Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-272/2024 11.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi Behbudov Orxan Elşən oğlunun katibliyi ilə, İddiaçı Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsinə” dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi: İddiaçı Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı- "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli YH-351/14 saylı kredit müqaviləsi ləğv edilərək, cəmi 433613.43 manat - bundan 181088.58 manat əsas, 119481.62 manat faiz və 133043.23 manat borcu və iş üzrə ödənilmiş 723,61 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat rüsumun Cavabdeh tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, ev 27A, mənzil 429, (Yeni qaydalarla: ünvan 1 ünvanında 14-cü mərtəbədə 123.4 kv.m. ümumi, 75.2 kv.m. yaşayış, 48.2 kv.m. yardımçı sahədən ibarət 3 otaqlı mənzilə yönəlməsi, - əmlakın likvid satış qiyməti müəyyən edilərək açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh Əmanətlərin Sığortalanması Fondunun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə mürcaiət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli YH-351/14 saylı kredit müqaviləsi ləğv edilərək, cəmi 495315.04 manat– bundan 184854.33 manat əsas, 134370.81 manat faiz və 176089.90 manat cərimə borcu və iş üzrə ödənilmiş 785.32 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat rüsumun Cavabdeh tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, ev 27A, mənzil 429, (Yeni qaydalarla: ünvan 1 ünvanında 14-cü mərtəbədə 123.4 kv.m. ümumi, 75.2 kv.m. yaşayış, 48.2 kv.m. yardımçı sahədən ibarət 3 otaqlı mənzilə yönəlməsi, əmlakın likvid satış qiyməti müəyyən edilərək açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh Əmanətlərin Sığortalanması Fondunun xeyrinə tutulması, ipoteka qoyulmuş mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan Cavabdeh və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsindən ən geci bir ay ərzində çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə "xxxx" MTK arasında ünvan 2 ünvanında MTK tərəfindən tikintisi aparılan çoxmərtəbəli yaşayış kompleksində müştərilərə satılmış mənzillərin dəyərinin Bank tərəfindən kreditləşdirilməsi barədə xx.xx.2013-cü il tarixində müqavilə imzalanmışdır. Bundan sonra "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Yeni Həyat filialı (Borcverən) ilə Cavabdeh (İ Borcalan) və "xxxx" MTK (İİ Borcalan) arasında bağlanmış xx.xx.2014-cü il tarixli YH-351/14 saylı kredit müqaviləsinə əsasən Cavabdeh"xxxx" kompleksində mənzil alınması məqsədi ilə 120 (yüz iyirmi) ay müddətinə illik 12 (on iki) faiz dərəcəsi ilə 207.650 (iki yüz yeddi min altı yüz əlli) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən, kredit üçün faizlər İ Borcalan tərəfindən illik 10 %-lə, İİ Borcalan tərəfindən illik 2 %-lə Borcverənə ödənilir. Azərbaycan Respublikası 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016cı il tarixli, 2-1(81)-1541/2016 saylı qərarı ilə "xxxx" ASC müflis elan edilməklə, iflas prosesinə başlanılmış, həmin Məhkəmənin xx.xx.2016-cı il tarixli qərardadı ilə Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi təyin edilmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 03 noyabr 2016-cı il tarixli 2-1(81)-1541/2016 nömrəli qərardadına əsasən ləğv prosesində olan "xxxx" ASC-nin "xxxx" layihəsinə aid kredit portfeli banka qarşı kreditor tələbinin əvəzi kimi Əmanətlərin Sığortalanması Fonduna köçürülməsi qərara alınmışdır. Bank müflis olduqdan sonra kredit üzrə faiz dərəcəsi Kredit müqaviləsi üzrə Borcalanın üzərinə düşən faiz dərəcəsinə (10 %) uyğunlaşmışdır. Əmanətlərin Sığortalanması Fondu ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-cı il tarixli ADİF-133/17 saylı ipoteka müqaviləsinə əsasən verilmiş kreditin təminatı kimi Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2017-ci il tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********63-05301-093158 olan arayışına əsasən xüsusi mülkiyyət hüququ üzrə Cavabdehməxsus Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, ev 27A, mənzil 429, (Yeni qaydalarla: ünvan 1 ünvanında 14-cü mərtəbədə 123.4 kv.m. ümumi, 75.2 kv.m. yaşayış, 48.2 kv.m. yardımçı sahədən ibarət 3 otaqlı mənzil ipotekaya qoyulmuşdur. İpoteka müqaviləsi bağlanarkən X1 notariat qaydada təsdiq edilmiş ərizə təqdim edərək həmin mənzilin ipoteka qoyulmasına etiraz etməmişdir. İpoteka müqaviləsi 06 saylı Dövlət notariat kontoru tərəfindən təsdiq edildikdən sonra mənzilin ipoteka ilə yüklü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2017-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan, (İ borcalan) Cavabdeh, (İİ borcalan) "xxxx" MTK ilə (borcverən) "xxxx" ASC arasında bağlanmış YH-351/14 saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, "xxxx" MTK tərəfindən ünvan 3 ünvanında tikintisi aparılan “Azure Parkinq” kompleksində mənzil alınması məqsədi ilə "xxxx" ASC tərəfindən Cavabdeh illik 12% dərəcəsi ilə, 120 ay müddətinə 207650 manat kredit verilmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 1541/2016 saylı, xx.xx.2016-cı il tarixli qərardadı ilə Ləğv prosesində olan "xxxx" ASC-nin "xxxx" layihəsinə aid 30.836.570 manat məbləğində kredit portfelini 5.194.019 manat güzəştli şərtlə Əmanətlərin Sığortalanması Fondunun banka qarşı kreditor tələbinin əvəzi kimi Əmanətlərin Sığortalanması Fonduna köçürülməsi, Kredit portfelinə aid istənilən növ təminat hüquqları Fonda ötürülməsi, Kredit portfelinin təminatı olan 5.194.019 manat məbləğində depozit üzrə bankın öhdəliyinin Fonda köçürülməsi ilə əlaqədar qeyd olunan depozitlər üzrə yüklülüyə xitam verildiyi halda həmin öhdəliyin depozit sahibinə ödənilməsi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməsi qərara alınmışdır. İş materiallarında olan, 42 nömrəli, xx.xx.2017-ci il tarixli sazişdən görünür ki, Əmanətlərin Sığortalanması Fondu , "xxxx" MTK və Cavabdeh arasında korperativlə müştəri arasında bağlanmış xx.xx.2014-cü il tarixli 05/538 saylı müqavilənin mənzilə mülkiyyət hüququna dair Daşınmaz Əmlaka Dövlət Reyestrindən çıxarış alınmasını nəzərdə tutan 11.3-cü maddəsinin və fond , müştəri və kooperativ arasında bağlanmış xx.xx.2014-cü il tarixli YH-351/14 saylı kredit müqaviləsinin kredit üzrə öhdəliklərin icrasının təminatını nəzərdə tutazn 4-cü bəndinin və öhdəliyin təminat üsulunun əvəz edilməsini nəzərdə tutan 11.2-ci maddəsinin şərtlərinin tam icrasını təmin etmək məqsədi ilə saziş bağlamışlar. İş materiallarında olan, nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X1 və X2 ilə xx.xx.1985-ci il tarixdə Bakı şəhər Nizami rayon VVADQ şöbəsində nikah bağlanmış, ərə Şahtaxtinski, arvada Şahtaxtinskaya soyadı verilmişdir. İş materiallarında olan X1 tərəfindən verilən ərizədən görünür ki, Cavabdeh məxsus Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi 27A (Yeni qaydalarla: Bakı şəhər, Xətai rayonu, F.Qəmbərov 78,M14, m7) ünvanda yerləşən 429 saylı mənzilin ipoteka (girov) qoyulmasına etiraz etməmiş, ipotekaya (girova) qoyulmuş əmlaka tələb yönəldiyi halda heç bir məhkəmə qətnaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən qeydşərtsiz tərk edəcəyini bildirmişdir. İş materiallarında olan, borclunun göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasının təminatı kimi ipoteka saxlayan Əmanətlərin Sığortalanması Fondu ilə ipoteka qoyan Cavabdeh arasında ünvan 5 (Yeni qaydalarla: Bakı şəhər, Xətai rayonu, F.Qəmbərov 78,M14, m7) ünvanında yerləşən 123.4 kv.metr ümumi sahədən ibarət 429 nömrəli mənzilə dair xx.xx.2017 -ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli çıxarışdan görünür ki, xeyrinə hüquq yüklü edilən şəxs Əmanətlərin Sığortalanması Fondu, hüququ yüklü edilən şəxs Cavabdeh, yüklülüyün növü ipoteka, yüklü edilən əmlak isə ünvan 5 (Yeni qaydalarla: Bakı şəhər, Xətai rayonu, F.Qəmbərov 78,M14, m7) ünvanında yerləşən 123.4 kv.metr ümumi sahədən ibarət 429 nömrəli mənzildir. İş materiallarında olan borc haqqında arayışdan görünür ki, Cavabdeh xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə 181088.58 manat əsas borc, 119481.62 manat faiz borcu və borcun gecikdirildiyinə görə hesablanmış və tələb olunan 133043.23 manat cərimə borcu olmaqla, cəmi 433613,43 manat borcu qalmışdır. İş materiallarında olan, xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Əmanətlərin Sığortalanması Fondu tərəfindən cavabdehə borcun ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə vaxtından əvvəl olaraq bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan, Əmanətlərin Sığortalanması Fondu tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə verilmiş kredit borcunun ödənilməsinə və ipoteka predmetinə tutma yönəldilməsinə dair bildirişin qeydiyyata alınması barədə ərizəyə əlavə olunmuş qəbzlərdən görünür ki, tərəflərindən xx.xx.2022-ci il tarixdə 15 manat və 30 manat vəsait ödənilmişdir. İş materiallarında olan , xx.xx.2023-cü il tarixli, ********** saylı qəbzdən görünür ki, iddiaçı məhkəməyə ərizə ilə müraciət edərkən 724 manat məbləğində dövlət rüsumu tərəflərindən ödənilmişdir. İş materiallarında olan , xx.xx.2024-cü il tarixli, ********** saylı qəbzdən görünür ki, iddiaçı məhkəməyə ərizə ilə müraciət edərkən 58 manat məbləğində dövlət rüsumu tərəflərindən ödənilmişdir. İş materiallarında olan , xx.xx.2024-cü il tarixli, ********** saylı qəbzdən görünür ki, iddiaçı məhkəməyə ərizə ilə müraciət edərkən 4 manat məbləğində dövlət rüsumu tərəflərindən ödənilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/691 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli YH-351/14 saylı kredit müqaviləsi üzrə borclunun xx.xx.2023-cü il tarixə banka olan borcu əsas borc üzrə 192.107,89 manat, faiz borcu üzrə 162.971,53 manat olmaqla, ümumilikdə 355.079,42 manatdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/3399 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, xx.xx.2014-cü il tarixli YH-351/14 saylı kredit müqaviləsi şərtlərinə müvafiq olaraq Cavabdeh xx.xx.2023-cü il tarixə banka olan borcu əsas borc üzrə 184.854,33 manat, faiz borcu üzrə 130.681,74 manat olmaqla, ümumilikdə 315.536,07 manatdır. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Cavabdeh mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən 429 nömrəli mənzilin hazırki bazar dəyəri 330.000 manat, likvid dəyəri 315.000 manat müəyyən olunmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən cərimə əsassız və şişirdilmiş məbləğdir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cərimə pulunu azalda bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Azərbaycan Respublikası MM-nin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Azərbaycan Respublikası MM-nin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə xx.xx.2023-cü il tarixli qərardadında qeyd edilmişdir ki, əgər tərəflər arasında ipoteka müqaviləsi 2018-ci il 28 dekabr tarixinədək, yəni “İpoteka haqqında” Qanunun 59.4-cü maddəsinə bu Qərardadın 16-cı bəndində göstərilən düzəliş edilənədək bağlanmışdırsa, ipoteka predmeti olan yaşayış evlərindən və mənzillərdən cavabdehlərin məcburi qaydada çıxarılmasına dair tələblərə mahiyyəti üzrə hüquqi qiymət verilməlidir, lakin tərəflər arasında ipoteka müqaviləsi 2018-ci il 28 dekabr tarixindən sonra bağlanmışdırsa, ipoteka qoyulmuş fərdi yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda “ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələrinə və qeydiyyatdan çıxarılmalarına dair” iddia tələbləri hissəsində iddia ərizəsinin icraata qəbulundan Mülki Prosessual Məcəllənin 153.1 və 153.2.1-ci maddələrinə əsasən imtina olunmalı, əgər iddia artıq icraata qəbul edilmişdirsə, Mülki Prosessual Məcəllənin 261.0 və 261.0.1-ci maddələrinə uyğun olaraq iş üzrə icraata həmin hissədə xitam verilməlidir. Habelə qeyd olunmalıdır ki, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyanın, onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməli olmaları “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinin tələblərindən irəli gəlir. Həmin maddənin tələbləri baxımından, bunun üçün aşağıdakı 2 şərtdən ən azı birinin mövcud olması zəruridir: - yaşayış evi və ya mənzilin ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulması və ya; - ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslərin ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olmaları. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də, iddia qismən təmin edilməlidir. Mülki işdən görünür ki, YH-351/14 saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, "xxxx" MTK tərəfindən ünvan 3 ünvanında tikintisi aparılan “Azure Parkinq” kompleksində mənzil alınması məqsədi ilə "xxxx" ASC tərəfindən Cavabdeh illik 12% dərəcəsi ilə, 120 ay müddətinə 207650 manat kredit verilmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehə borcunu ödəməsini xatırlatmasına baxmayaraq cavabdeh borcunu ödəmədiyindən, iddiaçı borcun qaytarılmasını tələb etməkdə haqlıdır və iddia qeyd edilən hissədə təmin edilməlidir. Həmçinin məhkəmə iddia tələbinin “tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tariхli, YH-351/14 №-li kredit müqaviləsinin ləğv edilməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, iddia qeyd edilən hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi 120 ay müddətinə bağlanmışdır. Yəni, kredit müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixdə bitmişdir. Müddəti bitmiş kredit müqaviləsi ləğv edilə bilməz. Məhkəmə iddia tələbinin 184854,33 manat məbləğində əsas borc və 134370,81 manat faiz borcuna münasibətdə qeyd edir ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/3399 saylı, xx.xx.2024cü il tarixli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, xx.xx.2014-cü il tarixli YH-351/14 saylı kredit müqaviləsi şərtlərinə müvafiq olaraq Cavabdeh xx.xx.2023-cü il tarixə banka olan borcu əsas borc üzrə 184.854,33 manat, faiz borcu üzrə 130.681,74 manat müəyyən edildiyindən, iddia tələbi bu hissədə qismən təmin edilərək, cavabdehdən ekspert rəyinə uyğun olaraq 184.854,33 manat əsas borc, faiz borcu üzrə 130.681,74 manat tutulmalıdır. Məhkəmə həmçinin iddianın 176089,90 məbləğində cərimə borcunun ödənilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi də qismən əsaslıdır. Belə ki, iddiaçının 184.854,33 manat əsas borca nisbətdə 176089,90 manat cərimə əsassız və şişirdilmiş məbləğdir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehlərin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə (cərimə) pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, 184.854,33 manat əsas borca münasibətdə 176089,90 manat cərimə pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 9000 manat cərimə pulu tutulmalıdır. Məhkəmə iddia tələbinin “ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat rüsumunun Cavabdeh tutulmasına” dair hissəsinə münasibətdə hesab edir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan, təmin edilməlidir. Məhkəmə həmçinin tələbin Cavabdeh məxsus ipoteka qoyulmuş daşınmaz əmlaka yönəldilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, borclunun göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasının təminatı kimi ipoteka saxlayan Əmanətlərin Sığortalanması Fondu ilə ipoteka qoyan Cavabdeh arasında ünvan 5 (Yeni qaydalarla: Bakı şəhər, Xətai rayonu, F.Qəmbərov 78,M14, m7) ünvanında yerləşən 123.4 kv.metr ümumi sahədən ibarət 429 nömrəli mənzilə dair xx.xx.2017 -ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlaka yönəldilməsini məhkəmə qaydasında tətbiq etməkdə haqlıdır. Odur ki, iddianın həmin hissəsi təmin edilərək, borc tələbi kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlaka yönəldilməlidir. Məhkəmə eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən daşınmaz əmlaka yönəldilməsi ipoteka ilə yüklü edilmiş qeyd edilən əmlakın açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiymətinə dair tərəflər arasında razılaşma olmadığından, ipoteka predmetinin ilkin satış qiyməti ekspert rəyi əsasında məhkəmə tərəfindən ünvan 5 (Yeni qaydalarla: Bakı şəhər, Xətai rayonu, F.Qəmbərov 78,M14, m7) ünvanında yerləşən 123.4 kv.metr ümumi sahədən ibarət 429 nömrəli mənzilinin likvid qiyməti 315000 manat məbləğində müəyyən edilməklə, qeyd edilən daşınmaz əmlak açıq hərracdan satılmalı və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən kredit borcu ödənilməlidir. Habelə məhkəmə iddia tələbinin “satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh Əmanətlərin Sığortalanması Fondunun xeyrinə tutulmasına” dair hissəsinə münasibətdə hesab edir ki, iddia tələbi bu hissədə də əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə eyni zamanda, iddia tələbinin “ipoteka qoyulmuş mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan Cavabdeh və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsindən ən geci bir ay ərzində çıxarılmalarına” dair hissəsini araşdıraraq hesab edir ki, qeyd edilən daşınmaz əmlak ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduğundan, iddia tələbi həmin hissədə təmin edilməlidir. Belə ki, tərəflər arasında hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, iddianın təmin edilmiş hissəsi 324536,07 manat olduğundan və iddia tələbi qismən təmin olunduğundan cavabdehdən 614,54 manat məbləğində vəsait alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, işə baxılması ilə əlaqədar məsrəflər də – ekspertiza tədqiqatlarının dəyəri olaraq 200 manat məbləğində pul vəsaiti də Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməlidir. Mütəxəssis rəyinin alınmasına görə 300 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 184854,33 (yüz səksən dörd min səkkiz yüz əlli dörd manat, otuz üç qəpik) manat məbləğində əsas, ona hesablanmış 130681,74 (yüz otuz min altı yüz səksən bir manat, yetmiş dörd qəpik) manat məbləğində faiz borcu, 9000 (doqquz min) manat məbləğində cərimə borcu, cəmi 324536,07 (üç yüz iyirmi dörd min beş yüz otuz altı manat, yeddi qəpik) manat məbləğində borcun və dövlət rüsumu kimi ödənilmiş 614,54 (altı yüz on dörd manat, əlli dörd qəpik) manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 (qırx beş) manat rüsum Cavabdeh tutularaq Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilsin. Tələb Cavabdeh mülkiyyətində olan ünvan 5 (Yeni qaydalarla: Bakı şəhər, Xətai rayonu, F.Qəmbərov 78,M14, m7) ünvanında yerləşən 123.4 kv.metr ümumi sahədən ibarət 429 nömrəli mənzilinə yönəldilsin. ünvan 5 (Yeni qaydalarla: Bakı şəhər, Xətai rayonu, F.Qəmbərov 78,M14, m7) ünvanında yerləşən 123.4 kv.metr ümumi sahədən ibarət 429 nömrəli mənzilin ilkin satış qiyməti 315 000 (üç yüz on beş min) manat məbləğində olmaqla açıq hərracdan satılsın. Satışdan əldə olunmuş vəsait kredit borcuna yönəldilsin və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh Əmanətlərin Sığortalanması Fondunun xeyrinə tutulsun. İpoteka qoyulmuş mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan Cavabdeh və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsindən ən geci bir ay ərzində çıxarılsınlar. İddia tələbi qalan hissədə təmin edilməsin. 200 (iki yüz) manat məbləğində ekspertiza tədqiqatlarının dəyəri Cavabdeh tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. 300 (üç yüz) manat məbləğində mütəxəssis rəyinin dəyəri Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasıya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №e-2(011)-272/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-272/2024
11.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver