Məhkəmə qərarları › İş №e-2(011)-2560/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2560/2025

10.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2560/2025 10.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 336,6 manat ödənilməmiş hissə, 100,98 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 168,9 manat ödənilməmiş hissə, 50,67 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 883,7 manat ödənilməmiş hissə, 265,11 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 1076,7 manat ödənilməmiş hissə, 323,01 manat dəbbə pulu, ümumilikdə 3205,67 manat borc və 52,06 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı MMC ilə bağlanmış müqavilələrin şərtlərini pozmuş və nəticədə onun İddiaçı MMC-yə qeyd olunan məbləğdə borcu yaranmışdır. Məhkəmə iclasında iştirak etmiş, İddiaçı MMC-nin nümayəndəsi iddia tələbini müdafiə edərək iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirmiş, izahatında göstərmişdir ki, ilkin üç müqavilə üzrə borcunu ödəməkdən imtina etmir. Lakin xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən almış olduğu “X3 13” markalı komputeri geri qaytarmaq istəmişdir, pandemiya dövrünə düşdüyünə görə maddi cəhətdən ödəniş etmək imkanı olmamışdır, dəfələrlə malı iddiaçıya qaytarmaq üçün müraciət etmişdir, lakin bildirmişlər ki, sistemləri işləmir və ya başqa bəhanə gətirmişlər. Halbuki, əvvəllər iddiaçıdan nisyə qiymətlə aldığı malı geri qaytararaq yenidən malı nağd qiymətlə aldığı hallar olmuşdur. Odur ki, “X3 13” markalı komputerə münasibətdə borcun nağd qiymətlə ödənilməsinə razıdır. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: xx.xx.2021-ci il tarixli müqavilədən, müqavilənin tərkib hissəsi olan Əlavədən və təhvil-təslim aktından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında ilkin ödəniş etmədən, 24 ay müddətinə hər ay 42,2 manat hissə-hissə ödəniş etmək şərtilə, ümumilikdə dəyəri 1012,8 manat təşkil edən “Hoffman Siac” markalı kondisionerin alqısatqısına dair müqavilə bağlanılmış və alıcı məhsulu tam qüsursuz halda təhvil almışdır. xx.xx.2021-ci il tarixli müqavilədən, müqavilənin tərkib hissəsi olan Əlavədən və təhvil-təslim aktından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında ilkin ödəniş etmədən 18 ay müddətinə hər ay 35,7 manat hissə-hissə ödəniş etmək şərtilə, ümumilikdə dəyəri 642,6 manat təşkil edən “Hoffman” markalı dondurucunun alqı-satqısına dair müqavilə bağlanılmış və alıcı məhsulu tam qüsursuz halda təhvil almışdır. xx.xx.2021-ci il tarixli müqavilədən, müqavilənin tərkib hissəsi olan Əlavədən və təhvil-təslim aktından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında ilkin ödəniş etmədən 24 ay müddətinə hər ay 133,42 manat hissə-hissə ödəniş etmək şərtilə, ümumilikdə dəyəri 3202,08 manat təşkil edən “X3 13” markalı komputerin alqı-satqısına dair müqavilə bağlanılmış və alıcı məhsulu tam qüsursuz halda təhvil almışdır. xx.xx.2021-ci il tarixli müqavilədən, müqavilənin tərkib hissəsi olan Əlavədən və təhvil-təslim aktından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında ilkin ödəniş etmədən 24 ay müddətinə hər ay 148,33 manat hissə-hissə ödəniş etmək şərtilə, ümumilikdə dəyəri 3559,92 manat təşkil edən “X3 13” markalı komputerin alqı-satqısına dair müqavilə bağlanılmış və alıcı məhsulu tam qüsursuz halda təhvil almışdır. Müqavilələrin 2.6-cı bəndinə əsasən müştəri ödəniş cədvəli üzrə ödənişlərini vaxtında ödəməsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində mübahisəsiz olaraq peniya ödəyir. xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh öhdəliyini icra etməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə cavabdehin 336,6 manat ödənilməmiş əsas, 100,98 cərimə, cəmi 437,58 manat borcu, xx.xx.2021-ci il tarixli alqı-saqı müqaviləsi üzrə 168,9 manat əsas, 50,67 manat cərimə, cəmi 219,57 manat borcu, xx.xx.2021-ci il tarixli alqısatqı müqaviləsi üzrə 883,7 manat əsas, 265,11 manat cərimə, cəmi 1148,81 manat borcu, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə cavabdehin 1076,7 manat ödənilməmiş əsas, 323,01 cərimə, cəmi 1399,71 manat borcu olmaqla, ümumilikdə 4 müqavilə üzrə 2465,9 manat əsas, 739,77 manat cərimə borcu və yekunda 3205,67 manat borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə görə, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601-ci maddəsinə əsasən, əşyanın nisyə alınması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” xx.xx.1995-ci il tarixli Azərbaycan Respublikasının Qanunu:

1. Lazımi keyfiyyətli qeyri-qida malı öz formasına, ölçüsünə, fasonuna, rənginə görə istehlakçıya yaramırsa və ya digər səbəblərə görə təyinatı üzrə istifadə oluna bilməzsə, istehlakçının onu alındığı yerdə uyğun mala dəyişdirmək hüququ vardır. İstehlakçı malın alınma günü sayılmamaq şərti ilə, 14 gün ərzində həmin malı lazımi keyfiyyətli mala dəyişdirmək hüququna malikdir. Pərakəndə satılan malın dəyişdirilməsi üçün satıcı tərəfindən daha uzun müddət elan edilə bilər.

2. Malı dəyişdirmə anında satışda uyğun mal yoxdursa, istehlakçı dəyəri yenidən hesablamaqla istənilən başqa bir malı almaq və ya qaytarılan malın dəyəri məbləğində pulu geri götürmək, ya da satışa uyğun mal gələn kimi onu dəyişdirmək hüququna malikdir. Satıcı malın satışa daxil olduğu gün malın dəyişdirilməsini tələb edən istehlakçıya məlumat verməlidir. Məhkəmənin mövqeyi: Məhkəməyə təqdim olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı müqavilə üzrə öz öhdəliklərini icra edərək, müqavilənin predmeti olan məhsulları cavabdehə təhvil vermiş, cavabdeh isə müqavilə üzrə müəyyən olunmuş şərtlər daxilində malları əldə etməsinə, həmin malların dəyərini hissə-hissə ödəməsinə dair öhdəlik götürməsinə baxmayaraq, malların dəyərinin yalnız bir hissəsini ödəmiş, qalan hissəni ödəməkdən yayınmışdır. Cavabdeh iddiaya etirazını onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən aldığı malı geri qaytarmaq və nağd qiymətlə ödəmək barədə tələbi iddiaçı tərəfindən sistemlərinin işləməməsi bəhanəsi ilə rədd edilmişdir, halbuki əvvəllər iddiaçıdan nisyə aldığı malı geri qaytararaq yenidən nağd qiymətlə aldığı hallar olmuşdur. Bununla bağlı məhkəmə ilk növbədə qeyd edir ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunda istehlakçının malı 14 gün ərzində dəyişdirmək, yalnız malı dəyişdirmə anında satışda uyğun mal yoxdursa malı qaytarmaq hüququ nəzərdə tutulmuşdur. Digər tərəfdən məhkəmə hesab edir ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq, əvvəllər tərəflər arasında nisyə alqı-satqı müqaviləsinə əsasən alınan malın nağd qiymətlə ödənilməsi barədə razılaşmanın əldə edilməsi, hazırki, xx.xx.2021-ci il tarixli nisyə alqısatqı müqaviləsi üzrə iddiaçının belə bir öhdəlik daşımasına əsas vermir və müqavilədə belə bir razılaşma mövcud deyil. Məhkəmə həmçinin qeyd edir ki, xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən alınan məhsul hazırda da cavabdehin istifadəsindədir və cavabdeh tərəfindən həmin müqavilənin ləğvi ilə bağlı müraciət edilməmişdir. Odur ki, məhkəmə hazırda cavabdehin alqı-satqı müqavilələri üzrə 2465,9 manat ödənilməmiş əsas borcunun qaldığını nəzərə alaraq hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 100,98 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 50,67 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 265,11 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə isə 323,01 manat cərimə borcu tənasübsüz surətdə yüksək olduğu üçün azaldılmalıdır. Cavabdehdən xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 10 manat, xx.xx.2021-ci-cü il tarixli müqaviləyə əsasən 5 manat, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 25 manat, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 30 manat dəbbə pulunun tutulması ağlabatan və ədalətlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-c il tarixli müqaviləyə əsasən 336,6 manat əsas borc, 10 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 168,9 manat əsas borc, 5 manat cərimə borcu xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 883,7 manat əsas borc, 25 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 1076,7 manat əsas borc, 30 manat cərimə borcu olmaqla, ümumilikdə 4 müqavilə üzrə 2535,9 manat və 45,35 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Leyla Şövkətli-Mənsimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar