Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-234/2025 03.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:
1. Cavabdeh fərdi qaydada mebel sifarişlərinin qəbulu və onların hazırlanmasının təşkili ilə məşğuldur. İddiaçı cavabdeh tərəfindən “İnstagram” sosial şəbəkəsində mebellərin sifarişi ilə bağlı elanlarla tanış olduqdan sonra sonuncu ilə mobil telefon vasitəsi ilə danışmış, görüşmüş, cavabdehə qonaq otağı üçün divan, mətbəx üçün masa dəsti (1 masa və 6 stul) sifariş vermiş, tərəflər mebellərin ölçüləri, divanın üst ötrüyü, forması, qiyməti və xüsusi şərtləri (məsələn, divanın açılmayan mexanizmlə yığılması) ilə bağlı razılığa gəlmişlər. Tərəflər arasında yazılı müqavilə bağlanmamışdır.
2. Mebellər hazırlandıqdan sonra iddiaçıya təhvil verilmiş, lakin istifadə edildikdən bir müddət sonra mətbəx üçün masa dəstində ( 1ədəd stol, 6 ədəd stul), eləcə də qonaq otağı üçün divanda qüsurlar əmələ gəlmişdir. Masa dəstində mövcud olan əşyalardakı qüsurların (stol və stulların üzərinə çəkilmiş boya qopmuş və s.) aradan qaldırılması üçün bir dəfə təmir işləri yerinə yetirilmişdir.
İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri
3. İddiaçı istehlakçı hüquqlarının pozulmasına görə dəymiş maddi zərərə görə 4000 manat, mənəvi zərərə görə 1000 manat olmaqla, cəmi 5000 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
4. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək istehlakçı hüquqlarının pozulması nəticəsində 2500 manat maddi ziyanın və 2500 manat mənəvi zərər olmaqla, cəmi 5000 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, istehlakçı olaraq məişət şəraitimin yaxşılaşdırılması məqsədilə yeni tikdirdiyi yaşayış evini mebel ilə təmin etmək üçün cavabdehə müraciət edərək müəyyən mebel hissələrini sifariş etmişdir. Bu hissələrə mətbəx masası və 6 stul - 1000 manat dəyərində mətbəx mebeli, divan-günc 3 metrə - 1.500 manat, cəmi 2500 manat dəyərində təşkil etmişdir. Cavabdeh tərəfindən sifariş etdiyi mebel hissələri quraşdırılsa da, keyfiyyətsiz olmaqla heç bir standarta uyğun deyil. Belə ki, o, mebel sifariş edərkən cavabdeh söz verdiki, yüksək səviyyədə bütün işlər görüləcək, lazım olan yüksək keyfiyyətli materiallardan hazırlanmaqla yerində quraşdırılacaq. Lakin gətirilib quraşdırılmış mebel ümumiyyətlə heç bir keyfiyyətə və standarta uyğun olmamış, qısa müddətdə aşılanmış, nəticədə ona külli miqdarda ziyan dəymişdir. Həmin mebel üçün 2500 manat pul ödənilmişdir. Şifahi müqavilə ilə göstərilən xidmət qüsurlu həyata keçirildiyindən estetik normalara uyğun deyil. Bu da ona dəlalət edir ki, keyfiyyətsiz materiallardan istifadə edilmişdir. Bu qüsurların aradan qaldırılacağı və ödənişsiz olmağı barədə söz verilsə də, son nəticədə buna görə 100 manatdan çox əlavə ödəniş olunmalı olduğu bildirilmişdir. Təmir üçün əlavə haqq tələb olunması qanunsuz olmaqla, müqavilə şərtlərinə ziddir. Belə olan halda qüsurlu xidmət göstərilməsi nəzərə alınmaqla ümumiyyətlə bu xidmət üçün ödənilmiş 2500 manat pul geri qaytarılmalıdır. Bu barədə cavabdehə dəfələrlə məlumat verilsə də, heç bir tədbir görməmişdir. Adları çəkilən mebel hissələrini almaq üçün əlavə 1500 manat tələb olunur. Nəticədə mənə həm də mənəvi ziyan dəymişdir ki, o, bu qüsurlu vəziyyətdə yaşamaq məcburiyyətindədir. Qüsurların cavabdeh tərəfindən aradan qaldırılmasından imtina edildiyi nəzərə alınaraq daha 1000 manat mənəvi ziyan dəymişdir.
b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
6. Cavabdeh etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
7. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi.
8. Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, mebellərin sifarişini qəbul etsə də, o hazırlamamışdır. Onun işi sifarişi qəbul edib, onu mebel sexlərinə təqdim etməkdən ibarətdir. Mebelləri isə sexlər hazırlayır. Mebellərin hansı materialdan hazırlanmasını bilmir, çünki bu onun işi deyil. Mebellərin hansı materialdan hazırlanmasını iddiaçı deməmişdir. Lakin qiymətini, ölçüsünü, hətta divanın üzərinə çəkilən parçasının rəngini iddiaçı onunla razılaşmışdır. O, yalnız mebellərin sifarişi ilə məşğul olduğundan vasitəçi kimi ona yalnız hər sifarişdən az məbləğdə pul qalırdı. İddiaçının sifarişindən ona 200 manat pul qalıb. Mebelləri təhvil verdikdən bir müddət sonra iddiaçı mətbəx stol və stulların rənginin getdiyini ona demişdir. O, bu barədə mebel sexinə məlumat vermiş, onların ustaları bir dəfə stolları rəngləmişlər. Sonra iddiaçı yenə də mətbəxdəki stol və stulların rənginin getdiyini və divanın taxtasının sındığını ona demiş, qüsurlu mebellərin yenidən təmir olunması ilə bağlı iddiaçı ilə aralarında danışıq olsa da, sonradan mübahisə yaranmışdır. İddiaçı uzun müddət istifadə etdikdən sonra divanın taxtasının sındığını bildirir. Necə bilmək olar ki, bu ustaların günahıdır, bəlkə divanın üstündə ağır çəkili insan oturub, bu səbəbdən sınıb. Bu səbədən iddianın rədd edilməsini xahiş etdi.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
9. Maddə Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
10. Maddə 752.1 podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
11. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.
12. Maddə 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır.
13. Maddə 765. Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur.
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu:
14. Maddə 3. Malların (işlərin, xidmətlərin) miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etmək istehlakçının hüququdur.
15. Maddə 5, 3-cü hissə. Satıcı (istehsalçı, icraçı) istehlakçıya keyfiyyəti normativ sənədlərə, müqavilə şərtlərinə və həmçinin mal (iş, xidmət) haqqında istehsalçının (icraçının) təqdim etdiyi məlumata uyğun olan mal verməlidir.
16. Maddə 7, 1-ci hissə. İstehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan... müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini tələb etmək hüququna malikdir.
17. Maddə 7, 2-ci hissə. Satıcı (icraçı) istehlakçıdan lazımi keyfiyyəti olmayan, malı geri götürməyə və bu maddənin birinci bəndində göstərilən istehlakçının tələblərindən birini yerinə yetirməyə borcludur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
20. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
23. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
İşə baxan məhkəmənin mövqeyi:
24. Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin izahatını dinləyib, iddianın, etirazın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.
25. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.
26. Tərəflər arasında məişət əşyalarının (divan və mətbəx üçün mebel) hazırlanması (icraçının materiallarından istifadə etməklə) ilə bağlı şifahi formada podrat müqaviləsi (podrat müqaviləsinin formasına dair qanunda məcburi göstəriş nəzərdə tutulmadığından onun yazılı formada bağlanası da mümkündür) bağlanmışdır. İddiaçı forması, ölçüsü, rəngi, qiyməti barədə əvvəlcədən razılaşmaqla qonaq otağı üçün bir ədəd divan, mətbəx üçün mətbəx mebeli, yemək masası və oturacaqları sifariş etmiş, sifarişə görə razılaşdırılmış muzdu (haqqı) ödəməyi, cavabdeh isə həmin sifarişi qəbul edərək onların hazırlanması, çatdırılması və qurşadırılaraq təhvil vermək öhdəliyini üzərinə götürmüşdür.
27. Tərəflər arasındakı mübahisə hazırlanmış məhsulun qüsurları ilə bağlı yaranmışdır. İddiaçı iddia edir ki, onun sifariş verdiyi məişət əşyaları keyfiyyətsiz istehsal edilib, onda olan qüsurlar həmin əşyaların təyinatına uyğun istifadə edilməsinə imkan vermir. Cavabdeh iddiaçının bu dəlilini qəbul etmir və bildirir ki, hazırlanan əşyaların keyfiyyəti barədə iddiaçının xüsusi tapşırığı olmamışdır, ona verilən əşyalardan bir çox müştərilərə də hazırlanaraq təhvil verilib, ola bilər ki, iddiaçı bəzi əşyalardan düzgün (xüsusilə divandan) istifadə etməyib.
28. Tərəflər arasında müqavilə şifahi formada bağlandığından, eləcə də bununla bağlı onlar arasında xüsusi razılaşma olmadığından hazırlanan ev əşyalarının keyfiyyət meyarlarının nədən ibarət olmasını konkret müəyyən etmək mümkün deyil. Qanunda podratın nəticəsində hazırlanan məhsulun, yerinə yetirilən xidmətin və görülən işin keyfiyyəti onun qüsursuz olması ilə şərtləndirilmişdir. İcraçı hər bir halda, sifariş verən tərəfin tapşırığını (sifarişini) Mülki Məcəllənin 762-ci maddəsində nəzərdə tutulan ümumi şərtlərə uyğun yerinə yetirməlidir. Həmin maddədə isə podratın nəticəsinin qüsursuzluğuna dair 2 meyar nəzərdə tutulmuşdur. Birinci meyara görə podratın nəticəsi əvvəlcədən şərtləşdirilmiş keyfiyyətə uyğun olmalıdır. Belə bir şərtin tərəflər arasında müəyyən edilməməsi əvvəldə də qeyd edilmişdir. İkinci meyara görə isə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlıdırsa, bu qüsursuz icra sayılır.
29. Məhkəmənin qənaətinə görə tərəflərin müqavilə münasibətləri üzrə ikinci meyar tətbiq edilməlidir. Bu halda, iddiaçının sifarişi əsasında hazırlanmış məişət əşyaları onların təyinatından asılı olaraq adi istifadə şərtlərinə, eyni zamanda iddiaçının arzuladığı keyfiyyətə uyğun olmalı idi. İddiaçının arzuladığı keyfiyyət isə əşyaların hansı materialdan hazırlanmasndan asılı olmayaraq heç şübhəsiz ki, ən azından bir neçə il təyinatı üzrə sınmadan, daılmadan, estetik görünüşündə pisləşmə olmadan istifadəni ehtiva edir. Lakin işin məhkəmədə araşdırılması zamanı məlum olmuşdur ki, iddiçının sifarişi əsasında hazırlanaraq ona təhvil verilmiş ev əşyaları qüsurlu olmuşdur. Belə ki, qonaq otağı üçün hazırlanmış divan sınmış, masanın ayaqları çatlamış, oturcaqlara vurulmuş rəng isə sonradan qopmağa başlamışdır. İşin bu halını cvabdeh də qəbul etmiş, hətta oturcaqların bir dəfə təmir olunduğunu bildirmişdir. Eyni zamanda, mübahisəli məişət əşyalarında olan qüsurların və həmin qüsurların aradan qaldırılması üçün xərclərin müəyyən edilməsi ilə bağlı məhkəmə tərəfindən mütəxəsis cəlb edilmiş və "xxxx" MMC tərəfindən xx.xx.2025-ci il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, divanın oturacağının taxta dayaq konstruksiyalarının keyfiyyətsiz, düyünlü taxtadan, spirtli kartondan yığıldığı müəyyən edilmişdir. Göstərilən səbəblərdən divanın oturacağının taxta dayaqları qırılmışdır. Həmçinin, masa dəsti ilə bağlı mütəxəssis rəyində qeyd etmişdir ki, stulların dayaq taxta elementlərində qopuqlar, səthinin boyasında qabarma, qopma və qırılmalar vardır. Bu da stulun istehsalı zamanı taxta elementlərinin tam quru olmamağından irəli gəlir ki, nəticədə mebelin deformasiyaya uğramasına və həşaratlar tərəfindən dağılmasına səbəb olur. Stullar bir dəfə təmir edildikdən sonra eyni qüsur 2-ci dəfə təkrar yaranmışdır. Masanın və stulların səthinə çəkilən boyanın da rəng fərqləri vardır. Bəzi stulların taxta elementlərində qopuqlar vardır. Stulların oturacaq hissələrinin üz parçası səthə tam olaraq çəkilmədiyindən qüsurlar yaranmış, bu da mebelin xarici – estetik görünüşünə xələl gətirmişdir. Masanın yığılmasında pas atmış və köhnəlmiş birləşdirici mexanizmlərdən – künclüklərdən istifadə edilmişdir. Birləşmələrin tam bərkidilməməsi, aksessuarların yararsızlığı masanın birləşən hissələri arasında boşluq qalmasına, dayanıqlığının pozulmasına səbəb olub. Bu da masanın aidiyyatı üzrə təhlükəsiz istifadəsinə şərait yaratmır.
30. Qeyd edilən mütəxəssis rəyindən də göründüyü kimi, iddiaçının sifarişi əsasında hazırlanmış ev əşyaları qüsurlu – keyfiyyətsiz hazırlanmışdır.
31. O da qeyd edilməlidir ki, iddiaçı özünün şəxsi tələbatını ödəmək məqsədilə cavabdehlə mülki hüquq münasibətlərinə daxil olmuş və bu münasibətdə istehlakçı qismində iştirak etmişdir. Bu halda, icraçının (satıcının) üzərinə həmin münasibətlərin xüsusiyyətlərindən irəli gələn bir sıra vəzifələr düşür ki, onlardan da biri istehlakçıya keyfiyyəti normativ sənədlərə, müqavilə şərtlərinə və həmçinin mal (iş, xidmət) haqqında istehsalçının (icraçının) özünün təqdim etdiyi məlumata uyğun olan mal verməkdən ibarətdir (“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” AR Qanununun 5-ci maddəsinin 3-cü hissəsi). Qeyd edilən müddəanın tələbindən də görünür ki, istehsalçı hər bir halda istehlakçıya keyfiyyətli mal verməyə borcludur və öhdəliyini yerinə yetirməməsinə görə qanunla nəzrədə tutulmuş məsuliyyət daşıyır. Belə ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” AR Qanunun 7-ci maddəsinin 1 və 2-ci hissələrindən də göründüyü kimi, icraçı istehlakçıya (alıcıya) keyfiyyətsiz mal verdiyi halda istehlakçı müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini tələb etmək hüququna malikdir. Eyni zamanda, Mülki Məcəllənin 765-ci maddəsinin tələbindən də göründüyü kimi, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra məmulatın qüsurunun tamamilə aradan qaldırılması mümkün olmazsa, sifarişçi müqavilədən imtina etmək hüququna, podratçı isə müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəmək vəsifəsinə malikdir.
32. İşin məhkəmədə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçının sifarişi əsasında hazırlanmış ev əşyalarından masa dəstində mövcud olan qüsurların aradan qaldırılması üçün əvvəllər müəyyən işlər görülmüş, lakin sonradan eyni qüsurlar yenidən yaranmışdır. Həmçinin, mütəxəssis öz rəyində göstərmişdir ki, divanın oturacağının taxta dayaq konstruksiyalarının keyfiyyətsiz, düyünlü taxtadan, spirtli kartondan yığıldığı müəyyən edilmiş, bu səbəblərdən divanın oturacağının taxta dayaqları qırılmışdır. Göründüyü kimi, iddiaçının sifarişi əsasında hazırlanmış məişət əşyalarındakı qüsurlarla bağlı əlavə icra müddəti verilsə də, həmin qüsurların aradan qaldırılması mümkün olmadığından iddiaçının Mülki Məcəllənin 765-ci maddəsinə əsasən müqavilə ilə bağlı olan xərcləri tələb etmək hüququ yaranmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, divanın hazırlanması üçün iddiaçı 1500 manat, masa dəsti üçün isə 1000 manat, cəmi 2500 manat pul vermişdir və iddia həmin hissədə təmin edilməlidir.
33. Məhkəmə, həmçinin qeyd edir ki, divan və mətbəx üçün masa dəstinə görə ödənilmiş pul cavabdehdən tutulduğundan, cavabdehin həmin əşyaları iddiaçıdan geri götürmək hüququ vardır.
34. Məhkəmə hesab edir ki, iddia tələbi mənəvi zərərin tutulması hissəsində əsassızdır.
35. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında da deyilir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər.
36. Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı qərarının 6-cı bəndinə qeyd edilir ki, iddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir.
37. Məhkəmə qeyd edir ki, məişət əşyalarının qüsurları nəticəsinədə iddiaçının mənəvi sarsıntı keçirməsi, psixologiyasında stress, sarsıntı və emosional gərginlik və s. kimi əlamətlərə səbəb olması ilə bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən onun cavabdehdən mənəvi zərər tələb etməsi əsassızdır.
38. Məhkəmə hesab edir ki, iddiaçı istehlakçı olduğu və iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azad olunduğu üçün iddianın təmin edilməsi nisbətində dövlət rüsumu cavabdehdən tutulmalıdır. Həmçinin, iş üzrə mütəxəssis rəyinin verilməsi üçün çəkilmiş xərc iddianın təmin edilmiş hissəsinə uyğun olaraq tərəflərdən tutulmalıdır.
39. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ:
İddia qismən təmin edilsin. 2500 manat pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. 45 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Mütəxəssis rəyinin verilməsi üçün çəkilmiş xərcin 75 manat hissəsi İddiaçı, 75 manat hissəsi isə Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilsin (hesab № AZN: AZ77AİİB400600C**********218). Qətnamə rəsmi qaydada verildiyi (“Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinetdə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı