Məhkəmə qərarları › İş №e-2(011)-2491/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2491/2022

11.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2491/2022 11.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızı, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdim: İddiaçı MMC Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı cavabdehlərdən müştərək qaydada müqavilə üzrə 587.42 manat qalıq borcu, 489.03 manat cərimə borcu olmaqla, cəmi 1076.45 manat borcun, həmçinin ödənilmiş 30.76 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 12.11.2018-ci il tarixli, AK04472 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, borcluya 949 manat (borclu tərəfindən edilmiş ilkin ödəniş məbləği daxil olmaqla) dəyərində məişət məhsulu nisyə satılmışdır və məhsul cavabdehə təhvil verilmişdir. Öhdəliyin təminatı olaraq zamin Cavabdeh1 ilə 12.11.2018-ci il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Müqavilənin və tərəflər arasında tərtib edilmiş “ödəniş qrafiki”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, o, borcun qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, öhdəliyini yerinə yetirməmişdir. Cavabdehin iddiaçı qarşısında müqavilə üzrə qalıq borcu 587.42 manat təşkil edir. Cavabdehin kreditor qarşısında müqavilə üzrə cərimə borcu isə 1630.09 manat təşkil edir. Hazırda cavabdehlərə qarşı güzəşt siyasəti tətbiq edildiyi üçün hesablanmış cərimə məbləğinin yalnız 30%-ni ödəmək borcludan tələb edilir. Belə olan halda, hesablanmış cərimə məbləğinin 30%-i 489.03 manat təşkil edir. Azərbaycan Respublikası MPM-in 284-5.1-ci maddəsinə əsasən, cavabdehə iddia ərizəsinin icraata qəbul edildiyinə dair bildiriş göndərilərək iddiaya qarşı əsaslandırımış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sübutları məhkəməyə təqdim etmək təklif olunmuşdur. Lakin, cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış 12.11.2018-ci il tarixli, AK04472 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC “Vestel SD453 A” markalı soyuducunu cavabdeh Fərid Tofiq oğluna satmış və cavabdeh həmin əşyaya 100 manat ilkin ödəniş etməklə 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 71 manat, sonuncu ay isə 68 manat olmaqla, cəmi 949 manat ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən,məhsul tam qüsursuz olaraq Cavabdeh2 təhvil verilmişdir. İş materiallarında olan İddiaçı MMC ilə zamin Cavabdeh1 arasında bağlanmış 12.11.2018-ci il tarixli, AK04472-Z saylı Zaminlik Müqaviləsinə görə, zamin Cavabdeh1, İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış 12.11.2018-ci il tarixli, AK04472 saylı nisyə alqı-satqı müqaviləsi üzrə alıcı öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, alıcı ilə birlikdə birgə məsuliyyət daşımağı və həmin borc öhdəliyini tamamilə icra etməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, iddiaçı cavabdehlərə borcu ödəmələrinə dair 21.02.2022-ci il tarixli xəbərdarlıq məktubu göndərərək borcu ödəmələri tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyini bildirmişdir. İş materiallarında olan 05.03.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 İddiaçı MMC-yə 12.11.2018-ci il tarixli müqavilə üzrə 587.42 manat ödənilməmiş borc, 1630.09 manat cərimə borcu, 163.01 manat hesablanmış cərimə məbləğinin 10%-i, cəmi 750.43 manat borcu vardır. Sadalanan xüsusatlara əsasən, məhkəmə hesab edir ki, cavabdeh müqavilə əsasında iddiaçıdan nisyə mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə nisyə mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəmək vəzifəsini yerinə yetirməmişdir. Odur ki, iddiaçı müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdeh tərəfindən təhvil alınmış mal(lar)ın dəyəri üzrə ödənilməmiş əsas borcun cavabdehdən tutularaq ona ödənilməsini tələb etməkdə haqlıdır. Odur ki, iddia bu hissədə təmin edilərək, tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsi üzrə ödənilməmiş borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə eyni zamanda digər Cavabdeh1 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, sonuncu mübahisələndirilən alqı-satqı müqaviləsi üzrə zamin olduğundan, qeyd edilən məbləğin və digər pul tələblərinin ödənilməsi üçün məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iş materiallarına əlavə olunmuş zaminlik müqaviləsinin şərtlərinə əsasən, zamin və borclu ”Optimal Elektronika” MMC qarşısında birgə cavabdehdirlər, zaminlik icrasını təmin etdiyi kredit müqaviləsinin qüvvəyə mindiyi gündən qüvvəyə minir və kredit məbləği, faizlər və kredit müqaviləsində nəzərdə tutulmuş digər ödənişlər kreditora tam həcmdə ödənilənə qədər qüvvədə qalır. Odur ki, təyin olunmuş məbləğ cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddiaya hesablanmış cərimənin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi hissəsində qiymət verərək, belə qənaətə gəlir ki, iddia qeyd edilən hissədə qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin faktiki halları və əsas borcun məbləğini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən tələb edilən cərimə məbləği əsas borc məbləğinə mütənasib olmadığından, tələb edilən cərimə məbləği azaldılmalı, 41.11 manat məbləğində cərimə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddianın 30.76 manat dövlət rüsumunun cavabdehlərdən alınmasına dair hissəsini araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış 12.11.2018-ci il tarixli, AK04472 saylı nisyə alqı-satqı müqaviləsi üzrə əsas borca görə 587.42 (beş yüz səksən yeddi manat qırx iki qəpik) manat, cərimə borcuna görə 41.11 (qırx bir manat on bir qəpik) manat, cəmi 628.53 (altı yüz iyirmi səkkiz manat əlli üç qəpik) manat məbləğində və ödənilmiş dövlət rüsumuna görə 30.76 (otuz manat yetmiş altı qəpik) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar