Məhkəmə qərarları › İş №e-2(011)-2456/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(011)-2456/2023

01.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2456/2023 01.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, X1 qızının katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddia ərizəsinin dəlilləri: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2.495 manat borcun, 300 manat məhkəmədə təmsil olunması ilə bağlı hüquqi xidmətlərin alınması üçün vəkil bürosuna ödənilmiş pulun, 10 manat cavabdehin borcuna dair arayışın alınması üçün bank rüsumunun əvəzi və 48.05 manat dövlət rüsumu, ümumilikdə 2.853,05 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh ilə 2022-ci ilin noyabr ayında tanış olmuşdur. Tanışlıqdan qısa bir müddət sonra cavabdeh cürbəcür bəhanələrlə iddiaçıdan borc istəməyə başlamışdır. Cavabdeh həmin pulların anası üçün dərmanların alınması, evin kommunal xidmətlərinin ödənilməsi və s. səbəblərə görə istəmiş və hər dəfə qısa zamanda qaytarılmasına söz vermişdir. Yazışma zamanı cavabdeh iddiaçıya pulun ona göndərilməsi üçün 4098 5844 6747 9786 nömrəli bank kartının nömrəsini təqdim etmişdir. Ərizəyə əlavə olunmuş "xxxx" bankın İnşaatçılar filialının 10 fevral 2023-cü il tarixli arayışına əsasən, iddiaçı cavabdehə aid bank kartına “card-to-card” üsulu vasitəsilə 2047 manat pul köçürmüşdür. "xxxx" ASC-nin əməkdaşı tərəfindən 10 fevral 2023-cü il tarixdə verilmiş məlumata əsasən, iddiaçı cavabdehə aid bank kartında “card to card” üsulu vasitəsilə əlavə olaraq 448 manat pulu köçürmüşdür. Beləliklə, cavabdehin iddiaçıya ümumilikdə 2.495 manat borcu yaranmışdır. Daha sonra iddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2495 manat borcun, 10 manat cavabdehin borcuna dair arayışın alınması üçün bank rüsumunun əvəzi və 48.05 manat dövlət rüsumu, ümumilikdə 2.853,05 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. İddiaçı işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməyərək, işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını tələb etdiyindən, məhkəmə Azərbaycan Respublikasının MPM-nin 238.1-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş 10 fevral 2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı tərəfindən 01 noyabr 2023 və 31 dekabr 2023-cü il tarixləri arasında Cavabdeh məxsus bank kartına “card to card” əməliyyatı vasitəsilə 2.047 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarından həmçinin görünür ki, 10 fevral 2023-cü il tarixdə İddiaçı tərəfindən "xxxx" ASC-nin əməkdaşı vasitəsilə cavabdehə məxsus bank kartına 448 manat pul vəsaiti köçürülmüşdür. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh tərəfindən borc pullar geri qaytarılmamışdır. İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında olan şifahi razılaşma üzrə iddiaçı cavabdehə müxtəlif vaxtlarda cəmi 2.495 manat məbləğində borc vermiş, lakin cavabdeh öhdəliyini pozaraq iddiaçıya olan borcunu geri qaytarmamışdır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçı ilə aralarında olan şifahi razılaşma əsasında iddiaçıya pul vəsaiti qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh qeyd edilən vəzifəsini icra etməyərək, öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddia tələbi həmin hissədə təmin edilməli, Cavabdeh borc aldığı 2.495 manat pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 48.05 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarından həmçinin görünür ki, iddiaçı tərəfindən cavabdehə pul göndərilməsinə dair arayış alınması üçün 10 manat bank rüsumu ödənilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edildiyindən, ödənilmiş 48.05 manat dövlət rüsumu və 10 manat arayışın alınması üçün ödənilmiş bank rüsumu cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia təmin edilsin. Cavabdeh 2.495 (iki min dörd yüz doxsan beş) manat pul vəsaiti, dövlət rüsumu olaraq ödənilmiş 48.05 (qırx səkkiz manat beş qəpik) manat və 10 (on) manat bank rüsumu alınaraq İddiaçı ödənilsin. Qiyabi qətnamə rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə qətnamənin ləğvi üçün ərizə verilə bilər. Qiyabi qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elekron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar