Məhkəmə qərarları › İş №e-2(011)-2606/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2606/2022

21.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2606/2022 21.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 499.7 manat məbləğində əsas bоrc və 6.98 manat faiz borcu оlmaqla, cəmi 506.68 manat borcun və 30.4 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASCyə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Azərbaycan Respublikasında fiziki şəxsləri problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 14 oktyabr 2019 il tariхli, 100821-71997/10 nömrəli Güzəştli kredit müqaviləsinə əsasən borcluya 55 ay müddətinə, illik 1% dərəcəsi ilə 499.70 manat məbləğində krеdit vеrilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, o Banka olan borcunu ödəməmişdir. 25 fevral 2022-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 499.7 manat məbləğində əsas bоrcu və 6.98 manat faiz borcu оlmaqla, ümumilikdə 506.68 manat məbləğində kredit bоrcu yaranmışdır. Güzəştli kredit müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, Borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh tərəfindən İddiaçı ASC-yə ünvanlanmış kreditin güzəştli restrukturizasiyası üçün Ərizədən görünür ki, cavabdeh restruktruzasiya olunan kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədilə illik 1 faizlə, 60 ay müddətinə 499,70 manat güzəştli kreditin verilməsini xahiş etmiş, kreditin müddəti ərzində carihesabına ödəniş cədvəli ilə müəyyən edilmiş məbləğdən artıq mədaxil etdiyi vəsaiti anuitet ödəniş məbləğinin azaldılması şərtilə cari borcun silinməsinə yönəldilməsini xahiş etmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 14 oktyabr 2019 il tariхli, 100821-71997/10 nömrəli güzəştli krediti müqaviləsindən görünür ki, bank tərəfindən borcalana 60 ay müddətinə, güzəşt müddəti 12 ay olmaqla, illik 1% dərəcəsi ilə 499,70 manat məbləğində kredit xətti ayrılmışdır. İş materiallarında olan kredit müqaviləsinə 1 nömrəli Əlavədən görünür ki, müştəri Cavabdeh, məbləğ 499,70 AZN, müddət 55 ay, faiz dərəcəsi 1%-dir. İş materiallarında olan 25.02.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 14 oktyabr 2019 il tariхli, 100821-71997/10 nömrəli kredit müqaviləsinə əsasən, 25.02.2022-ci il tarixə 499,70 manat əsas borcu, 6,98 manat faiz borcu olmaqla, cəmi 506,68 manat borcu mövcuddur və kredit müqaviləsi üzrə gecikmə 472 gün təşkil edir. İş materiallarından görünür ki, 07.12.2021-ci il tarixdə İddiaçı ASC tərəfindən Cavabdeh borcunu 5 gün müddətinə ödəməsi barədə xəbərdarlıq məktubu göndərilmişdir. İş materiallarında olan 10.03.2022-ci il tarixli ********* saylı dövlət rüsumunun ödənilməsi haqqında qəbzdən görünür ki, İddiaçı ASC tərəfindən 30 manat məbləğində dövlət rüsumu, 0,40 qəpik xidmət haqqı ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsi əsasında cavabdeh bankdan kredit alaraq üzərinə həmin müqavilə üzrə müəyyən edilmiş müddətdə əsas və faiz borc ödəmək öhdəlik götürmüşdür, iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur, cavabdehin 14 oktyabr 2019 il tariхli, 100821-71997/10 nömrəli kredit müqaviləsinə əsasən əsas borcu 499,70 manat, faiz borcu 6,98 manat olmaqla, cəmi borcu 506,68 manat təşkil edir, cavabdeh iddiaçı tərəfindən borcunun olması və borc məbləğinin qaytarılması barədə xəbərdar olunmuşdur. Bununla belə, iddia tələbi üzrə müqavilə öhdəliklərinin cavabdeh tərəfindən yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsini öz riski ilə bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh 499,70 manat əsas borc, 6,98 manat faiz borcu olmaqla, cəmi 506,68 manat alınaraq İddiaçı ASC-yə ödənilməlidir. Dövlət rüsumuna münasibətdə isə məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırkı iş üzrə iddia tələbi təmin edildiyindən, cavabdehin dövlət rüsumunu ödəməkdən azad edilməsi halları məhkəmə tərəfindən müəyyən olunmadığından, dövlət rüsumu cavabdehə aid edilməli və dövlət rüsumuna görə ödənilmiş 30,40 manat ondan alınaraq iddiaçıya ödənilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 14 oktyabr 2019 il tariхli, 100821-71997/10 nömrəli güzəştli kredit müqaviləsinə əsasən, 499,70 manat əsas borc, 6,98 manat faiz borcu olmaqla, cəmi 506 (beş yüz altı) manat 68 (altmış səkkiz) qəpik və dövlət rüsumunun əvəzi qismində ödənilmiş 30 (otuz) manat 40 (qırx) qəpik alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir ay) müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar