Məhkəmə qərarları › İş №e-2(011)-2590/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2590/2023

24.06.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2590/2023 24.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynli Mehriban Qalib qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏNETDİ: İşin halları:

1. Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Namiq Əliyarov küçəsində yerləşən 13İ saylı ev Cavabdeh Bəhrəm oğlunun adındadır. Cavabdeh iddiaçının vəkilidir. 2019-cu ilin аxırında mübahisəli evin təmirini qurtardıqdan sonra iddiaçının övladları - 17 aprel 2006-cı il təvəllüdlü Fatimə, 05 fevral 2010-cu il təvəllüdlü Zeynəb və 09 aprel 2013-cü il təvəllüdlü oğlu Əlimehdi ilə birlikdə evə köçmüş və bu günə kimi həmin evdə yaşamaqdadır. Lakin ötən müddət ərzində övladları ilə birlikdə yaşadığı evə qeydiyyata düşə bilməmişdir, heç bir səbəb göstərmədən cavabdeh buna razılıq verməmişdir.

İddiaçının tələbi:

2. İddiaçı və onun övladları xx.xx.2006-cı il təvəllüdlü X4, xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X1 Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Namiq Əliyarov küçəsi küçəsində yerləşən 13İ saylı evdən istifadə hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

Cavabdehin etirazı:

3. Cavabdeh tərəfindən iddia tələbinə qarşı heç bir yazılı etiraz və ya digər sənəd məhkəməyə təqdim edilməmişdir.

İşdə iştirak edən şəxslərin izahatları:

4. Məhkəmə iclasında (xx.xx.2023-cü il tarixdə) iştirak edən İddiaçı nümayəndəsi və vəkili öz izahatında qeyd etmişdir ki, iddiaçının keçmiş əri ilə nikahları pozulmuş və boşanma ərəfəsində iddiaçının əri ona alimentdən imtina etməsi qarşılığında birdəfəlik pul ödənişi edə biləcəyini bildirmiş və beləliklə, birdəfəlik ödəniş etmişdir. İddiaçı özünün azyaşlı övladları ilə birlikdə 2019-cu ildən bu günə kimi həmin ünvanda yaşamaqdadır. Lakin nə özü, nə də övladları həmn eə qeydiyyata düşə bilmirlər. İddiaçının nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməsi, iddiaçının və onun övladlarının ünvan 1 ünvanında yerləşən mənzilə istifadə hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Məhkəmə iclasında (xx.xx.2023-cü il tarixdə) iştirak edən Cavabdeh öz izahatında qeyd etmişdir ki, iddiaçının- yəni, bacısının və onun azyaşlı övladlarının sözügedən mənzilə istifadə hüququnun tanınmasına heç bir etirazı yoxdur və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

6. Tərəflər məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, məhkəmənin baxış iclasında iştirak etməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:

7. AZ-İ №385646 Nikahın pozulması haqqında Şəhadətnaməyə əsasən, X20 və İddiaçı arasında bağlanmış rəsmi nikahlarına xx.xx.2020-ci il tarixdə xitam verilmişdir, bu barədə xx.xx.2021-ci ildə 237№ ilə akt qeydi aparılmışdır.

8. "xxxx" MMC tərəfindən verilmiş Fiziki şəxslər tərəfindən tikilmiş yaşayış evlərinin qiymətləndirilməsinə dair Hesabata əsasən, ünvan 2 ünvanında yerləşən yaşayış evinin (tikintinin) sahibi Cavabdehdur. Aparılan təhlil və hesablamalar göstərir ki, qiymətləndirilən əmlakın uyğun satışları müqayisəsi metodu ilə bazar dəyəri 21400 (iyirmi bir min dörd yüz ) manat təşkil edir.

9. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış sorğuya əsasən, ünvan 4 ünvanında yerləşən evin kimin mülkiyyətində olması, hüquqi vəziyyəti və həmin evə dair hüquqmüəyyənedici sənədlərin təqdim edilməsi xahiş edilmişdir.

10. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsindən sorğuya verilmiş cavaba əsasən, ünvan 4 ünvanının qeydiyyata alınmasına dair heç bir məlumat aşkar edilməmişdir.

11. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Xətai Rayon Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 101-18374M-3221 nömrəli məktuba əsasən, vətəndaş İddiaçı və övladı X4 Xətai RPİ-nin inzibati binasında qeydiyyata alınması barədə tərtib edilmiş rəy 2 saylı Bakı ASAN Xidmət mərkəzinin Şəxsiyyət vəsiqəsi şöbəsinə göndərilmişdir. Rəyə əsasən, İddiaçı və övladı X4 Xətai RPİ-nin inzibati binasına qeydiyyata alınması məqsədəmüvafiq hesab edilmişdir.

12. Əhmədli bələdiyyəsi Cavabdeh təqdim edilmiş tədiyyə bildirişinə əsasən, ünvan 4 üçün 14,40 manat əmlak vergisi ödənilməlidir.

13. AKTa əsasən, ünvan 5 ünvanında torpaq sahəsindən əlavə olan 100 kv.m torpaq sahəsi içində 3 otaqlı evi 23.000 manata X2 tərəfindən Cavabdeh satılmışdır. Aktın doğruluğunu X3, X7, X2, Cavabdeh, X21, X10 öz imzaları ilə təsdiq etmişlər.

14. Bakı şəhəri Xətai rayonu Əhmədli Bələdiyyəsi tərəfindən verilmiş 08 aprel 2021-ci il tarixli 56,57,58 №li arayışlara əsasən, vətəndaş Cavabdeh həqiqətən də ona məxsus olan ünvan 6 ünvanında yaşayır.

15. xx.xx.2023-cü il tarixli AKTa əsasən, İddiaçı övladları xx.xx.2006-cı il təvəllüdlü X11, xx.xx.2010-cu il təvəllüdlü X12 və xx.xx.2013-cü il təvəllüdlü X9 ilə birlikdə qardaşı Cavabdeh məxsus olan ünvan 6 ünvanına köçmüş və hal-hazırda da orada yaşayır. Aktın doğruluğunu X8, X13, X18, X14, X17, X6 öz imzaları ilə təsdiq etmişlər.

16. Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə ünvanlanmış ərizəyə əsasən, X17, X18 və X6 təsdiq etmişlər ki, İddiaçı övladları xx.xx.2006-cı il təvəllüdlü X11, xx.xx.2010-cu il təvəllüdlü X12 və xx.xx.2013-cü il təvəllüdlü X9 ilə birlikdə qardaşı Cavabdeh məxsus olan ünvan 6 ünvanına köçmüş və halhazırda da orada yaşayır.

Tətbiq edilən hüquq:

16. Azərbaycan Respublikasının Konstitusiyası: 13.İ.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29.İ. Hər kəsin mülkiyyət hüququ vardır. 29.İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 29.İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 43.İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. 43.İİ. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür.

17. «İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokol:

1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.2. əmlakdan istifadə hüququ;

19. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: 13.1. Yaşayış sahələrinə aşağıdakılar aiddir: 13.1.1. yaşayış evi, yaşayış evinin hissəsi; 13.2. Otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir.

20. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanunu: 2.Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi:

22. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir.

23. İşin mübahisəsiz hallarından göründüyü kimi, İddiaçı özü və yetkinlik yaşına çatmayan övladları qardaşı Cavabdeh məxsus olan ünvan 6 ünvanına köçmüş və halhazırda da orada yaşamaqdadır. Bu iddiaçıya verilmiş arayışlardan, tərtib edilmiş və doğruluğu müxtəlif şəxslər tərəfindən təsdiq edilmiş aktlarla öz təsdiqini tapmışdır. Həmçinin Cavabdeh da məhkəmə iclasları zamanı iddia tələbini qəbul etdiyini bildirmiş, bacısının və onun yetkinlik yaşına çatmayan övladlarının ona məxsus olan evə köçürülməsinə etiraz etmədiyini bildirmişdir.

24. Lakin ünvan 6 ünvanında yerləşən mənzilin kimə məxsus olması, hal-hazırki hüquqi vəziyyəti və mənzilə dair hüquqmüəyyənedici sənədlərin olub-olmaması barədə aiddiyatı orqana sorğu verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsindən sorğuya verilmiş cavaba əsasən, ünvan 4 ünvanının qeydiyyata alınmasına dair heç bir məlumat aşkar edilməmişdir. Eləcə də Cavabdeh ünvan 4 ünvanının ona məxsus olmasını təsdiq edən heç bir hüquqmüəyyənedici sənədi mövcud deyildir. Qeyd edilənlərə əsasən, cavabdehin qeyd edilən tikili üzərində heç bir hüquqmüəyyənedici sənədi yoxdur və cavabdehin qeyd edilən yaşayış evi ilə bağlı mülkiyyətçi qismində çıxış etməsini, mülkiyyət hüququna gözləntisi olduğunu təsdiq edən hər hansı sənəd məhkəməyə təqdim edilməmişdir. Cavabdehin sözü gedən daşınmaz əmlaka mülkiyyət hüququnun olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından cavabdehin iddia tələbini qəbul etməsi əsasında iddia tələbinin təmin edilməsi əsassız məhkəmə qətnaməsinin çıxarılması ilə nəticələnərdi.

25. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili verdiyi izahatında istifadə hüququnun tanınmasını iddiaçının himayəsində olan yetkinlik yaşına çatmayan uşaqların ora qeydiyyata düşməsi üçün lazım olduğunu bildirmişdir. Məhkəmə hesab edir ki, ümumi məhkəmələr qeydiyyat məsələlərini həll etməkdə səlahiyyətli deyil. Bu məsələ inzibati orqan və vətəndaş arasında olan münasibətlər kateqoriyasına aiddir.

26. Qeyd edilənlərə əsasən, məhkəmə sübutlara hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək, iddia tələbinin təmin edilməməsi qənaətinə gəlmişdir.

Məhkəmə xərcləri:

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Dövlət rüsumunun ödənilməsi ilə bağlı hər hansı tələb olmadığından məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏT ETDİ:

1. İddia tələbi rədd edilsin.

2. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin.

3. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar