Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2743/2025 13.03.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi ilə, İddiaçı cavabdeh X1 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh X1 qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 400 manat əsas borc və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə bağlanmış müqavilə üzrə cavabdehin "xxxx" MMC-yə qeyd olunan məbləğdə borcu yaranmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılaraq iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş cavabdeh X2 İddiaçı MMC-dən alınmış velosipeddə qüsur olduğu üçün velosipedin mağazaya geri qaytarıldığını, hazırda velosipedin onlarda olmadığını bildirərək, iddiaya etiraz etmişdir. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, baxış iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə baxış iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında 20 ay müddətinə hər ay 20 manat hissə-hissə ödəniş etmək şərti ilə, ümumilikdə dəyəri 400 manat təşkil edən məişət avadanlığının alqı-satqısına dair müqavilə bağlanılmışdır. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, “Vista 26-ZY550-40” markalı velosiped alıcı Cavabdeh tərəfindən təhvil alınmışdır. xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, cavabdeh İddiaçı MMCyə olan borcunun ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixli alqısatqı müqaviləsi üzrə cavabdehin 400 manat ödənilməmiş əsas borcu vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə görə, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601-ci maddəsinə əsasən, əşyanın nisyə alınması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mövqeyi: Məhkəməyə təqdim olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı müqavilə üzrə öz öhdəliklərini icra edərək, müqavilənin predmeti olan məhsulu cavabdehə təhvil vermiş, cavabdeh isə müqavilə üzrə müəyyən olunmuş şərtlər daxilində malı əldə etməsinə, həmin malın dəyərini hissə-hissə ödəməsinə dair öhdəlik götürməsinə baxmayaraq, öhdəliyi icra etməkdən yayınmışdır. Məhkəmə hazırda cavabdehin alqı-satqı müqaviləsi üzrə 400 manat ödənilməmiş əsas borcunun qaldığını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə həmçinin, cavabdehin alınan malda qüsur olduğu və malın iddiaçıya geri qaytarıldığı barədə iddiaya etirazın dəlilinə münasibətdə qeyd edir ki, xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına əsasən cavabdeh tərəfindən təhvil alınmış “Vista 26-ZY550-40” markalı velosipedin iddiaçıya qaytarılması, hazırda həmin əşyanın cavabdehdə deyil, iddiaçıda olması iş materialları ilə sübut olunmur. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən Cavabdeh 400 manat əsas borc və 30 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Leyla Şövkətli-Mənsimli
Məhkəmə qərarları › İş №e-2(011)-2743/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2743/2025
13.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver