Məhkəmə qərarları › İş №e-2(011)-2570/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2570/2025

06.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2570/2025 06.03.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 419,80 manat ödənilməmiş hissə, 125,94 manat dəbbə pulu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 197,90 manat ödənilməmiş hissə, 59,37 manat dəbbə pulu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1147,10 manat ödənilməmiş hissə, 344,13 manat dəbbə pulu və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 2759,50 manat ödənilməmiş hissə, 827,85 manat dəbbə pulu, ümumilikdə 5881,59 manat borc və 78,82 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı MMC ilə bağlanmış müqavilələrin şərtlərini pozmuş və nəticədə onun İddiaçı MMC-yə qeyd olunan məbləğdə borcu yaranmışdır. İddiaçı MMC məhkəməyə ərizə ünvanlayaraq mülki işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: xx.xx.2024-cü il tarixli müqavilədən, müqavilənin tərkib hissəsi olan Əlavədən və təhvil-təslim aktından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında ilkin ödəniş etmədən 18 ay müddətinə hər ay 38,17 manat hissə-hissə ödəniş etmək şərtilə, ümumilikdə dəyəri 687,02 manat təşkil edən Vinil Mat, “OPPO A38” markalı telefonun alqı-satqısına dair müqavilə bağlanılmış və alıcı məhsulu tam qüsursuz halda təhvil almışdır. xx.xx.2024-cü il tarixli müqavilədən, müqavilənin tərkib hissəsi olan Əlavədən və təhvil-təslim aktından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında ilkin ödəniş etmədən 18 ay müddətinə hər ay 18,04 manat hissə-hissə ödəniş etmək şərtilə, ümumilikdə dəyəri 324,78 manat təşkil edən “Oneblade Philips” markalı trimmerin alqı-satqısına dair müqavilə bağlanılmış və alıcı məhsulu tam qüsursuz halda təhvil almışdır. xx.xx.2024-cü il tarixli müqavilədən, müqavilənin tərkib hissəsi olan Əlavədən və təhvil-təslim aktından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında ilkin ödəniş etmədən 18 ay müddətinə hər ay 95,66 manat hissə-hissə ödəniş etmək şərtilə, ümumilikdə dəyəri 1721,94 manat təşkil edən “Playstation 5” markalı oyun konsolunun alqı-satqısına dair müqavilə bağlanılmış və alıcı məhsulu tam qüsursuz halda təhvil almışdır. xx.xx.2024-cü il tarixli müqavilədən, müqavilənin tərkib hissəsi olan Əlavədən və təhvil-təslim aktından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında 61,00 manat ilkin ödəniş etməklə, 18 ay müddətinə hər ay 162,33 manat hissə-hissə ödəniş etmək şərtilə, ümumilikdə dəyəri 2983 manat təşkil edən “X1 3” markalı komputerin alqı-satqısına dair müqavilə bağlanılmış və alıcı məhsulu tam qüsursuz halda təhvil almışdır. Hər dörd müqavilənin 2.6-cı bəndinə əsasən müştəri ödəniş cədvəli üzrə ödənişlərini vaxtında ödəməsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində mübahisəsiz olaraq peniya ödəyir. xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh öhdəliyini icra etməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 419,80 manat əsas, 125,94 manat cərimə, cəmi 545,74 manat borcu, xx.xx.2024-cü il tarixli digər müqavilə üzrə 197,90 manat əsas, 59,37 manat cərimə, cəmi 257,27 manat borcu, xx.xx.2024-cü il tarixli alqı-saqı müqaviləsi üzrə 1147,10 manat əsas, 344,13 manat cərimə, cəmi 1491,23 manat borcu və xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə cavabdehin 2759,50 manat ödənilməmiş əsas, 827,85 cərimə, cəmi 3587,35 manat borcu olmaqla, ümumilikdə 4 müqavilə üzrə 4524,30 manat əsas, 1357,29 manat cərimə borcu və yekunda 5881,59 manat borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə görə, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601-ci maddəsinə əsasən, əşyanın nisyə alınması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmənin mövqeyi: Məhkəməyə təqdim olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı müqavilə üzrə öz öhdəliklərini icra edərək, müqavilənin predmeti olan məhsulları cavabdehə təhvil vermiş, cavabdeh isə müqavilə üzrə müəyyən olunmuş şərtlər daxilində malları əldə etməsinə, həmin malların dəyərini hissə-hissə ödəməsinə dair öhdəlik götürməsinə baxmayaraq, öhdəliyin icrasından yayınmışdır. Məhkəmə hazırda cavabdehin alqı-satqı müqavilələri üzrə 4524,30 manat ödənilməmiş əsas borcunun qaldığını nəzərə alaraq hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, ümumilikdə 4 müqavilə üzrə 1357,29 manat cərimə borcu tənasübsüz surətdə yüksək olduğu üçün azaldılmalıdır. Cavabdehdən xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 80 manat, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 50 manat, xx.xx.2024-cü il tarixli müqaviləyə (“OPPO A38” markalı telefonun alqısatqısına dair) əsasən 20 manat, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 10 manat dəbbə pulunun tutulması ağlabatan və ədalətlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 419,8 manat əsas borc, 20 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 197,9 manat əsas borc, 10 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1147,1 manat əsas borc, 50 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 2759,5 manat əsas borc, 80 manat cərimə borcu olmaqla, ümumilikdə 4 müqavilə üzrə 4684,3 manat və 66,84 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Leyla Şövkətli-Mənsimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar