Məhkəmə qərarları › İş №e-2(011)-2648/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2648/2025

02.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2648/2025 02.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Fərhadzadə Mehri Polad qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kreditin, ona hesablanmış faizlərin qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kreditin, ona hesablanmış faizlərin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit sazişi müqaviləsinə əsasən bank Borcluya 36 ay müddətinə, illik 20.5% olmaqla 25000 manat məbləğində kredit vermişdir. Hazırda borclu “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit şərtlərinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən müddətlər kredit alan tərəfindən 2 (iki) aydan artıq müddətə gecikdirildikdə, habelə ardıcıl olaraq 2 (iki) dəfə pozulduqda bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. İddia ərizəsinə tələbin sübutu kimi kredit müqaviləsi, ödəniş cədvəli, pulun kredit alana verilməsini təsdiq edən sənəd (kassa məxaric orderi), kredit alanın şəxsiyyətini təsdiq edən sənədin surəti, borc barədə maliyyə arayışı, iddia ərizəsini imzalayan bankın nümayəndəsinin buna səlahiyyəti olması barədə etibarnaməsi, bankın əməkdaşı olması barədə əmək kitabçasından çıxarış, bankın sədrinin həqiqətən hazırda sədri olması barədə Vergilər Nazirliyinin “hüquqi şəxslərin qeydiyyatı barədə reyestr”dən çıxarış əlavə edilmişdir. Borclu Cavabdeh3 və Cavabdeh1 (zaminlər) həmin sazişə əsаsən bаnk qаrşısındа öz üzərinə məsuliyyət götürərək krеdit müqаviləsindən irəli gələn öhdəliklərin icrаsı üçün borclu Cavabdeh2 ilə birgə məsuliyyət dаşıyır və krеditin qаytаrılmаsı ilə bаğlı borclu Cavabdeh2 aid bütün öhdəlikləri icrа еtməlidirlər. İddiaçı göstərilənləri nəzərə alaraq, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 birgə qaydada İddiaçı ASC-nin xeyrinə 17670,68 manat məbləğində əsas borcun, 2779,32 manat məbləğində faiz borcunun, 1138,14 manat məbləğində cərimə borcunun cəmi 21588,14 manat borcun və 155 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qismən qəbul edərək, aylıq ödənişin azaldılması üçün banka müraciət etdiyini bildirmiş, bank tərəfindən razılıq verilmədiyini bildirmiş, güzəşt olunması və faizlərin silinməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddia tələbini qismən qəbul edərək, cavabdehin hazırda öhdəliklərinin çox olduğunu, aliment ödədiyini, bank məsələsinə görə işində problem olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbinə etiraz edərək, zaminlikdən çıxdığını, sistemdə adının olmadığını bildirmişdir. Məhkəmə tərəflərin çıxışını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 03 mart 2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, bank tərəfindən borcluya 36 ay müddətinə, illik 20.5% olmaqla, 25000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC-si ilə cavabdehlər Cavabdeh1, Cavabdeh3 arasında bağlanmış 03 mart 2023-cü il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh3, yəni zaminlər borcalan Cavabdeh2 bankla arasında bağlanmış 03 mart 2023-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında İddiaçı ASC tərəfindən verilmiş 24 dekabr 2024-cü il tarixli arayışa əsasən məlum olur ki, Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış 03 mart 2023-cü il tarixli müqaviləyə əsasən, Cavabdeh2 İddiaçı ASC-yə 17670,68 manat əsas, 2527,57 manat faiz və 1138,14 manat cərimə borcu vardır. İş materiallarında olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvanladığı 16 dekabr 2024-cü il tarixli xəbərdarlığa əsasən məlum olur ki, bank tərəfindən borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq göndərilmişdir. bank, cavabdehə 17670,68 manat əsas, 2527,57 manat faiz borcu və 1138,14 manat cərimə borcu vardır, cavabdehlə bağlanmış kredit müqaviləsinin birtərəfli qaydada ləğv edilməsi və kredit borcunun dərhal ödənilməsi tələb edilmiş, əks təqdirdə borc tələbi ilə bağlı məhkəməyə müraciət olunacağı bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra bu məcəllənin müddəlarına istinad olunacaq) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. (maddə 386.1) Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.(maddə 739.1) Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.(maddə 739.2) Öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra eilməlidir. (maddə 427.3) Əgər müddət günlərlə hesablanırsa, o, sonuncu günün axırında bitir. (maddə 429.1.3) Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür. (maddə 442) Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.(maddə 448.1) Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. (maddə 445.2.1) Özgə vəsaitindən istifadə üçün faizlər əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. (maddə 449.4) Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin öz öhdəliyini tamami ilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.(maddə 470.1) Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin sussidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.(maddə 472.1) Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. (maddə 472.2) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında vurğulanmışdır ki, kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Həmin qərarda Plenum şərh vermişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Qeyd edilən maddi hüquq normalarına və işdə olan sübutlara əsaslanaraq, məhkəmə hesab edir ki, Cavabdeh2 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan, eyni zamanda zaminlik müqaviləsinə əsasən Cavabdeh1 və Cavabdeh3 borca zamin durduqlarına görə cavabdehlə birlikdə öhdəlikləri birgə icra etməli olduğu üçün, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslı olduğundan, cavabdehlərdən müştərək qaydada 03 mart 2023-cü il tarixli kredit müqaviləsinə əsasən 17670,68 manat əsas borc tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin faiz hissəsinə münasibətdə qeyd edir ki, iddiaçının iddia tələbində qeyd etdiyi məbləğdə, yəni 2527,57 manat məbləğində faizin tutulması əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı cavabdehə 16 dekabr 2024-cü il tarixdə pretenziya məktubu göndərərək ondan müqavilə üzrə bütün borcları tələb etmişdir. Bununla da, iddiaçı cəmiyyət tərəfindən müqavilə birtərəfli qaydada ləğv edilmişdir. Həmin tarixdən sonra hesablanan faiz borcu cavabdeh tərəfindən öhdəlik kimi qəbul edilə və tutula bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarından da görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Bundan başqa, müqavilənin ləğv edilməsi ilə tərəflərin yalnız həmin müqavilənin ləğv edilməsinədək yaranmış öhdəliklərin icrasını, yaxud müqavilə öhdəliyinin icrasının pozulmasından irəli gələn zərəri, o cümlədən əldən çıxmış faydanı tələb etmək hüququ tanınmalıdır. Həmin qərara əsasən məhkəmə hesab edir ki, iddiaçı 16 dekabr 2024-cü il tarixli bildirişlə müqavilənin ləğv edilməsi üçün məhkəmədən kənar qaydada birtərəfli iradə ifadəsini göstərdiyindən, bununla da iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə birtərəfli qaydada ləğv edilmiş hesab edilməli və iddiaçının həmin tarixədək yaranmış olan öhdəliklərin cavandehdən icrasını tələb etmək hüququ tanınmalıdır. Bununla yanaşı Mülki Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borcluların əmlakının saxlanılması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Mülki Məcəllənin 464.1-ci maddəsinə əsasən kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsi, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsini nəzərdə tutulubtutulmadığından asılı olmayaraq, tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən hesablanmış dəbbə pulu (cərimə) cavabdehin hazırda ödənilməmiş əsas borcuna münasibətdə tənasübsüz surətdə yüksək olduğundan müqavilə üzrə hesablanmış əsas borc məbləğinin 10% dək azaldılaraq cavabdehlərdən 03 mart 2023-cü il tarixli müqavilə üzrə 114 manat məbləğində cərimə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda qeyd edilən maddi hüquq normalarına əsaslanaraq, mülki işdə olan sübutları qiymətləndirərək, belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 17670,68 manat əsas, 2527,57 manat faiz borcu, 114 manat cərimə borcu olmaqla, cəmi 20312,25 manat məbləğində pul vəsaiti tutularaq, iddiaçıya ödənilməlidir Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutub, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 17670,68 manat əsas, 2527,57 manat faiz borcu, 114 manat cərimə borcu olmaqla, cəmi 20312,25 manat məbləğində pul vəsaiti İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia qismən təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 155 manat dövlət rüsumunun 94%, yəni 145,70 manat cavabdehdən tutularaq iddiaçıya ödənilsin, qalan 6%, yəni 9,30 manat iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar