Məhkəmə qərarları › İş №e-2(011)-2517/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2517/2025

16.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2517/2025 16.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 4767.79 AZN əsas; 504.64 AZN faiz; cəmi 5272.43 AZN məbləğində vəsaitin və ödənilmiş 72.72 AZN dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, RGTK9146986B108 saylı kredit müqaviləsinə əsasən, ona 24 ay müddətinə illik 19 faiz dərəcəsi ilə 4767.79 AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən, cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin xx.xx.2025-ci il tarixə İddiaçı ASC-yə 4767.79 AZN əsas; 504.64 AZN faiz; cəmi 5272.43 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Bununla belə, iddiaçının nümayəndəsi Nümayəndə ərizə ilə elektron qaydada məhkəməyə müraciət edərək, onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, RGTK9146986B108 saylı kredit müqaviləsindən görünür ki, Bank gündəlik tələbat məqsədilə kredit alana, illik 19 faiz dərəcəsi ilə 24 ay müddətinə 4767.79 manat məbləğində kredit verməyi, kredit alan isə krediti və ona hesablanmış faizləri göstərilən müddətdə və qaydada banka qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli RGTK9146986B108 saylı kredit müqaviləsinə əlavə “Ödəniş qrafiki”ndən görünür ki, kredit alan Cavabdeh verilən kredit məbləği 4767.79 AZN, faiz dərəcəsi 19 % illik, müddəti 24 aydır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh gündəlik təlabat məqsədilə verilən 4767.79 manat krediti İddiaçı ASC-nin Həzi Aslanov filialından təhvil almışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 15/00468 saylı “Maliyyə arayış”ından görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixə xx.xx.2024-cü il tarixli, RGTK9146986B108 saylı kredit müqaviləsi üzrə 4767.79 manat əsas, 504.64 manat faiz, cəmi 5272.43 manat məbləğində borcu yaranmışdır. İş materiallarında olan Razılıq ərizəsindən görünür ki, Cavabdeh, xx.xx.2024-cü il tarixli, RGTK9146986B108 saylı müqavilə üzrə Cavabdeh tərəfindən qrafik əsasında müəyyən edilmiş ödənişi 30 gündən artıq gecikdirildiyi təqdirdə həmin vəsaitin onun kart hesabına köçürülən əməkhaqqı və digər vəsaitlərdən akseptsiz qaydada silinməsinə etiraz etmədiyini bildirmişdir. İş materiallarından görünür ki, İddiaçı tərəfindən Cavabdeh xx.xx.2024-cü il tarixli bildiriş ünvanlanaraq, ondan gecikmə borcunun dərhal təmin edilməsi, əks təqdirdə kredit müqaviləsinin şərtlərinə və AR qanunlarının tələblərinə uyğun olaraq barəsində müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. İş materiallarında olan ********** saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən 72.72 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, İddiaçı ASC və Cavabdeh arasında xx.xx.2024-cü il tarixli, RGTK9146986B108 saylı kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən, iddiaçı həmin müqavilə əsasında cavabdehə illik 19 % dərəcəsi ilə 24 ay müddətinə 4767.79 manat məbləğində kredit verməyi, kredit alan isə krediti və ona hesablanmış faizləri göstərilən müddətdə və qaydada banka qaytarmağı öhdəsinə götürmüşdür, iddiaçı qeyd edilən müqavilə üzrə öhdəliklərini yerinə yetirmiş, Cavabdeh qeyd olunan məbləği bankdan təhvil almışdır, lakin cavabdeh, müqavilə öhdəlikləri üzrə ödənişləri həyata keçirməməklə, iddiaçıya kredit müqaviləsi üzrə 4767.79 manat əsas, 504.64 manat faiz, cəmi 5272.43 manat borcu yaranmışdır, iddiaçı tərəfindən cavabdehlərə borcunun olması və onun ödənilməsi barədə bildiriş göndərilmişdir. Bununla belə, cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə də məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, iddia buna müvafiq subyektiv hüquqa malik olan şəxs tərəfindən və iddiaya cavab verməli olan şəxsə qarşı qaldırıldığından, həmçinin iddiaçının özünün bildirdiyi hallar və mübahisə üzrə tətbiq edilməli olan maddi hüquq normaları iddianın əsaslı olması nəticəsinə gəlməyə əsas verdiyindən iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 746.1-ci maddəsinə əsasən, istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 746-2.1-ci maddəsinə əsasən, istehlak krediti müqaviləsi yazılı formada kağız və ya digər davamlı daşıyıcıda tərtib edilir. Həmin Məcəllənin 746-2.5-ci maddəsinə əsasən, istehlak krediti müqaviləsi bağlanıldığı an da daxil olmaqla həmin ana qədər məsafədən bir və ya bir neçə rabitə vasitəsinin istifadə edilməsi yolu ilə borcverən və istehlakçının eyni zamanda birgə fiziki iştirakı olmadan bu Məcəllənin 406.3-cü maddəsinə uyğun olaraq məsafədən bağlana bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2024-cü il tarixli, RGTK9146986B108 saylı kredit müqaviləsi üzrə 4767.79 manat əsas, 504.64 manat faiz, cəmi 5272.43 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Dövlət rüsumuna münasibətdə isə məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırkı iş üzrə iddia tələbi təmin edildiyindən, cavabdehlərin dövlət rüsumunu ödəməkdən azad edilməsi halları məmkəmə tərəfindən müəyyən olunmadığından, dövlət rüsumu cavabdehə aid edilməli və təmin edilmiş iddia tələbinin həcmi (5272.43 manat) nəzərə alınmaqla, dövlət rüsumuna görə ödənilmişm 72.72 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə,məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan çox 1000 manatdan az olduqda, 30 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həddində dövlət rüsumu ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. xx.xx.2024-cü il tarixli RGTK9146986B108 saylı kredit müqaviləsi üzrə 4767.79 manat əsas, 504.64 manat faiz, cəmi 5272 (beş min iki yüz yetmiş iki) manat 43 (qırx üç) qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 72 (yetmiş iki) manat 72 (yetmiş iki) qəpik məbləğində pul Cavabdeh alınaraq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar