Məhkəmə qərarları › İş №e-2(011)-2672/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2672/2022

27.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2672/2022 27.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarınının artırılması” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14.05.2019-cu il tarixində X11 Zülfüqar oğlunun sədrliyi ilə keçirilən 2(009)-1440/2019 nömrəli qətnaməyə əsasən övladları 03 noyabr 2010 təvəllüdlü X7 və 27 iyul 2014 təvəllüdlü X8 üçün ayrılmış alimentin sabit pul məbləğinə keçirilməsini xahiş etmişdir. 26.04.2022-ci il tarixdə iddiaçı T.İddiaçı məhkəməyə yazılı ərizə ilə müraciət edərək, 03 noyabr 2010-cu il təvəllüdlü X3 və 27 iyul 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 193 manat olmaqla cəmi 386 manat alimentin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı T.İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçı ilə hazırda boşanmışdırlar, birgə nikahdan 03 noyabr 2010-cu il təvəllüdlü X7 və 27 iyul 2014-cü il təvəllüdlü X8 adlı iki uşaqları var, uşaqlar hazırda öz himayəsindədir, uşaqlar hazırda məktəbə gedir, onların xərcləri, məsrəfləri, məktəbə verilən fond pulu və s. olmaqla indi olduqca artmışdır, cavabdehlə 2019-cu ildə boşanmışdırlar, bu zaman onun əmək haqqının üçdə bir miqdarında aliment tutulmuşdur, cavabdeh aliment olaraq hər ay 434 manat pul ödəmişdir, lakin indi cəmi 250 manat ödəniş edir, uşaqlar böyüyür, hər ikisi məktəbə gedir, 250 manat iki uşağın saxlanması üçün kifayət etmir, özü hazırda fiziki şəxs yanında mühasibdir, cəmi 360 manat pul alır. Sonda T.İddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, elə ay olmuşdur ki, hətta uşaqlara 650 manat pul ödəmişdir, maaşı stabil olmamışdır, 2021-ci ilin may ayınadək maaşından 480 manat alimentə pul tutulmuşdur, əlavə olaraq da tutulmuşdur, vəziyyətin belə olmasını istəməzdi, maaş alanda ödəniş edirdi, hazırda 563 manat banka da pul ödəyir, indi aldığı pensiyadan özünə pul qalmır, bununla belə, hətta aliment də ödəyir, 4 ay kartından uşaqlara görə pul tutulmamışdır, bununla bağlı Xətai icraya bildirmişdir, hazırda aliment borcu vardır, əgər bir uşaq özündə olarsa, digərinin saxlanması üçün 200 manat verməyə razıdır, 10-15 günə işi bərpa olacaqdır, həmçinin 2020-ci ildə yenidən evlənmişdir, hazırda alimentin 33% olaraq qalmasını istəyir, 250 manat ödəməyə gücü çatır. Sonda Cavabdeh qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1440/2019 saylı 14.05.2019-cu il tarixli Qətnaməsindən görünür ki, Cavabdeh ilə X6 arasında qeydə alınmış nikah pozulmuş, tərəflərin birgə nikahdan olan 03 noyabr 2010-cu il təvəllüdlü X3 və 27 iyul 2014-cü il təvəllüdlü X4 anaları X1 yanında saxlanılması, Cavabdeh 09 aprel 2019-cu il tarixdən başlayaraq 03 noyabr 2010-cu il təvəllüdlü X3 və 27 iyul 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay aylıq qazancının 1/3 hissəsi miqdarında aliment tutularaq X2 ödənilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İ seriyalı 326598 saylı Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X6 arasındakı nikah pozulmuşdur, bu barədə 11 avqust 2019-cu ildə 159 № ilə qeyd edilmişdir. İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi tərəfindən verilmiş 11 noyabr 2021-ci il tarixli **********1 saylı Arayışın surətindən görünür ki, Cavabdeh yaşa görə 756 manat 18 qəpik məbləğində pensiya ödənilir. İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi tərəfindən verilmiş 22 aprel 2022-ci il tarixli **********3 saylı Arayışdan görünür ki, Cavabdeh yaşa görə 756 manat 18 qəpik məbləğində pensiya təyin edilib, əlavə olaraq pensiya məbləğinin 10 faizi - 75,62 manat miqdarında 31.12.2022-ci il tarixinədək hər ay maddi yardım ödənilir. İş materiallarında olan AZ-İİ seriyalı 368445 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X5 arasında 03.11.2019-cu il tarixdə nikah qeydə alınmışdır, bu barədə akt qeydləri kitabında həmin gündə 2637 № ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Beynəlxalq Bankı 05.07.2018 tarixli Kredit müqaviləsinə 1 №-li Əlavədən görünür ki, Cavabdeh illik 23 %, aylıq ödəniş 563.9 manat olmaqla, 60 ay müddətinə 20000 manat kredit verilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflərin birgə nikahından 03 noyabr 2010-cu il təvəllüdlü X7 və 27 iyul 2014-cü il təvəllüdlü X8 adlı iki yetkinlik yaşına çatmayan uşaqları var, nikah pozulduqdan sonra uşaqlar iddiaçının yanında saxlanılmış və hal-hazırda da onun yanındadır, məhkəmə qətnaməsi əsasında müəyyən olunmuş hər ay əmək haqqının 1/3 hissəsi miqdarında aliment məbləği uşaqların saxlanması məqsədi ilə yetərli deyil və aliment məbləğinin artırılması tələbi onların əvvəlki yaşayış səviyyəsinin saxlanması zərurəti ilə sıx bağlıdır, iddia tələbi alimentin sabit pul məbləğində tutulması barədədir, cavabdeh hazırda işləmir. Bununla belə, aliment məbləğinin artırılmasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1440/2019 saylı 14.05.2019-cu il tarixli qətnaməsi əsasında cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin məbləğinin miqdarının dəyişdirilməsi məsələsini müzakirə edərkən, tərəflərin maddi və ailə vəziyyətini, cavabdehin hazırda işsiz olmasını, uşaqların yaş həddini, onların əvvəlki təminat səviyyəsini və mənafelərinin müdafiəsi zəruriliyi kimi diqqətəlayiq halları, habelə qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu nəzərə alaraq, alimentin sabit pul məbləğində, miqdarının isə hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat həddində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasının tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 iyul 2016-cı il tarixli Qərarına əsasən, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu” haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, 2022-сi il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat təşkil edir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, məhkəmə iş materialları əsasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1440/2019 saylı 14.05.2019-cu il tarixli qətnaməsi ilə nəzərdə tutulan alimentin miqdarı dəyişdirilərək, 03 noyabr 2010-cu il təvəllüdlü X3 və 27 iyul 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, Cavabdeh hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməlidir Məhkəmə, dövlət rüsumunun kimdən və hansı məbləğdə tutulmasına münasibətdə isə hesab edir ki, aliment tələbinə görə iddiaçı dövlət rüsumunu ödəməkdən azad olduğundan, cavabdehin dövlət rüsumundan azad olma halı məhkəmə tərəfindən müəyyən olunmadığından və artırılmış alimentin məbləğinin illik ödəmə məcmusu 1000 manatdan az olduğundan cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1440/2019 saylı 14.05.2019-cu il tarixli qətnaməsi ilə nəzərdə tutulan alimentin miqdarı dəyişdirilərək, 03 noyabr 2010-cu il təvəllüdlü X3 və 27 iyul 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, Cavabdeh hər ay, hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınaraq Dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar