Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2752/2022 04.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbi barədə ərizəsinə kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı 13.10.2019-cu il tarixli müqavilə üzrə 98 manat əsas, 9,2 manat cərimə, 08.08.2020-ci il tarixli müqavilə üzrə 325,2 manat əsas, 32,8 manat cərimə və 07.10.2020-ci il tarixli müqavilə üzrə 237,6 manat əsas, 123 manat cərimə olmaqla, cəmi 1826 manat borcun və 38,26 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə, tərəflər arasında 13.10.2019-cu il tarixdə “Apple Aırpods” markalı qulaqcığın nisyə alqı-satqısı barədə 00977557 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin əlavəsi olan ödəniş cədvəlinə görə əşyanın dəyəri 594 manat olmaqla, ödəniş müddəti 18 ay, aylıq ödəniş 33 manat müəyyən edilmişdir. Alınan əşya cavabdehə 13.10.2019-cu il tarixdə təhvil verilmişdir. Tərəflər arasında 08.08.2020-ci il tarixdə "Samsung Galaxy A11” markalı telefonun nisyə alqısatqısı barədə 21059616 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin əlavəsi olan ödəniş cədvəlinə görə əşyanın ümumi dəyəri 475,2 manat olmaqla, ödəniş müddəti 24 ay, aylıq ödəniş 19,8 manat müəyyən edilmişdir. Alınan əşya cavabdehə 08.08.2020-ci il tarixdə təhvil verilmişdir. Həmçinin tərəflər arasında 07.10.2020-ci il tarixdə ”Xiaomi Mi 10” markalı telefonun nisyə alqısatqısı barədə 21230825 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin əlavəsi olan ödəniş cədvəlinə görə əşyanın ümumi dəyəri 1977,6 manat olmaqla, 300 manat ilkin ödəniş edilməklə, ödəniş müddəti 18 ay, aylıq ödəniş 93,2 manat müəyyən edilmişdir. Alınan əşya cavabdehə 07.10.2020-ci il tarixdə təhvil verilmişdir. İddiaçının verdiyi maliyyə və ödəniş cədvəlinə görə cavabdeh tərəfindən müqavilələr üzrə cəmi 1385,8 manat pul ödənilmiş, əsas borcu 1661 manat və cərimə borcu isə 165 manat təşkil edir. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, cavabdehlə aralarında bağlanmış 13.10.2019-cu il tarixli, 08.08.2020-ci il tarixli və 07.10.2020-ci il tarixli müqavilələrə əsasən, cavabdeh “Apple Aırpods ” markalı, "Samsung Galaxy A11” markalı və “Xiaomi Mi 10” qulaqcıq telefonlar almışdır. Hazırda cavabdehin 1661 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 13.10.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 594 manat (18 ay x 33 manat + 0 manat ilkin ödəniş) olan “Apple Aırpods” markalı qulaqcıq üçün onun 98 manat ödənilməmiş əsas, 9,2 manat cərimə borcu yaranmışdır. 08.08.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 475,2 manat (24 ay x 19,8 manat + 0 manat ilkin ödəniş) olan "Samsung Galaxy A11” markalı telefon üçün onun 325,2 manat ödənilməmiş əsas, 32,8 manat cərimə borcu yaranmışdır. Eyni zamanda, 07.10.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1977,6 manat (18 ay x 93,2 manat + 300 manat ilkin ödəniş) olan ”Xiaomi Mi 10” markalı telefon üçün onun 1237,6 manat ödənilməmiş əsas, 123 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1385,8 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə məlumat göndərilmiş, lakin cavabdehin etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iddia ərizənin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 576-cı maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. İşin yuxarıda qeyd edilən mübahisəsiz hallarından da görünür ki, tərəflər arasında nisyə alqısatqı müqavilələri bağlanmış, müqavilələrdə nəzərdə tutulmuş mallar cavabdehə verilmiş və müqavilələrin hissə-hissə ödənilməsi müddəti və məbləği müqavilələrə edilmiş ödəniş cədvəli ilə müəyyən edilərək cavabdeh tərəfindən də imzalanmışdır. Lakin cavabdeh aldığı malların qiymətini ödəniş cədvəlinə uyğun olaraq tam ödəməməklə öhdəliyini pozmuşdur. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Sadalanan xüsusiyyətlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilələr əsasında cavabdeh iddiaçıdan mal almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin əşya qiymətini ödəməli olmasına dair öhdəliyə malik olmuşdur. Cavabdeh isə göstərilən müqavilələr əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin malların dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilələrin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə həmçinin, iddianın hər üç müqavilə üzrə iddia tələbində nəzərdə tutulmüş məbləğdə dəbbə pulunun ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə qeyd edir ki, adı çəkilən müddəada göstərildiyi kimi, cərimə borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuşdur və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edilməsi və borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlıdır. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır. Lakin məhkəmə hesab edir ki, tələb edilən cərimə iddiaçı tərəfindən əsassız olaraq şişirdilmişdir. Belə ki, cərimənin 08.08.2020-ci il tarixli və 07.10.2020-ci il tarixli müqavilələr üzrə hansı qaydada hesablanması əsasları iddia ərizəsində göstərilməmişdir. Odur ki, məhkəmə həm cərimənin yüksək məbləğdə hesablanmasını, həm də onun qanunla borclunun öhdəliyin vaxtında icrasının təmini vasitəsi olaraq nəzərdə tutulduğunu və tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edildiyini nəzərə alaraq cərimələrin 08.08.2020-ci il tarixli müqavilə üzrə 15 manat və 07.10.2020-ci il tarixli müqavilə üzrə 30 manat məbləğində müəyyən edilməsini daha ağlabatan hesab edir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, dövlət rüsumu iddia tələbinin təmin edilməsi nisbətində (iddia tələbinin təmin edilməsi hissəsi təqribən 39%-ə bərabərdir) tərəflərə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 13.10.2019-cu il tarixli müqavilə üzrə 98 manat əsas, 9,2 manat cərimə, 08.08.2020-ci il tarixli müqavilə üzrə 325,2 manat əsas, 15 manat cərimə və 07.10.2020-ci il tarixli müqavilə üzrə 237,6 manat əsas, 30 manat cərimə olmaqla, cəmi 715,2 manat borc və 14,92 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 23,34 manat hissəsi iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №e-2(011)-2752/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2752/2022
04.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver