Məhkəmə qərarları › İş №e-2(011)-2763/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2763/2025

18.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2763/2025 18.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 qarşı “pul tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 iddiaçı "xxxx" ASC-nin xeyrinə BPM**********21 nömrəli, xx.xx.2020-ci il tarixli istehlak müqaviləsinə əsasən, nağd kredit müqaviləsi üzrə 1960,50 manat əsas və 31,56 manat faiz borcu, BPM**********21 nömrəli, xx.xx.2020-ci il tarixli istehlak müqaviləsinə əsasən, tam kart kredit müqaviləsi üzrə 221,20 manat əsas və 168,93 manat faiz borcu, həmçinin ödənilmiş 44 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin “Xətai” filialı ilə Məmmədova Tünzalə Musa qızı arasında bağlanmış BPM**********21 nömrəli, xx.xx.2020ci il tarixli kredit müqaviləsinə əsasən, Bank tərəfindən borcluya 36 ay müddətinə, illik 24 faiz dərəcəsi hesanlanmaqla 500 manat məbləğində kredit verilmişdir. Həmçinin, "xxxx" ASC-nin “Xətai” filialı ilə Məmmədova Tünzalə Musa qızı arasında bağlanmış BPM**********21 nömrəli, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən, Bank tərəfindən borcluya 36 ay müddətinə, illik 22 faiz dərəcəsi hesablanmaqla 2500 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X5 Musa qızı xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri 6 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən Məmmədova Tünzalə Musa qızının vərəsələrinin Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 olduğu müəyyən edilmişdir və Məmmədova Tünzalə Musa qızının mirası qəbul etmiş vərəsələrinə X3 xx.xx.2024-cü il tarixdə il tarixdə “Vərəsəlik hüququ haqqında şəhadətnamə” verilmişdir. Maliyyə arayışına əsasən, Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 BPM**********21 nömrəli, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən nağd kredit borcu üzrə Banka ödənilməmiş– 1960,50 manat əsas və 31,56 manat faiz borcu qalmışdır. Eyni zamanda, Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 BPM**********21 nömrəli, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən, tam kart kredit borcu üzrə, Banka ödənilməmiş– 221,20 manat əsas və 168,93 manat faiz borcu qalmışdır. Miras əmlak, ƏMDK yanında Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixdə Məmmədova Tünzalə Musa qızına verilmiş **********77-05101-093006 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən mənzilin Məmmədova Tünzalə Musa qızına məxsus olan 2 otaqlı., y/s 32.9., k/s 35.35 kv.m olan 19.20 nömrəli mənzildən ibarətdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Teymurova X2 Tünzalə Musa qızının vərəsələri kimi müəyyən olunmalarına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyi icra etməmişdirlər. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 borcun qaytarılması haqqında tərəfindən xx.xx.2025-ci il tarixli bildiriş göndərilərək, xəbərdarlıq edilsə də, vəsait Banka geri qaytarılmamışdır. Bundan başqa, hazırki mübahisə üzrə iddia qiyməti cəmi 2382,01 manat olduğundan, tərəfindən 44 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqı ödənilmişdir. Tərəflərin izahatları: İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X4 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdirlər. Cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: İş materiallarından görünür ki, borc verən "xxxx" ASC ilə borc alan Məmmədova Tünzalə Musa qızı arasında bağlanmış xx.xx.2020-ci il tarixli BPM**********21 №-li kredit müqaviləsinə əsasən bank tərəfindən borcluya illik 22% olmaqla, 36 ay müddətinə 2500 manat kredit və 36 ay müddətinə, illik 24 faiz dərəcəsi hesanlanmaqla 500 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli məxaric orderindən görünür ki, BPM**********42 saylı kredit müqaviləsinə əsasən, "xxxx" ASC tərəfindən Məmmədova Tünzalə Musa qızına 2475 manat və 500 manat ödənilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Məmmədova Tünzalə Musa qızının xx.xx.2025-ci il tarixə banka 221,20 manat əsas borc, 168,93 manat faiz borcu olmaqla, cəmi 389,95 manat borcu vardır. İş materiallarında olan ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, Məmmədova Tünzalə Musa qızı xx.xx.2021-ci il tarixində Bakı şəhərində ölmüşdür. İş materiallarında olan Bakı şəhəri 6 saylı Notariat ofisi tərəfindən verilən Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Məmmədova Tünzalə Musa qızına verilmiş ********** qeydiyyat nömrəli dövlət çıxarışına əsasən ünvan 2 ünvanında yerləşən mənzilin Məmmədova Tünzalə Musa qızına məxsus olan 2 otaqlı, y/s 32.9, k/s 35.35 kv.m olan 19,20 nömrəli mənzil Məmmədova Tünzalə Musa qızının qanun üzrə vərəsələri Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 miras əmlak kimi verilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli bildiriş məktubundan görünür ki, "xxxx" ASC tərəfindən cavabdehlərə borcun ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə vaxtından əvvəl olaraq bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ********** saylı mədaxil qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən 4 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** saylı mədaxil qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən 39,92 manat məbləğində dövlət rüsumu və 0,4 manat xidmət haqqı ödənilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ********** saylı mədaxil qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən 1 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi kredit üzrə əsas və ona hesablanmış faiz borcunu tələb etməkdə haqlıdır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehlərin anası Məmmədova Tünzalə Musa qızı kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, Məmmədova Tünzalə Musa qızı kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə öldüyündən icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin Məmmədova Tünzalə Musa qızının vərəsələri Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 ödənilməsini tələb etməkdə haqlıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü, cavabdehlərdən BPM**********21 nömrəli, xx.xx.2020-ci il tarixli istehlak müqaviləsinə əsasən, nağd kredit müqaviləsi üzrə 1960,50 manat əsas və 31,56 manat faiz borcu, BPM**********21 nömrəli, xx.xx.2020-ci il tarixli istehlak müqaviləsinə əsasən, tam kart kredit müqaviləsi üzrə 221,20 manat əsas və 168,93 manat faiz borcu olmaqla, cəmi 2382,19 manat məbləğində borcunun tutulması barədə tələb əsaslıdır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 xeyrinə BPM**********21 nömrəli, xx.xx.2020-ci il tarixli istehlak müqaviləsinə əsasən, nağd kredit müqaviləsi üzrə 1960,50 manat əsas və 31,56 manat faiz borcu, BPM**********21 nömrəli, xx.xx.2020-ci il tarixli istehlak müqaviləsinə əsasən, tam kart kredit müqaviləsi üzrə 221,20 manat əsas və 168,93 manat faiz borcu olmaqla, cəmi 2382,19 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 44 manat dövlət rüsumunun və 0,4 manat xidmət haqqının əvəzi cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 BPM**********21 nömrəli, xx.xx.2020-ci il tarixli istehlak müqaviləsinə əsasən, nağd kredit müqaviləsi üzrə 1960,50 (min doqquz yüz altmış manat əlli qəpik) manat əsas və 31,56 (otuz bir manat əlli altı qəpik) manat faiz borcu, BPM**********21 nömrəli, xx.xx.2020-ci il tarixli istehlak müqaviləsinə əsasən, tam kart kredit müqaviləsi üzrə 221,20 (iki yüz iyirmi bir manat iyirmi qəpik) manat əsas və 168,93 (yüz altmış səkkiz manat doxsan üç qəpik) manat faiz borcu olmaqla, cəmi 2382,19 (iki min üç yüz səksən iki manat on doqquz qəpik) manat və 44 (qırx dörd) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi, 0,4 (qırx qəpik) manat bank xidmət haqqı tutularaq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar