Məhkəmə qərarları › İş №e-2(011)-2658/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2658/2025

27.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2658/2025 27.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi ilə “X2 Azərbaycan” Qapalı Səhmdar Cavabdeh qarşı “borc” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: «X2 Azərbaycan» QSC məhkəməyə ərizə ilə müraciət edərək Cavabdeh əsas məbləğ üzrə: 4973.23 AZN, faiz məbləği üzrə: 556.48 AZN, cərimə məbləği üzrə: 87.56 AZN, cəmi borc: 5617.27 AZN məbləğində kredit borcu, həmçinin dövlət büdcəsinə köçürülmüş 76.17 AZN məbləğində dövlət rüsumunun “X2 Azərbaycan” QSC-nin хeyrinə tutulması (ödənilməsi) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə “X2 Azərbaycan” QSC və Cavabdeh arasında 301643 nömrəli Kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, Bankımız tərəfindən borcalan Cavabdeh istehlak yönümlü 5000 manat məbləğində pul ayrılmışdır və о, 36 ay müddətində kreditin əsas məbləği və оna illik 16 % faiz dərəcəsi olmaqla hesablanmış faizləri razılaşdırılmış qaydada ödəniş cədvəlinə əsasən geri ödəməli idi. «X2 Azərbaycan» QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, bоrcalan Cavabdeh kredit müqaviləsinin şərtlərini pоzaraq kreditin əsas məbləğini və оna hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaхtdan mütəmadi оlaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı хəbərdarlıq edilməsinə baхmayaraq, öhdəliyi icra etməmiş və bu günədək bоrcu ödəməmişdir. Cavabdehin kredit müqaviləsinə əsasən “X2 Azərbaycan” QSC-yə оlan bоrcu: əsas məbləğ üzrə: 4973.23 AZN faiz məbləği üzrə: 556.48 AZN cərimə məbləği üzrə: 87.56 AZN cəmi borc: 5617.27 AZN məbləğində təşkil edir. İddiaçının nümayəndəsi Nümayəndə xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iş üzrə iddiaçı “X2 Azərbaycan” QSC-nin iddiasının tam təmin olunması, eyni zamanda işin baxılmamış saxlanılması barədə qərardaddan verdikləri şikayət təmin olunduğundan, iddia tələbi ilə yanaşı ödənilmiş 50 manat məbləğində dövlət rüsumunun da ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir, məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, 301643 nömrəli kredit müqaviləsindən görünür ki, borcverən «X2 Azərbaycan» QSC və borcalan Cavabdeh arasında kredit müqaviləsi bağlanmışdır. Kreditin məbləği 5000 AZN, müddəti 36 ay, illik faiz dərəcəsi 16%, məqsədi və təyinatı borcalan tərəfindən fərdi ehtiyac üçün istifadə edilməsidir. Müqavilənin 4.1-ci maddəsinə əsasən, borcalan kreditin və ona hesablanmış faizlərin bu müqavilə ilə müəyyən edilmiş qaytarılması müddətlərini və (və ya) şərtlərini pozduqda, bu müqavilə üzrə nəzərdə tutulan illik faiz dərəcəsinə beş faiz bəndi əlavə edilib hesablanmaqla gecikdirilmə faizlərini ödəyir. Müqavilənin 6.6-cı maddəsinə əsasən, Cavabdeh həmin müqavilə üzrə 5000 manat məbləğində kredit vəsaitinin Bankdakı 07465513 №-li hesabına təlimatı (razılığı) əsasında köçürüldüyünü təsdiq edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 301643 nömrəli kredit müqaviləsi üzrə kreditin qaytarılma qrafikindən görünür ki, Cavabdeh verilən kreditin illik faiz dərəcəsi 16%, başlanğıc tarixi xx.xx.2024-cü il, bitmə tarixi xx.xx.2027-ci il, kredit məbləği 5000 manat, aylıq ödəniş 175.79 manat (yalnız xx.xx.2027-ci il tarixli sonuncu ödəniş 177.15 manat) təşkil edir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh iddiaçıya hazırki borcu əsas borc 4973.23 manat, hesablanmış və ödənilməmiş faiz borcu 556.48 manat, cərimə borcu 87.56 manat, cəmi borc 5617.27 manatdır. İş materiallaından görünür ki, xx.xx.2024-cü ildə «X2 Azərbaycan» QSC tərəfindən Cavabdeh bildiriş (pretenziya) göndərilməklə ondan kredit müqaviləsinə əsasən olan borcun 5 iş günü ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə bank tərəfindən məhkəməyə müraciət ediləcəyi qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, **********30 saylı mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 76.17 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 9/2867 saylı ekspert rəyindən görünür ki, hesabdan çıxarış məlumatlarına əsasən, Cavabdeh ilə «X2 Azərbaycan» QSC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 301643 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh maliyyə arayışı müddətinə, yəni xx.xx.2025-ci il tarixinə banka olan borcu əsas borc üzrə 4973.23 manat, faiz borcu üzə 863.52 manat təşkil edir. Həmin Rəyə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, «X2 Azərbaycan» QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli kredit müqaviləsi əsasında sonuncu bankdan 5000 manat məbləğində kredit alaraq, üzərinə həmin müqavilə üzrə müəyyən edilmiş müddətdə borcu qaytarmaq barədə öhdəlik götürmüş, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirsə də, cavabdeh kredit müqaviləsi ilə şərtləşdirilmiş öhdəliklərindən yayınaraq müqavilədə nəzərdə tutulmuş aylıq ödənişləri yerinə yetirməmiş və hazırda banka ödənilməmiş əsas, faiz və cərimə borcu qalmışdır, bu barədə iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Bununla belə, cavabdehin müqavilə üzrə nəzərdə tutulan öhdəliklərinin icrasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, cavabdehdən tutulmalı olan əsas borcun məbləğini müəyyən edərkən ekspert rəyinə iş üzrə tədqiq edilmiş digər sübutlarla yanaşı qiymət verərək hesab edir ki, həmin rəy sübut kimi qəbul edilməli, əsas borc məbləği, ekspertin həmin məbləğ üzrə gəldiyi nəticəyə uyğun olaraq 4973.23 manat həddində müəyyən edilməlidir. Məhkəmə, faiz borc məbləğini, ekspertin həmin məbləğ üzrə gəldiyi nəticəyə deyil, iddia tələbində göstərilən məbləğə uyğun olaraq müəyyən edir. Bu onunla izah olunur ki, ekspert rəyində göstərilən məbləğ iddia tələbində göstərilən məbləğdən çox olmaqla iddia tələbindən kənara çıxır. Belə olan halda məhkəmə hesab edir ki, faiz borc məbləği iddia tələbində göstərilən həddə (556.48 manat) müəyyən edilməlidir. Məhkəmə, kreditorun əmlak mənafelərini nəzərə almaqla, yuxarıda adı çəkilən müqavilə üzrə tənasübsüz surətdə yüksək hesablanmış cərimə məbləğinin 50 manat həddində müəyyən edilməsini məqsədəmüvafiq sayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 4973.23 manat məbləğində əsas borc, 556.48 manat məbləğində faiz borcu, 50 manat cərimə borcu olmaqla ümumilikdə 5579.71 manat borc «X2 Azərbaycan» QSC-nin xeyrinə tutulmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən məhkəmə xərcləri iddianın təmin edildiyi həcmdə cavabdehə aid edilməli, iddiaçı tərəfindən dövlət rüsumu qismində ödənilmiş məbləğin əvəzi olaraq 75.80 manat, həmçinin işin baxılmamış saxlanılmasından şikayət verilməsi zamanı ödənilmiş 50 manat Cavabdeh alınaraq «X2 Azərbaycan» QSC-yə, işə baxılması ilə əlaqədar keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 115-ci maddəsinə görə ekspertizanın keçirilməsi ilə bağlı çəkilən xərc məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh əsas məbləğ üzrə 4973.23 AZN, faiz məbləği üzrə 556.48 AZN, cərimə məbləği üzrə 50 AZN olmaqla, ümumilikdə 5579 (beş min beş yüz yetmiş doqquz) manat 71 (yetmiş bir) qəpik məbləğində kredit borcu, həmçinin dövlət rüsumu qismində ödənilmiş 75 (yetmiş beş) manat 80 (səksən) qəpik və 50 (əlli) manat məhkəmə xərci alınaraq “X2 Azərbaycan” QSC-yə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP XİİS hesabı: Dövlət xəzinadarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN:**********, Hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar