232/2023 12.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Nəsibova Çinarə Aydın qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Ləğv prosessində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh və Zamin qarşı “kredit müqaviləsinin ləğv edilməsi və kredit üzrə borcun tutulması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. Ləğv prosessində olan İddiaçı ASC (Bundan sonra - Bank) ilə Cavabdeh arasında, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli il bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanının icrası ilə əlaqədar olaraq, xx.xx.2019-cu il tarixdə güzəştli şərtlərlə 123NFPK saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən sonuncuya 1 il güzəşt müddəti olmaqla 5 il müddətinə, illik faiz dərəcəsi 1% olmaqla, 5320 manat məbləğində kredit verilmişdir.

2. Müqavilənin Əlavəsi olan ödəniş cədvəlinə əsasən aylıq ödəniş ilk 1 il 4,43 manat, sonrakı aylar üzrə 113,11 manat müəyyən edilmişdir.

3. Bundan başqa, Bankla cavabdeh Zamin arasında xx.xx.2019-cu il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh Zamin xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə borclunun (Cavabdeh) öhdəliklərini tam icra etməsi öhdəliyini üzərinə götürmüşdür.

4. İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri

5. İddiaçı cavabdehlə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli 123NFPK kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, həmin müqavilə üzrə cəmi 5426.67 manat, bundan 5320 manat əsas, 106,67 manat faiz borcu və iş üzrə ödənilmiş 75 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

6. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 123NFPK saylı kredit müqaviləsinə əsasən cavabdehə xx.xx.2015-ci il tarixli, 4927NF saylı kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədi ilə 5 il müddətinə 1 il güzəşt müddəti olmaqla, illik 1 faiz dərəcəsi ilə 5320 manat, məbləğində kredit verilmişdir. Cavabdeh kredit verilərkən Zamin ilə Bank arasında 01 oktyabr 2019-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə xx.xx.2022-ci il tarixli, **********042 saylı pretenziya göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixə kredit üzrə cəmi borcu 5426.67 manat təşkil edir. Bundan 5320 manat əsas, 106,67 manat faiz borcu təşkil edir.

b) Cavabdehlərin iddia ərizəsinə etirazının dəlilləri:

6. Cavabdehlər iddia ərizəsinə etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.

7. Məhkəmə iclasında verilən izahatlar:

8. İddiaçının nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi.

9. Cavabdeh məhkəmə iclasında iştirak etməsə də, əvvəlki məhkəmə iclasında verdiyi izahatında iddia tələbini tam qəbul etdiyini bildirmişdir.

10. Digər cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü olması barədə məhkəməyə məlumat vermədiyindən məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

11. Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

12. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

13. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

14. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

15. Maddə 422.1. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur.

16. Maddə 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır.

17. Maddə 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.

18. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

19. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

20. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

21. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

22. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

23. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

26. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

27. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

28. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

İşə baxan məhkəmənin mövqeyi:

29. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır.

30. İşin mübahisəsiz halları ilə müəyyən edilir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli il bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına uyğun olaraq, əvvəlki jredit borcu restruktruzasiya edilərək Bankla Cavabdeh arasında xx.xx.2019-cu-ci il tarixdə güzəştli şərtlərlə 123NFPK saylı, yeni kredit müqaviləsi bağlanmış, cavabdehə 5 il müddətinə illik 1% dərəcəsi ilə 5320 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh müqavilə şərtlərini pozmaqla, öhdəliyini tam icra etməmişdir.

31. Məhkəmə müqavilənin ləğvi barədə iddia tələbi ilə bağlı qeyd edir ki, Mülki Məcəllədə müqavilənin ləğvi üçün üç şərt tələb edilir: birinci şərt, müqavilə tərəflərinin könüllü razılaşmasıdır. Hazırki mübahisə üzrə bu hal, yəni tərəflərin razılaşması yoxdur.

32. İkinci şərt, müqavilənin bir tərəfin tələbi ilə pozulması ilə bağlıdır. Bu zaman müqavilənin ləğvini tələb edən tərəf sübut etməlidir ki, müqaviləni digər tərəf əhəmiyyətli dərəcədə pozmuşdur. Müqavilənin əhəmiyyətli dərəcədə pozulması elə bir həddə olmalıdır ki, bunun nəticəsində tərəf müqavilə bağlayarkən ümid etməyə haqqı çatanlardan, yəni müqavilənin bağlanması nəticəsində əldə edəcəyi gəlir, bəhər (xeyir), yaxud hər hansı üstünlükdən məhrum olmuş olsun.

33. İkinci şərtin mövcudluğu iddiaçı tərəfindən sübuta yetirilir. Belə ki, müqavilənin tərkib hissəsi olan ödəniş cədvəli üzrə aylıq ödənişin ilk 6 ay üzrə 4,43 manat, sonrakı aylar üzrə 113,11 manat olmaqla ödənilməsi müəyyən edilməsinə baxmayaraq, hesabdan çıxarış məlumatlarından məlum olur ki, cavabdeh ödənişləri qrafikə uyğun icra etməmiş, sonuncu ödənişini xx.xx.2022-ci il tarixdə etmiş, sonrakı ödənişlərini isə etməmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən kredit ödənişlərinin qrafikə uyğun icra edilməməsi nəticəsində iddiaçı maddi zərər çəkmişdir.

34. Müqavilənin ləğv edilməsinin üçüncü şərti isə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədardır. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi müqavilənin bağlanması zamanı tərəflər arasında mövcud olmuş şəraitin, (hansı ki, müqavilənin icrası şərtləri həmin şəraitə uyğunlaşdırılmışdır) sonradan müqavilənin icrası zamanı dəyişməsini nəzərdə tutur ki, bu dəyişmə nəticəsində müqavilənin icrası ya mümkün olmur, ya da xeyli dərəcədə çətinləşmiş olsun. Şəraitin əməmiyyətli dərəcədə dəyişməsini şərtləndirən hallar birbaşa müqavilənin bağlanmasına təsir göstərən amillərdir. Ona görə də, qanun müəyyən edir ki, şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Məhkəmənin qənaətinə görə, hazırkı mübahisə baxımından həmin hal mövcud deyil.

35. Beləliklə, şərh edilənlərdən də görünür ki, Cavabdeh kredit müqaviləsini əhəmiyyətli dərəcədə pozduğundan və müqavilənin ləğvi qaydasına qanunla müəyyən edilmiş qaydada əməl edildiyindən iddiaçı kredit müqaviləsinin ləğvini iddia etməkdə haqlıdır.

36. Məhkəmə həm də hesab edir ki, müqavilənin ləğvi qaydasına da iddiaçı tərəfindən əməl edilmişdir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı müqavilənin ləğvi ilə bağlı cavabdehlərə xəbərdarlıq (pretenziya) göndərmişdir.

37. Məhkəmənin qənaətinə görə iddia kredit borcunun cavabdehlərdən tutulması hissəsində də əsaslıdır.

38. Borc müqaviləsinə verilən anlayışdan görünür ki, həmin müqavilə, tərəflərin bu barədə razılığa gəldikləri (yazılı bağlandıqda tərəflərin onu imzaladığı) andan bağlanmış sayılır. Müqavilə üzrə borc verənin öhdəliyi razılaşdırılmış borc predmetinin (kredit müqaviləsi üzrə pul vəsaitinin) borc alanın mülkiyyətinə verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Borc alanın aldığını eyni ilə qaytarmaq öhədliyi isə borc prdmetini (kredit müqaviləsi üzrə pul vəsaitini) aldıqdan sonra yaranmış olur.

39. İşin mübahisəsiz halıdır ki, Bankla Cavabdeh arasında kredit (borc) müqaviləsi bağlanmış, Bank müqavilədə nəzərdə tutulmuş pul vəsaitini Cavabdeh verməklə öhdəlyini icra etmişdir. Lakin sonuncu aldığı pul vəsaitini müqavilənin əlavəsi olan ödəniş qrafikinə uyğun ödəməmiş, bununla da öhdəliyini tam icra etməmişdir (§ 18).

40. Həmçinin, iddiaçının məhkəməyə təqdim etdiyi Maliyyə arayışında da cavabdehin xx.xx.2022-ci il tarixə, xx.xx.2019-cu-ci il tarixli kredit müqaviləsi üzrə 5320 manat əsas borcu, 106,97 manat faiz borcu olmaqla, cəmi 5426,67 manat məbləğində borcunun olması qeyd edilmişdir.

41. Məhkəmə qeyd edir ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsi əsasında cavabdeh iddiaçıdan müqavilədə göstərilən pul vəsaitini almaqla həmin pulu müqavilədə göstərilən müddətdə, şərtlərlə və hesablanmış faizlə birlikdə və eyni məbləğdə qaytarılması ilə bağlı üzərinə öhdəlik götürmüşdür. Cavabdeh göstərilən müqavilə əsasında pul vəsaitini alaraq ondan istifadə etmiş, lakin pulu qaytarmaqla bağlı vəzifəsini yerinə yetirməmişdir. Odur ki, iddia tələbi əsas borcun və ona hesablanmış faizlərin tələb edilməsi hissəsində əsaslıdır.

42. Məhkəmə eyni zamanda, iddia tələbinin digər cavabdeh Zamin aid hissədə araşdıraraq hesab edir ki, o, kredit müqaviləsi üzrə Cavabdeh aldığı pul məbləğinin iddiaçıya qaytarmasına dair öhdəliyinin tam icra olunmasına görə zamin olduğundan, borcun ödənilməməsi üçün məsuliyyət daşıyır (§ 19).

43. Məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi üzrə iddiaçıya olan borcu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, digər cavabdeh Zamin kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, pul öhdəliyi isə icra edilmədiyindən, o, iş üzrə Cavabdehylə bərabər iddiaçı qarşısında birgə məsuliyyət daşıyır.

44. Məhkəmə həmçinin iddianın 75 manat məbləğində dövlət rüsumunun, cavabdehlərdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə əlavə xərc çəkmişdir.

45. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin. xx.xx.2019-cu-ci il tarixli, 123NFPK saylı kredit müqaviləsi ləğv edilməklə, həmin müqavilə üzrə 5320 manat əsas, 106,97 manat faiz borcu olmaqla, cəmi 5426,67 manat pul və 75 manat dövlət rüsumu Cavabdeh və Zamin müştərək qaydada alınaraq Ləğv prosessində olan İddiaçı ASC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar