Məhkəmə qərarları › İş №e-2(011)-239/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-239/2025

21.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-239/2025 21.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Hüseynova Mehri Polad qızının katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi K.X3, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 1357/014 saylı kredit müqaviləsinə əsasən "xxxx" ASC Cavabdeh qeyri-yaşayış sahəsinin alınması məqsədilə 120 ay müddətinə, illik 10 faiz ödəmək şərtilə 211320 manat məbləğində kredit vermişdir. Kredit Müqaviləsinin 2.3-cü bəndinə əsasən, borc alan krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 10.2-ci bəndinə əsasən, borcalan üzərinə düşən öhdəlikləri icra etmədikdə kreditin, kredit üzrə hesablanmış faizlərin və gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün faizlər də hesablanmaqla ümumi məbləğin illik 20%-i məbləğində borc verənə dəbbə pulu ödəməlidir. Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə Cavabdeh **********471 saylı xx.xx.2024-cü il tarixli xəbərdərlıq məktubu göndərilməsinə baxmayaraq, cavabdeh kredit borcunun qaytarılmasını təmin etməmişdir. xx.xx.2024-cü il tarixinə cavabdehin xx.xx.2014-cü il tarixli 1357/014 saylı kredit üzrə cəmi borcu 159304,49 manat təşkil edir. Bundan 101312,67 manat əsas, 32663,65 manat faiz və 25328,17 manat cərimə borcu təşkil edir. İddiaçı göstərilənləri nəzərə alaraq, cəmi 159304,49 manat - bundan 101312,67 manat əsas, 32663,65 manat faiz və 25328,17 manat cərimə borcu və iş üzrə ödənilmiş 449,30 manat dövlət rüsumunun Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi K.X6 iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Nümayəndə həmçinin qeyd etmişdir ki, kredit müqaviləsində imza mövcud olmasa da, cavabdeh tərəfindən 2021-ci ilə qədər ödənişlər edilmişdir. İddiaçının nümayəndəsi həmçinin cavabdeh tərəfindən 185356 manat pul vəsaitinin ödənildiyini bildirmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil cavabdehə qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, məhkəməyə etiraz ərizəsi təqdim edərək qeyd etmişdir ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin iddiası əsassız olduğundan rədd edilməlidir. İddiaçı tərəfindən məhkəmə təqdim olunmuş xx.xx.2014-cü il tarixli 1357/014 saylı kredit müqaviləsindən (daha doğrusu kredit müqaviləsi layihəsindən) göründüyü kimi həmin kredit müqaviləsi “Borcalan” imzası üçün nəzərdə tutulmuş imza qrafasında cavabdeh tərəfindən imzalanmamışdır. Həmçinin, həmin müqavilənin digər səhifələrində də “Borcalan”ın imzası üçün nəzərdə tutulmuş imza qrafasında cavabdeh tərəfindən imzalanmamışdır. Belə olan halda, tərəflər arasında hər hansı bir kredit müqaviləsindən deyil, yalnız kredit müqaviləsinin standartlar şərtləri nəzərdə tutulmuş və "xxxx" ASC tərəfindən tərtib olunmuş və şərtləri (faiz dərəcəsi və s.) borcalanın müzakirəsinə təqdim edilmək üçün nəzərdə tutulmuş kredit müqaviləsi layihəsindən söhbət gedə bilər ki, bu kredit müqaviləsi layihəsi də kontragent tərəfindən imzalanmadığından, kredit müqaviləsi şərtləri razılaşdırılmadığından heç bir hüquqi nəticə və ya öhdəlik yarada bilməz. Başqa sözlə, iş materiallarına əlavə edilmiş xx.xx.2014-cü il tarixli 1357/014 saylı kredit müqaviləsi layihəsindən müəyyən edllir ki, "xxxx" (Texnikabank) ASC- ilə Cavabdeh arasında bağlanmalı olduğu halda, qeyd edilən müqavilə birtərəfli qaydada Bankın qanuni təmsilçisi tərəfindən imzalanmış və möhürlənmiş, cavabdehin isə imzası heç bir səhifədə mövcud deyil. İşin bu halı onu deməyə əsas verir ki, xx.xx.2014-cü il tarixli 1357/014 saylı kredit müqaviləsi layihəsinin heç bir hüquqi qüvvəsi yoxdur, belə ki müqavilə iki tərəfli formada bağlanmalı olduğu halda yalnız borc verən tərəfindən təsdiqlənmişdir. Qeyd edilən kredit müqaviləsi layihəsinin 17.1-ci bəndində qeyd edilir ki, müqavilə bağlandığı andan qüvvəyə minir. İndiki halda isə müqavilə bağlanmış hesab edilə bilməz. İddiaçının təqdim etdiyi xx.xx.2014-cü il tarixli 1357/014 saylı kredit layihəsindən göründüyü kimi həmin müqavilənin bağlanması üçün Cavabdeh razılaşdırılmış iradə ifadəsini müəyyən etmək mümkün deyildir. İddiaçının təqdim etdiyi xx.xx.2014-cü il tarixli 1357/014 saylı kredit müqaviləsi layihəsindən göründüyü kimi iddiaçının “kredit müqaviləsi” kimi xarakterizə etdiyi həmin layihədə nə zahiri ifadəyə görə, nə də başqa hallara görə cavabdehin iradə ifadəsini müəyyən etmək mümkün olmadığından həmin əqd mövcud deyildir. İddiaçının təqdim etdiyi xx.xx.2014-cü il tarixli 1357/014 saylı kredit müqaviləsi layihəsindən göründüyü kimi həmin kredit müqaviləsi layihəsi nə cavabdeh, nə də onun vəkil etdiyi şəxs tərəfindən imzalanmamışdır. İddiaçının təqdim etdiyi xx.xx.2014-cü il tarixli 1357/014 saylı kredit müqaviləsi layihəsindən göründüyü kimi həmin kredit müqaviləsi Cavabdeh tərəfindən müvafiq qaydada imzalanmadığından bağlanmış sayılmamalıdır. İddiaçının istinad olunan mülki qanunvericilik normalarının tələblərinə əsasən tərəflər arasında bağlanmamış və ya bağlanmış hesab edilməyən xx.xx.2014-cü il tarixli 1357/014 saylı kredit müqaviləsi layihəsi üzrə iddia tələbi məhkəmə tərəfindən tam rədd edilməli və ya iddiaçı sırf Cavabdeh tərəfindən İddiaçı ASC-dən əldə edilmiş pul məbləğinin tələbinə dair əlahiddə iddia ilə məhkəməyə müraciət etməlidir. Bununla yanaşı Cavabdeh tərəflər arasında hər hansı bir kredit müqaviləsi bağlanmadan, yəni peşəkar kredit verilməsi və bank fəaliyyətini tənzim edən müvafiq normativlərə əməl olunmadan tərəflər arasında heç bir kredit müqaviləsi bağlanmadığı, kredit müqaviləsi şərtlərinin tərəflər arasında razılaşdırılmasını gözləmədən birbaşa İddiaçı ASC-nin kassasından sözügedən pul məbləğini məxaric etmişdir. Halbuki, yuxarıda qeyd olunduğu kimi, bank qanunvericiliyinə və peşəkar qaydada kredit verilməsini tənzimləyən normativlərə müvafiq olaraq Cavabdeh tərəfindən həmin pul vəsaitinin İddiaçı ASC-nin kassasından götürülməsi üçün hər hansı bir müqavilə əsası mövcud olmamışdır. İş materiallarında olan xx.xx.2014-cü il tarixli 1357/014 saylı kredit müqaviləsi layihəsindən göründüyü kimi həmin kredit müqaviləsi Cavabdeh tərəfindən müvafiq qaydada imzalanmadığına görə bağlanmamış sayılmalı olduğundan, beləliklə İddiaçı ASC-nin Cavabdeh hər hansı bir məbləğdə və hər hansı bir müqavilə, yaxud qanuni əsasla kredit, pul və s. maddi nemət vermək öhdəliyi mövcud olmamışdır. Beləliklə, tərəflər arasında hər hansı bir kredit müqaviləsi mövcud olmadığından İddiaçı ASC-nin Cavabdeh qarşısında hər hansı bir bağlanmış və ya qüvvədə olan kredit müqaviləsinə, yaxud qanunveriliyin tələbinə əsasən sonuncuya kredit, pul və s. maddi nemət vermək öhdəliyi olmadığı halda Cavabdeh İddiaçı ASC-nin kassasından hər hansı müqavilədən və ya öhdəlikdən kənar nağd şəkildə məxaric etdiyi, başqa sözlə Cavabdeh İddiaçı ASC tərəfindən hər hansı bir müqavilə və ya öhdəlikdən kənar ödənilmiş pul vəsaiti iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi tərəfindən AR Mülki Məcəlləsinin istinad olunan 439.4-cü maddəsinə əsasən əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Belə ki, həmin pul İddiaçı ASC tərəfindən Cavabdeh öhdəlikdən kənar ödənilmiş və tərəflər arasında həmin pulun sonuncuya ödənilməsi öhdəliyini ehtiva edən qüvvədə olan və bağlanmış hər hansı bir müqavilə mövcud olmamışdır. Başqa sözlə, İddiaçı ASC-nin Cavabdeh hər hansı bir bağlanmış və ya qüvvədə olan müqavilə üzrə pul vermək öhdəliyi olmadığından sonuncuya ödənilmiş həmin pul vəsaiti öhdəlikdən kənar ödənilmiş pul vəsaiti hesab olunur. Belə pul vəsaiti isə iddiaçı tərəfindən AR Mülki Məcəllənin 439.4-cü maddəsinə müvafiq olaraq yalnız əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Hətta iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli kassa mədaxil qəbzini şərti olaraq fakt kimi qəbul etsək belə, yenə də iddiaçı bank əssasız varlanma tələbi ilə bağlı 2 illik kəsici müddəti ötürdükdən sonra, yəni 4 il sonra məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi əlavə olaraq bildirmişdir ki, bankla cavabdeh arasında kredit müqaviləsi rəsmiləşdirilməmişdir. Belə ki, əslində cavabdeh qeyri-yaşayış sahəsi almaq üçün dostu olan bankın vəzifəli şəxsinə müraciət etmiş, həmin sahənin alınması üçün ondan pul almış və "xxxx" ASC ilə satıcı X9 və alıcı-ipoteka qoyan Cavabdeh arasında alqı-satqı və ipoteka müqaviləsi bağlanaraq X4 Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında 9-cu mərtəbədə yerləşən ümumi 117.4 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsini almış və banka ipotekaya qoymuşdur. Qeyri-yaşayış sahəsinin satış qiyməti 234800 manat olmuş, həmin məbləğin 23480 manatı cavabdeh tərəfindən, 211320 manatı isə kredit müqaviləsi bağlanmadan cavabdehə verilmişdir. Nümayəndə vurğulamışdır ki, cavabdeh bankın vəzifəli şəxsi ilə dost olduğu üçün həmin pul vəsaiti ona kredit müqaviləsi imzalanmadan faizsiz verilmiş, kredit müqaviləsini imzalanmasa da ipoteka müqaviləsi bağlanmış, lakin cavabdeh borcu tam qaytarmışdır. Bunun sübutu olaraq borc qaytarılan kimi ipoteka predmeti ipotekadan azad edilmişdir, bununla bağlı olaraq hal-hazırda bank krediti tələb etsə də, ipoteka predmetinə tutmanı tələb etmir. Nümayəndə həmçinin qeyd etmişdir ki, hətta qəbul etsək ki, bankın bildirdiyinə görə cavabdeh tərəfindən 185 356 manat pul vəsaiti mədaxil edilmişdir, cavabdehin faktiki borcu 25964 manat qalır ki, bu da yenə də müqavilə imzalanmadığına görə əsassız varlanma ilə bağlı iddianın əsasını təşkil edə bilər və bu halda da nəzərə alsaq ki, sonuncu ödəniş xx.xx.2021-ci il tarixdə olmuşdur bank iddia müddətini ötürmüşdür. Cavabdeh tərəfin arqumentlərinə iddiaçının nümayəndəsi K.X5 aydınlıq gətirmək təklif olunsa da, nümayəndə qeyd etmişdir ki, kredit müqaviləsinin hansı səbəbdən imzalanmaması barədə məlumatı yoxdur, kredit müqaviləsində imza mövcud olmasa da, cavabdeh tərəfindən 2021-ci ilə qədər ödənişlər edilmişdir. Həmçinin nümayəndə cavabdeh tərəfindən sonuncu ödəniş xx.xx.2021-ci il tarixdə olmaqla cəmi 185 356 manat pul vəsaitinin ödənilməsini və ipoteka predmetinin ipotekadan azad olunmasını təsdiq etmiş, lakin borc məbləği ödənilmədən ipoteka predmetinin hansı əsasla ipotekadan azad edildiyi barədə məlumatı olmadığını bildirmişdir. Məhkəmə iddiaçının cavabdehin nümayəndəsinin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan borcverən "xxxx" ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 15 sentyabr 2014-cü il tarixli 1357/014 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən Cavabdeh qeyri-yaşayış sahəsinin alınması üçün illik 10 faiz ödənilməklə, 120 ay müddətinə 211320 manat məbləğində kredit verilmiş, kreditin təminat üsulu Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında 9-cu mərtəbədə yerləşən 117,4 kv.m sahədən ibarət 2 saylı qeyri-yaşayış sahəsinin ipotekası olmuşdur. Kredit müqaviləsinin heç bir səhifəsində borc alananın imzası mövcud deyil. İş materiallarında olan 15 sentyabr 2014-cü il tarixli 1 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh 234800 manat pul vəsaiti verilmişdir. İş materiallarında olan ünvan 11at kontorunun xüsusi notariusu X2 tərəfindən təsdiq edilmiş "xxxx" ASC ilə satıcı X9 və alıcı-iporeka qoyan Cavabdeh arasında bağlanan alqısatqı və ipoteka müqaviləsinin surətindən görünür ki, real vaxt rejimində Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətindən edilmiş 15 sentyabr 2014-cü il tarixli ********** nömrəli arayışa əsasən X9 Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında 9-cu mərtəbədə yerləşən ümumi 117.4 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi (2 saylı qeyri-yaşayış sahəsi) alıcı-ipoteka qoyanın mülkiyyətinə verir. Satılan qeyri-yaşayış sahəsi ( 2 saylı qeyri-yaşayış sahəsi) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 24 iyun 2014-cü il tarixli seriya RX ******* saylı çıxarışa əsasən satıcıya məxsusdur. Qeyri-yaşayış sahəsinin (2 saylı qeyri-yaşayış sahəsi) satış qiyməti 234800 manatdır, 2 saylı Qeyri-yaşayış sahəsinin dəyərinin 23480 manatı alıcı-ipoteka qoyanın özü tərəfindən, 211320 manatı isə kreditor-ipoteka saxlayan tərəfindən 15 sentyabr 2014cü il tarixli 1355/014 saylı kredit müqaviləsinə əsasən alıcı-ipoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilir. İş materiallarında olan Cavabdeh tərəfindən Bakı şəhəri notariusuna ünvanlanmış 15 sentyabr 2014-cü il tarixli ərizənin surətindən görünür ki, ünvan 4 ünvanında qeydiyyatda olan X9 ilə ona məxsus Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 12 A, B blok, Qapı-2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 234800 manata satılması barədə razılığa gəlmişlər. Qarışıq (alqı-satqı və ipoteka) müqaviləsi üzrə satış qiyməti 234800 manat olan pul vəsaitinin 211320 manatı "xxxx" ASC-nin verdiyi kredit, qalan 23480 manatı Cavabdeh tərəfindən ödəniləcəkdir. Alqı-satqı müqaviləsinin notariat qaydasında təsdiqlənməsi, həmçinin bununla bağlı ban xərclərinin ödənilməsini öz üzərinə götürmüşdür. İş materiallarında olan X9 tərəfindən Bakı şəhəri notariusuna ünvanlanmış 15 sentyabr 2014-cü il tarixli ərizənin surətindən görünür ki, X9 ünvan 7 ünvanında qeydiyyatda olan Cavabdeh ilə ona məxsus olan Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 12A, B blok, Qapı-2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 234800 manata satılması barədə razılığa gəlmişlər. Qarışıq (alqı-satqı və ipoteka) müqaviləsi üzrə satış qiyməti 234800 manat olan pul vəsaitinin 211320 manatı "xxxx" ASC-nin verdiyi kredit, qalan 23480 manat isə Cavabdeh öz vəsaiti ilə ödəniləcəkdir. İş materiallarında olan notarius X1 "xxxx" ASC-yə ünvanladığı 15 sentyabr 2014-cü il tarixli məktubun surətindən görünür ki, ünvan 7 ünvanında qeydiyyatda olan Cavabdeh notariat qaydasında təsdiq ediləcək qarışıq müqaviləsi üzrə ödənilməli olan 211320 manat "xxxx" ASC-nin verdiyi ipoteka krediti 23480 manatı isə alıcının öz vəsaiti hesabına ümumi 234800 manat müvafiq müqavilə notarius tərəfindən təsdiq edildikdən sonra notariusun məktubu əsasında ünvan 4 ünvanında qeydiyyatda olan X7 verilməsi üçün bankda olan ******************** №-li depozit hesabına qəbul olunmasını xahiş etmişdir. İş materiallarında olan ləğv prosesində olan İddiaçı ASC-nin ləğv edicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş 24 may 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 15 sentyabr 2014-cü il tarixli 1357/014 saylı kredit müqaviləsi üzrə 17 may 2024-cü il tarixinə 101312,67 manat əsas, 32663,65 manat faiz, 25328,17 manat cərimə borcu olmaqla, cəmi 159304,49 manat borcu vardır. İş materiallarında olan ləğv prosesində olan İddiaçı ASC-nin ləğv edicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən cavabdehə ünvanlanan xəbərdarlığın surətindən görünür ki, cavabdehdən borcun 3 gün ərzində ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/73 saylı,17 mart 2025-ci il tarixli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, 06 aprel 2021-ci il tarixli və 29 iyun 2021-ci il tarixli mədaxil elanlarında “Təhvil verdim” qrafalarındakı imzalar, 24 avqust 2018-ci il tarixli, 30 noyabr 2018-ci il tarixli 24 may 2018ci il tarixli nağd ödəniş üçün elanlarda “Ödəyənin imzası” qrafalarındakı imzalar Cavabdeh tərəfindən icra olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ünvanlanmış 19 dekabr 2024-cü il tarixli məktubdan görünür ki, 15 sentyabr 2014-cü il tarixli 1357/014 nömrəli alqı-satqı və ipoteka müqaviləsinin qeydə alınması və xitamı ilə əlaqədar təsdiqedici sənədlərin təsdiq olunmuş surətlərinin təqdim edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə ünvanlanan e- 2(011)-5982/2024 nömrəli, 23 noyabr 2024-cü il tarixli müraciətə (daxilolma nömrəsi: **********) 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildirilmişdir ki, ********** qeydiyyat nömrəli ərizə 13 oktyabr 2014-cü il tarixdə icra olunaraq, ünvan 11at ofisi tərəfindən təsdiq edilmiş 15 sentyabr 2014-cü il tarixli 1357/014 nömrəli alqı-satqı və ipoteka müqaviləsi əsasında Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 12A ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair Cavabdeh adına dövlət reyestrindən çıxarış hazırlanmışdır. Daha sonra "xxxx" ASC-nin 21 noyabr 2014-cü il tarixli müraciəti əsasında qeyd olunan ünvanda yerləşən qeyri-yaşayış sahəsi ipoteka ilə yüklü edilmişdir. Əlavə olaraq bildirilmişdir ki, bankın 01 dekabr 2015-ci il tarixli müraciəti nəzərə alınaraq, qeyd olunan daşınmaz əmlaka dair ipotekanın dövlət qeydiyyatı ləğv olunmuşdur. Lakin "Arxiv işinin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 02 dekabr 2002-ci il tarixli 816 saylı Fərmanına və digər normativ-hüquqi sənədlərin tələblərinə uyğun olaraq müvafiq sənədin saxlanılması müddəti başa çatdırıldığından məhv edilmişdir. İş materiallarında olan hesabdan çıxarışdan və qəbzlərdən görünür ki, Cavabdeh İddiaçı ASC-yə sonuncu dəfə 09 iyun 2021-ci ildə ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.2-ci maddəsinə görə müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. 390.5.-ci maddəsinə görə müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, ammamüvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. (). 399.1-ci maddəsinə görə müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 405-ci maddəsinə görə tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır.() 406.1-cı maddəsinə görə müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 406.2-cı maddəsinə görə əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. 406.3-cü maddəsinə görə yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. 407.2-cı maddəsinə görə sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. 739.1-cı maddəsinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-cı maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “Banklar haqqında“ Qanunun 32.1.2-ci maddəsinə görə, banklar kreditlərin (təminatlı və/və ya təminatsız) verilməsi, o cümlədən istehlak və ipoteka kreditləşdirilməsi, reqres hüququ ilə və ya belə hüquq olmadan faktorinq, forfeytinq, lizinq xidmətləri və digər kreditləşdirmə növlərini müəyyən etməklə öz fəaliyyətlərini qura bilərlər. İstehlak kreditləri üzrə münasibətlər kreditorla borcalan arasında bağlanan müqavilə əsasında yaranmaqla kredit müqaviləsinə dair ümumi qaydalara əsaslanır. Kredit təşkilatları və müştərilər arasında kredit münasibətlərinin əsasları “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmişdir. Həmin Qanunun 1-ci maddəsinə əsasən, bank krediti – bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin azaldılması hüququ ilə) və faizlər (komisyon haqlar) ödənilmək şərtilə, təminatla və ya təminatsız müəyyən məbləğdə verilən borc pul vəsaitidir. Kredit müqaviləsi ikitərəfli müqavilələrdən olub, bağlanması ilə hər iki tərəf, yəni həm kredit alan, həm də kredit verən üçün müəyyən vəzifələr yaratmış olur. Kredit müqaviləsinə əsasən, kreditor müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 avqust 2020ci il tarixli Qərarında məhkəmə qərara almışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin “sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı ... andan bağlanmış sayılır” müddəasının “müvafiq qaydada imzalanma” tələbi tərəflərin onu şəxsən, mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə etməklə imzalamasını nəzərdə tutur. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasınıtəmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır ( MM-in 375.1 və 375.2 maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında vurğulanmışdır ki, kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1095-ci maddəsinə görə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Beləliklə, mülki işdə olan sübutlardan və tərəflərin izahatlarından müəyyən edilir ki, iddiaçı iddia tələbində "xxxx" ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 15 sentyabr 2014-cü il tarixli 1357/014 nömrəli kredit müqaviləsinə əsaslanaraq, həmin müqavilə üzrə cavabdehdən ödənilməmiş borc olaraq cəmi 159304,49 manat pul vəsaitinin tutulmasını tələb etmişdir. Həmin müqavilənin predmeti qeyri-yaşayış sahəsinin alınması məqsədilə 120 ay müddətinə, illik 10 faiz ödəmək şərtilə 211320 manat məbləğində kreditin verilməsi olmuşdur. Məhkəməyə təqdim edilmiş həmin kredit müqaviləsinin surətindən cavabdehin imzası mövcud olmamış, müqavilənin əsli iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, cavabdeh qeyri-yaşayış sahəsi almaq üçün dostu olan bankın vəzifəli şəxsinə müraciət etmiş, həmin sahənin alınması üçün ondan pul almış, "xxxx" ASC ilə satıcı X9 və alıcı-ipoteka qoyan Cavabdeh arasında alqı-satqı və ipoteka müqaviləsi bağlanaraq X4 Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında 9-cu mərtəbədə yerləşən ümumi 117.4 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsini almış və banka ipotekaya qoymuşdur. Qeyri-yaşayış sahəsinin satış qiyməti 234800 manat olmuş, həmin məbləğin 23480 manatı cavabdeh tərəfindən, 211320 manatı isə kredit müqaviləsi bağlanmadan cavabdehə verilmişdir. Nümayəndə vurğulamışdır ki, cavabdeh bankın vəzifəli şəxsi ilə dost olduğu üçün həmin pul vəsaiti ona kredit müqaviləsi imzalanmadan faizsiz verilmiş, kredit müqaviləsini imzalanmasa da ipoteka müqaviləsi bağlanmış, lakin cavabdeh borcu tam qaytarmışdır. Bunun sübutu olaraq borc qaytarılan kimi ipoteka predmeti ipotekadan azad edilmişdir, bununla bağlı olaraq halhazırda bank krediti tələb etsə də, ipoteka predmetinə tutmanı tələb etmir. Nümayəndə həmçinin qeyd etmişdir ki, hətta qəbul etsək ki, bankın bildirdiyinə görə cavabdeh tərəfindən 185 356 manat pul vəsaiti ödənilmişdir, cavabdehin faktiki borcu 25964 manat qalır ki, bu da yenə də müqavilə imzalanmadığına görə əsassız varlanma ilə bağlı iddianın əsasını təşkil edə bilər və bu halda da nəzərə alsaq ki, sonuncu ödəniş xx.xx.2021-ci il tarixdə olmuşdur bank iddia müddətini ötürmüşdür. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə sorğu verilmiş və həmin qurum tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ünvanlanmış 19 dekabr 2024-cü il tarixli məktubda bildirilmişdir ki, ünvan 11at ofisi tərəfindən təsdiq edilmiş 15 sentyabr 2014-cü il tarixli 1357/014 nömrəli alqı-satqı və ipoteka müqaviləsi əsasında Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 12A ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair Cavabdeh adına dövlət reyestrindən çıxarış hazırlanmışdır. Daha sonra "xxxx" ASC-nin 21 noyabr 2014-cü il tarixli müraciəti əsasında qeyd olunan ünvanda yerləşən qeyri-yaşayış sahəsi ipoteka ilə yüklü edilmişdir. Əlavə olaraq bildirilmişdir ki, bankın 01 dekabr 2015-ci il tarixli müraciəti nəzərə alınaraq, qeyd olunan daşınmaz əmlaka dair ipotekanın dövlət qeydiyyatı ləğv olunmuşdur. İş materiallarında olan bank hesabından çıxarışla təsdiq edilir ki, Cavabdeh tərəfindən İddiaçı ASC-yə cəmi 185 356 manat pul vəsaiti ödənilmişdir və sonuncu dəfə xx.xx.2021ci il tarixdə ödəniş edilmişdir. Bu məlumatı iddiaçının nümayəndəsi də təsdiq etmişdir. Beləliklə, təsdiq edilir ki, iddiaçı xx.xx.2014-cü il tarixli 1357/014 saylı kredit müqaviləsinin şərtlərinə əsaslanaraq, cavabdehə "xxxx" ASC tərəfindən qeyri-yaşayış sahəsinin alınması məqsədilə 120 ay müddətinə, illik 10 faiz ödəmək şərtilə 211320 manat məbləğində kredit verildiyinə əsaslansa da, həmin müqavilə cavabdeh tərəfindən imzalanmadığına görə məhkəmə tərəfindən həmin müqavilənin bağlanılmasında cavabdehin iradə ifadəsinin mövcud olması, müqavilənin şərtləri ilə razılaşması müəyyən edilməmişdir. Bununla yanaşı təsdiq edilir ki, tərəflər arasında hər hansı bir kredit müqaviləsi mövcud olmadan, bank fəaliyyətini tənzim edən müvafiq normativlərə, tələblərə, habelə mülki qanunvericiliyin müqavilələrin bağlanması ilə bağlı imperativ tələblərinə riayət edilmədən iddiaçı tərəfindən 211320 manat pul vəsaiti verildiyi, cavabdeh tərəfindən banka cəmi 185 356 manat pul vəsaiti geri ödənildiyi təsdiq edilir. İddiaçının nümayəndəsi kredit müqaviləsinin imzalanmamasının səbəbi və kredit qaytarılmadan həmin müqavilənin təminatı olaraq bağlanmış ipoteka müqaviləsi üzrə qoyulmuş ipoteka predmeti olan daşınmaz əmlaka dair ipotekanın dövlət qeydiyyatının ləğv olunmasının səbəbi barədə məhkəməyə məlumat verə bilməmişdir. Məhkəmə yuxarıda qeyd edilmiş maddi və prosessual hüquq normalarının tələblərinə əsaslanaraq, işin faktiki hallarını qiymətləndirib belə qənaətə gəlir ki, tərəflər arasında kredit müqaviləsinin imzalanması təsdiq edilmədiyindən həmin müqavilə əsasında həmin müqavilənin şərtlərinə uyğun olaraq, cavabdehdən pul vəsaitinin tələb edilməsi əsassızdır. Bununla yanaşı məhkəmə nəzərə alır ki, kredit müqaviləsi bağlanmadan cavabdehə iddiaçı tərəfindən 211320 manat pul vəsaitinin verildiyi, cavabdeh tərəfindən banka cəmi 185 356 manat pul vəsaiti geri ödənildiyi təsdiq edilir. Məhkəmə hesab edir ki, hər hansı hüquqi əsas yaxud müqavilə bağlanmadan həmin pul vəsaiti cavabdehə verildiyindən hazırki iddia tələbinə əsassız varlanma ilə bağlı mülki qanunvericiliyin müddəaları tətbiq olunmalı və nəzərə alaraq ki, cavabdeh tərəfindən sonuncu dəfə ödəniş xx.xx.2021-ci il tarixdə edildiyiyi halda iddia ərizəsi məhkəməyə 25 iyun 2024-cü il tarixdə verilmişdir, iddiaya iddia müddəti tətbiq edilərək, iddia təmin edilməməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutub məhkəmə Q ə t e t d i: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar