Məhkəmə qərarları › İş №e-2(011)-2350/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2350/2024

28.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2350/2024 28.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı LPO İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 1.343,02 manat olmaqla – 771.15 manat əsas, kredit müqaviləsi üzrə hesablanmış 171.36 manat faiz borcunun, 400.51 manat gecikdirilmiş vaxt üçün hesablanmış 5% borcunun və iş üzrə ödənilmiş 33.44 manat dövlət rüsumunun Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC Cavabdeh arasında bağlanmış 24 aprel 2012-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə 27% dərəcəsi ilə 2.800 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehə rəsmi xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Belə ki, Cavabdeh 13 oktyabr 2023-cü il tarixə kredit üzrə borc məbləği 771.15 manat əsas, 171.36 manat müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz və kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 400.51 manat faiz borcu olmaqla, cəmi 1.343,02 manat təşkil edir. Tərəflərin izahatları: Məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsi iddia tələbi müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında cavabdeh məhkəməyə ərizə təqdim edərək və izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. O, bildirmişdir ki, iddiaçı hazırkı iddia tələbi üzrə iddia müddətini ötürmüşdür. Belə ki, onunla iddiaçı arasında 24 aprel 2012-ci il tarixdə kredit müqaviləsi bağlanmışdır. İddia müddətinin 24 oktyabr 2013-cü il tarixdə bitdiyini nəzərə alsaq, bank iddia müddətini ötürmüşdür. Odur ki, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İşin faktiki halları: İşin mübahisə edilməyən halları ondan ibarətdir ki, tərəflər arasında 24 aprel 2012-ci il tarixdə istehlak krediti haqqında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə 18 ay müddətinə, illik 27% dərəcəsi ilə 2.800 manat kredit verilmişdir. İş materiallarında olan 24 aprel 2012-ci il tarixdən 02 sentyabr 2015-ci il tarixədək müddəti əhatə edən hesabdan çıxarışdan görünür ki, müqavilə üzrə sonuncu ödəniş tarixi 24 oktyabr 2013-cü il olmuşdur. İş materiallarında olan arayışdan görünür ki, cavabdehin 13 oktyabr 2023-cü il tarixinə iddiaçı banka 771.15 manat əsas, 171.36 manat faiz, 400.51 manat gecikdirilmiş vaxt üçün hesablanmış 5% borcu olmaqla, ümumi 2.411 manat məbləğində borcu mövcuddur. Cavabdeh iddiaya etiraz mövqeyində olmuş, iddia müddətinin tətbiq edilərək onun rədd edilməsini xahiş etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 372.1-ci maddəsinin tələbinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. 374.1-ci maddəsinin tələbinə görə əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə baxan məhkəmənin mövqeyi: İşdən göründüyü kimi, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliklərə görə iddiaçı olan Bank öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən pul məbləğini cavabdehə vermiş, bunun nəticəsində bankın cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəlikləri tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclunun müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə bank qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək üzrə mülki hüquqi məsuliyyəti yaranmışdır. Məhkəmə iclasında Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən qanunvericilikdə müəyyən edilmiş iddia müddətinin ötürüldüyünü bildirmiş və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin dəlilinə qiymət verərək və iş materiallarını araşdıraraq belə hesab edir ki, iddiaçı mövcud iddia tələbi üzrə iddia müddətini ötürmüşdür. Belə ki, tərəflər arasında bağlanmış 24 aprel 2012-ci il tarixli kredit müqaviləsi 24 oktyabr 2013-cü il tarixə kimi qüvvədə olmuşdur. İddiaçı bankın ləğv edicisi 2015-ci ildə hazırkı mülki iş üzrə cavabdehə qarşı kredit borcunun və kredit üzrə yığılmış faizlərin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 22 oktyabr 2015-ci il tarixli 2(010)-8961/2015 saylı qərardadı ilə ərazi aidiyyatı ilə bağlı qanunvericiliyin tələblərinə riayət olunmadığına görə iddia ərizəsinin əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır. Bundan uzun müddət sonra, yəni 17 yanvar 2024-cü il tarixdə iddiaçı cavabdehə qarşı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh müqavilədən irəli gələn öhdəliklərin daşıyıcısı olsa da ona qarşı iddia qanunvericiliklə nəzərdə tutulmuş 3 illik müddətdə verilməli idi. Belə ki, müqavilənin müddəti 24 oktyabr 2013-cü il tarixdə bitdiyindən məhkəmə iddia müddətinin axımının bu müddətdən başlamalı olduğu qənaətinə gəlir. Odur ki, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etməklə ağlabatan müddəti ötürmüşdür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməməsinə baxmayaraq iddiaçı bu cür tələblər üçün qanunla müəyyən edilmiş müqavilə tələbləri üzrə iddia müddətini ötürdüyündən, habelə mübahisə tərəfi olan cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə verdiyindən, iş üzrə iddia müddəti tətbiq edilərək, iddia müddətinin ötürülməsinə görə iddia rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi rədd edildiyindən, iddia ərizəsi üçün ödənilmiş 33.44 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı - cəmi 1.343,02 manat olmaqla – 771.15 manat əsas, kredit müqaviləsi üzrə hesablanmış 171.36 manat faiz borcunun, 400.51 manat geckdirilmiş vaxt üçün hesablanmış 5% borcunun və iş üzrə ödənilmiş 33.44 manat dövlət rüsumunun Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə iddia tələbi rədd edilsin. İddiaçı "xxxx" ASC tərəfindən ödənilmiş 33.44 (otuz üç manat qırx dörd qəpik) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar