Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-240/2024 12.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Cavabdeh ilə aralarında bağlanmış 07 aprel 2021-ci il tarixli kredit müqaviləsinə əsasən, iddiaçı tərəfindən Cavabdeh 15.000 manat məbləğində pul vəsaiti 07 aprel 2025-ci il tarixədək borc verilmişdir. Bununla yanaşı cavabdehlə aralarında olan razılaşmaya əsasən, Cavabdeh işlədyi «Safely» gözəllik salonu vaxtından əvvəl tərk edəcəyi təqdirdə həmin borc məbləğini müqavilədə göstərilən müddətdən əvvəl tam həcmdə ona ödəməlidir. Lakin cavabdeh sözügedən razılaşmanı birtərəfli qaydada pozaraq «Safely» gözəllik salonundan fəaliyyətə xitam verməklə maddi imkansızlığınızı bildirmiş, bugünə qədər borcu iddiaçıya ödəməkdən yayınmışdır. Eyni zamanda salona gələn müştəriləri də yayındıraraq başqa gözəllik salona cəlb etmiş və əməlləri ilə ona əlavə ziyan vurmuşdur. Bir müddət Cavabdeh uydurmuşdur ki, guya iddiaçıya 11.000 manat məbləğində borcun ödənilməsini təklif etmiş, iddiaçı isə bundan imtina edərək borcun birdəfəlik tam ödənilməsini tələb etmişdir. Mübahisəni məhkəməyə qədər tənzimləmək məqsədi ilə Cavabdeh müvafiq pretenziya göndərilərək 15 may 2023cü il tarixədək borcun ödənilməsi xahiş olunmuş, lakin bu günə qədər müsbət nəticənin əldə olunması mümkün olmamışdır. Göründüyü kimi, Cavabdeh iddiaçıya olan borcunu ödəmək niyyətində deyil və müxtəlif bəhanələri ilə bundan yayınmaqda davam edir. Ona görə də, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh iddiaçıya qarşı öz qeyri-səmimi davranışı ilə şərtləşdirilmiş təminatı pozduğu üçün o, hesab edir ki, borcun 07 aprel 2025-ci il tarixədək ödənilməsini tələb etmək hüququ yaranmışdır. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, onunla Cavabdeh ilə aralarında bağlanmış 07 aprel 2021-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh 15.000 manat məbləğində əsas borcun və məhkəməyə müraciət olunması ilə bağlı dövlət rüsumu qismində ödənilmiş 136 manat, cəmi 15.136 manat məbləğində pul vəsaitinin tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında itirak etməmişdir. Buna görə də, məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin çıxışını dinləyib, iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 07 aprel 2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən borc verən İddiaçı borc alan Cavabdeh faizsiz 15000 manat məbləğində borc vermiş, borc alan krediti 07 aprel 2025-ci il tarixədək borcverənə notariusun bankda açılmış depozit hesabı vasitəsi ilə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Xətai RPİ-nin 37-ci PŞ-nin tərəfindən vətəndaş X1 şikayət ərizəsi əsasında 05 avqust 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, göstərilən xüsusatlar mülki xarakterli olduğundan X1 məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Həmin qərardan görünür ki, İddiaçı əri X2 həmin orqana şikayətlə müraciət edərək, bildirmişdir ki, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsində yerləşən “Limage” qadın gözəllik salonunda Vizaj ustası kimi fəaliyyət göstərmişdir. Onunla həmin salonda işləyən digər ustalar Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər ərazisində yerləşən “SAFELY” qadın gözəllik salonuna işləmək üçün getmişlər, ona da ora getməyi təklif etmişlər. O, da onlarla birlikdə həmin gözəllik salonuna getmiş, salonun sahibi Səfayət adlı xanımla danışmış, transfer olmağı üçün 15000 manat pul istəmiş, o, da bununla razılaşmışdır. 2021-ci ilin aprel ayında o, Səfayət xanımdan 15000 manat pul alaraq müqavilə bağlamışlar, müqaviləyə əsasən o, 4 il ərzində salonda işləyərək əldə edilən gəliri 50 faiz ona 50 faiz isə Səfayət xanıma qalmaq, həmçinin 4 ildən sonra isə 15000 manat ona qalmalı olması göstərilmişdir. Təxminən 9 ay olar o, həmin salonda işləmiş, əldə edilən təxminən 7000 manat gəlirdən isə yarı hissəsini özünə götürmüş, yarı hissəsini isə Səfayət xanıma vermişdir. Lakin sonradan salona onun öz müştəriləri gəlməkdən imtina etdiyi, həmçinin əlavə olaraq da müştərilər az gəldiyi üçün o salondan çıxmaq qərarına gəlmişdir. Bu barədə Səfayət xanıma demiş, o, isə verdiyi 15000 manat pulu qaytarmağı demiş, o, da demişki, hazırda 10000 manat sizə pul qaytara bilirəm, lakin Səfayət xanım buna razı olmamış, bundan sonra o, salondan çıxaraq getmiş, hazırda isə Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “AMAL”qadın gözəllik salonunda vizaj ustası kimi işləmişdir. O, hazırda Səfayət xanıma 11000 manat verəcək pulu olduğunu, onu isə təxminən 2-3 günə qaytaracağına söz verdiyini bildirmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5447/2022 saylı 10 noyabr 2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1928/2023 saylı 05 aprel 2023-cü il tarixli qərardadından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 5447/2022 saylı 10 noyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilmişdir. Həmin qərardaddan müəyyən edilir ki, iddiaçı qanunvericiliyin tələbinə görə cavabdehə mübahisənin məhkəməyə qədər nizama salınması (pretenziya) qaydasına riayət etmədən, daha doğrusu cavabdehin iddia ərizəsində qeyd olunduğu kimi qeydiyyatda olduğu və faktiki yaşadığı ünvana müvafiq pretenziya məktubu göndərmədən hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş və birinci instansiya məhkəməsi iddianı icraata götürərək, işə mahiyyəti üzrə baxmışdır. İş materiallarında olan İddiaçı Cavabdeh ünvanladığı xəbərdarlığa əsasən məlum olur ki, 15000 manat məbləğində pul vəsaitinin 15 may 2023-cü il tarixədək İddiaçı qaytarılması bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra bu məcəllənin maddələrinə istinad ediləcək) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Belə müqavilələrdən birini borc (kredit) müqaviləsi təşkil edir. Həmin müqaviləyə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı isə (borc alan) aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.(maddə 739). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. (maddə 442) Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. (maddə 443.1) Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.(maddə 445.2.1) Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.(maddə 448.1) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, müqavilənin birtərəfli qaydada dəyişdirilməsi və ya Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulan əsaslar olmadan onun ləğv edilməsi yalnız “şəraitin sonradan əhəmiyyətli dərəcədə dəyişməsi” halında və həmin Məcəllənin 422-ci maddəsində nəzərdə tutulan şərtlər daxilində baş verə bilər. Həmçinin, sadalanan hal və şərtlərin baş verdiyi təqdirdə müqavilənin birtərəfli qaydada və hansı həcmdə dəyişdirilməsi, buna şərait olmadıqda isə onun ləğv edilməsi tərəfin öz subyektiv mülahizəsi ilə deyil, yalnız məhkəmə tərəfindən müəyyən edilməklə baş verə bilər. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur (Mülki Məcəllənin 422.1-ci maddəsi) Məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Beləliklə, mülki işdə olan sübutlarla təsdiq edilir ki, Cavabdeh ilə İddiaçı Asif qızı arasında 07 aprel 2021-ci il tarixli kredit müqaviləsi notarial qaydada bağlanmış, iddiaçı tərəfindən 15000 manat pul vəsaiti cavabdehə verilmiş, həmin məbləğin 07 aprel 2025-ci il tarixədək qaytarılacağı razılaşdırılmışdır. Həmin müqavilədə hər hansı şərtlər müəyyən edilməsə də, 05 avqust 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, tərəflər arasında işgüzar münasibətlər olmuş, həmin kredit müqaviləsinin bağlanmasına əsas o, olmuşdur ki, cavabdeh iddiaçının gözəllik salonunda 4 il ərzində işləyəcəyi müqabilində 15000 manatın onun mülkiyyətinə keçməsinə razılıq vermişdir. Lakin cavabdeh 4 il müddətini gözləmədən salondan çıxıb gedərək, iddiaçı ilə işgüzar münasibətlərini sonlandırmışdır. Həmin qərardan görünür ki, Cavabdeh izahatında Səfayət xanıma 11000 manat verəcək pulu olduğunu, onu isə təxminən 2-3 günə qaytaracağına söz verdiyini bildirmiş, hazırkı günədək həmin məbləği geri qaytarmamışdır. Məhkəmə mülki işdə olan sübutları qiymətləndirib, belə qənaətə gəlir ki, Cavabdeh ilə İddiaçı Asif qızı arasında bağlanmış 07 aprel 2021-ci il tarixli kredit müqaviləsinin bağlanmasına əsas olan şərait sonradan əhəmiyyətli dərəcədə dəyişdiyindən iddiaçı hazırda həmin müqaviləni faktiki bir tərəfli qaydada ləğv etdiyindən, cavabdeh tərəfindən iddiaçıdan 15000 manat pul vəsaitinin qəbul edilməsi sübut edilsə də, lakin geri qaytarılması ilə bağlı mötəbər sübutlar mövcud olmadığından, iddia əsaslı olduğu üçün təmin edilməli, Cavabdeh 15000 manat məbləğində pul vəsaiti tutularaq, iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 15000 (on beş min) manat məbləğində pul vəsaiti və 136 (bir yüz otuz altı) manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-240/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-240/2024
12.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver