Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-275/2022 16.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" X2 Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı ona vurulmuş maddi ziyandan qalıq qalan 559,37 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə, cavabdeh xx.xx.2021-ci il tarixdə etibarnamə ilə idarə etdiyi “Mercedes Benz 290” markalı, ** CA *** dövlət qeydiyyat nişanlı avtomobili (bundan sonra - Avtomobil) Sabunçu rayonu, H.Əliyev prospekti ilə üzü Hava limanı istiqamətində idarə edərkən yol nəqliyyat hadisəsi törətmiş və nəticədə iddiaçıya məxsus 1 ədəd “Mitaş” 1 konsullu H-12 tipli işıq dirəyini zədələmişdir. Bakı şəhər Sabunçu RPİ-nin xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən cavabdeh barəsində İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inibati xətanı törətməkdə təqsirli bilinmişdir. Dəymiş zərər iddiaçı tərəfindən 3359 manat məbləğində müəyyən edilmiş və həmin zərərin 2799,63 manat hissəsi cavabdehin mülki məsuliyyətini icbari qaydada sığortalamış "xxxx" ASC tərəfindən iddiaçıya ödənilmişdir. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək, iddiasını onunla əsaslandırmışdır ki, cavabdehin yol nəqliyyat hadisəsi törətməsi nəticəində ona məxsus 1 ədəd “Mitaş” 1 konsullu H-12 tipli işıq dirəyi sıradan çıxaraq müəssisəyə 3359 manat məbləğində maddi ziyan dəymişdir. Hadisə ilə bağlı Bakı şəhər Sabunçu RPİ-nin 15 aprel 2021-ci il tarixdə “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərar qəbul etmişdir. Sabunçu rayon DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edilən AP ******* saylı İnzibati xəta haqqında protokola əsasən yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs cavabdeh tanınmışdır. Cavabdeh tərəfindən idarə edilən nəqliyyat vasitəsinin mülki məsuliyyətinin icbari sığortası "xxxx" ASC-də sığortalanmışdır. Bu səbəbdən "xxxx" ASC tərəfindən iddiaçının bank hesabına mütənasib qaydada 2799,63 manat məbləğində sığorta ödənişi ödənilmişdir. xx.xx.2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində müəssisəyə dəymiş 3359 manat məbləğində maddi ziyandan qalıq olarq qalan 559,37 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Cavabdeh maddi ziyanın ödənilməsi üçün müəssisəyə dəfələrlə dəvət edilsə də, gəlməməklə ödənişdən imtina etmişdir. İddiaçının nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək iddanın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzürlü olması barədə məhkəməyə əvvəlcədən məlumat vermədiyindən, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə uyğun olaraq məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin mübahisəsiz halları ilə müəyyən edilir ki, xx.xx.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsində cavabdehin təqsiri tam sübuta yetirilərək, onun barəsində inzibati xəta haqqında protokol tərtib edilməklə, inzibati qaydada tənbeh edilmişdir. Cavabdehin təqsiri nəticəsində iddiaçıya maddi zərər dəymişdir. İş üzrə təyin edilmiş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 10/6818 saylı, xx.xx.2022-ci il tarixli rəyinə əsasən cavabdeh tərəfindən törədilmiş yol nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus işıq dirəyinin dəyəri və təmir bərpa işlərinin xərci 2486 manat təşkil edir. Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Qeyd edilən müddəaların mənasından aydın olur ki, zərərin vurulmasına səbəb olan əməlin qanuna zidd olması, zərərvuran şəxsin təqsirli (qəsd və ya ehtiyyatsızlığı) olması, zərərçəkənə zərər vurulması və təqsirkar şəxsin əməli ilə (ziyan və ya zərər vurulmasına gətirib çıxaran) nəticə arasında səbəbli əlaqənin olması əməlin mülki hüquq pozuntusu hesab edilməsini şərtləndirən əsaslardır. MM-nin 1108-ci maddəsində isə zərər vurulmasının və kim tərəfindən ödənilməsinin konkret halı nəzərdə tutulmuşdur. Həmin normada zərərvuran şəxs yüksək təhlükə mənbəyinə mülkiyyət və digər qanuni əsasla sahiblik edən şəxsdir (fiziki və ya hüquqi şəxsdir). Müddəadan göründüyü kimi, avtomobil yüksək təhlükə mənbəyi hesab edilir və əgər mənbəyə mülkiyyət və digər qanuni əsasla sahiblik edən şəxs mənbənin onun sahibliyindən iradəsindən kənar (digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində) çıxdığını sübuta yetirərsə, bu halda dəymiş zərəri ödəməkdən azad edilir (Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır, MM-nin 1108.2-ci maddəsi). Qeyd edilən qanunvericilik normalarına əsaslanaraq məhkəmə hesab edir ki, iddia təmin edilərək cavabdehin təqsiri nəticəsində iddiaçıya dəymiş zərərin əvəzi ödənilməldir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, ekspertiza tətqiqatının dəyəri kimi hesablanmış 50 manat məbləğində ekspertiza xərci və 30 manat dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatadək olduqda 30 manat dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 559,37 manat məbləğində pul iddiaçı "xxxx" X2 xeyrinə tutulsun. 50 manat məbləğində ekspertiza xərci və 30 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №e-2(011)-275/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-275/2022
16.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver