Məhkəmə qərarları › İş №e-2(011)-2626/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-2626/2024

25.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-2626/2024 25.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynli Mehriban Qalib qızının katibliyi, İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-nin nümayəndəsi X1, Cavabdeh3, Cavabeh Cavabdeh2, Cavabdeh3 nümayəndəsi (vəkili) Vəkil, Cavabeh Cavabdeh1 nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsinin ləğvi və digər tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İşin iddia ərizəsində qeyd edilən halları:

1. İddia ərizəsinə əlavə edilən sənədlərdən də göründüyü kimi, iddiaçı - "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyəti (bundan sonra mətndə İddiaçı BOKT MMC adlandırılacaqi)lə cavabdeh - Cavabdeh3 arasında 08 fevral 2021-ci il tarixli, 2716 nömrəli Kredit Müqaviləsi bağlanıb. Həmin müqaviləyə əsasən, cavabdeh - Cavabdeh3 36 (otuz altı) ay müddətinə, illik 25 (iyirmi beş) % olmaqla, 43.000 (qırx üç min) AZN məbləğdə kredit verilib. 08 fevral 2021-ci il tarixli, 2716 nömrəli Kredit Müqaviləsi üzrə öhdəliyin icrasının təmini üsulu kimi:1.İddiaçı - İddiaçı BOKT MMC(ipoteka saxlayan) ilə cavabdeh – Cavabdeh1 (ipoteka qoyan) arasında 08 fevral 2021-ci il tarixli, 2716 nömrəli ipoteka müqaviləsi bağlanıb. Həmin Müqaviləyə əsasən, xüsusi mülkiyyət hüququ ilə cavabdeh - Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi – 53.05 kv.metr olan 2 saylı mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilib. İpoteka müqaviləsinə əsasən yüklülük Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində reyestr nömrəsi **********75-05101-093024, qeydiyyat nömrəsi ********** ilə xx.xx.2021-ci il tarixdə qeydiyyata alınıb. 2. İddiaçı-İddiaçı BOKT MMC ilə cavabdeh– Cavabdeh2 arasında 08 fevral 2021-ci il tarixli, 2716 nömrəli zaminlik müqaviləsi bağlanıb. Həmin Zaminlik müqaviləsinə əsasən, cavabdeh – Cavabdeh2 08 fevral 2021-ci il tarixli,2716 nömrəli Kredit Müqaviləsi üzrə öhdəliklərin icra edilməsi üçün əsas borclu ilə birgə məsuliyyət daşımaq barədə öhdəlik götürüb.

2. İddiaçı tərəfindən 23 yanvar 2024-cü il tarixdə tərtib edilmiş maliyyə arayışına əsasən, cavabdeh – Cavabdeh3 08 fevral 2021-ci il tarixli, 2716 nömrəli kredit müqaviləsi üzrə kredit borcu - kredit üzrə vaxtı çatan cari aylıq ödənilməli olan əsas borcun məbləği 1674 (bir min altı yüz yetmiş dörd) manat, kredit üzrə vaxtı çatan cari aylıq ödənilməli olan faiz borcunun məbləği 121 (bir yüz iyirmi bir) manat, kredit üzrə gecikdirilmiş əsas borcun məbləği 28.773,99 (iyirmi səkkiz min yeddi yüz yetmiş üç manat doxsan doqquz qəpik) manat, kredit üzrə gecikdirilmiş faiz borcunun məbləği 18.285,61 (on səkkiz min iki yüz səksən beş manat altmış bir qəpik) manat olmaqla, cəmi 48.854,60 (qırx səkkiz min səkkiz yüz əlli dörd manat altmış qəpik) manat təşkil edir.

İddiaçının tələbi:

3. İddiaçı - "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyəti və cavabdeh – Cavabdeh3 arasında bağlanmış 08 fevral 2021-ci il tarixli, 2716 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, kredit borcu - kredit üzrə vaxtı çatan cari aylıq ödənilməli olan əsas borcun məbləği 1674 (bir min altı yüz yetmiş dörd) manat, kredit üzrə vaxtı çatan cari aylıq ödənilməli olan faiz borcunun məbləği 121 (bir yüz iyirmi bir) manat, kredit üzrə gecikdirilmiş əsas borcun məbləği 28.773,99 (iyirmi səkkiz min yeddi yüz yetmiş üç manat doxsan doqquz qəpik) manat,kredit üzrə gecikdirilmiş faiz borcunun məbləği 18.285,61 (on səkkiz min iki yüz səksən beş manat altmış bir qəpik) manat olmaqla, iddia tələbinin cəmi 48.854,60 (qırx səkkiz min səkkiz yüz əlli dörd manat altmış qəpik) manat və iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 238 (iki yüz otuz səkkiz) manat məbləğdə dövlət rüsumunun cavabdeh – Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq birdəfəlik şəkildə iddiaçı - İddiaçı BankOlmayan Kredit X2 Cəmiyyətinə ödənilməsi, iddia tələbi üzrə tutmanın kredit öhdəliyinin icrasının təmini üsulu kimi yüklülüyü Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində reyestr nömrəsi **********75-05101-093024, qeydiyyat nömrəsi ********** ilə xx.xx.2021-ci il tarixdə qeydiyyata alınan, xüsusi mülkiyyət hüququ ilə cavabdeh – Cavabdeh1na məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi – 53.05 kv.metr olan 2 saylı mənzilə yönəldilməsi, ipoteka predmeti olan həmin mənzilin ilkin satış qiyməti 65.000 (altmış beş min) manat məbləğində müəyyən edilməklə açıq hərracda satılması və iddia tələbi üzrə borcun həmin satışdan əldə edilən pul vəsaiti hesabına iddiaçı - "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-yə ödənilməsi, ipoteka predmeti olan mənzilin satışından əldə edilən pul vəsaiti iddia tələbi üzrə borcun ödənilməsi üçün kifayət etmədiyi halda, qalıq borc məbləğinin ümumi icra qaydasında cavabdeh – Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı - "xxxx" BankOlmayan Kredit Təşkilatı MMC-yə ödənilməsi və iddia tələbi üzrə tutma ünvan 1 ünvanında yerləşən ümumi sahəsi – 53.05 kv.metr olan 2 saylı mənzilə yönəldildikdə və mənzil satıldıqda orada yaşayan və qeydiyyatda olan şəxslərin həmin mənzildən məcburi qaydada çıxarılması və ipoteka predmeti olan həmin mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İşdə iştirak edən şəxslərin izahatları:

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 öz izahatında qeyd etmişdir ki, cavabdehlərlə barışıq sazişi bağlanmışdır və onlar barışıq sazişi ilə razıdırlar, barışıq sazişinin hüquqi nəticələri aydındır.

5. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC ilə bağlanmış barışıq sazişi ilə razı olduğunu və onu təsdiq etdiyini bldirmişdir, barışıq sazişinin hüquqi nəticələri aydındır.

6. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC ilə bağlanmış barışıq sazişinə etiraz etmədiyini bildirmişdir, barışıq sazişinin hüquqi nəticələri aydındır.

7. Məhkəmə iclasında iştirak edən Cavabeh Cavabdeh1 nümayəndəsi (vəkili) Nümayəndə İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC ilə bağlanmış barışıq sazişi ilə razı olduqlarını bildirmişdir, barışıq sazişinin hüquqi nəticələri aydındır.

8.Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 881.1. barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. 881.2. barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur.

9.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 52.3. tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.4. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə; 191.2. hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.5. tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə; 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.2. Məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. 262.3. Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər.

Məhkəmənin mövqeyi:

10. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları, tərəflərin izahatlarını məcmu halında qiymətləndirərək və ərizəni nəzərdən keçirərək hesab edir ki, mülki iş üzrə icraata AR MPMnin 261.0.5-ci maddəsinin tələblərinə əsasən, xitam verilməlidir.

11. Belə ki, mülki iş materiallarına və tərəflərin izahatlarına əsasən müəyyən edilmişdir ki, tərəflər arasında razılıq əldə edilmiş və barışıq sazişi bağlanmışdır. İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ərizəyə əsasən, məhkəmədən mülki iş üzrə icraata xitam verilməsi xahiş edilmiş, həmçinin, aşağıdakı məzmunda barışıq sazişi məhkəməyə təqdim edilmişdir:

1. İddiaçı –İddiaçı BOKT MMC və cavabdeh – Cavabdeh3 öhdəlik götürür və razılaşırlar ki, 25 aprel 2024-cü il tarixdə 31000 manat məbləğində pul vəsaiti birdəfəlik şəkildə cavabdeh-Cavabdeh3 tərəfindən iddiaçı–İddiaçı BOKT MMC-yə ödəniləcək.

2. 31000 (otuz bir min) manat məbləğində pul vəsaiti ödənildiyi andan etibarən iddiaçı - İddiaçı BOKT MMC və cavabdeh - Cavabdeh3 arasında bağlanmış 08 fevral 2021-ci il tarixli 2716 nömrəli kredit müqaviləsi, 08 fevral 2021-ci il tarixli 2716 nömrəli ipoteka müqaviləsi, habelə 08 fevral 2021-ci il tarixli 2716 nömrəli zaminlik müqaviləsi üzrə yaranmış bütün öhdəliklər başa çatmış və nəticədə həmin müqavilələr üzrə yaranmış bütün öhdəliklərə xitam verilmş hesab edilir.

3. Bu saziş Azərbaycan dilində, eyni hüquqi qüvvəyə malik olmaqla 4 nüsxədə tərtib edilir. Saziş 1 nüsxə işə baxan məhkəmədə, digər nüsxədə isə hər birində 1 nüsxə olmaqla tərəflərdə saxlanılır.

4. Bu saziş xx.xx.2024-cü il tarixindən qüvvəyə minir. 5. Tərəflər yuxarıdakı şərtlərlə imzalanan Barışıq Sazişi ilə tam razıdır, həmin Sazişin şərtlərini tam və vaxtında yerinə yetirməyi öhdələrinə götürürlər.

12. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, tərəflər arasında mübahisə üzrə barışıq sazişi bağlanaraq məhkəməyə təqdim edildiyindən və barışıq sazişinin şərtlərinin tərəflərin hüquqlarının pozması halları aşkar edilmədiyindən mülki iş üzrə icraata xitam verilməlidir.

13. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir.

14. Mülki iş üzrə icraata xitam verildiyindən İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC tərəfindən xx.xx.2024-cü il tarixdə Hökumət ödəniş portalı vasitəsilə ödənilmiş ********** qəbz nömrəli 238 manat dövlət rüsumu da iddiaçıya geri qaytarılmalıdır.

15. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 114, 261 və 263- 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

1. İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC ilə cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli Barışıq Sazişi aşağıdakı məzmunda təsdiq edilsin: 1.1. İddiaçı –İddiaçı BOKT MMC və cavabdeh – Cavabdeh3 öhdəlik götürür və razılaşırlar ki, 25 aprel 2024-cü il tarixdə 31000 (otuz bir min) manat məbləğində pul vəsaiti birdəfəlik şəkildə cavabdeh - Cavabdeh3 tərəfindən iddiaçı – İddiaçı BOKT MMC-yə ödəniləcək. 1.2. 31000 (otuz bir min) manat məbləğində pul vəsaiti ödənildiyi andan etibarən iddiaçı - İddiaçı BOKT MMC və cavabdeh - Cavabdeh3 arasında bağlanmış 08 fevral 2021-ci il tarixli 2716 nömrəli kredit müqaviləsi, 08 fevral 2021-ci il tarixli 2716 nömrəli ipoteka müqaviləsi, habelə 08 fevral 2021-ci il tarixli 2716 nömrəli zaminlik müqaviləsi üzrə yaranmış bütün öhdəliklər başa çatmış və nəticədə həmin müqavilələr üzrə yaranmış bütün öhdəliklərə xitam verilmş hesab edilir. 1.3. Bu saziş Azərbaycan dilində, eyni hüquqi qüvvəyə malik olmaqla 4 nüsxədə tərtib edilir. Saziş 1 nüsxə işə baxan məhkəmədə, digər nüsxədə isə hər birində 1 nüsxə olmaqla tərəflərdə saxlanılır. 1.4. Bu saziş xx.xx.2024-cü il tarixindən qüvvəyə minir. 1.5. Tərəflər yuxarıdakı şərtlərlə imzalanan Barışıq Sazişi ilə tam razıdır, həmin Sazişin şərtlərini tam və vaxtında yerinə yetirməyi öhdələrinə götürürlər.

2. İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC tərəfindən xx.xx.2024-cü il tarixdə Hökumət ödəniş portalı vasitəsilə ödənilmiş ********** qəbz nömrəli 238 manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın.

3. Qərardadın rüsumun qaytarılması hissəsində icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyi Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin.

4. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər.

Hakim Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar