Məhkəmə qərarları › İş №e-2(011)-273/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-273/2024

08.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-273/2024 08.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi Behbudov Orxan Elşən oğlunun katibliyi Cavabdeh iştirakı ilə İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı “borc tələbi və tələbin ipoteka predmetinə məhkəmə qaydasında yönəldilməsinə” dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi: İddiaçı BOKT ASC Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh kreditin əsas borcu üzrə 6702.81 manat məbləğində qalıq, ona hesablanmış 646.57 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1000 manat məbləğində dəbbə pulu, cəmi 8349.38 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 103.50 manat məbləğində pulun tutulması, tələbin Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi 98, mənzil 44-ə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti 134000 manat olmaqla açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına kreditin əsas borcu üzrə 6702.81 manat məbləğində qalıq, ona hesablanmış 646.57 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1000 manat məbləğində dəbbə pulu, cəmi 8349.38 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 227.67 manat məbləğində pulun İddiaçı BOKT ASC-yə ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış 26 sentyabr 2021-ci il tariхli, 2021/00256-01 №-li İstehlak Krеditi Müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə illik 30% hesablanmaq şərti ilə 17800 manat məbləğində krеdit vеrilmişdir. Krеdit müqaviləsinin təminatı оlaraq Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi 98, mənzil 44-ü (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış Reyestr № **********52-05101-093008, Qeydiyyat № **********, tarix xx.xx.2020) ipoteka predmeti kimi İddiaçı BOKT ASC-yə təqdim etmiş və bu barədə 29 sentyabr 2021-ci il tariхli, 2021/00256-01İP №-li İpoteka Müqaviləsi bağlanmışdır. Qeyd olunan ipoteka müqaviləsi xx.xx.2021-ci il tarixində qeydə alınmış və müvafiq çıxarış verilmişdir (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış, Reyestr № **********52- 05101-093008, Qeydiyyat № **********). İpoteka ilə yüklü edilmiş əmlakın dəyəri ipoteka qoyan və ipoteka saxlayanın razılığına əsasən 104000 manat məbləğində müəyyən edilmişdir. Ödəniş cədvəli, hesabdan çıxarış və borc haqqında arayışdan da göründüyü kimi, cavabdeh tərəfindən kredit üzrə ödənişlər mütəmadi olaraq pozulmuşdur. Vəsaitin cavabdehin hesabına köçürüldüyü vaxtdan bəri onun tərəfindən Kredit Müqaviləsinin tələblərinə əməl olunmamış, kredit və ona hesablanmış faizlərin ödənilməsində pozuntulara yol verilmişdir. İddianın qiyməti: 21 iyul 2023-cü il tarixinə kreditin əsas borcu üzrə 6702.81 manat məbləğində qalıq, ona hesablanmış 646.57 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1000 manat məbləğində dəbbə pulu,cəmi 8349.38 manat məbləğində borc yaranmışdır. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbinə etiraz etməyərək, qətnamə çıxarılan vaxt onun tərəfindən edilən ödənişlərin nəzərə alımasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan 2021/00256-01saylı, xx.xx.2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı BOKT ASC tərəfindən Cavabdeh 24 ay müddətinə illik 31,09 % hesablanmaq şərti ilə 17800 manat məbləğində krеdit vеrilmişdir. İş materiallarında olan, borclunun göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasının təminatı kimi ipoteka saxlayan "xxxx" ASC ilə ipoteka qoyan Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə ünvan 1 ünvanında yerləşən 89,53 kv.metr ümumi sahədən ibarət 44 nömrəli mənzilə dair ipoteka müqaviləsi bağlanmışdır. İş materiallarında olan borc haqqında arayışdan görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə 6702,81 manat məbləğində qalıq, ona hesablanmış 646,57 manat məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1000 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 8349,38 manat borcu qalmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1, 44 nömrəli mənzil Cavabdeh xüsusi mülkiyyətindədir. İş materiallarında olan, xx.xx.2023-cü il tarixli bildiriş məktubundan görünür ki, İddiaçı BOKT ASC tərəfindən cavabdehə borcun ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə vaxtından əvvəl olaraq bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan , ********** saylı, xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəməyə ərizə ilə müraciət edərkən 227,67 manat məbləğində dövlət rüsumu tərəflərindən ödənilmişdir. İş materiallarında olan, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5909/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/7455 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış 29 sentyabr 2021-ci il tarixli, 2021/00256-01 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh İddiaçı BOKT ASC-yə müqavilə müddətinin sonuna yəni xx.xx.2023-cü il tarixə olan əsas borc üzrə 7166,96 manat, faiz borcu üzrə 686,83 manat olmaqla ümumilikdə 7853,79 manat müəyyən edilmişdir. İş materiallarında olan, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-273/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq və əmtəəşünaslıq ekspertizası təyin olunmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/37xx-xx/3554 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 89,53 olan, 3 otaqlı orta təmirli mənzilin mövcud orta bazar dəyəri təqribən 173 250 (89,53 x 1935 man) manat, likvid dəyəri təqribən (173 250 – 10%) 155 900 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-273/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq və əmtəəşünaslıq ekspertizası təyin olunmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/1008-9/10xx-xx/1084 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, ödəniş qəbzləri və xx.xx.2021-ci il tarixdə bağlanmış 2021/00256-01 saylı kredit müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh xx.xx.2023-cü il tarixə banka olan borcu əsas borc üzə 4488,08 manat, faiz borcu üzrə 183,26 manat müəyyən edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən cərimə əsassız və şişirdilmiş məbləğdir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cərimə pulunu azalda bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Azərbaycan Respublikası MM-nin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Azərbaycan Respublikası MM-nin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. Həmin Qanunun 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Həmin Qanunun 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. Məhkəmənin mövqeyi: Məhkəmə cavabdehin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də, iddia qismən təmin edilməlidir. Mülki işdən görünür ki, 2021/00256-01saylı, xx.xx.2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı BOKT ASC tərəfindən Cavabdeh 24 ay müddətinə illik 31,09% hesablanmaq şərti ilə 17800 manat məbləğində krеdit vеrilmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehə borcunu ödəməsini xatırlatmasına baxmayaraq cavabdeh borcunu ödəmədiyindən, iddiaçı borcun qaytarılmasını tələb etməkdə haqlıdır və iddia qeyd edilən hissədə təmin edilməlidir. Məhkəmə iddia tələbinin 6702,81 manat məbləğində əsas borc və 646,57 manat faiz borcuna münasibətdə qeyd edir ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/1008-9/10xx-xx/1084 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, ödəniş qəbzləri və xx.xx.2021-ci il tarixdə bağlanmış 2021/00256-01 saylı kredit müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh xx.xx.2023-cü il tarixə banka olan borcu əsas borc üzə 4488,08 manat, faiz borcu üzrə 183,26 manat müəyyən edildiyindən, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Məhkəmə həmçinin iddianın 1000 məbləğində dəbbə borcunun ödənilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi də qismən əsaslıdır. Belə ki, iddiaçının 4488,08 manat əsas borca nisbətdə 1000 manat dəbbə əsassız və şişirdilmiş məbləğdir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehlərin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə (cərimə) pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, 4488,08 manat əsas, 1000 manat cərimə pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 224 manat cərimə pulu tutulmalıdır. Məhkəmə həmçinin tələbin Cavabdeh məxsus ipoteka qoyulmuş daşınmaz əmlaka yönəldilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarından görünür ki, borclunun göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasının təminatı kimi ipoteka saxlayan "xxxx" ASC ilə ipoteka qoyan Cavabdeh arasında ünvan 1 ünvanında yerləşən 69,53 kv.metr ümumi sahədən ibarət 44 nömrəli mənzilə dair xx.xx.2021-ci il tarixdə ipoteka müqaviləsi bağlanmışdır. Məhkəmə hesab edir ki, iddia tələbin ipotekaya yönəldilməsi və mənzildən çıxarılma hissəsində ona görə rədd edilməlidir ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında müvafiq qeydə alınmamışdır. Buna görə iddiaçının hazırda məhz ipoteka predmentinə dair tələb irəli sürmək hüququ yaranmamışdır. Odur ki, iddia həmin hissədə təmin edilməməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, iddianın təmin edilmiş hissəsi 4895,34 manat olduğundan və iddia tələbi qismən təmin olunduğundan cavabdehdən 68,95 manat məbləğində alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, işə baxılması ilə əlaqədar məsrəflər də – ekspertiza tədqiqatlarının dəyəri olaraq 300 manat məbləğində pul vəsaiti də Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 4488,08 (dörd min dörd yüz səksən səkkiz manat, səkkiz qəpik) manat məbləğində əsas, ona hesablanmış 183,26 (yüz səksən üç manat, iyirmi altı qəpik) manat məbləğində faiz borcu, 224 (iki yüz iyirmi dörd) manat məbləğində dəbbə pulu, cəmi 4895,34 (dörd min səkkiz yüz doxsan beş manat, otuz dörd qəpik) manat məbləğində borcun və dövlət rüsumu kimi ödənilmiş 68,95 (altmış səkkiz manat, doxsan beş qəpik) manat Cavabdeh tutularaq İddiaçı BOKT ASC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. 300 (üç yüz) manat məbləğində ekspertiza tədqiqatının dəyəri Cavabdeh tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasıya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar