Məhkəmə qərarları › İş №e-2(011)-2665/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2665/2024

18.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2665/2024 18.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun tutulması” barədə kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 03 yanvar 2022-ci il tarixli, BY000564 nömrəli nisyə satış müqaviləsi və ona əlavələrə əsasən, satıcı İddiaçı MMC tərəfindən alıcı Cavabdeh dəyəri 1829 manat olan “Apple iPhone 11 Single Sim 128GB/black” markalı mobil telefonun satılması, cavabdeh tərəfindən ilkin olaraq 250 manatın ödənilməsi, qalan 1579 manatın isə müqaviləyə 1 saylı əlavəyə uyğun olaraq 12 ay müddətinə hissə-hissə ödənilməsi razılaşdırılmışdır. Tərəflər arasında bağlanmış 03 yanvar 2022-ci il tarixli, BY000564 saylı müqaviləyə 2 saylı əlavədən görünür ki, alıcı Cavabdeh xx.xx.2022-ci il tarixdə 1 ədəd “Apple iPhone 11 Single Sim 128GB/black” markalı mobil telefonu təhvil-təslim aktına imza etməklə qəbul etmişdir. Lakin cavabdeh müqavilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş, ilkin ödəniş də daxil olmaqla, cəmi 1586.5 manat məbləğində ödəniş etmiş, 03 yanvar 2022-ci il tarixli, BY000564 saylı müqavilə üzrə 15 yanvar 2023-cü il tarixinə 242.5 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Cavabdehə qalıq borcun ödənilməsi, əks halda məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq göndərilmiş, lakin cavabdeh yenə də öz üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməyərək, borcunu ödəməmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli nisyə satış müqaviləsinnin 2.1.4-cü maddəsinə əsasən, “Alıcı” bu müqavilə üzrə ona verilmiş mal(lar)ın dəyərini vaxtında ödəmədikdə (lazımınca ödəmək öhdəliyini ən azı iki dəfə pozduqda), habelə bu müqavilə ilə müəyyən edilmiş hər hansı bir öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə, “Satıcı” bu müqaviləyə xitam verilibverilməməsindən asılı olmayaraq borcun vaxtından əvvəl qaytarılmasını “Alıcı”dan tələb edə bilər. Göstərilənləri nəzərə alaraq, Cavabdeh 03 yanvar 2022-ci il tarixli, BY000564 saylı nisyə satış müqaviləsi üzrə ödənilməmiş 242.50 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Cavabdehin iddiaçının tələbinə dair etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış 03 yanvar 2022-ci il tarixli müqavilədən və həmin müqaviləyə əlavədən görünür ki, cavabdehə dəyəri 1829 manat olan “Apple iPhone 11 Single Sim 128GB/black” markalı mobil telefon verilmişdir. İş materiallarında olan 15 yanvar 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MMC ilə bağladığı 03 yanvar 2022-ci il tarixli müqaviləyə əsasən 242.50 manat ödənilməmiş borcu vardır. İş materiallarında olan İddiaçı MMC-nin Cavabdeh ünvanladığı 11 dekabr 2023-ci il tarixli xəbərdarlığa əsasən məlum olur ki, cavabdehə qısa müddətdə borcun ödənilməsi ilə bağlı xəbərdar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra bu məcəllənin müddəlarına istinad olunacaq) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. (maddə 386.1) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissəhissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqmda müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-nin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı ilə bağladığı 03 yanvar 2022-ci il tarixli müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan, cavabdehdən 242,50 manat ödənilməmiş borc tutularaq iddiaçıya ödənilməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 03 yanvar 2022-ci il tarixli müqaviləyə əsasən 242,50 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu İddiaçı MMC -nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar