Məhkəmə qərarları › İş №e-2(011)-2772/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2772/2023

23.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2772/2023 23.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Həsənov Elçin Mehman oğlunun katibliyi, İlkin iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh “X7” Bakı Filialının nümayəndəsi X2 iştirakı ilə, İlkin iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi X1 iştirakları ilə İddiaçı “X7” Bakı Filialının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit və kredit borcuna görə hesablanmış faizlərin ödənilməsi” tələbi barədə ilkin; İddiaçı Cavabdeh2 cavabdeh “X7” Bakı Filialına qarşı “müqavilənin etibarsız hesab edilməsi və pulun tutulması” tələbi barədə qarşılıqlı iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı “X7” Bakı Filialı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı – cavabdehlərdən 7078,54 manat məbləğində xx.xx.2023-cü il tarixə olan kredit borcunun və 90,79 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “X7” Bakı Filialı ilə Cavabdeh1 arasında imzalanmış xx.xx.2021-ci il tarixli 790 nömrəli kredit müqaviləsinə əsasən sonuncuya illik kreditdən istifadə haqqı 19% ödəmək şərti ilə 36 ay müddətinə 10.000 manat məbləğində kredit verilmişdir. Həmin tarixdə verilmiş kreditin qaytarılmasının təminatı kimi “X7” Bakı filialı ilə Cavabdeh2 arasında 52 saylı zaminlik müqaviləsi imzalanmışdır. Kredit müqaviləsinin 4.1-ci maddəsinə əsasən borcalan ssuda hesabında qalıq əmələ gəldiyi gündən 1 ay sonradan başlayaraq hər ayın həmin günü banka ssuda borcu ssuda hesabının qalığına hesablanmış faizlər də daxil olmaqla 366,56 manat ödəməli idi. Bu müqavilənin 2.2-ci bəndinə görə borcalan tərəfindən kredit müqaviləsinin hər hansı bir şərti pozulduqda bankın verilmiş krediti hesablanmış faizlərlə birlikdə vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ vardır. Müqavilə şərtlərinə uyğun olaraq borcalan xx.xx.2023-cü il tarixə banka kredit borcu üzrə 6.598,08 manat ödəniş yerinə yetirməli idi. Lakin xx.xx.2023-cü il tarixə kimi borcalan tərəfindən borcalana 5.193 manat ödəniş həyata keçirilmişdir. Borcalana kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməsi üçün dəfələrlə yazılı və şifahi xəbardarlıqlar olunmuşdur. Lakin borcalan kredit borcunu yerinə yetirməmişdir. Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən kredit vaxtında ödənilmədikdə gecikdirilmiş hər bir gün üçün borcalan banka illik 29% ödəməlidir. xx.xx.2023-cü il tarixə cavabdehin banka olan borcu müqavilə şərtlərinə əsasən hesablamış faizlərlə birlikdə 7.078,54 manat təşkil edir. Bundan 6.621,64 manat əsas borc və 456,90 manat faiz borcu təşkil edir. Cavabdehə dəfələrlə şifahi və yazılı müraciət edilərək, kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi tələb olunsa da, onun tərəfindən bu öhdəliklərin yerinə yetirilməsi üçün heç bir tədbir göstərilməmişdir. Cavabdeh1 ilə bağlanmış xx.xx.2021-ci il tarixli 790 saylı kredit müqaviləsinin təminatı olaraq həmin tarixdə Cavabdeh2 ilə 52 saylı zaminlik müqaviləsi imzalanmışdır. Zaminlik müqaviləsinin 1.1-ci bəndinə görə zamin borcalan bank qarşısında öz öhdəliyini yerinə yetirənədək bank qarşısında borcalanla birlikdə məsuliyyət daşıyır. Zaminlik müqaviləsinin 4.1-ci bəndinə görə borcalan zaminliklə təmin olunmuş öhdəliyi təmin etmədikdə və ya lazımınca icra etmədikdə zamin bank qarşısında kredit borcu üzrə yaranmış bankın ilk tələbinə heç bir iddia irəli sürmədən dərhal ödəməyi öz öhdəsinə götürür. İddiaçı Cavabdeh2 cavabdehlər “X7”na qarşı – xx.xx.2021-ci il tarixində imzalanmış “zaminlik müqaviləsinin etibarsız hesab edilməsi, ilkin iddianın ona qarşı hissəsinin təmin edilməməsi və cavabdehdən 740 manat pulun tutularaq onun **********824803 nömrəli kartına ödənilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixindən bir müddət qabaq Azərbaycan Respublikasının vətəndaşı Cavabdeh1 ilə “X7” Bakı Filialı arasında aparılmış, məzmunu iddiaçı Cavabdeh2 məlum olmayan danışıqların nəticəsi olaraq və müxtəlif psixoloji və mənəvi təzyiqlər altında xx.xx.2021-ci il tarixində o, bankın ona təqdim etdiyi 52 nömrəli zaminlik müqaviləsi adlandırılmış və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 347, 349, 351, 390 və 404-cü və digər maddələrinə əsasən bir neçə səbəbdən etibarlı sayıla bilməyən bir müqaviləni (məzmunu ona məlum olmayan) imzalamışdır. 52 nömrəli zaminlik müqaviləsi adlandırılmış müqavilənin və xx.xx.2021-ci il tarixli 790 saylı kredit müqaviləsinin məzmunları ilə ilk dəfə olaraq xx.xx.2023-cü il tarixində Xətai Rayon Məhkəməsində tanış olmuşdur. 2022-ci ilin oktyabr və noyabr aylarında hər iki cavabdeh və Cavabdeh1 birgə fəaliyyəti nəticəsində birlikdə dolayı yolla ondan 740 manat ala bilmişdirlər. İlkin iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh “X7” Bakı Filialının nümayəndəsi X4 məhkəmə iclasında ilkin iddianı müdafiə edərək, ilkin iddianın məzmununa uyğun izahat verdi və qarşılıqlı iddiaya etiraz edərək məhkəmədən ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın təmin edilməməsini xahiş etdi. İlkin iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi X3 məhkəmə iclasında qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahatlar verərək qarşılıqlı iddianı müdafiə edərək, ilkin iddiaya etiraz etdi və məhkəmədən qarşılıqlı iddianın təmin edilməsini, ilkin iddianın təmin edilməməsini xahiş etdi. İlkin və qarşılıqlı iddia ərizəsi üzrə Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışdır, lakin o, məhkəmədə iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq, hesab edir ki, ilkin iddia qismən əsaslı, qarşılıqlı iddia isə əsassızdır. Buna görə də ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, “X7” Bakı filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən illik 19% faiz dərəcəsi olmaqla 36 ay müddətinə 10.000 manat məbləğində Cavabdeh1 bank tərəfindən kredit verilmişdir. İş materiallarında olan iddiaçı “X7” Bakı filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, sonuncu Cavabdeh1 bank qarşısında öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə bank qarşısında onunla birgə məsuliyyət daşımasına dair öhdəlik götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 “X7” Bakı filialına 6.621,64 manat məbləğində əsas, 456,90 manat faiz borcu olmaqla, cəmi 7.078,54 manat məbləğində borcu vardır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli zaminə bildiriş və bildirişin surətlərindən görünür ki, Cavabdeh2 və Cavabdeh1 borcun ödənilməsi barədə “X7” Bakı filialı tərəfindən xəbərdarlıq edilmişdir. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası üzrə verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-9/5589/2023 nömrəli ekspert rəyindən görünür ki, “X7” Bakı filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cü il tarixli 790 nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh1 xx.xx.2023-cü il tarixə olan borcu əsas borc üzrə 6.625,88 manat, faiz borcu üzrə 447,61 manat, cəmi 7.073,49 manat təşkil edir. Məhkəmə ilk iddianın əsas və faiz borcunun tutulması barədə hissələrini araşdıraraq hesab edir ki, iddiaçı verdiyi krediti və ona hesablanmış faizləri tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə həmçinin hesab edir ki, ilk iddiaçının faiz borcunun tutulması barədə tələbi tutulma qaydasına görə əsaslı olsa da, lakin həcminə görə qismən əsaslıdır. Belə ki, iş üzrə verilmiş ekspert rəyinə əsasən xx.xx.2023-cü il tarixinə (maliyyə arayışında göstərilən tarixə) Cavabdeh1 faiz borcu 447,61 manat təşkil edir. Odur ki, iddia əsas borcun tutulması hissəsində təmin, faiz borcunun tutulması hissəsində qismən təmin edilərək, Cavabdeh1 6.625,88 manat əsas, 447,61 manat faiz borcu tutularaq ilk iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə eyni zamanda ilk iddia tələbinin digər Cavabdeh2 qarşı hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İlk iddia tələbi üzrə Cavabdeh2 cavabdeh Anar Musfayevin bankla bağladığı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icra edilməməsi halı üçün zamin durduğundan və onunla birlikdə məsuliyyət daşıdığından, kredit borcu hər iki cavabdehdən müştərək qaydada tutulmalıdır. Məhkəmə həmçinin ilkin iddianın 90,79 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qarşılıqlı iddianın zaminlik müqaviləsinin etibarsız hesab edilməsi barədə hissəsini araşdıraraq hesab edir ki, qarşılıqlı iddia göstərilən hissədə əsassızdır. Belə ki, məhkəmə iş materiallarını və tərəflərin sübutlarını qiymətləndirərək hesab edir ki, sözügedən zaminlik müqaviləsinin etibarsız hesab olunması üçün heç bir əsas məhkəmə araşdırılması zamanı müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Göründüyü kimi, məhkəmə araşdırılması zamanı bankla qarşılıqlı iddia üzrə iddiaçı arasında bağlanmış zaminlik müqaviləsinin qanunla müəyyən edilmiş şərtlərin pozulması ilə bağlanması müəyyən edilmədiyindən, qarşılıqlı iddia qeyd edilən hissədə əsassızdır və təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddianın 840 manat pulun cavabdehdən tutulması barədə hissəsinə hüquqi qiymət verərək, hesab edir ki, iddia qeyd edilən hissədə də əsassızdır. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçının həmin məbləğləri ilkin iddia üzrə iddiaçıya ödənilməsini təsdiq edən mötəbər sübutlar iş materiallarına əlavə edilmədiyindən qarşılıqlı iddia tələbləri qeyd olunan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...” Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia göstərilən hissədə təsdiqini tapmadığından, təmin edilməməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İlkin iddia qismən təmin edilsin. 10 sentyabr 2021-ci il tarixli 790 nömrəli kredit müqaviləsinə əsasən 6.621,64 (altı min altı yüz iyirmi bir manat altmış dörd qəpik) manat əsas, 447,61 manat (dörd yüz qırx yeddi manat altmışç bir qəpik) manat faiz borcu olmaqla, cəmi 7.069,25 (yeddi min altmış doqquz manat iyirmi beş qəpik) manat məbləğində pul vəsaiti və 90,79 (doxsan manat yetmiş doqquz qəpik) manat məbləğində dövlət rüsumu müştərək qaydada Cavabdeh1 və Cavabdeh2 alınaraq “X7” Bakı Filialına ödənilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. İddiaçı Cavabdeh2 cavabdeh “X7”na qarşı – xx.xx.2021-ci il tarixində imzalanmış “zaminlik müqaviləsi müqaviləsinin etibarsız hesab edilməsi, ilkin iddianın ona qarşı hissəsinin təmin edilməməsi və cavabdehdən 840 manat pulun tutularaq onun **********824803 nömrəli kartına ödənilməsi” barədə qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar