Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2592/2025 07.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi barədə” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh reqres qaydasında Dövlət Xidmətinin xeyrinə dəymiş ziyana görə 4526,77 (dörd min beş yüz iyirmi altı manat ) manat 77 qəpik tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Qənimət Səfərli iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh (bundan sonra -cavabdeh)Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində (bundan sonra – Dövlət Xidməti) sürücü vəzifəsində işlədiyi zaman Dövlət Xidmətinə məxsus 00-21 SX dövlət qeydiyyat nömrəli Nissan Teana markalı avtonəqliyyat vasitəsini idarə edərkən "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış ** JX *** dövlət qeydiyyat nişanlı İveco Urbanway markalı avtonəqliyyat vasitəsinə xx.xx.2017-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuş və baş vermiş hadisəsilə əlaqədar xx.xx.2017-ci il tarixli, TYP 037213 saylı X5 haqqında qərar tərtib olunmuş və o, təqsirli bilinmişdir. "xxxx" ASC-ti 2022-ci il ildə qeyd olunan məsələ ilə bağlı məhkəməyə müraciət etmiş vəBakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(011)-82/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 4449,99 manat məbləğində pul vəsaiti, 76,38 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı, ümumilikdə cəmi 4526,77 (dörd min beş yüz iyirmi altı manat) manat 77 qəpik pul vəsaitinin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən tutularaq, "xxxx" ASC-nə ödənilməsini, iddia qalan hissədə təmin edilməməsini qət etmişdir. Beləliklə, Dövlət Xidmətinə dəymiş4526,77 (dörd min beş yüz iyirmi altı manat ) manat 77 qəpik məbləğində ziyan cavabdehdən reqres qaydasında tutulmalıdır. X4 iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)- 82/2023 saylı xx.xx.2023-cü il tarixli Qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, 4449,99 manat məbləğində pul vəsaiti, 76,38 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı, ümumilikdə cəmi 4526,77 (dörd min beş yüz iyirmi altı manat yetmiş yeddi) manat pul Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən tutularaq, "xxxx" ASC-nə ödənilməsi qət edilmişdir. Həmin Qətnamə ilə işinin müəyyən olunmuş hallarından görünür ki, Cavabdeh tərəfindən idarə olunan “Nissan Teana” markalı 0021SX dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən iddiaçı "xxxx" ASC-də sığortalanmış “İveco Urbanway” markalı ** JX *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulması iş materialları ilə sübut olunur. Cavabdeh xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixədək Xidmətdə sürücü vəzifəsində çalışmışdır. Əmək vəzifələrinin icrası ilə əlaqədar Cavabdeh Xidmətin “Nissan Teana” markalı 0021SX dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsilə hərəkət edərkən yol-nəqliyyat hadisəsi baş vermiş və ** JX *** dövlət qeydiyyat nişanlı “İveco Urbanway” markalı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. Yol-nəqliyyat hadisəsinin baş verməsinə, bununla da zərərin vurulmasına gətirib çıxaran Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə məxsus nəqliyyat vasitəsi olan “Nissan Teana” markalı 0021SX dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh tərəfindən idarə edildiyinə baxmayaraq, “Nissan Teana” markalı avtomobil nəqliyyat vasitəsinin icbari sığorta olunmadığı müəyyən edilmişdir. İş materiallarından və tərəflərin izahatlarından aydın olur ki, “Nissan Teana” markalı 0021SX dövlət qeydiyyat nişanlı avtomobil cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətdə sürücü vəzifəsində işləyən Cavabdeh tərəfindən qanuni əsaslarla idarə edilmişdir. İş materiallarında olan TYP № 037213 nömrəli 03 iyun 2017-ci il tarixli X5 haqqında qərarın surətindən görünür ki, Cavabdeh S.Vurğun küçəsindən Ak. H.Əliyev küçəsinə daxil olan zaman qırmızı işığın tələbini pozmuş, nəticədə soldan hərəkət edən ** JX *** dövlət qeydiyyat nişanlı “İveco Urbanway” markalı avtonəqliyyat vasitəsilə toqquşmuşdur. Bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və 60 (altmış) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan 26 yanvar 2009-cu il tarixli ******* №li əmək kitabçasının təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində sürücü vəzifəsində işləmişdir. İş materiallarında olan Ödəniş tapşırığından görünür ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən "xxxx" ASC-nə 4526,77 manat ödəniş həyata keçirilmişdir. İş materiallarından görünür ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən Cavabdeh xx.xx.2024-cü il tarixində 1 ay müddətində 4526,77 manat borcu ödəmədiyi təqdirdə bank tərəfindən məhkəməyə müraciət olunacağı barədə Xəbərdarlıq məktubu göndərilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, cavabdehin müvafiq sənəd əsasında idarə etdiyi və iddiaçıya məxsus olan “Nissan Teana” markalı 00- 21-SX dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yol hərəkəti qaydalarını pozaraq yolnəqliyyat hadisəsi törətmiş, nəticədə ** JX *** dövlət qeydiyyat nişanlı “İveco Urbanway” markalı avtonəqliyyat vasitəsinə ziyan dəymişdir, bununla bağlı mübahisəyə dair Bakı şəhəri Xətai rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş e-2(011)-82/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən "xxxx" ASC-nin xeyrinə 4526,77 manat məbləğində sığorta ödənişinin tutulmalı olması məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti icra vərəqəsi üzrə 4526,77 manat məbləğində subroqasiya ödənişini ödəmişdir və hazırda həmin məbləği Cavabdeh tələb edir. Bununla belə, iddiaçının ödəmiş olduğu məbləğin cavabdeh tərəfindən ona qaytarılmasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş e-2(011)-82/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə yol nəqliyyat hadisəsi nəticəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən sığorta ödənişinə görə tutulmalı olan 4526,77 manat məbləğ tam həcmdə ödənildiyindən, o da həmin məblği məlum yol nəqliyyat hadisəsində təqsirli olan və ona məxsus avtomobili idarə edən Cavabdeh tələb etməkdə haqlıdr. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh qeyd edilənən öhdəliklə bağlı məsuliyyətini istisna edən hallar müəyyən edilmədiyindən onun tərəfindən 4526,77 manat məbləğ iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.7-ci maddəsinə əsasən, əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə, iş üzrə təqdim edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh 4526,77 manat məbləğində pul vəsaiti alınaraq iddiaçıya verilməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia tələbi təmin edildiyindən, iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan, cavabdehin isə məhkəmə xərclərindən azad olunması halları müəyyən olunmadığından, iddia tələbinin həcminin (4526,77 manat) nəzərə alınmaqla, dövlət rüsumu cavabdehə aid edilməli və 65,27 manat ondan alınaraq Dövlət Büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimiistinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh vurulmuş maddi ziyanın əvəzi kimi 4526 (dörd min beş yüz iyirmi altı) manat 77 (yetmiş yeddi) qəpik alınaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ödənilsin. Cavabdeh 65 (altmış beş) manat 27 (iyirmi yeddi) qəpik alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-2592/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2592/2025
07.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver