Məhkəmə qərarları › İş №e-2(011)-2503/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2503/2024

14.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2503/2024 14.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsi və onun dəlilləri: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahdan anadan olan övladları 24 iyul 2011-ci il təvəllüdlü X5, 21 yanvar 2012-ci il təvəllüdlü X6 və 23 fevral 2023-cü təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 235 manat olmaqla, cəmi 705 manat sabit pulməbləğində alimentin alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-9689/2017 saylı, 04 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh arasında 23 iyul 2011-ci il tarixdə bağlanmış, 1235 saylı nikah pozulmuş, birgə nikahdan olan 24 iyul 2011-ci il təvəllüdlü X11 və 21 yanvar 2012-cü il təvəllüdlü X12 anası X3 himayəsində saxlanılmış, birgə nikahdan anadan olan 24 iyul 2011-ci il təvəllüdlü X5 və 21 yanvar 2012-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 137 manat olmaqla, cəmi 274 manat sabit pul məbləğində alimentin alınaraq iddiaçı X4 ödənilməsi qət edilmişdir. Məhkəmənin qətnaməsi qanuni qüvvəsini almış və icraya yönləndirilmişdir. Lakin bir müddət sonra tərəflərin münasibətləri qaydasına düşmüş, barışaraq rəsmi olaraq ayrılsalar da, faktiki etibarlı ailə münasibətləri davam etdirmişdir. Bu səbəbdən də iddiaçı Xətai rayon İcra şöbəsində tələbkar olaraq ərizə ilə aliment tələbindən imtina etmişdir. Tərəflər birgə yaşadıqları dövrdə 23 fevral 2023-cü təvəllüdlü X13 dünyaya gəlmişdir. Bundan sonra bir sıra səbələrdən ailə münasibətləri yenidən kəskinləşmiş, dözülməz hala gəlmişdir. Artıq demək olar ki, cavabdehlə bir yerdə yaşamaq qeyri-mümkündür. Cavabdehlə barışmaq, gələcək birgə ailə həyatının və ailənin qorunub saxlanması mümkün deyil. Artıq uzun müddətdir ki, tərəflər bir yerdə yaşamır və aralarında olan ailə bağları demək olar ki, tamamilə qopmuş, mənəvi, ailəvi dəyərlər itirilmişdir. Hazırda iddiaçı ata evində, valideynləri ilə birgə yaşayır. Heç bir yerdə işləmir. Cavabdeh uşaqların saxlanılması, onların dolanışıq xərclərində iştirak etmir, hər hansı maddi yardım göstərmir. İddiaçının valideynləri də lazımi maddi yardımı göstərmək iqtidarında deyildirlər. Üç uşağın zəruri ehtiyaclarını qarşılamaq olduqca çətindir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının vəkili iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul etməyərək verdiyi izahatda bildirmişdir ki, hazırda tələb edilən alimenti ödəmək imkanı yoxdur. Həmçinin tərəflərin birgə nikahından olan X11 hazırda onun yanındadır. Məhkəmə iclasında ifadə verən 24 iyul 2011-ci il təvəllüdlü X11 bildirmişdir ki, 16 fevral 2024-cü il tarixdən atası ilə birlikdə yaşayır. İşin faktiki halları: İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı və cavabdeh arasında rəsmi nikah münasibətləri olmuş, tərəflərin birgə nikahından 24 iyul 2011-ci il təvəllüdlü X11 və 21 yanvar 2012-ci il təvəllüdlü X12 anadan olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-9689/2017 saylı, 04 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikahın pozulması, 24 iyul 2011-ci il təvəllüdlü X5 və 21 yanvar 2012ci il təvəllüdlü X6 analarının yanında saxlanması və Cavabdeh uşaqların saxlanması üçün hər ay 137 manat, ümumilikdə 274 manat alimentin tutulması qət edilmişdir. Tərəflərin birgə münasibətlərindən 23 fevral 2023-cü təvəllüdlü X13 anadan olmuşdur. İş materiallarında olan atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh 23 fevral 2023-cü təvəllüdlü X8 atasıdır. Məhkəmə araşdırmasında müəyyən edilmişdir ki, hazırda 21 yanvar 2012-ci il təvəllüdlü X12 və 23 fevral 2023-cü təvəllüdlü X13 iddiaçının, 24 iyul 2011-ci il təvəllüdlü X11 isə cavabdehin yanındadır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və оnlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən məhkəmə sübutlara оbyektiv, qərəzsiz, hərtərəfli və tam baхdıqdan sоnra həmin sübutlara tətbiq edilməli hüquq nоrmalarına müvafiq оlaraq qiymət verir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 112-ci maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunu: 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə işə əlavə edilmiş sübutları tədqiq edib, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə ilk növbədə qeyd edir ki, qanuni qüvvəsini almış və icraya yönəldilmiş məhkəmə qətnaməsinə əsasən birgə nikahdan doğulmuş uşaqlar iddiaçının yanında qalmaqla, onların saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə aliment tutulmuşdur. İddia ərizəsindən görünsə də ki, 24 iyul 2011-ci il təvəllüdlü X5 və 21 yanvar 2012-ci il təvəllüdlü X1 üçün alimentin təyin edilməsi tələb edilir, məhkəmə araşdırması zamanı iddiaçının vəkilinin verdiyi izahatlar və məhkəmə iclası zamanı işin təsbit edilmiş halları ilə müəyyən edilir ki, iddiaçı yuxarıda adları çəkilən uşaqlara münasibətdə alimentin artırılmasını tələb edir. Nə qədər ki, araşdırma zamanı müəyyən edilmişdir ki, 24 iyul 2011ci il təvəllüdlü X11 atanın, 21 yanvar 2012-ci il təvəllüdlü X12 isə ananın yanındadır, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-9689/2017 saylı, 04 oktyabr 2017-ci il tarixli qətnaməsi qəbul edilən zaman tərəflərin vəziyyəti hazırkı vəziyyətlə eynilik təşkil etmir və hər iki valideyn hər uşağına qarşı eyni hüquq və vəzifələrin daşıyıcılarıdır, bu kontekstdə aliment məbləğinin artırılması ilə bağlı iddianın təmin edilməsini məhkəmə ağlabatan hesab etmir. Odur ki, iddia tələbi 24 iyul 2011-ci il təvəllüdlü X9 və 21 yanvar 2012-ci il təvəllüdlü X10 münasibətdə rədd edilməlidir. Məhkəmə tərəflərin birgə münasibətlərindən anadan olmuş 23 fevral 2023-cü təvəllüdlü X2 üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı məsələsini müzakirə edərkən, qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, ölkə üzrə dövlət tərəfindən vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması üçün həyata keçirilən tədbirləri (ölkə üzrə minimum əmək haqqı, müavinətlər, təqaüdlərin artımı nəzərə alınmaqla), uşağın yaş həddini, diqqətəlayiq olan digər halları əsas tutaraq, iddianın bu hissədə təmin edilməsini və cavabdehdən hər ay 235 manat sabit pul məbləğində alimentin tutulmasını məqsədəmüvafiq hesab edir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının aliment tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalıdır. İş materiallarından görünür ki, iddiaçı iddia tələbi ilə 24 yanvar 2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən ərizənin məhkəməyə verildiyi 24 yanvar 2024-cü il tarixdən başlanmalıdır. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən belə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, tərəflərin birgə münasibətlərindən anadan olmuş 23 fevral 2023-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün 24 yanvar 2024-cü il tarixdən başlayaraq hər ay 235 manat sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad olduğundan, cavabdehdən 30 manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. 23 fevral 2023-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə 24 yanvar 2024-cü il tarixdən başlayaraq hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar