Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2779/2024 04.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi barədə” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:
1. “Mitsubishi Fuso” markalı, ** JM *** dövlət qeydiyyat nişanlı avtomobil (Bundan sonra - Avtomobil) iddiaçya məxsusdur.
2. 21.03.2022-ci il tarixdə cavabdeh Bakı şəhəri, Nizami rayonu, Z.Bünyadov prospekti ilə Q.Qarayev prospekti istiqamətində hərəkət edərkən idarə etməni itirmiş, nəticədə Avtomobil aşaraq zədələnmişdir. Hadisə ilə bağlı Nizami RPİ-nin TŞ-də araşdırma aparılmış və təhqiqatçının xx.xx.2022-ci il tarixdə qəbul etdiyi qərara əsasən cinayət işinin başlanılmasının rədd edilməsi, cavabdehin İXM-nin 333.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün materialın Nizami RPİ-nin DYPŞ vasitəsi ilə Nizami Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
3. "xxxx" MMC tərəfindən tərtib edilmiş “Yekun təmir aktı”na əsasən Avtomobilə dəymiş zərərin aradan qaldırılması xərci 12772,05 manat (endirimlə), X2 tərəfindən verilmiş rəyə əsasən isə 10993,5 manat təşkil edir.
İddia ərizəsinin və ona etirazın dəlilləri:
4. İddia ərizəsinin dəlilləri:
5. İddiaçı cavabdeh tərəfindən törədilmiş yol qəzası nəticəsində dəymiş ziyanın əvəzi olaraq 12772,05 manat məbləğinin və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
6. İddiaçı iddia ərizəsində qeyd etmişlər ki, cavabdeh Avtomoillə Bakı şəhəri, Z.Bünyadov prospekti ilə 8-ci km. qəsəbəsi isitqamətində hərəktədə olarkən idarə etməni itirərərk Koroğlu metrostansiyası yaxınlığında yerləşən körpünün giriş hissəsindəki bardürə çırpılmış, nəticədə əzilərək avtomobilə ziyan dəymişdir. Bununla bağlı DYP tərəfindən cavabdeh barəsində inzibati protokol tərtib edilmişdir. Dəymiş ziyanın müəyyən edilməsi və təmir edilməsi üçün "xxxx" MMC-yə müraciət edilmiş, svtomobilin dəyişdirilmiş ehtiyat hissəslərinə və təmir işlərinə görə 12772,05 manat ziyan xərci hesablanmışdır. Cavabdeh vurduğu zərəri könüllü olaraq ödəməmişdir.
b) Cavabdehin iddia ərizəsinə etirazın dəlilləri:
7. Cavabdehlər iddia ərizəsinə etirazını yazılı şəkildə təqdim etməmişlər.
Məhkəmə iclasında verilən izahatlar:
8. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.
9. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlmədiyindən və gəlməməsinin üzürlü olması barədə əvvəlcədən heç bir məlumat vermədiyindən, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
10. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
11. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
12. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
13. Maddə 1096.2 Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
14. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
15. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
16. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi:
17. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.
18. Mülki Məcəllənin yuxarıda qeyd edilən 1096 və 1097-ci maddələrinin mənasından aydın olur ki, şəxsə zərər vurulması, zərərin vurulmasına səbəb olan əməlin qanuna zidd olması, zərər vuran şəxsin təqsirli (qəsd və ya ehtiyyatsızlığı) olması, zərərçəkənə ziyan və zərər vurulması və təqsirkar şəxsin əməli ilə (ziyan və ya zərər vurulmasına gətirib çıxaran) nəticə arasında səbəbli əlaqənin olması əməlin mülki hüquq pozuntusu olmasını şərtləndirən əsaslardır. Yalnız bu halda, şəxs törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşıyır.
19. İddiaçının avtomobilinə ziyan dəyməsində cavabdehin yol-nəqliyyat hadisəsi törətməsli ilə əlaqədar olan əməlinin hüquqa zidd olması, yol-nəqliyyat hadisəsinin baş verməsində cavabdehin təqsirli olması iş materiallarında olan sübutlarla öz təsdiqini tapır. Belə ki, Bakı şəhəri Nizami RPİ-nin TŞ-nin baş təhqiqatçısı tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, cavabdeh spirtli içki qəbul etdiyi üçün xx.xx.2022-ci il tarixdə Avtomobili idarə edərkən yol nəqliyyat hadisəsi törətməsini etiraf etmişdir. Həmçinin həmin qərarla müəyyən edilir ki, yol-nəqliyyat hadisəsi ilə bağlı keçirilmiş məhkəmə tibbi-ekspertizası tərəfindən cavabdehin xəsarət alması, məhkəmə kimyəvi ekspertizası tərəfindən cavabdehin qan nümunəsinin tərkibində etil spirtinin olması, məhkəmə yol-nəqliyyat ekspertizası tərəfindən cavabdehin hərəkətlərində “Yol hərəkəti” haqqında AR Qaunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluğunun olması, onun hadisənin qarşısını almağa texniki imkanın olması müəyyən edilmişdir. Buna görə də cavabdehin AR İXM-nin 333.3-cü maddəsilə inzibati məsuliyyətə cəlb edilməsi üçün material Nizami RPİ-nin DYPŞ-nin vasitəsilə Nizami rayon Məhkəməsinə göndərilmişdir.
20. Həmçinin, cavabdehin hüquqa zidd əməli ilə iddiaçının avtomobilinə zərər dəyməsində ifadə olunan nəticə arasında səbəbli əlaqənin olması da işdə olan sutlarlarla öz təsdiqini tapır. Belə ki, iş materiallarında olan fotoşəkillərdən iddiaçıya məxsus avtomobilin avto-qəza nəticəsində zədələndiyi görünür, eyni zamanda, AR DİN Nizami RPİ-nin xx.xx.2022-ci il tarixli Avtomobilin cərimə meydançasından təmir məqsədi ilə çıxarılması və "xxxx" MMC-nin X4 tərəfindən verilmiş təmir aktına əsasən Avtomobilə 12772,05 manat ziyanın dəydiyi qeyd edilmişdir.
21. Beləliklə, şərh edilənlər əsasında məhkəmə belə qənatə gəlir ki, cavabdehin hüquqa təqsirli hərəkətləri nəticəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya (ona məxsus Avtomobil zədələnməklə) maddi zərər dəymişdir.
22. Lakin, məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olsa da, iddia həcminə görə qismən əsaslıdır.
23. Belə ki, iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/5795- 8/2233 saylı, xx.xx.2023-cü il tarixli rəyinə əsasən, nəzəri hesablamalar yolu ilə "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən dəyişilməli hissələrin qiymətləri nəzərə alınmaqla, 2013-cü il buraxılışlı “Mitsubishi Fuso” markalı, ** JM *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 10993,50 manat maddi ziyan dəymişdir.
24. Ekspert rəyinin məhkəmə üçün digər sübutlardan üstün hüquqi qüvvəsinin olmamasını qanunvericilik müəyyən etsə də, tərəflər ekspert rəyini təkzib edəcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də, məhkəmə ekspert rəyini daha mötəbər sübut hesab edir.
25. Beləliklə, məhkəmə hesab edir ki, Avtomobilin təmir-bərpa xərci olaraq ekspert rəyi ilə müəyyən edilmiş 10993,50 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
26. Məhkəmə hesab edir ki, 128,32 manat məbləğində dövlət rüsumu və ekspertiza xərci iddianın təmin olunması nisbətində (iddia ümumi tələbin 86%-i nisbətində təmin edilmişdir) tərəflərə aid edilməlidir.
27. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. 10993,50 manat məbləğində pul və ödənilmiş 110,35 manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-nə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 17,97 manat hissəsi iddiaçıya aid edilsin. Ekspertiza xərcinin 43 manat hissəsi Cavabdeh, 7 manat hissəsi isə İddiaçı MMCdən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı