Məhkəmə qərarları › İş №e-2(011)-2750/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2750/2025

25.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2750/2025 25.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 Cavabdeh nümayəndəsi X3 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, ALYANS-PARİS Dolab, ALYANS-PARİS çarpayı, döşək üçün 456 manat ödənilməmiş hissə, 136.80 manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, İmei kodu **********33215 olan SAMSUNG GALAXY A10 markalı telefon üçün 336 manat ödəniməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.60 manat rüsum, 100.80 manat cərimə, ümumilikdə 1053.20 manat məbləğində borc və 30.54 manat dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən "xxxx" MMC-nin nümayəndəsi X4 iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli və xx.xx.2020-ci il tarixli müqavilələrə əsasən, cavabdeh ALYANS- PARİS Dolab, ALYANS-PARİS çarpayı, döşək və İmei kodu **********33215 olan SAMSUNG GALAXY A10 markalı telefon almış və nəticədə 1053.20 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2184 manat (yəni 24 ay * 91 manat + 0 manat ilkin ödəniş) olan ALYANS-PARİS Dolab, ALYANS-PARİS çarpayı, döşək üçün ümumilikdə, 592.80 manat olmaqla, ondan 456 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum 23.6 manat, müştəriyə güzəşt olunaraq 136.80 manat cərimə pulu borcu yaranmışdır. xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən isə alqı-satqı qiyməti 504 manat (21 ay * 24 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********33215 olan SAMSUNG GALAXY A10 markalı telefon üçün ümumilikdə 460.40 manat olmaqla, ondan 336 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum 23.6 manat, güzəşt olunaraq 100.80 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, ALYANS-PARİS Dolab, ALYANS-PARİS çarpayı, döşək, QİZİL ZƏMANƏT 1 İL xidmətindən imtina etmiş və 1718 manat borcundan silinmişdir. Cavabdehin cəmi ödədiyi məbləğ 1896 manat təşkil edir. Cavabdehin xx.xx.2019-cu il tarixli, 01050159 saylı və xx.xx.2020-ci il tarixli, 20110446 saylı müqavilələr üzrə son ödəniş tarixi xx.xx.2022-ci ildir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 01050159 saylı və xx.xx.2020-ci il tarixli, 20110446 saylı müqavilələrin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktlarından görünür ki, cavabdeh əldə etdiyi məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığında, həmçinin cavabdehə göndərilmiş xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması üçün cavabdehin üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri lazımınca icra etməmişdir. Həmçinin Müştəri “Müqavilə”-nn şərt(lər)ini pozduğu, pul öhdəliyini lazımı qaydada icra etmədiyi hal(lar)da “ABC” “mal”-ın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyəti tədbiq edə, məhdudiyyətin aradan qaldırılması üçün müqavilənin 3.5-ci bəndinə əsasən İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsumu tələb edə bilər. “Müştəri”nin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə adının rislki müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə bilər. X1 iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddiaçı "xxxx" MMC ilə aralarında xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixli müqavilələr bağlanmışdır. xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, ALYANS-PARİS Dolab, ALYANS-PARİS çarpayı, döşək əldə edib. Mənzilə əşyalar özləri tərəfindən gətirildikdən sonra usta quraşdırdı, yataq dəstində, yəni çarpayıda qüsur aşkar edildi, dərhal çarpayını geri götürmələri ilə bağlı zəng edildi. "xxxx" MMC-nin əməkdaşları gəldilər və qüsurlu malı geri apardılar. Buna baxmayaraq hal-hazırda iddiaçı "xxxx" MMC əsassız və haqsız olaraq geri apardığı mebelin pulunun tutulmasını istəyir. İddia tələbi ilə razı olmadığını qeyd edən Cavabdeh sonda qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 20110446 saylı müqavilədən görünür ki, həmin müqaviləyə əsasən, ALYANS-PARİS Dolab, ALYANS-PARİS çarpayı, döşək və Yeni QİZİL ZƏMANƏT (MEBEL) 1 İL xidməti bu müqavilənin predmetini təşkil edir (Müqavilənin 2.1-ci bəndi). Bu mallara dair geniş məlumat və onların qiyməti bu müqavilənin ayrılmaz tərkib hissəsi olan müvafiq Əlavə ilə müəyyənləşdirir (Müqavilənin 2.2-ci bəndi). Müqavilənin ödəmə qaydası Əlavədə qeyd olunub (Müqavilənin 3.7-ci bəndi). Müqavilənin 3.10-cu bəndinə əsasən, Müştəri “ABC”-nin razılığ ilə müvafiq çatdırılma, quraşdırılma, daşınma, sökülmə xərclərini qarşıladığı halda “Mal”ı geri qaytara bilər. Bu zaman Mal “ABC”nin özü və ya onun müəyyənləşdirdiyi subyekt tərəfindən birtərəfli qaydada qiymətləndirilir və qiymətləndirmə nəticəsində müəyyən edilmiş məbləğ Müştərinin ümumi borcundan çıxılır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Əlavə-Ödəniş cədvəlindən görünür ki, bu Əlavə-Ödəniş cədvəli xx.xx.2020-ci il tarixli, 20110446 saylı müqavilənin ayrılmaz tərkib hissəsidir, müştərinin əldə etdiyi mallar-ALYANS-PARİS Dolab, ALYANS-PARİS çarpayı, döşək və YENİ QİZİL ZƏMANƏT 1 İL xidməti üçün toplam məbləğ 2184 manat (24 ay * 91 manat) təşkil edir. Əlavə-Ödəniş cəvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli bildirişdən və əşyaların təhvil-təslim aktının surətindən görünür ki, Cavabdeh 20110446 nömrəli Müqaviləyə əsasən ALYANS- PARİS Dolab, ALYANS-PARİS çarpayı, döşək adlı malları tam qüsursuz halda təhvil aldığını təsdiqləmişdir. İş materiallarında olan Qiymtələndirmə Aktlarından görünür ki, xx.xx.2021 tarixində döşək üretan 84 manat, ALYANS-PARİS çarpayı 360 manat və ALYANS-PARİS Dolab 1272 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 01050159 saylı Müqavilədən görünür ki, İmei kodu **********33215 olan SAMSUNG GALAXY A10 markalı telefon və Yeni QİZİL ZƏMANƏT (Rəqəmsal) 2 İL xidməti bu müqavilənin predmetini təşkil edir (Müqavilənin 2.1-ci bəndi). Bu mala dair geniş məlumat və malın qiyməti bu müqavilənin ayrılmaz tərkib hissəsi olan müvafiq Əlavə ilə müəyyənləşdirir (Müqavilənin 2.2-ci bəndi). Müştəri “Müqavilə”-nn şərt(lər)ini pozduğu, pul öhdəliyini lazımı qaydada icra etmədiyi hal(lar)da “ABC” “mal”-ın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyəti tədbiq edə bilər (Müqavilənin 3.4-cüü bəndi). Müqavilənin 3.5-ci bəndinə əsasən, müqavilənin 3.4-cü bəndinin icrası ilə əlaqədar "xxxx" MMC əlavə ödənişlər tələb edə bilər. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 01050159 saylı Müqavilənin ayrılmaz tərkib hissəi olan Əlavə-Ödəniş cədvəlindən görünür ki, İmei kodu **********33215 olan SAMSUNG GALAXY A10 markalı telefonun toplam dəyəri (ilkin ödəniş daxil olmaqla) 504 manat (21 ay * 24 manat) təşkil edir. Əlavə-Ödəniş cəvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli Əşyaların təhvil-təslim aktından görünür ki, İmei kodu **********33215 olan SAMSUNG GALAXY A10 markalı telefon və Yeni QİZİL ZƏMANƏT (Rəqəmsal) 2 İL xidmətini Cavabdeh 01050159 nömrəli Müqaviləyə əsasən tam qüsursuz halda təhvil aldığını təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “Maliyyə və ödəniş cədvəli”ndən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə üzrə borcu əsas borca görə ödənilməmiş məbləğ 456 manat, 136.8 manat cərimə pulu borcu, ümumilikdə 592.8 manat təşkil edir. Cavabdeh xx.xx.2019-cu il tarixli Müqavilə üzrə borcu əsas borca görə ödənilməmiş məbləğ 336 manat, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.60 manat rüsum, 100.80 manat cərimə pulu borcu olmaqla, ümumilikdə 460.40 manat təşkil edir. Hər iki müqavilə üzrə Cavabdeh borcu əsas borca görə ödənilməmiş məbləğ 792 manat, cəriməyə görə 237.6 manat, ümumilikdə ödənilməmiş borc 1053.20 manat təşkil edir. Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən ALYANS-PARİS Dolab, ALYANS-PARİS çarpayı, döşək, Yeni QİZİL ZƏMANƏT(MEBEL) 1 İL xidmətindən xx.xx.2021-ci il tarixində imtina etmiş və məhsul 1718 manat qiymətləndirilərək, borcundan silinmişdir. "xxxx" MMC müddəti keçmiş məbləğ üzrə formalaşmış toplam cərimə məbləğinin 1-ci müqavilə üzrə 319.2 manatını, ikinci müqavilə üzrə 235.2 manatını cavabdehə güzəşt edir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Arayışdan görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh nisyə alqı-satqı müqaviləsi əsasında satılmış İmei kodu **********33215 olan SAMSUNG GALAXY A10 markalı telefonun açılıb bağlanması xidmətinə görə İnnovativ Layihələr Mərkəzinə 23.60 manat pul ödənilmişdir. İş materiallarından görünür ki, iddiaçı "xxxx" tərəfindən MMC Cavabdeh borcunu ödəməsinə dair xx.xx.2024-cü il və 18..012025-ci il tarixli xəbərdarlıq məktubları göndərilmiş, cavabdehdən borcunu 3 (üç) iş günü ərzində ödəməsi xahiş olunmuşdur, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** saylı Dövlət rüsumunun ödənilməsi haqqında mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən 30.54 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli, 01050159 saylı və xx.xx.2020-ci il tarixli, 20110446 saylı alqı-satqı müqavilələri bağlanmışdır, satıcı müqavilələr üzrə nəzərdə tutulmuş öhdəliyini icra edərək alıcıya ALYANS-PARİS Dolab, ALYANS-PARİS çarpayı, döşək və İmei kodu **********33215 olan SAMSUNG GALAXY A10 markalı telefonu təhvil vermiş, alıcı isə ödəniş cədvəli ilə müəyyən olunmuş ödənişləri vaxtında və lazımınca ödəməyi öhdəsinə götürmüşdür, həmin Müqavilələrin 3.10-cu bəndinə əsasən, Müştəri “ABC”-nin razılığ ilə müvafiq çatdırılma, quraşdırılma, daşınma, sökülmə xərclərini qarşıladığı halda “Mal”ı geri qaytara bilər. Bu zaman Mal “ABC”nin özü və ya onun müəyyənləşdirdiyi subyekt tərəfindən birtərəfli qaydada qiymətləndirilir və qiymətləndirmə nəticəsində müəyyən edilmiş məbləğ Müştərinin ümumi borcundan çıxılır, bundan sonra cavabdeh xx.xx.2019-cu il tarixli, 01050159 saylı müqavilə üzrə aldıqlarını geri qaytarmış, geri qaytarılan Malın dəyəri iddiaçı tərəfindən 1718 manat məbləğində müəyyən edilərək, cavabdehin ümumi borcundan silinmişdir, iddiaçı tərəfindən müqavilə üzrə nəzərdə tutulmuş öhdəliklər yerinə yetirilməsinə baxmayaraq, cavabdeh öz öhdəliklərini yerinə yetirməyərək müqavilələrin şərtlərini pozmuşdur və nəticədə onun 792 manat əsas, İnnovativ Layihələr Mərkəzinə ödənilən məbləğ üçün 23.60 manat rüsum olmaqla, ümumilikdə 815.60 manat məbləğində borcu yaranmışdır. xx.xx.2019-cu il tarixli, 01050159 saylı Müqavilədən görünür ki, Müştəri Müqavilənin şərtlərini pozduğu, pul öhdəliyini lazımı qaydada icra etmədiyi hallarda "xxxx" MMC malın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyəti tədbiq edə, məhdudiyyətin aradan qaldırılması üçün Müqavilənin 3.5-ci bəndinə əsasən İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsumu tələb edə bilər. İddiaçı tərəfindən cavabdehə borcunun olması və onun ödənilməli olması barədə xəbərdarlıq məktubu göndərilmişdir. Bununla belə, iddia tələbi üzrə cavabdehin müqavilə öhdəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə hesab edir ki, cavabdeh nisyə alqı-satqı müqaviləsini öz riski ilə bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə də məsuliyyət daşıyır, buna görə də iddia tələbi əsas borc hissəsində əsaslıdır. Məhkəmə, cababdehin dəlillərinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış Müqavilənin 3.10-cu bəndinə əsasən, Müştəri “ABC”-nin razılığ ilə müvafiq çatdırılma, quraşdırılma, daşınma, sökülmə xərclərini qarşıladığı halda “Mal”ı geri qaytara bilər. Bu zaman Mal “ABC”nin özü və ya onun müəyyənləşdirdiyi subyekt tərəfindən birtərəfli qaydada qiymətləndirilir və qiymətləndirmə nəticəsində müəyyən edilmiş məbləğ Müştərinin ümumi borcundan çıxılır. Cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixli, 01050159 saylı müqavilə üzrə aldıqları geri qaytarılmış, qaytarılmış malın qiyməti 1718 manat məbləğində müəyyən edilərək, cavabdehin ümumi borcundan silinmişdir, hazırda cavabdehdən xx.xx.2019-cu il tarixli, 01050159 saylı müqavilə üzrə tələb edilən məbləğ həmin müqavilə üzrə qalan 456 manat məbləğdir. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehin bu barədə dəlilləri əsaslı deyil. Məhkəmə xx.xx.2019-cu il tarixli, 01050159 saylı və xx.xx.2020-ci il tarixli, 20110446 saylı müqavilələr üzrə tənasübsüz surətdə yüksək hesablanmış cərimə məbləğlərinin azaldılaraq 40 manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq sayır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixli, 01050159 saylı və xx.xx.2020-ci il tarixli, 20110446 saylı müqavilələr üzrə 792 manat əsas borc, 40 manat dəbbə pulu, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 manat rüsum olmaqla, ümumilikdə 855 (səkkiz yüz əlli beş) manat 60 (altmış) qəpik məbləğində borc pul və dövlət rüsumunun əvəzi qismində ödənilmiş 30 (otuz) manat alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Məhkəmə xərclərinə münasibətdə isə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırkı iş üzrə iddia tələbi qismən təmin edildiyindən, cavabdehin dövlət rüsumunu ödəməkdən azad edilməsi halları məhkəmə tərəfindən müəyyən olunmadığından, iddia tələbinin təmin edilən hissəsi (855.60 manat) nəzərə alınmaqla, dövlət rüsumuna görə ödənilmiş 30 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci bəndinə əsasən, iddia qiyməti 1000 manatadək olduqda, iddia ərizəsinin verilməsinə görə 30 manat dövlət rüsumu ödənilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli, 01050159 saylı və xx.xx.2020-ci il tarixli, 20110446 saylı müqavilələr üzrə 792 manat əsas borc, 40 manat dəbbə pulu, İnnovativ Layihələr Mərkəzinə ödənilən məbləğ üçün 23.60 manat rüsum olmaqla, ümumilikdə 855 (səkkiz yüz əlli beş) manat 60 (altmış) qəpik məbləğində borc pul və dövlət rüsumunun əvəzi qismində ödənilmiş 30 (otuz) manat alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində,Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar