Məhkəmə qərarları › İş №e-2(011)-2454/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2454/2025

02.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2454/2025 02.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Eyvazova Samirə Əli qızının sədrliyi Hüseynova Nuranə Rafiq qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsinin ləğvi və pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İşin iddia ərizəsində qeyd edilən halları:

1. İddiaçı ilə Cavabdeh arasında 05 dekabr 2022-ci il tarixində “Kredit Müqaviləsi” bağlanmışdır. Həmin müqavilə 4 saylı Bakı “ASAN Xidmət” mərkəzində notariat ofisində rəsmiləşdirilmişdir. Həmin müqaviləyə əsasən, Cavabdeh İddiaçı 5000 (beş min) manat məbləğində nağd pulu, xx.xx.2012-ci il tarixində qaytarmaq şərtiylə borc götürmüşdür. xx.xx.2024-cü il tarixində 4 saylı Bakı “ASAN Xidmət” mərkəzində notariat ofisində icra qeydi yazılmışdır. İcra qeydi icra olunması üçün Bakı şəhəri Xətai rayon İcra Şöbəsinə göndərilmişdir. Müqavilənin müddətinin bitməsindən xeyli zaman keçsə də böyük çətinliklə xx.xx.2024-cü il tarixində Bakı şəhəri Xətai rayon İcra Şöbəsində barəsində axtarış işi olduğu üçün Cavabdeh ona 400 (dörd yüz) manat pul qaytarmışdır, iltizam yazmışdır ki, hər ayın 20-si 500 manat qaytaracaq. Bu günkü gün Cavabdeh həmin pulun 4600 (dörd min altı yüz) manat məbləğini qaytarmaqdan açıqcasına boyun qaçırır və bununla da pulun qalan məbləğini qaytarmaq niyyətinin olmadığını nümayiş ettirir. Dəfələrcə Cavabdeh rəsmi xəbərdarlıq və şifahi müraciət etməyinə baxmayaraq heç bir müsbət nəticə olmur. Cavabdeh dəfələrlə telefon zəngi eləmiş, hər dəfəsində bu gün sabah deyərək yalan danışmışdır, müxtəlif bəhanələr gətirərək pulunu qaytarmaqdan boyun qaçırır, pulunun qaytarılması istiqamətində heç bir müsbət addım atmır. O icra sənədinin qaytarılması haqqında ərizə ilə Bakı şəhəri Xətai rayon İcra şöbəsinə müraciət eləmişdir.İcra sənədinin qaytarılması haqqında Bakı şəhəri Xətai rayon İcra şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixində qəbul edilmiş Qərara əsasən icra sənədi 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə qaytarılmışdır. O Cavabdeh verdiyi borc pulu bankdan kredit almışdır. Cavabdeh səhlənkarlığı nəticəsində o bu günə qədər banka olan kredit borcunu tam olaraq ödəyə bilməmişdir. Hesab edir ki, Cavabdeh müqavilə üzrə öhdəliklərini vaxtı-vaxtında və tam icra etmədiyindən aralarında bağlanmış kredit müqaviləsi ləğv edilməli və Cavabdeh ona ödəməli olduğu 4600 (dörd min altı yüz) manat məbləğində pul məhkəmə qaydasında tutulmalıdır. Buna görə də görə o Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının tələbi:

2. Cavabdeh ilə onun arasında 4 saylı Bakı “ASAN Xidmət” mərkəzində notariat ofisində rəsmiləşdirilmiş, xx.xx.2022-ci il tarixli, kredit müqaviləsinin ləğv edilməsi və həmin müqavilə üzrə ona bu günə qədər borclu olduğu 4600 (dörd min altı yüz) manat məbləğində pulun və xx.xx.2022-ci il tarixindən bu günə qədər 2 ilə yaxın müddətdə gecikdirdiyi üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş qaydada faizin illər üzrə hesablanıb Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı xx.xx.2025-ci il tarixində məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh ilə onun arasında 4 saylı Bakı “ASAN Xidmət” mərkəzində notariat ofisində rəsmiləşdirilmiş, xx.xx.2022-ci il tarixli, kredit müqaviləsinin ləğv edilməsi və həmin müqavilə üzrə ona bu günə qədər borclu olduğu 4600 (dörd min altı yüz) manat məbləğində pulun və xx.xx.2022-ci il tarixindən bu günə qədər 2 ilə yaxın müddətdə gecikdirdiyi üçün 5 faiz məbləğində pulun illər üzrə hesablanıb Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Cavabdehin etirazı:

4. Cavabdeh tərəfindən ərizəçinin tələbinə qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır.

Tərəflərin izahatı:

5. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

6. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materiallarına əlavə edilmiş sənədlər:

7. xx.xx.2022-ci il tarixli “Kredit Müqaviləsi”nə əsasən İddiaçı Cavabdeh 5000 manat məbləğində borc vermişdir. “Borcalan” krediti xx.xx.2022-ci il tarixədək “borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür.

8. xx.xx.2024-cü il tarixli pretenziya məktubu.

9. xx.xx.2024-cü il tarixli tarixli, № e191684/2024-1-42-004 saylı “icra sənədinin qaytarılması haqqında” məlumat.

10. xx.xx.2024-cü il tarixli “icra sənədinin qaytarılması haqqında” qərar.

11. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış.

12. Mülki iş materiallarına əlavə edilmiş digər sənədlər.

Tətbiq edilən hüquq:

13. Azərbaycan Respublikasının Konstitusiyası: 13.İ.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi (MM): 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardı 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 407.2. Sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır.

425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur; 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 743.3. Azərbaycan Respublikasının adından borc alınması, habelə ixtisaslaşmış dövlət qurumlarının və Azərbaycan Respublikası Mərkəzi Bankının vəsaitləri hesabına, eləcə də lombardlar tərəfindən kreditlərin verilməsi müvafiq hüquqi aktlara uyğun olaraq həyata keçirilir. Kreditlərin verilməsi ilə bağlı həmin hüquqi aktlarla tənzimlənməyən məsələlər bu Məcəlləyə uyğun olaraq tənzimlənir. 745.1. Bu Məcəllənin 742.5.3-cü maddəsi kredit öhdəliyinin icrası təminatının itirilməsi və yaxud dəyərinin azalması hallarına yalnız bu şərtlə tətbiq edilir ki, borcalan kredit müqaviləsində müəyyən edilmiş müddətdə təminatı əvəz etməmiş və ya əlavə təminat təqdim etməmiş olsun. 745.3. Bu Məcəllənin 740.7-ci maddəsi kredit müqavilələrindən irəli gələn münasibətlərə bu şərtlə tətbiq edilir ki, ödəniş əməliyyat gününün (borcverənin ödənişlərin qəbulu üçün müəyyən etdiyi vaxt) sonuna kimi həyata keçirilmiş olsun. Borcverən tərəfindən kredit müqaviləsində daha qısa müddət müəyyən edilməmişdirsə, əməliyyat günü bitdikdən sonra ödəniş terminalı vasitəsilə və ya digər üsulla həyata keçirilən ödəniş növbəti iş günündən gec olmayaraq həyata keçirilən ödəniş hesab edilir. 745.5. Kredit müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa (daha yuxarı məbləğin müəyyənləşdirilməsi istisna olmaqla), kredit üzrə ödənişlərin gecikdirilməsinə görə faizlər (gecikdirilmə faizləri) kredit müqaviləsində nəzərdə tutulan illik faiz dərəcəsinə pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edilmə günü üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi əlavə edilməklə hesablanır. Bu maddədə müəyyən edilən həddə gecikdirilmə faizləri tətbiq edildikdə, əlavə dəbbə pulu (cərimə, penya) və ya digər formada hər hansı ödəniş tələb edilə bilməz. 745.6. Əgər kredit üzrə ödənişlərin gecikdirilməsinə görə borcverənə dəyən zərər bu Məcəllənin 745.5-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, borcverən borcalandan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi məhkəmə qaydasında və ya zərərin baş verdiyi tarixdən sonra borcalanla ayrıca razılıq əldə etməklə tələb edə bilər.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 14.3. Məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarı.

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci tarixli Qərarı.

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli Qərarı.

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarı.

Məhkəmənin mövqeyi:

20. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəflərin izahatını, əlavə edilmiş sənədləri nəzərdən keçirib təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır və təmin edilməlidir.

21. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq, müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalı, tələbin qanuni əsası müəyyən edilməlidir.

22. Məhkəmə qeyd edir ki, iddiaçının iddia tələbi iki hissədən ibarətdir. İddiaçının ilkin tələbi Cavabdeh ilə onun arasında 4 saylı Bakı “ASAN Xidmət” mərkəzində notariat ofisində rəsmiləşdirilmiş, xx.xx.2022-ci il tarixli, kredit müqaviləsinin ləğv edilməsidir. Məhkəmə iddia tələbini bu hissədə əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarına əsasən ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Mülki işin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı xx.xx.2024-cü il tarixli pretenziya məktubu ilə Cavabdeh müraciət edərək 2 (iki) iş günü ərzində ona cavab verilməsini bildirmişdir. Qeyd edilən müddət ərzindən cavabdeh tərəfindən hər hansı bir hərəkətin həyata keçirilməsi müəyyənləşdirilməmişdir və bu səbəbdən qeyd edilən pretenziya məktubu ilə tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə xitam verilmişdir.

23. İddiaçının digər tələbi müqavilə üzrə ona bu günə qədər borclu olduğu 4600 (dörd min altı yüz) manat məbləğində pulun və xx.xx.2022-ci il tarixindən bu günə qədər 2 ilə yaxın müddətdə gecikdirdiyi üçün 5 faiz məbləğində pulun illər üzrə hesablanıb Cavabdeh alınaraq ona ödənilməsi tələbidir.

24. Məhkəmə ilk növbədə tərəflər arasında etibarlı əqdin mövcud olub olmamasını araşdırmalıdır. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olubolmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olubolmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqazidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir”.

25. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

26. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, tərəflər arasında yazılı borc müqaviləsi bağlanmış, iddiaçı tərəf müqavilədə qeyd edilən 5000 manat pulu cavabdehə vermişdir. Qeyd edilən hallar tərəflər arasında real iradə ifadəsinin mövcud oldğunu, borc müqaviləsi bağlandığını və borc müqaviləsində nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsi istiqamətində iradə nümayiş etdirildiyini sübut edir.

27. İddia tələbinin xx.xx.2022-ci il tarixindən bu günə qədər 2 ilə yaxın müddətdə gecikdirdiyi üçün 5 faiz məbləğində pulun illər üzrə hesablanıb Cavabdeh alınaraq iddiaçıya ödənilməsi hissəsi ilə bağlı məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də əsaslıdır. Belə ki, iddia tələbi əsas borca münasibətdə təmin edildiyindən, faiz məbləği də iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Belə ki, Cavabdeh xx.xx.2022-ci il tarixinədək kredik müqaviləsi üzrə üzərinə düşən öhəliyi yerinə yetirməli idi. Lakin, o, bu günə qədər borc öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı iki illlik müddət üzrə gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb etmişdir. Buna görə də 460 (illik 230 manat olmaqla, iki il üzrə 460 manat) manat faiz məbləği qanunvericiliyin tələbinə və borc məbləğinə uyğundur.

28. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, Cavabdeh 4600 (dörd min altı yüz) manat və ödənilməmiş borc məbləğinə hesablanmış 460 (dörd yüz altmış) manat faiz olmaqla, cəmi 5060 (beş min altmış) manat tutularaq İddiaçı ödənilməlidir.

Məhkəmə xərcləri:

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı dövlət rüsumunu ödəməkdən azad olan şəxslər koteqoriyasına aid olduğundan cavabdehdən 70,6 (yetmiş manat altmış qəpik) manat dövlət rüsumu tutularaq dövlət gəlirlərinə alınmalıdır.

30. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

1. İddia qismən təmin edilsin.

2. Cavabdeh 4600 (dörd min altı yüz) manat və ödənilməmiş borc məbləğinə hesablanmış 460 (dörd yüz altmış) manat faiz olmaqla, cəmi 5060 (beş min altmış) manat tutularaq İddiaçı ödənilsin.

3. Cavabdeh 70,60 (yetmiş manat altmış qəpik) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin.

4. İddia qalan hissədə təmin edilməsin.

5. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar