Məhkəmə qərarları › İş №e-2(011)-2418/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2418/2023

29.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2418/2023 29.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 2089,31 AZN əsas; 322,73 AZN faiz, cəmi 2412,04 AZN pul vəsaitinin və 30 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli BRED1577530A142 saylı kredit müqaviləsinə əsasən ona kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış kredit müqaviləsi, kredit borcuna dair maliyyə arayışı və balansdankənar məxaric orderidir. Nəticədə cavabdehin xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə 2089,31 AZN əsas; 322,73 AZN faiz; cəmi 2412,04 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli kredit kartına dair müqavilə bağlanmışdır. Bu müqaviləyə görə Bank kredit alana “Birkart” verir, “Birkart”a bağlı bu müqavilədə qeyd edilən bütün istisnalar nəzərə alınmaqla təyinatı şəxsi istehlak olan bərpaolunan kredit xətti ayırır. Müştəri isə kredit üzrə borclarını ödəyir, habelə ona göstərilmiş bank xidmətlərinin haqqını Bankın qüvvədə olan tarif dərəcələrinə əsasən ödəyir, bu müqavilədə borclar üzrə müddətlər borcun verildiyi gündən hesablanır. “Birkart”-dan son istifadə tarixi xx.xx.2022-ci ildir, xidmət haqqı hər il üçün 15 manatdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli balansdan kənar məxaric orderinin surətindən görünür ki, cavabdeh bir ədəd kartı (PAN № **********655992) bankdan təhvil almışdır. İş materiallarında olan maliyyə arayışının surətindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə xx.xx.2019-cu il tarixli Kredit müqaviləsinə əsasən 2089,31 AZN əsas; 322,73 AZN faiz; cəmi 2412,04 AZN borcu yaranmışdır. İş materiallarından görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 23 noyabr 2022-ci il tarixli 16/81538 saylı bildiriş göndərilməklə ondan kredit müqaviləsi üzrə borcunu 5 təqvim günü ərzində ödəməsi tələb edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli dövlət rüsumunun ödənilməsi haqqında məlumatdan görünür ki, İddiaçı ASC tərəfindən 44,12 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflər arasında xx.xx.2019-cu il tarixdə kredit kartına dair müqavilə bağlanmışdır, müqaviləyə əsasən, Bank kredit alana kart verməklə, təyinatı şəxsi istehlak olan bərpaolunan kredit xətti ayırmağı, müştəri isə kredit üzrə borclarını ödəməyi öz öhdəsinə götürmüşdür, cavabdeh müqavilədə nəzərdə tutulan kartı iddiaçıdan qəbul edərək götürmüşdür, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirsə də, cavabdeh kredit müqaviləsi ilə şərtləşdirilmiş öhdəliklərini yerinə yetirməmişdir, hazırda cavabdehin iddiaçıya xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 2089,31 manat əsas, 322,73 manat faiz, cəmi 2412,04 manat borcu qalmışdır, cavabdeh borcunun olması və həmin borc məbləğinin qaytarılması barədə iddiaçı tərəfindən xəbərdar edilmişdir. Bununla belə, cavabdehin müqavilə öhdəliklərinin icrasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 2089,31 manat əsas, 322,73 manat faiz, cəmi 2412,04 manat alınaraq İddiaçı ASC-yə ödənilməlidir. Məhkəmə, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edildiyindən və cavabdehin dövlət rüsumunu ödəməkdən azad olunması halları məhkəmə tərəfindən müəyyən olunmadığından, iddia tələbinin həcmi, onun 1000 manatdan çox olması nəzərə alınmaqla, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 44,12 manat cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasın Qanunun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həddində dövlət rüsumu ödənilir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 2089,31 manat əsas, 322,73 manat faiz, cəmi 2412 (iki min dörd yüz on iki) manat 04 (dörd) qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 44 (qırx dörd) manat 12 (on iki) qəpik alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədan, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar