Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-263/2023 11.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı cavabdehdən "xxxx" ASC-nin xeyrinə 138,542.41 manat əsas, 685.06 manat faiz borcu olmaqla, cəmi 139,227.47 manat məbləğində kredit borcunun və ödənilmiş 439.23 manat dövlət rüsumunun, habelə 0.66 manat bank xidmət haqqının tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Müştəri Xidməti Departamenti ilə cavabdehZ ülfüqarlı Məhəmməd Zülfüqar oğlu arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 6284 nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 120 ay müddətinə, illik 12 faiz dərəcəsi ilə hesablanmaqla 199200.00 manat məbləğində kredit verilmişdir. Borclu Cavabdeh kredit müqaviləsi üzrə vəsaitindən tam istifadə etmiş, lakin kredit borcu və hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş qaydada ödəməkdən boyun qaçırır. Filial tərəfindən verilmiş arayışa əsasən Cavabdeh kredit müqaviləsi üzrə banka borcu 138,542.41 manat əsas, 685.06 manat faiz borcu olmaqla, cəmi 139,227.47 manat təşkil edir. Beləliklə, Cavabdeh kreditin vaxtında qaytarılması haqqında tərəfimizdən dəfələrlə xəbərdarlıq olunmuş, lakin buna baxmayaraq bu günə kimi kredit borcunun və kreditə hesablanmış faizlərin ödənilməsi üçün cavabdeh tərəfindən tədbirlər görülməmiş, müqavilə üzrə öhdəliklər yerinə yetirilməmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə müraciət edərək, Cavabdeh "xxxx" ASC-nin xeyrinə 130728.94 manat əsas, 768.50 manat faiz olmaqla, cəmi 131497.44 manat məbləğində kredit borcunun və ödənilmiş 439.23 manat dövlət rüsumunun habelə 0.66 manat bank xidmət haqqının tutulması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə iddiaçı və cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 6284 nömrəli kredit müqaviləsinə əsasən bank borcalana istehlak məqsədləri üçün 120 ay müddətinə illik 12% dərəcəsi ilə hesablanmaqla, 199200 manat məbləğində kredit verməyi öhdəsinə götürür. Borcalan bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, borcalan Cavabdeh qeyd edilən müqavilə üzrə xx.xx.2022-ci il tarixinə əsas borcu 130728.94 manat, faiz borcu 768.50 manat, cəmi 131497.44 manat məbləğində kredit borcunun və ödənilmiş 439.23 manat dövlət rüsumunun habelə bank xidmət haqqı olaraq 0.66 manat məbləğində borcu vardır. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı bildirişlərdən görünür ki, cavabdehdən borcunu bildiriş məktubunu aldığı vaxtdan etibarən 5 gün müddətində "xxxx" ASC-yə ödəməyi tələb olunur. Borc könüllü olaraq ödənilmədiyi təqdirdə bank tərəfindən borc məbləğinin borcludan məhkəmə qaydasında tutulması üçün tədbirlər görüləcəyi bildirilmişdir. İddia ərizəsinə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 439.23 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, borclu müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitinin ödənilməsinə dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı kredit müqaviləsi üzrə əsas və faiz borcunu tələb etməkdə haqlıdır. Məhkəmə həmçinin 439.23 manat məbləğində dövlət rüsumunun və 0.66 manat xidmət haqqının alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu və xidmət haqqı Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. "xxxx" ASC və Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 6284 saylı "Kredit müqaviləsi" üzrə 130728.94 (yüz otuz min yeddi yüz iyirmi səkkiz manat, doxsan dörd qəpik) manat əsas, 768.50 (yeddi yüz altmış səkkiz manat, əlli qəpik) faiz, ümumilikdə 131497.44 (yüz otuz bir min dörd yüz doxsan yeddi manat, qırx dörd qəpik) manat borcun, ödənilmiş dövlət rüsumuna görə 439.23 (dörd yüz otuz doqquz manat, iyirmi üç qəpik) manat və bank xidmət haqqına görə 0.66 (altmış altı qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq "xxxx" ASC -yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-263/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-263/2023
11.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver