Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2483/2025 20.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynova Nuranə Rafiq qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi X1, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia ərizəsində qeyd edilən işin halları:
1. İddiaçı MMC ilə cavabdeh Səmədova (Əliyeva) İlahə Abutalıb qızı arasında bağlanmış xx.xx.2023-cü il tarixli, B-737-AAE-23 nömrəli alğı-satqı müqaviləsinə əsasən iddiaçı “Changan UNİ-T” markalı (istehsal ili: 2023; VİN: LS5A3DKE9PA717722) avtomobili cavabdehin istifadəsinə, müqavilə qiymətinin tam ödənilməsindən sonra mülkiyyətinə verilməsini, cavabdeh isə müqavilə qiymətini həmin müqavilədə nəzərdə tutulmuş qayda və müddətdə iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür.
2. Müqavilənin qüvvəyə minməsindən sonra avtomobili təhvil almış cavabdeh müqavilə üzrə aylıq ödənişləri vaxtında ödəməsinə baxmayaraq müqavilənin bağlanmasından 7 ay sonra ödənişləri ödəməyəcəyini bildirmiş və xx.xx.2024-cü il tarixində avtomobili iddiaçıya təhvil vermişdir. Müqavilə şərtlərinə uyğun olaraq ödənişlərin edilməsi tələbinə dair iddiaçı tərəfindən cavabdehə dəfələrlə şifahi qaydada məlumat verilmiş, sonuncu dəfə xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubu ilə yazılı qaydada müraciət edilərək müqavilə öhdəliklərinin icra edilməsi, əks halda müqavilənin iddiaçı tərəfindən birtərəfli qaydada ləğv ediləcəyi bildirilmişdir.
3. Buna baxmayaraq, müqavilə üzrə iddiaçıya hər hansı ödəniş edilmədiyindən iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixindən müqavilə birtərəfli qaydada ləğv edilmiş və bu barədə cavabdehə xx.xx.2024-cü il tarixli məktub göndərilmişdir. Müqavilə predmeti olan “Changan UNİ-T” markalı, **-PT-*** dövlət qeydiyyat nömrəli avtomobil iddiaçıya təhvil verildikdən sonra rəsmi servis mərkəzində əsaslı baxış keçirilmiş, müvafiq təmir-bərpa işləri aparılmış və icra edilmiş xidmətlərə dair akt tərtib olunmuşdur. Həmin akta əsasən, cavabdehin istifadəsinə verilmiş “Changan UNİ-T” markalı, **-PT-*** avtomobilin müqavilənin bağlanmasından əvvəlki vəziyyətə gətirilməsi üçün aparılmış təmir-bərpa işlərinin ümumi dəyəri 459,96 manat təşkil etmişdir.
İddiaçının tələbi:
4. Cavabdeh xx.xx.2023-cü il tarixli, B-737-AAE-23 nömrəli müqavilənin ləğvi nəticəsində “Changan UNİ-T” markalı, **-PT-*** dövlət qeydiyyat nömrəli avtomobilə dəymiş zərərə görə 459,96 manat pul vəsaiti, işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və dövlət rüsumunun ödənilməsi üçün ödənilmiş 1 manat komissiyanın, ümumilikdə 490,96 manat pul vəsaitinin İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin etirazı:
5. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır.
İşdə iştirak edən şəxslərin izahatları:
6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 öz izahatında tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, B-737-AAE-23 №-li avtomobil alqı-satqısı müqaviləsinə əsasən, olan “Changan UNİ-T” markalı, **-PT-*** dövlət qeydiyyat nömrəli avtomobil iddiaçının sahibliyinə və istifadəsinə verilmişdir. Qarşı tərəf daha sonra ödənişlərini ödəyə bilmədiyi üçün avtomobili şirkətə geri qaytarmışdır. Avtomobil şirkətə qaytarıldıqdan sonra avtomobilin müəyyən xərclərinin olması müəyyən edilmişdir. Hazırda iddia tələbinin əsasını, həmin zərərin ödənilməsi təşkil etməkdədir. İş materiallarına əlavə edilmiş akta əsasən faktiki görülmüş işlərə görə 459,96 manat məbləğində zərər dəymişdir. Maşın 14036 km sürülmüşdür. Məhkəmə tərəfindən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 öz izahtında bildirmişdir ki, cavabdeh ödənişləri həmişə vaxtında ödəmişdir. Lakin, hazırda iddiaçı ona qarşı başqa iddia qaldıraraq 5000 manat pul tələb edir. Həmin işdə onlar arasında razılaşma olmamışdır. Buna görə də indiki iddia tələbini də qəbul etmədiyini bildirmişdir. Maşın onlar tərəfindən ustaya təhvil verilərkən 9000 km sürülmüşdür. Həmçinin, maşında heç bir problem olmamışdır. Məhkəmə tərəfindən iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İş materiallarına əlavə edilmiş sənədlər:
8. xx.xx.2023-cü il tarixli, B-737-AAE-23 №-li avtomobil alqı-satqısı müqaviləsinə əsasən, 1.1. Satıcı Müqavilənin şərtlərinə uyğun olaraq, modeli Changan UNİ T buraxılış ili 2023 olan (VİN: LS5A3DKE9PA717722, Rəng Açıq göy metal) Avtomobil(lər)i dəyəri tam ödənilənədək texniki saz halda Alıcının istifadesing verməyi, o cümlədən Avtomobilin dəyəri tam ödənildikdən sonra Alıcının mülkiyyətinə verməyi, Alıcı isə təhvil verilmiş Avtomobil(lər)i qəbul etməyi və onun qiymətini hazırkı Müqavilə ilə müəyyənləşdinlən mebləğdə və qaydada ödəməyi öz öhdəsinə götürür. 1.2. Avtomobil (həmçinin onun əlavə avadanlığı), xüsusilə də onun esas xüsusiyyətləri haqqında bütün lazımi ve asanlıqla elde edilməsi mümkün olan məlumatlar, Satıcının zəmanət öhdəliklərinin şertleri ve s. Avtomobilin sənədlərində öz əksini tapmışdır. Alıcı hazırkı Müqaviləni imzalamaqla təsdiq edir ki, o, hazırkı Müqaviləni İmzalamazdan əvvəl Avtomobil haqqında bütün lazımi məlumatlarla Satıcının səlahiyyətli nümayəndəsinin şifahi İzah etməsi, Alıcının Avtomobil haqqında reklam məhsulları ilə tanış olması, Avtomobilin, teleblerine cavab verdiyi normativ sənədlərin müddəaları ilə Alıcının tanış olması və sairə kimi üsullardan istifadə etməklə tanış olmuşdur. Alıcı həmçinin bildirir və təsdiq edir ki, o, Avtomobili şüurlu və müstəqil şəkildə seçmişdir.
9. xx.xx.2023-cü il tarixli, B-737-AAE-23 №-li avtomobil alqı-satqısı müqaviləsinə əlavə №1.
10. İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli təhvil təslim aktına əsasən, avtomobil qüsursuz və texniki saz vəziyyətdə alıcıya təhvil verilmişdir.
11. xx.xx.2023-cü il tarixli, B-737-AAE-23 №-li alqı-satqı müqaviləsi üzrə verilmiş maliyyə arayışına əsasən, borc məbləği 72480 manat məbləğindədir.
12. İddiaçı MMC tərəfindən verilmiş təmir aktına əsasən, hissələr üçün xərc 48 manat, görüləcək işlər üçün 755 manat olmaqla, ümumi xərc 803 manat məbləğindədir.
13. İddiaçı MMC tərəfindən verilmiş icra edilmiş xidmətlərə dair akta əsasən, işlər və ehtiyyat hissələr üzrə cəmi xərc 459,96 manat məbləğindədir.
14. xx.xx.2024-cü il tarixli Xəbərdarlıq məktubuna (xx.xx.2024-cü il tarixli poçt qəbzi) əsasən, xx.xx.2023-cü il tarixli, B-737-AAE-23 №-li müqavilə üzrə 26 iyul 2024-cü il tarixinədək cərimə məbləğinin ödənilməsi tələb edilmiş, əks halda 26 iyul tarixində müqaviləyə birtərəfli qaydada xitam veriləcəyi bilirilmişdir.
15. xx.xx.2024-cü il tarixli Xəbərdarlıq məktubuna (xx.xx.2024-cü il tarixli poçt qəbzi) əsasən, xx.xx.2024-cü il tarixindən etibarən xx.xx.2023-cü il tarixli, B-737-AAE-23 №-li “Avtomobil alqısatqısı” üzrə müqaviləyə birtərəfli qaydada xitam veriləcəyi bildirilmişdir.
Tətbiq edilən hüquq:
16. Azərbaycan Respublikasının Konstitusiyası:
13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
29. İ. Hər kəsin mülkiyyət hüququ vardır.
29. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
29. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
17. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 424.5. Əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1111.2. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarı: “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...”
Məhkəmənin mövqeyi:
20. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəflərin izahatlarını, əlavə edilmiş sənədləri nəzərdən keçirib təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir.
21. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesinin ilk addımı kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.
22. MM-in 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası müqavilə hüququndan yaranır.
23. Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müddətli (nisyə) alqı-satqı müqaviləsi bağlanılmış (MM m.601.1), həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. (§8) Nəticədə, xx.xx.2024-cü il tarixli Xəbərdarlıq məktubuna (xx.xx.2024-cü il tarixli poçt qəbzi) əsasən, xx.xx.2024-cü il tarixindən etibarən xx.xx.2023-cü il tarixli, B-737-AAE-23 №-li “Avtomobil alqı-satqısı” üzrə müqaviləyə birtərəfli qaydada xitam verilmişdir. (§15)
24. Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, xx.xx.2023-cü il tarixli, B-737-AAE-23 №-li avtomobil alqı-satqısı müqaviləsinin predmeti olan “Changan UNİ-T” markalı, **-PT-*** dövlət qeydiyyat nömrəli avtomobilə Cavabdeh mülkiyyətində olduğu müddət ərzində 459,96 manat məbləğində zərər dəymişdir. Həmçinin, iş materiallarına əlavə edilmiş İddiaçı MMC tərəfindən verilmiş icra edilmiş xidmətlərə dair akta əsasən, işlər və ehtiyyat hissələr üzrə cəmi xərc 459,96 manat məbləğindədir. (§13)
25. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh “Changan UNİ- T” markalı, **-PT-*** dövlət qeydiyyat nömrəli avtomobilə dəymiş maddi zərərə görə 459,96 manat pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
Məhkəmə xərcləri:
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat və 1 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının məbləği də Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
27. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
1. İddia tələbi təmin edilsin.
2. Cavabdeh “Changan UNİ-T” markalı, **-PT-*** dövlət qeydiyyat nömrəli avtomobilə dəymiş maddi zərərə görə 459,96 (dörd yüz əlli doqquz manat doxsan altı qəpik) manat pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin.
3. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat dövlət rüsumu və 1 (bir) manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqı Cavabdeh tutularaq İddiaçınə ödənilsin.
4. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Samirə Eyvazova