Məhkəmə qərarları › İş №e-2(011)-2496/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2496/2023

27.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2496/2023 27.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdeh2 BOKT MMC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri 32 saylı notariat ofisinə və Cavabdeh2 BOKT MMC-yə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 32 saylı notariat ofisinə və Cavabdeh2 BOKT MMC-yə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində göstərmişdir ki, 16 mart 2021-ci il tarixində onun tərəfindən oğlu X4 fərdi ev tikintisi layihəsini həyata keçirmək üçün pul vəsaitinə ehtiyacının yarandığı üçün kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən ərizəçi 16 mart 2024-cü il tarixə kimi olan müddətdə 65000 manat məbləğində kreditə pul götürmüşdür. Lakin Cavabdeh2 Bank Olmayan Kredit Təşkilatı həmin pul vəsaitini müəyyən faiz hesabına, yəni 65000 manatın üzərində 35000 manat əlavə faiz almaq şərtilə verməyə razılaşmışdır. Ümumi sahəsi 104,48 kv.m olan, ünvan 3, 146 saylı mənzil kreditin təminatı kimi ipotekaya qoyulmuş və ipoteka müqaviləsi həmin tarixdə Bakı şəhəri 6 saylı Notariat Kontorunda rəsmiləşdirilmişdir. 29 aprel 2022-ci il tarixində Bakı şəhəri 32 saylı notariat ofisinin xüsusi notariusu X13 tərəfindən ipoteka saxlayan Cavabdeh2 Bank Olmayan Kredit Təşkilatının tələbi ilə ipotekanın predmeti olan ümumi sahəsi 104.48 kv.m olan, ünvan 1 ünvanındakı əmlaka tutma yönləndirilmişdir. Lakin Cavabdeh2 Bank Olmayan Kredit Təşkilatı ilə bağlanan müqavilə üzrə cəmi 100000 manat məbləğində borc göstərilsə də, əslində ümumilikdə 65000 manat məbləğində borc götürülmüşdür. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, 29 aprel 2022-ci il tarixli 8İ-3479 nömrəli icra qeydinin ləvğ edilməsi, əsas və faiz borcunun yenidən hesablanaraq kredit alan X2 tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X10 iddia tələbini müdafiə etməklə yanaşı, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 BOKT MMC-nin nümayəndəsi X9 iddia tələbinə etiraz edərək, məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nümayəndə eyni zamanda bildirmişdir ki, müqavilə bağlanarkən bütün şərtlər qeyd olunmuş, lakin öhdəlik vaxtında yerinə yetirilməmişdir. İş üzrə cavabdeh ünvan 2 ünvanlayaraq, mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin, izahatlarını dinləyib, təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan X11 ilə Cavabdeh2 BOKT MMC arasında bağlanmış 16 mart 2021-ci il 2834 №-li kredit xətti (limiti) müqaviləsinin surətindən görünür ki, X8 Cavabdeh2 BOKT MMC tərəfindən 60 ay müddətinə illik 24% olmaqla 100000 məbləğində bərpa olunan kredit limiti ayrılmışdır. İş materiallarında olan X11 ilə Cavabdeh2 BOKT MMC arasında bağlanmış 16 mart 2021ci il 2834 №-li ipoteka müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı məxsus olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 104.48 kv.metr olan 146 saylı mənzil ipoteka ilə yüklü edilmişdir və ipoteka ilə yüklü edilmiş əmlak 145000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan X5 notarial qaydada təsdiq olunmuş ərizəsinin surətindən görünür ki, o, qeydiyyatda olduğu – İddiaçı mülkiyyətində olan ünvan 3-da yerləşən 146 nömrəli mənzilin Cavabdeh2 MMC-dən götürülən kreditin təminatı kimi ipotekaya qoyulmasına razıdır. Borc öhdəliyi yerinə yetirməzsə və bununla əlaqədar əmlaka tutma yönəldilərsə (yəni, notariusun icra qeydi vasitəsilə əmlakın iki ay müddətində açıq bazarda, bu baş tutmadıqda hərracda, habelə məhkəmə qərarının icrası çərçivəsində özgninkiləşdirilməsi) hər hansı şərtsiz əmlakı tərk edəcəyini və həmin əmlaka qarşı hüquqlarından imtina edəcəyini bildirmişdir. İş materiallarında olan X6 notarial qaydada təsdiq olunmuş ərizəsinin surətindən görünür ki, o, qeydiyyatda olduğu – İddiaçı mülkiyyətində olan ünvan 3-da yerləşən 146 nömrəli mənzilin Cavabdeh2 MMC-dən götürülən kreditin təminatı kimi ipotekaya qoyulmasına razıdır. Borc öhdəliyi yerinə yetirməzsə və bununla əlaqədar əmlaka tutma yönəldilərsə (yəni, notariusun icra qeydi vasitəsilə əmlakın iki ay müddətində açıq bazarda, bu baş tutmadıqda hərracda, habelə məhkəmə qərarının icrası çərçivəsində özgninkiləşdirilməsi) hər hansı şərtsiz əmlakı tərk edəcəyini və həmin əmlaka qarşı hüquqlarından imtina edəcəyini bildirmişdir. İş materiallarında olan X7 notarial qaydada təsdiq olunmuş ərizəsinin surətindən görünür ki, o, qeydiyyatda olduğu – İddiaçı mülkiyyətində olan ünvan 3-da yerləşən 146 nömrəli mənzilin Cavabdeh2 MMC-dən götürülən kreditin təminatı kimi ipotekaya qoyulmasına razıdır. Borc öhdəliyi yerinə yetirməzsə və bununla əlaqədar əmlaka tutma yönəldilərsə (yəni, notariusun icra qeydi vasitəsilə əmlakın iki ay müddətində açıq bazarda, bu baş tutmadıqda hərracda, habelə məhkəmə qərarının icrası çərçivəsində özgninkiləşdirilməsi) hər hansı şərtsiz əmlakı tərk edəcəyini və həmin əmlaka qarşı hüquqlarından imtina edəcəyini bildirmişdir. İş materiallarında olan X4 notarial qaydada təsdiq olunmuş ərizəsinin surətindən görünür ki, o, qeydiyyatda olduğu – İddiaçı mülkiyyətində olan ünvan 3-da yerləşən 146 nömrəli mənzilin Cavabdeh2 MMC-dən götürülən kreditin təminatı kimi ipotekaya qoyulmasına razıdır. Borc öhdəliyi yerinə yetirməzsə və bununla əlaqədar əmlaka tutma yönəldilərsə (yəni, notariusun icra qeydi vasitəsilə əmlakın iki ay müddətində açıq bazarda, bu baş tutmadıqda hərracda, habelə məhkəmə qərarının icrası çərçivəsində özgninkiləşdirilməsi) hər hansı şərtsiz əmlakı tərk edəcəyini və həmin əmlaka qarşı hüquqlarından imtina edəcəyini bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 3, 146 saylı mənzil üzərində tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2016-cı il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan 29 aprel 2022-ci il tarixli 8İ-3479 nömrəli icra qeydinin surətindən görünür ki, Bakı şəhəri 32 saylı notariat ofisinin xüsusi notariusu X13 “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 38-ci maddəsinə əsasən ipoteka saxlayan PSG Finans” Bank Olmayan Kredit Təşkilatı MMC tələbi ilə ipoteka İddiaçı məxsus ipoteka predmeti olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 104.48 kv.m olan 146 saylı mənzil ünvanında yerləşən əmlaka tutma yönəldilməsini təklif etmişdir. (öhdəliyi müəyyən edən 2834 saylı ipoteka müqaviləsinə əsasən müddət üçün vaxtında ödənilməmiş 59419.36 manat əsas borc, 4253.08 manat faiz borcu, 78.30 manat dəbbə pulu və tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi tutulmalı məbləğ 63775.74 manat təşkil edir). Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinə görə borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunvericilikdə icra qeydinin ləğv edilməsi, deyil icra qeydi aparılmış tələbin borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur. Mülki işdə olan sübutlardan və tərəflərin izahatlarından müəyyən olunur ki, X11 ilə Cavabdeh2 BOKT MMC arasında 16 mart 2021-ci il kredit müqaviləsi bağlanmış, X8 Cavabdeh2 BOKT MMC tərəfindən 60 ay müddətinə illik 24% olmaqla 100000 məbləğində bərpa olunan kredit verilmişdir. X11 ilə Cavabdeh2 BOKT MMC arasında bağlanmış 16 mart 2021-ci il 2834 №-li ipoteka müqaviləsi bağlanmış, İddiaçı məxsus olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 104.48 kv.metr olan 146 saylı mənzil ipoteka ilə yüklü edilmişdir və ipoteka ilə yüklü edilmiş əmlak 145000 manat məbləğində qiymətləndirilmişdir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 38-ci maddəsinə əsasən Bakı şəhəri 32 saylı notariat ofisinin xüsusi notariusu X13 tərəfindən 29 aprel 2022-ci il tarixli 8İ-3479 nömrəli icra qeydi verilərək ipoteka saxlayan Cavabdeh2 Bank Olmayan Kredit Təşkilatı MMC tələbi ilə ipoteka İddiaçı məxsus ipoteka predmeti olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 104.48 kv.m olan 146 saylı mənzil ünvanında yerləşən əmlaka tutma yönəldilməsi tələb olunmuşdur. Məhkəmə qeyd edir ki, cavabdeh Bakı şəhəri 32 saylı notariat ofisi tərəfindən tərəfindən 29 aprel 2022-ci il tarixli 8İ-3479 nömrəli icra qeydi verilərkən hər hansı qanun pozuntusuna yol verilməsi təsdiq edilməmişdir. Beləliklə, əsas borclu olan X11 16 mart 2021-ci il kredit müqaviləsi üzrə ondan tutulacaq borc məbləğini mübahisələndirməmiş, iddiaçı ipoteka qoyan İddiaçı hazırda borcun məbləğini mübahisələndirərək, borcun yenidən hesablanaraq Cavabdeh2 Bank Olmayan Kredit Təşkilatı MMC-nin xeyrinə tutulmasını tələb etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, nəzərə alaraq ki, borc məbləğini mübahisələndirmək hüququ 16 mart 2021-ci il kredit müqaviləsi üzrə öhdəlik qəbul etmiş əsas borclu olan X8, 16 mart 2021-ci il kredit müqaviləsi üzrə borc məbləğini həmin müqavilənin tərəfi olan X2 tələb etmək hüququ isə Cavabdeh2 Bank Olmayan Kredit Təşkilatı MMC-yə məxsus oduğundan, iddiaçı hazırki tələbi qaldırmaqla bağlı subyektiv hüquqa malik olmadığından iddia təmin edilməməlidir. Məhkəmə yuxarıda qeyd edilmiş maddi və prosessual normalara əsaslanaraq, mülki işin faktiki hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q ə t e t d i: İddiaçı cavabdeh Bakı şəhəri 32 saylı notariat ofisinə və Cavabdeh2 BOKT MMC-yə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar