Məhkəmə qərarları › İş №e-2(011)-2659/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2659/2025

25.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2659/2025 25.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi ilə, İddiaçı “X1 Azərbaycan” QSC-nin Cavabdeh qarşı “pul” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı “X1 Azərbaycan” QSC Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “X1 Azərbaycan” QSC-nin xeyrinə 10.604,18 manat əsas, 1,184,65 manat faiz, 546,29 manat cərimə borcu, xərclər və komissiyalar üzrə 2,00 manat, cəmi 12.337,12 manat məbləğində vəsaitin və ödənilmiş 127,01 manat dövlət rüsumunun tutulması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “X1 Azərbaycan” QSC ilə Cavabdeh arasında “Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında” qarışıq müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, bank tərəfindən borcalan Cavabdeh istehlak yönümlü 10.000 manat məbləğində, 5 (beş) il müddətinə kredit kart limiti (kredit xətti) açılmışdır. “Kart/əlavə kart sahibi” həmin kredit kart limiti (kredit xətti) üzrə istifadə etmiş olduğu vəsaiti (krediti) və ona hesablanmış faizləri, komisyonları və həmçinin nəzərdə tutulmuş digər ödənişləri (bütün borcları) bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə “Bank”a qaytarmağı (ödəməyi) öhdəsinə götürmüşdür. Müqavilənin 4.21.2-ci bəndinə əsasən “Bank”ın “Kart/əlavə kart sahibi”nin istifadə etmiş olduğu vəsaiti (krediti) və vəsait (kredit) üzrə faizləri, komissiya və digər nəzərdə tutulmuş ödənişləri (haqları) vaxtında, müqavilə ilə müəyyən edilmiş şərtlərlə qaytarılması tələb etmək, tələbləri yerinə yetirilmədikdə kartın fəaliyyətini dayandırmaqla (bloklaşdırmaqla), borcun qaytarılması üçün qanunvericilikdə nəzərdə tutulmuş bütün tədbirləri həyata keçirmək, o cümlədən məhkəməyə müraciət etmək hüququ vardır. Müqavilənin 4.22.3-cü bəndinə əsasən “Kart/əlavə kart sahibi” kredit kartından istifadə nəticəsində yaranmış borcunu (larını) və/və ya borcu üzrə faizləri, komissiya və digər nəzərdə tutulmuş ödənişləri vaxtında və müqavilə ilə müəyyən edilmiş şərtlərlə ödəmək (qaytarmaq) vəzifəsi daşıyır. Bu müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədikdə yaranmış borcların geri qaytarılması ilə bağlı “Bank”ın çəkdiyi (çəkməli olduğu) bütün xərclərin əvəzini, habelə əldən çıxmış faydasını “Bank”a ödəmək vəzifəsini daşıyır. “X1 Azərbaycan” QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, borcalan Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi icra etməmiş və bu günədək borcu ödəməmişdir. Nəticədə cavabdehin “X1 Azərbaycan” QSC-yə 10.604,18 manat əsas, 1,184,65 manat faiz, 546,29 manat cərimə borcu, 2,00 manat müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc, cəmi 12.337,12 manat məbləğində vəsaitin və ödənilmiş 127,01 manat dövlət rüsumunun borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. İddiaçı “X1 Azərbaycan” QSC tərəfindən məhkəməyə ərizə ünvanlanaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, “X1 Azərbaycan” QSC ilə Cavabdeh arasında “Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında” qarışıq müqavilə bağlanılmışdır. Həmin müqavilənin 4.26.1-ci maddəsinə əsasən "Bank" 5 (beş) il müddətinə 10.000 manat (AZN) məbləğində "Kart/əlavə kart sahibinə" kredit kartı limitini (kredit xətti) açır. "Kart/əlavə kart sahibi" isə həmin kredit kartı limiti (kredit xətti) üzrə istifadə etmiş olduğu vəsaiti (krediti) və ona hesablanmış faizləri, komisyonları və həmçinin nəzərdə tutulmuş digər ödənişləri (bütün borcları) bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə "Bank"a qaytarmağı (ödəməyi) öhdəsinə götürür. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh xx.xx.2012-ci il tarixli “Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında” qarışıq müqaviləsinə əsasən 10.604,18 manat əsas, 1,184,65 manat faiz, 546,29 manat cərimə borcu, 2,00 manat müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc, cəmi 12.337,12 manat məbləğində vəsaitin və ödənilmiş 127,01 manat dövlət rüsumu borcu vardır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti üzrə əsas borcu və ona hesablanmış faizləri tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri və digər pul öhdəliklərini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında həmin kreditdən yaranan pul öhdəliklərini lazımi qaydada icra etməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, cavabdehdən göstərilən kredit müqaviləsi üzrə 10.604,18 manat əsas borc və 1,184,65 manat məbləğində faiz borcu tutulmalıdır. Məhkəmə həmçinin iddianın müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə 2,00 manat məbləğində xərclərinin ödənilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, “Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında” qarışıq müqaviləsinin 4.14.-cü maddəsində 2 (iki) manat məbləğində komisyon haqqı nəzərdə tutulduğundun, iddia bu hissədə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə həmçinin iddianın 546,29 manat məbləğində cərimə borcunun ödənilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia ərizəsində göstərilən cərimənin 546,29 manat məbləğində deyil, 270 manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin iddianın 127,01 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbləri qismən təmin edilsin. xx.xx.2012-ci il tarixli “Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında” qarışıq müqaviləyə əsasən 10.604,18 manat (on min altı yüz dörd manat on səkkiz qəpik) əsas borc, 1,184,65 manat (bir min yüz səksən dörd manat altmış beş qəpik) faiz borcu, 270 (iki yüz yetmiş manat) manat cərimə borcu, 2 (iki) manat komissiya borcu olmaqla, cəmi 12.060,83 (on iki min altmış manat səksən üç qəpik) manat məbləğində pul vəsaiti və 127,01 (bir yüz iyirmi yeddi manat bir qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı “X1 Azərbaycan” QSC-ə ödənilsin. İddia tələbləri qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar