Məhkəmə qərarları › İş №e-2(011)-2698/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2698/2022

04.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2698/2022 04.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “müqavilə üzrə borcun tutulması” barədə ərizəsinə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı “müqavilə üzrə borcun tutulması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 03 sentyabr 2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********61068 olan Samsung Galaxy A41 markalı telefon üçün 628.80 manat ödənilməmiş hissə, 62.20 manat cərimə borcu; 12 noyabr 2020-ci il tarixli müqaviləyə əsasən, Sony TV üçün 1.956,60 manat ödənilməmiş hissə, 195.40 manat cərimə borcu olmaqla, ümumilikdə 2.843 manat borc və 48.43 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 03 sentyabr 2020-ci il və 12 noyabr 2020-ci il tarixli alğı-satqı müqavilələrinə əsasən, cavabdeh Samsung Galaxy A41 markalı telefon və Sony TV almış və nəticədə cavabdehin 2.843 manat borcu yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə 03 sentyabr 2020-ci il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 838.80 manat olan Samsung Galaxy A41 markalı telefon üçün ümumilikdə 691 manat olmaqla 628.80 manat ödənilməmiş hissə, 62.20 manat cərimə borcu; 12 noyabr 2020-ci il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 1.956,60 manat olan Sony TV üçün ümumilikdə 2152 manat olmaqla 1.956,60 manat ödənilməmiş hissə, 195.40 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 210 manat təşkil edir. Cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə məlumatlandırılmışdır. Cavabdehin əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, tərəflər arasında alğı-satqı müqavilələri bağlanmış, cavabdeh Samsung Galaxy A41 markalı telefon və Sony TV almışdır. Müqavilələrə əsasən cavabdeh öhdəliyi lazımınca icra etmədiyindən onun 07 mart 2022-ci il tarixə borcu yaranmışdır. Cavabdehə yaranmış borcla bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İş materialları ilə müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nisyə alğı-satqı müqavilələrinə əsasən Cavabdeh müqavilələr üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilələrin şərtlərini pozmuşdur. Buna görə də, iddiaçı göstərilən müqavilələrin şərtlərinin icrasını və ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Beləliklə məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi hər iki müqavilə üzrə əsas borca aid hissədə əsaslıdır və tam təmin edilməlidir. Məhkəmə iddianın dəbbə pulunun ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, 03 sentyabr 2020-ci il tarixli müqavilə üzrə hesablanmış 62.20 manat cərimə məbləği azaldılaraq 6 manat məbləğində; 12 noyabr 2020-ci il tarixli müqavilə üzrə hesablanmış 195.40 manat cərimə məbləği azaldılaraq 20 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 03 sentyabr 2020-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş 628.80 manat əsas borc, 6 manat cərimə borcu; 12 noyabr 2020-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş 1.956,60 manat əsas borc, 20 manat cərimə borcu olmaqla, cəmi 2.611,40 manat pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iş materiallarından göründüyü kimi iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərkən 48.43 manat məbləğində dövlət rüsumu ödəmişdir, iddia tələbi qismən təmin olunduğundan cavabdehdən 48.43 manat məbləğində rüsum tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. 03 sentyabr 2020-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş 628.80 (altı yüz iyirmi səkkiz manat səksən qəpik) manat əsas borc, 6 (altı) manat cərimə borcu; 12 noyabr 2020-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş 1.956,60 (bir min doqquz yüz əlli altı manat altmış qəpik) manat əsas borc, 20 (iyirmi) manat cərimə borcu olmaqla, cəmi 2.611,40 (iki min altı yüz on bir manat qırx qəpik) manat pul vəsaiti və dövlət rüsumuna görə ödənilmiş 48.43 (qırx səkkiz manat qırx üç qəpik) manat Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar