Məhkəmə qərarları › İş №e-2(011)-236/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-236/2025

05.09.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-236/2025 05.09.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddia ərizəsinin dəlilləri: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Nazim Şükürov 27A ünvanında yerləşən 1.5 sot torpaq sahəsinin üzərində inşa edilmiş 17.8, 10.8 və 5.4 kv.m tikililərə dair sahiblik və istifadə hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2009-cu ildə Cavabdeh Bakı şəhəri, Xətai rayonu, UPD qəsəbəsində yerləşən 1.5 sot torpaq sahəsini alaraq iki mərtəbəli yaşayış evi tikmişdir. Belə ki, cavabdehin anası mərhum X19 ilə arasında olan razılaşmaya əsasən Bakı şəhəri, Xətai rayonu UPD qəsəbəsində yerləşən 1.5 sot torpaq sahəsini etibarnamə əsasında iddiaçıya satmışdır. Həmin vaxt torpaq sahəsinin Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətində qeydiyyatdan keçmədiyi üçün torpaq sahəsinin notorial alqı-satqısını həyata keçirə bilməmişdir. Aralarında olan razılaşmaya əsasən, torpaq sahəsinin iddiaçının sahiblik və istifadəsinə verilməsi müqabilində cavabdehə məxsus olan ünvan 9ində yerləşən mənzilin iddiaçının hesabıma əsaslı təmir ediləcəyi, eləcə də cavabdehin qızı Sevda üçün iki otaqlı mənzil almağı öhdəsinə götürmüşdür. Eyni zamanda, Şəfiqə Əkbərova və Cavabdeh arasında razılaşma olmasına baxmayaraq sonradan tələblərini daha da artıraraq sonuncunun övladının toy mərasimində cehiz əşyalarını da iddiaçının almasını tələb etmişdirlər. İddiaçı, onların bu təklifi ilə də razılaşaraq cehiz əşyalarını almışdır. Bundan başqa qeyd etmişdir ki, iddiaçı Bakı şəhəri, Xətai rayonu, N.Şükürov küçəsi 27 A saylı evdə qeydiyyatda olan X5 qeydiyyatdan çıxarılması ilə bağlı Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin vaxt iddia ərizəsi üzrə iddiaçı qismində formal olaraq Şəfiqə Salmanova çıxış etsə də onun nümayəndəsi qismində məhkəmə iclaslarında iddiaçı iştirak etmişdir. Qeyd etdiyi kimi qeyd edilən torpaq sahəsi hər hansı şəxsin adına rəsmiləşdirilmədiyi üçün aralarında olan alqısatqıya uyğun olaraq Şəfiqə Əkbərova iddiaçıya 20 may 2010-cu il tarixdə etibarnamə vermişdir. Belə ki, 7E/- 29665 saylı etibarnamədən də görünür ki, X16 tərəfindən həmin etibarnamə üzrə sənədlərin dublikatını almaq, imza etmək, ünvan 2 ünvanında yerləşən evi özəllişdirmək və sənədləşmə işləri ilə əlaqədar digər işləri görmək səlahiyyəti iddiaçıya verilmişdir. İddia ərizəsinə əlavə edilmiş 15 oktyabr 2010-cu il tarixli, 2(011)-3568/10 saylı Xətai Rayon Məhkəməsinin qətnaməsindən görünür ki, X8 cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "Azəriqaz" İstehsalat Birliyinin Bakı Qaz İstismarı İdarəsinin Xətai Rayon Qaz İstismarı sahəsinə qarşı mülki işi üzrə iddiaçının nümayəndəsi qismində mülki iş üzrə icraatda hazırkı iş üzrə iddiaçı iştirak etmişdir. Bununla məhkəmənin diqqətinə çatdıqmaq istəyir ki, X16 həmin məhkəmə iclaslarında formal iddiaçı qismində çıxış etmiş, əslində həmin məhkəmə mübahisələri cavabdehlərlə iddiaçının arasında olmuşdur. İddia ərizəsinə əlavə edilmiş "Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə" xx.xx.2017-ci il tarixli, 47473 saylı müqavilədən görünür ki, Bakı şəhəri, Nazim Şükürov 27 A saylı fərdi yaşayış evi üzrə istifadəçi qismində iddiaçının həyat yoldaşıı X22 çıxış etmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2016-cı il tarixli, ATS**********07XOLE saylı "xxxx" ASC tərəfindən təqdim edilmiş bildirişdən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Nazim Şükürov 27 A ünvanında yerləşən fərdi yaşayış evində elektrik istifadəçisi qismində X22 iştirak etmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2016-cı il tarixli 1529 saylı Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 66 saylı MKlS-i tərəfindən təqdim edilmiş arayışdan görünür ki, X22 ünvan 3 ünvanda yaşayır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2016-cı il tarixli "ADSL/VDSL texnologiyası əsasında internet xidmətinin göstərilməsi haqqında" 187585/111458 saylı müqavilədən görünür ki, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinə internet xəttinin çəkilməsi üçün müqavilə X23 tərəfindən imzalanmışdır. İddia ərizəsinə əlavə edilmiş Xətai RPl-nin 37-ci polis bölməsinin 13 may 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, X17 ilə X16 və X3 arasında olan razılaşmaya əsasən Bakı şəhəri, Xətai rayonu, Nazim Şükürov 27 A ünvanında yerləşən 1.5 sot torpaq sahəsi X1, sonuncu tərəfindən orada fərdi yaşayış evləri inşa edilmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin təmin edilməsi, Cavabdeh 200.000 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçı və onun vəkili iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Məhkəmə araşdırması zamanı cavabdehin vəkili Vəkil2 iddia tələbinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişlər. İşin faktiki halları: Xətai RPİ-nin 37 saylı PŞ-nin 13 may 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, İddiaçı ərizə ilə müraciət edib bildirmişdir, 2010cu ildə Cavabdeh Xətai rayonu, UPD qəsəbəsində yerləşən 1.5 sot torpaq sahəsi alıb 2 mərtəbəli yaşayış evi tikmiş, lakin həmin torpaq sahəsinə olan sənədlər ona aid olmadığından İradəxanım həmin evi ələ keçirib ona 100.000 manatdan çox ziyan vurmuşdur. Tərəflər arasında olan münasibətlərin mülki xarakterli olduğunu və İddiaçı tələbinin məhkəmə səlahiyyətlərinə aid olması nəzərə alınaraq cinayət işinin başlanması rədd edilmişdir. “X24 Mərkəzi” MMC tərəfindən verilmiş 09 oktyabr 2024-cü il tarixli 0xx-xx/2024 saylı hesabatla Bakı şəhəri,Xətai rayonu, Qubkin küçəsində yerləşən 0.0336 ha torpaq sahəsindən ibarət 128.10 kv.m sahəli 27 a saylı fərdi yaşayış evinin qiymətləndirmə tarixinə bazar dəyəri 197.900 manat müəyyən olunur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin e-2(011)- 236/2025 saylı mülki iş üzrə 27 may 2025-ci tarixli, 10/351 saylı ekspert rəyindən görünür ki, tikililərin hansı tarixdə inşa edilməsinin və təmirinin müəyyən edilməsinə dair metodika olmadığından bu suallar üzrə tədqiqat aparılmamış, eyni zamanda qeyd olunmuşdur ki, qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilmir. Daha sonra "xxxx" MMC tərəfindən verilmiş 04 sentyabr 2025-ci il tarixli QCM/S 02- 085/25 saylı mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Nazim Şükürov küçəsi 27 A ünvanında yerləşən iki mərtəbəli tikilinin birinci mərtəbəsinin tikintisi 2012-ci ilə, ikinci mərtəbəsinin tikintisi isə 2014-cü ilə təsadüf edir. Belə ki, sözügedən birinci mərtəbənin tikintisinə 33.056,20 manat vəsaitin, ikinci mərtəbənin tikintisi üçün isə 42.146,90 manat vəsaitin sərf edilməsi müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2684/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçılar X6, X4, X7 Cavabdeh qarşı “miras əmlakda payların müəyyən edilməsi” barədə iddia tələbi tam təmin edilmiş, iddiaçı Cavabdeh 5 saylı Bakı Asan Xidmət Mərkəzi Notariat Ofisinə qarşı (üçüncü şəxslər X20, X11, X10, X12 cəlb edilməklə) “payın müəyyən olunması” tələbi barədə iddia ərizəsi qismən təmin edilmiş, 3 saylı Bakı Asan Xidmət Mərkəzinin notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” Cavabdeh Evaz qızına aid hissədə etibarsız hesab edilmiş, xx.xx.2022-ci il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin ½ hissəsinə Cavabdeh adına verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ləğv edilmiş və ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin və həmin ünvanda yerləşən 0.0336 ha torpaq sahəsinin üzərində Cavabdeh payı 15/36; Nigar Məmmədovanın 5/36; Rəfiqə Sultanovanın 5/36; Şəfiqə Sultanovanın 5/36 və Eyvaz Salmanov 6/36 miras payları müəyyən edilmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X21 ifadəsində bildirmişdir ki, Zümrüd xanımı mübahisəli ünvana İradəxanım gətirmişdir ki, mərhum Şəfiqə xanıma həyan olsun. Belə ki, İradəxanım özü rayonda yaşayırdı. Qardaşları həbsə girib çıxırdılar. Şəfiqə xanıma baxan yox idi. Şəfiqə xanım günəbaxan tumu satmaqla, pensiyası və onun bunun yardımı ilə güclə dolanırdı. Həyətə daxil olan zaman qapı ilə üzbəüz evdə Şəfiqə xanım yaşayırdı. Ev böyük zaldan və eyvandan ibarət idi. Daha sonra Şəfiqə xanım həmin evi hissələrə ayırdı oğlanlarına verdi və özünə kiçik yer saxladı. Həyətə girən zaman sağ tərəfdə olan tikilini isə Zümrüd xanım tikdirib. Zümrüd Şəfiqə xanıma baxdığı üçün və İradəxanımın qızlarına cehiz verib dəstək olduğu üçün sözügedən evi tikməyə ona icazə veriblər. O sözügedən iki mərtəbəli evi hissə-hissə tikib. İlkin olaraq birinci sonra isə ikinci mərtəbəni tikdirib. Məhkəmə iclasında şahid kimi dindirilmiş X13 ifadəsində bildirmişdir ki, Zümrüdü Şəfiqə xanımın yanına onun qulluğunda dursun deyə gətirmişdilər. Zümrüd Şəfiqə xanımın övladları və nəvələrinə baxıb. Hətda türmədə olanlara belə bazarlıqlar edib, nəvələrinin cehizini almışdır. Eyni zamanda, İradəxanımın Xızıda yerləşən evini də təmir etdirib. Hal hazırda sözügedən ünvanda sağ tərəfdə yerləşən ev Zümrüdə məxsusdur. Belə ki, o evi Zümrüd öz hesabına tikdirmişdir. Qeyd edim ki, mərhum Şəfiqə xanımın maddi imkanı çox zəif olub, hətda gündəlik yeməyi belə hər gün bir qohumun evində yeyib. Öz yaşadığı evi Şəfiqə xanım kirayəyə vermişdi, Zümrüdə məxsus ev isə boş torpaq sahəsində tikilib. Məhkəmə iclasında şahid kimi dindirilmiş X18 ifadəsində bildirmişdir ki, Zümrüd xanımı 2010-cu ildən tanıyır. Sözügedən ünvanda iki mərtəbəli evi usta kimi o tikmişdir. Həmin evi tikən zaman həmin evin yerində üstü açıq yarımçıq hörgü mövcud olub. O sözügedən yarımçıq tikilini söküb hissə-hissə olmaqla hazırkı evi tikmişdir. Evin tikilməsində bütün zəhmət haqqını və material pulunu Zümrüd xanım verib. O, nə cavabdehi nə də Şəfiqə adlı xanımı tanımır. Həmçinin onu da qeyd etmişdir ki, Zümrüd xanımın tapşırığı ilə Xızıda kənddə olan evi də təmir etmişdir. Belə ki, o həmin evə gedən zaman ev tama yararsız vəziyyət olmuşdur və həmin evin də təmiri ilə bağlı bütün xərcləri Zümrüd xanım çəkmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X14 ifadəsində bildirmişdir ki, o cavabdehin mərhum qardaşının həyat yoldaşı olub. O, mübahisəli ünvana 1998-ci il tarixdə gəlin olaraq köçmüşdür və 2004-cü il tarixədək həmin ünvanda fasiləsiz yaşamışdır. Lakin daha sonra səhətində yaranmış problemlə əlaqədar olaraq o bacısıgilə köçmüş hazırkı ünvana isə tez-tez gedib gəlməyə başlamışdır. O qeyd etmişdir ki, cavabdehin mərhum anası Şəfiqə xanımın sözügedən ünvanda yerləşən evinin ətrafında 3-4 dənə bir və iki otaqlı olan evlər mövcud olmuşdur. Mərhum Şəfiqə xanım sözügedən əlavə evləri xırda məbləğə kirayəyə verirdi. Belə ki, evdən gələn pul, aldığı pensiya və satdığı günəbaxan tumundan əldə etdiyi gəlirlə birtəhər dolanırdılar. Zümrüd xanım isə qaynanası mərhum Şəfiqə xanımın qohumudur. Onun anası rəhmətə getdikdən sonrə Şəfiqə xanım ona yaşamağı üçün öz ünvanında yer verdi. Daha sonra Zümrüd xanım ikinci mərtəbəni tikməyə başladı, lakin biz buna etiraz etmədik. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iddia tələbinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı və cavabdehin qohumluq münasibətləri var. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1409/2004 saylı, xx.xx.2004-cü il tarixli qətnaməsi ilə cavabdehin mərhum anası X8 ünvan 10 saylı evə digər şəxslərlə birlikdə istifadə qaydası müəyyən edilmişdir. Daha sonra müəyyən edilmişdir ki, X2 ünvanda oğulları ilə birgə yaşamış, hətda qətnamə ilə digər birgə istifadəçi olan Qarayeva (Qarazadə) Sülhiyyə Valeh qızına qarşı iddia qaldırmaqla Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-2271/2009 saylı, xx.xx.2009-cu il tarixli qətnaməsilə onun ünvan 10 saylı evdən istifadə hüququnun itirilməsinə nail olmuşdur. Daha sonra hazırkı iş üzrə İddiaçı mərhum Şəfiqə Salmanovanın yanında onun razılığı ilə yaşamağa başlamış və sözügedən ünvanda iki mərtəbəli ev tikdirmişdir. Belə ki, iş materiallarında olan bir çox sənədlərdən görünür ki, sözügedən ünvana dair idarəçiliyi faktiki olaraq iddiaçı həyata keçirmişdir. Daha sonra məhkəmə araşdırması zamanı istər şahid ifadələri istər yanakı sübutlardan dolayı belə məlum olmuşdur ki, iddiaçı ilə cavabdehin mərhum anası Şəfiqə Salmanova və cavabdeh arasında şifahi razılaşmaya əsasən iddiaçıya həmin ünvanda 1,5 sot torpaq sahəsi verilmiş, nəticədə o da həmin torpaqda iki mərtəbəli ev inşa etdirmişdir. Bunun müqabilində isə iddiaçı cavabdehə məxsus ünvan 9ində yerləşən mənzili öz hesabına təmir etdirmiş və cavabdehin övladına cehiz alınmasında maddi köməklik göstərmişdir. Lakin hazırkı mərhələdə cavabdeh iddiaçıdan anasına məxsus torpaq sahəsi və evdən çıxmasını tələb etməklə iddiaçının sözügedən ünvanda yaşamasına süni maneələr yaratmaqdadır. İddiaçı isə cavabında sözügedən ünvanda iki mərtəbəli evin tikintisinə çəkmiş olduğu xərcin iddiaçıdan tutulub ona qaytarılması ilə bağlı iddia qaldırmışdır. Məhkəmə yuxarıda qeyd edilən və məhkəmə tərəfindən müəyyən edilmiş hallara qiymət verərək hesab edir ki, məhkəmə araşdırması zamanı cavabdeh tərəfin verdiyi izahatlarla da təsdiq edilir ki, sözügedən iki mərtəbəli fərdi yaşayış evi faktiki olaraq iddiaçının sahibliyi və istifadəsindədir. Məhkəmənin gedişatı zamanı cavabdeh tərəf tikilinin birinci mərtəbəsinin mövcud olması sonradan ikinci mərtəbənin tikintisinin isə iddiaçı tərəfindən məhz onun mərhum anasının vəsaiti hesabına həyata keçirilməsini bildirmişdir. Beləliklə, tikilinin iddiaçının sahiblik və istifadəsində olması işin mübahisəsiz halıdır. Məhkəmə araşdırması zamanı birinci və ikinci mərtəbələrin nə vaxt tikilməsini müəyyən edilməsi üçün mütəxəssis cəlb edilmiş və məhkəməyə təqdim edilmiş rəydən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Nazim Şükürov küçəsi 27 A ünvanında yerləşən iki mərtəbəli tikilinin birinci mərtəbəsinin tikintisi 2012-ci ilə, ikinci mərtəbəsinin tikintisi isə 2014-cü ilə təsadüf edir. Məhkəmə araşdırması zamanı izahatları alınmış şahidlər qeyd etmişlər ki, iddiaçı mübahisəli ünvana 2010-cu ildən sonra köçmüşdür. Məhkəmə iclasında dindirilmiş evin tikintisini həyata keçirən usta bildirmişdir ki, evin inşası hissə-hissə həyata keçirilmişdir. Eyni zamanda, məhkəmə tərəfindən həyata keçirilmiş yerli baxış zamanı həmin ünvanda yaşayan digər sakinlər (həm iddiaçı, həm də cavabdehin qohumluq əlaqəsində olduğu şəxslər) tikilinin iddiaçı tərəfindən inşa edilməsini bildirmişlər. Məhkəmə cavabdehin tikilinin ikinci mərtəbəsinin məhz anasının vəsaiti hesabına tikilməsi göstərməsilə bağlı xüsusata münasibətdə qeyd edir ki, məhkəmə araşdırması zamanı izahatı alınmış şahidlər bildirmişlər ki, Şəfiqə Salmanova maddi cəhətdən təminatlı qadın olmamaqla həyatını günəbaxan tumu satmaqla, təqaüd hesabına və qohum qonşunun maddi dəstəyilə idarə etmişdir. Cavabdehdehin istinad edilən ünvanda mənzillərin kirayəyə verilməsi və oradan yüksək gəlirlər əldə edilməsi ilə bağlı xüsusata münasibətdə qeyd edir ki, məhkəməyə bu halı təsdiq edəcək mötəbər sübutlar təqdim edilməmişdir. Belə ki, məhkəmə tərəfindən keçirilmiş yerli baxış zamanı sözügedən ünvanda kirayə verilə biləcək yaşayış sahələrinin mövcud olması rast gəlinməmişdir. Belə ki, istifadəyə yararlı sahələrdə iddiaçı və onun ailə üzvləri məskunlaşmış, digər sahə isə hazırkı vəziyyətdə təmirsiz və istifadəyə yararsız olmaqla əvvəlki dövrdə isə mərhum Şəfiqə Salmanovanın özünün istifadəsində olmuşdur. Beləliklə, aparılmış araşdırmalar nəticəsində cavabdehin anası olan Şəfiqə Salmanovanın istinad olunan tikilini öz vəsaiti hesabına inşa etdirə bilməsi məhkəmə tərəfindən mümkün sayılmır. Məhkəmə işə baxan zaman tələbin hüquqi əsasının yoxlanılması və tapılması tərəflərin bildirdikləri faktiki hallarla əlaqəli olsa da, iddianın haqlı bir hüquqi səbəbə söykənib-söykənmədiyini müəyyən etmək hakimin vəzifəsidir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə tətbiq edilməli olan maddi hüquq norması məhz əsassız varlanmadan irəli gəlir. Belə ki, qanundan irəli gələn öhdəlik kimi əsassız varlanma çərçivəsində tələbin haqlı sayılması üçün üç zəruri şərt mövcud olmalıdır. 1) cavabdehin əmlak əldə etməsi; 2) həmin əmlakı iddiaçının əmlakı hesabına əldə etməsi; 3) əldəetmə üçün qanundan və ya müqavilədən irəli gələn heç bir əsasın olmaması, yaxud bu cür varlanmanın həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənməsi. Beləliklə, cavabdeh tərəfindən iddiaçıya torpaq sahəsinin və evin sənədləşdirilməsinə razılıq verməməsi, iddiaçının yaşamasına süni maneələr yaratması, sözügedən ünvanda tikilmiş iki mərtəbəli evin məhz iddiaçı tərəfindən tikdirilmiş olması, cavabdehə məxsus ünvan 9i ünvanında yerləşən fərdi yaşayış evinin iddiaçının hesabına təmir etdirilməsi, bütün bu əldəetmə üçün qanundan və ya müqavilədən irəli gələn heç bir əsasın olmaması özlüyündə qeyd edilən üç şərti ehtiva edir. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, nə qədər ki, sözügedən ünvanda iddiaçı tərəfindən inşa etdirilmiş iki mərtəbəli fərdi yaşayış evinin tikilməsinə icazənin verilməsinə dair razılaşma məhz iddiaçı, cavabdeh və cavabdehin mərhum anası arasında mövcud olmuşdur. Belə ki, sözügedən razılaşma əsasında iddiaçı tərəfindən öhdəlik kimi edilmiş müəyyən hərəkətlərin nəticəsi olaraq Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 2684/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə müəyyən etdiyi digər payçıların yox məhz hazırkı iş üzrə yalnız cavabdehin əsassız varlanmasına səbəb olmuşdur. Bu baxımdan da məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddia qismən təmin edilməklə ünvan 10 ünvanında yerləşən iki mərtəbəli fərdi yaşayış evinin tikintisinə sərf edilmiş vəsait cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar, o cümlədən "xxxx" MMC tərəfindən verilmiş 04 sentyabr 2025-ci il tarixli QCM/S 02-085/25 saylı mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Nazim Şükürov küçəsi 27 A ünvanında yerləşən iki mərtəbəli tikilinin birinci mərtəbəsinin tikintisi 2012-ci ilə, ikinci mərtəbəsinin tikintisi isə 2014-cü ilə təsadüf edir. Belə ki, sözügedən birinci mərtəbənin tikintisinə 33.056,20 manat vəsaitin, ikinci mərtəbənin tikintisi üçün isə 42.146,90 manat vəsaitin sərf edilməsi müəyyən edilmişdir. Odur ki, iş üzrə mübahisənin daha obyektiv həll edilməsində hazırkı mütəxəssis rəyi əsas götürülməlidir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş iş materiallarında olan digər mütəxəssis rəyi evin tikintisinə sərf edilmiş xərcləri yox məhz evin hazırkı bazar dəyərini özündə ehtiva edir. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 75.203,10 (yetmiş beş min iki yüz üç manat on qəpik) manat pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən əvvəlcə 100 manat, daha sonra 490 manat dövlət rüsumu ödənilmişdir. Həmçinin ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat müəyyən edilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, ödənilmiş 100 manat dövlət rüsumu və 490 manat dövlət rüsumunun 308.70 manatı iddiaçının özünə aid edilməli, qalan 181.30 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməli, iş üzrə keçirilmiş ekspertiza xərci olan 100 manatın 63 manatı iddiaçıdan, qalan 37 manatı cavabdehdən alınıb Məhkəmə Ekspertizası Mərkəzinin Dövlət xəzinədarlığı Agentliyindəki hesabına ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia tələbi qismən təmin edilsin. Cavabdeh 75.203,10 (yetmiş beş min iki yüz üç manat on qəpik) manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu və 490 manat dövlət rüsumunun 308.70 (üç yüz səkkiz manat yetmiş qəpik) manatı İddiaçı özünə aid edilsin, qalan 181.30 (bir yüz səksən bir manat otuz qəpik) manatı Cavabdeh alınaraq İddiaçı ödənilsin. İş üzrə keçirilmiş ekspertiza xərci olan 100 manatın 63 (altmış üç) manatı İddiaçı, qalan 37 (otuz yeddi) manatı Cavabdeh alınıb Məhkəmə Ekspertizası Mərkəzinin Dövlət xəzinədarlığı Agentliyindəki hesabına (VÖEN: **********, Hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elekron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar