Məhkəmə qərarları › İş №e-2(011)-2807/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2807/2025

05.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2807/2025 05.11.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçının nümayəndəsi X5 Cavabdeh1 iştirakı ilə, İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı LPO İddiaçı ASC Cavabdeh1 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 34.539,89 (otuz dörd min beş yüz otuz doqquz manat 89 qəpik) manat təşkil edir- bundan 32.886,28 (otuz iki min səkkiz yüz səksən altı manat 28 qəpik) manat əsas, 1.379,41 (bir min üç yüz yetmiş doqquz manat 41 qəpik) manat faiz, illik beş faiz hesablanmaqla 274,20 (iki yüz yetmiş dörd manat 20 qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 193,62 (bir yüz doxsan üç manat, 62 qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-dənmüştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə "xxxx" arasında xx.xx.2014cü il tarixli əməkdaşlıq müqaviləsi bağlanmışdır. Əməkdaşlıq müqaviləsinin şərtlərinə uyğun olaraq Bank tərəfindən müxtəlif dövrləri əhatə edən tarixlərdə müştərilərə "xxxx" MMC Abşeron rayonu, H.Əliyev prospekti, 240 ünvanında inşa etdiyi yaşayış mənzillərinin alınması məqsədilə kreditlər verilmişdir. Həmin kreditlərdən biri, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 14/228 saylı kredit müqaviləsidir. Cavabdeh1 xx.xx.2014-cü il tarixli, 14/228 saylı kredit müqaviləsinə əsasən Abşeron ray., Xırdalan şəh., H.Əliyev pr., 240 ünvanında salınmış “AAAF Park 3” yaşayış massivi, 240C nömrəli evin 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 68 kv.m olan 60a nömrəli mənzilin alınması üçün 120 ay müddətinə, 14 faiz ödənilməsi şərtilə, 40.400 manat məbləğində kredit verilmişdir. Kredit Müqaviləsinin 2.3-cü bəndinə əsasən, Borc alan krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsinin 10.2ci bəndinə əsasən, Borcalan üzərinə düşən öhdəlikləri icra etmədikdə kreditin, kredit üzrə hesablanmış faizlərin və gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün faizlər də hesablanmaqla ümumi məbləğin illik 0.1 %-i məbləğində Borc verənə dəbbə pulu ödəməlidir. Eyni müqavilənin 12.1-ci bəndinə əsasən müqavilə şərtlərini vaxtında və lazimi qaydada icra etmək “Borc alan”ın vəzifəsidir. Eyni müqavilənin 12.2-ci bəndində göstərilir ki, alınmış krediti və ona hesablanmış faizləri vaxtlı-vaxtında ödəmək, ödənişləri vaxtında və tam həcmdə yerinə yetirmək “Borc alan”ın vəzifəsidir. Eyni zamanda kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə cavabdeh "xxxx" MMC ilə (bundan sonra mətndə Cəmiyyət) "xxxx" ASC arasında bağlanmış 18 mart 2014-cü il tarixli müqaviləyə əsasən Cəmiyyət Cavabdeh1 Bank qarşısında öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Əməkdaşlıq müqaviləsinin 2.1-ci maddəsinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev Prospekti, 240 ünvanında tikintisi aparılan çoxmərtəbəli yaşayış kompleksində müştərilərə satılmış mənzillərin dəyərinin 85 faizindən artıq olmayan hissəsinin illik 14 faizlə 120 aylıq müddətə qədər kreditləşməsi ilə əlaqədar tərəflərin qarşılıqlı öhdəlikləri təşkil edir. Göründüyü kimi xx.xx.2014-cü il tarixli, 14/228 saylı kredit müqavilə üzrə Cəmiyyət və Cavabdeh1birgə məsuliyyət daşıyırlar. Ləğv prosesində olan “Texnikabank ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə 12-5/2-M-41- 5700/2024 saylı xx.xx.2024-cü il tarixli bildirişin göndərilməsinə baxmayaraq, cavabdehlər kredit borcunun qaytarılmasını təmin etməmişdir. xx.xx.2025-ci il tarixinə cavabdehlərin xx.xx.2014-cü il tarixli, 14/228 saylı kredit müqaviləsi üzrə cəmi borcu 34.539,89 (otuz dörd min beş yüz otuz doqquz manat 89 qəpik) manat təşkil edir. Bundan 32.886,28 (otuz iki min səkkiz yüz səksən altı manat 28 qəpik) manat əsas, 1.379,41 (bir min üç yüz yetmiş doqquz manat 41 qəpik) manat faiz, illik beş faiz hesablanmaqla 274,20 (iki yüz yetmiş dörd manat 20 qəpik) manat faiz borcu təşkil edir. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2025-ci il tarixli etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC cəmi 34.539,89 manat və iş üzrə ödənilmiş dövlət rüsumunun cavabdehlər müştərək qaydada tutulmasını tələb edir. İddia tələbinin əsasını borcalan Cavabdeh1 ilə bağlanmış 14/228 nömrəli, xx.xx.2014-cü il tarixli Kredit müqaviləsi və cavabdeh MMC ilə bağlanmış 18 mart 2014-cü il tarixli "xxxx" Müqaviləsidir. Hazırda, cavabdeh MMC digər Cavabdeh1 ilə bağlanmış 14/228 nömrəli, xx.xx.2014-cü il tarixli Kredit müqaviləsi üzrə yaranmış kredit borcunu mübahisələndirmir. Cavabdeh MMC tərəfindən mübahisəli tərəf borc tələbinin müştərək qaydada cavabdeh "xxxx" MMC-dən tələb olunmasıdır. Aşağıda qeyd olunan əsaslara və maddi hüquq normasına görə əsassız hesab edirik. Bildiririk ki, (“Bank”) "xxxx" ASC ilə ("xxxx") "xxxx" MMC arasında bağlanmış 18 mart 2014-cü il tarixli Müqavilənin şərtlərinə diqqət yetirmək istərdik. Həmin Müqavilənin 2.1-ci bəndi ilə predmeti təşkil edən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 240 ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış kompleksində müştərilərə satılmış mənzillərin dəyərinin 85%-dən artıq olmayan hissəsinin 120 ay müddətə qədər kreditləşdirməsi barədə qarşılıqlı razılıqdır. Bu Müqavilə Azərbaycan Respublikası Mülki Məcəllənin 402-ci maddəsinin tələblərindən irəli gəlirək ilkin müqavilədir. Həmin maddi hüquq normasına görə (402.1) ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. Həmin müqaviləni zaminlik müqaviləsi hesab etmək olmaz. Çünki zaminlik müqaviləsinə dair qanunvericiliyin xüsusi tələbləri var, habelə məhkəmə təcrübəsində də dəfələrlə hüquqi münasibət bildirilmişdir. xx.xx.2014-cü il tarixli Müqavilə Bank və Kooperativ tərəflər arasında qarşılıqlı razılıq niyyətlərini əks etdirir. Mülki Məcəlləsinin zaminlik müqaviləsinə dair tələblərini müəyyən etmiş və bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun şərhlər var. (470.1) zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. (477.0.2) əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə zaminliyə xitam üçün əsasdır. Müddəanın tələbindən göründüyü kimi zamin kreditor qarşısında mütləq qaydada borclu şəxsin öhdəliyinin icrasına məsuliyyəti müəyyən edilməsini şərtləndirir. Lakin hazırki iş üzrə cavabdeh "xxxx" MMC borc alan Cavabdeh1 ilə iddiaçı LPO "xxxx" ASC-nin Sumqayıt filialı ilə 14/228 nömrəli, xx.xx.2014cü il kredit müqaviləsi üzrə yaranmış kredit öhdəliyinə görə məsuliyyəti üzərinə götürməmiş və bununla bağlı cavabdeh/qarşılıqlı iddiaçı LPO-ASC məhkəməyə heç bir sübut – zaminlik müqaviləsi təqdim etməmişdir. Digər tərəfdən, cavabdeh/qarşılıqlı iddiaçı LPO "xxxx" ASC-nin Sumqayıt filialı ilə borc alan Cavabdeh1 arasında bağlanmış 14/228 nömrəli, xx.xx.2014-cü il Kredit müqaviləsinin 4.1-ci bəndinə görə, müqavilə ilə müəyyən edilən kredit öhdəliklərinin icrasının təminat üsulu alınacaq mənzilin ipotekasıdır; 9.2-ci bəndinə görə,...yaranmış borc və ya vurulmuş zərur Borcalanın hesabından akseptsiz qaydada silinir; 9.3-cü bəndinə görə, gecikdirilmiş borc yarandığı tarixdən Borcverən qanunvericiliklə müəyyən edilmiş qaydada Borcalanın öhdəliklərinin icrasının təminata yönəldilməsi prosedurasına başlayır; 15.5-ci bəndinə görə, borcalan öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirməməsinə görə Borcverənə dəymiş zərər məbləğində tam məsuliyyət daşıyır; 15.9-cu bəndinə görə, ...mənzil borcalana verilmədikdə və ya vaxtında təhvil verilmədikdə Borcverən bu hallara görə heç bir məsuliyyət daşımır və Borcalan bu müqavilə ilə nəzərdə tutulmuş öhdəliklərin icrasından azad edilmir. Sadalanan bəndlərdən göründüyü kimi sözügedən kredit öhdəliyinin təminat üçün girov və ipoteka predmeti olan daşınmaz əmlak mənzil çıxış edir. Lakin kredit müqaviləsində öhdəliyin icrasının təminatı olaraq xx.xx.2014-cü il tarixli Müqavilə barədə müddəa, həmçinin konkret kredit öhdəliyin icrasının gecikdirilməsi halında Cəmiyyətin məsuliyyəti, habelə Cəmiyyətin iddiaçı bankda olan bank hesablarından akseptsiz qaydada silinməsinə dair tələblər, hətta əlaqələndirici, yönəldici şərtlər göstərilməmişdir. Mülki Məcəllənin 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 04 iyun 2018-ci il tarixli Qərarında vurğulanır ki, mülki dövriyyədə öhdəliklərin icrasının təmin edilməsinin daha çox istifadə olunan üsulu kimi zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (Mülki Məcəllənin 470.1-ci maddəsi). Zaminlik müqaviləsi kreditorla zamin arasında bağlanılır və zamin əsas borclunun öz öhdəliyini icra etməməsi və ya lazımınca icra etməməsi halında, həmin öhdəliyi icra edəcəyinə dair öz üzərinə vəzifə götürür. Zaminlik müqaviləsi əsas öhdəlikdən asılı olan aksessor xarakterli müqavilədir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair - 04 sentyabr 2012ci il tarixli Qərarında qeyd etmişdir ki, zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə); əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyi) həddi barədə göstəriş; Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır. Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarında həmçinin belə nəticəyə gəlmişdir ki: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.2-ci maddəsinə görə gələcəkdə yaranacaq öhdəlik üzrə zaminlik müqaviləsi tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılıq əldə etdikdə bağlana bilər. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, gələcəkdə yaranacaq öhdəliyin icrası üzrə bağlanmış zaminlik müqaviləsi ilkin müqavilədən aşağıdakı xüsusiyyətlərinə görə fərqləndirilməlidir: ilkin müqavilədə əsas müqavilənin predmetini, digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. Əsas müqavilənin bağlanması tarixi ilkin müqavilə ilə müəyyən edilir. ilkin müqavilənin tərəflərindən hər biri öhdəliklərin yerinə yetirilməməsi nəticəsində əmələ gələn ziyanın ödənilməsi şərti ilə əsas müqavilənin imzalanmasından imtina edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli Qərarında qeyd edilir ki, iradə sərbəstliyi və müqavilə azadlığı əsas mülki hüquqlar sırasında olmaqla mülki hüquqların maneəsiz həyata keçirilməsi, pozulmuş hüquqların bərpası və mülki hüquqların məhkəmə müdafiəsi prinsipləri ilə ayrılmaz hüquqi vəhdət təşkil edirlər. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd edir ki, mülki dövriyyənin sabitliyini təmin edən və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin müqavilələrdən irəli gələn öhdəlikləri vicdanla və lazımınca yerinə yetirmələrindən ibarətdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə görə, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 36.11-ci maddəsinə görə, İcra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. Həmin Məcəllənin 40.1-ci maddəsinə görə, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. (40.2.) Tərəflər öz aralarındakı saziş ilə mübahisəli işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. (40.3.) Saziş o zaman ola bilər ki, o, müəyyən məhkəmə işinə və ya mübahisəsinə əsaslanmış olsun. (40.4.) Mübahisə üçün müstəsna aidiyyət nəzərdə tutulduğu halda bu Məcəllənin 40.1-40.3-cü maddələrinin qaydaları tətbiq oluna bilməz. İddiaçı Bank əgər tərəflər arasında yaranmış mübahisənin əsası kimi xx.xx.2014- cü il tarixli Əməkdaşlıq müqaviləsinə istinad edirsə, onda mövcud maddi və prosessual hüquq normaların tələblərinə əsasən aidiyyat qaydalarını pozmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli Qərarında qeyd edilir ki, iradə sərbəstliyi və müqavilə azadlığı əsas mülki hüquqlar sırasında olmaqla mülki hüquqların maneəsiz həyata keçirilməsi, pozulmuş hüquqların bərpası və mülki hüquqların məhkəmə müdafiəsi prinsipləri ilə ayrılmaz hüquqi vəhdət təşkil edirlər. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd edir ki, mülki dövriyyənin sabitliyini təmin edən və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin müqavilələrdən irəli gələn öhdəlikləri vicdanla və lazımınca yerinə yetirmələrindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli Qərarına görə: “Müqavilə azadlığı prinsipi yalnız mülki hüquq prinsipi kimi deyil, eyni zamanda, konstitusiya prinsipi kimi də qəbul olunur. Bu prinsipə təkcə hüquqi baxımdan deyil, həmçinin iqtisadi və etik normalar baxımından da yanaşmaq lazımdır. MM-in “Müqavilə hüququ” adlı 20-ci Fəslində yer alan və bütün müqavilələrə şamil olunan 399 və 399.3-cü maddələri baxımından müqavilə azadlığı prinsipinə formal bərabərlik kimi baxıla bilər. Lakin, konstitusiya prinsipi olan müqavilə azadlığı prinsipinə əsaslanaraq kredit müqavilələrini tənzimləyərkən, qanunverici elə bir tənzimləmə şəraiti yaratmalıdır ki, müqavilədə iqtisadi cəhətdən zəif olan tərəfə müəyyən üstünlüklər təqdim etməklə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı bərabərlik prinsipinin gözlənilməsini real təmin etmiş olsun. Buna görə də formal bərabərlik baxımından müqavilədə onun qüvvədə olma müddətinin qurtarması ilə tərəflərin müqavilə üzrə öhdəliklərinin də xitamına səbəb olan şərt yoxdursa (yəni tərəflər MM-in 399.3-cü maddəsi ilə onlara təklif olunan dispozitiv hüquqdan istifadə etməmişlərsə), bir qayda olaraq, müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. İstənilən halda məhkəmələr bu kimi məsələlərə baxarkən müqavilə azadlığı, azad sahibkarlıq fəaliyyəti, sosial dövlət və s. kimi müxtəlif konstitusiya dəyərləri arasında balansı gözləməli, işlə əlaqədar hər hansı qərarı qəbul etməmişdən əvvəl onun iqtisadi və sosial nəticələrini qabaqcadan görməlidirlər.” Bu cür əqdlər qanunda bir qayda olaraq “mübahisələndirilə bilər” sözləri ilə ifadə edilmişdir və onların mübahisə edilməsinin üsulu ilə bağlı təcrübədə müxtəlif yanaşmalar mövcuddur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Qərarnda qeyd edilir ki, Plenum müraciətlə bağlı ilk növbədə, mülki hüquqi öhdəliklərin ən mühüm yaranma əsaslarından olan əqdin mahiyyətinin və əqd münasibətlərinin tənzimlənməsinin əsas prinsiplərinin açıqlanmasını zəruri hesab edir. Mülki Məcəllənin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Xüsusilə vurğulamaq istərdik ki, ipoteka müqaviləsinin etibarsızlığı həmçinin borclu Cavabdeh1 borcalan LPO İddiaçı ASC qarşısında kredit öhdəliklərinə laqeyid və səhlənkar münasibətə şərait yarada bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 9.1- ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Oxşar mübahisə predmeti üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının hakim Əhməd Nurməmmədov sədrliyi ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X2, X4 və "xxxx" MMCyə qarşı 2(102)- 624/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli Qərarında Kollegiya qeyd edir ki, . . . . Belə ki, Bank ilə "xxxx" MMC arasında bağlanmış 18 mart 2014-cü il tarixli Müqavilənin 2.1-ci bəndi ilə predmeti təşkil edən Abşeron rayonu Xırdalan şəhəri, H.Əliyev prospekti, 240 ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış kompleksində müştərilərə satılmış mənzillərin dəyərinin 85%-dən artıq olmayan hissəsinin 120 ay müddətə qədər kreditləşdirməsi barədə qarşılıqlı razılıqdır. 26. Kredit müqaviləsində öhdəliyin icrasının təminatı olaraq 18 mart 2014-cü il tarixli Müqavilə barədə müddəa, həmçinin konkret kredit öhdəliyin icrasının gecikdirilməsi halında Cəmiyyətin məsuliyyəti, habelə Cəmiyyətin iddiaçı bankda olan bank hesablarından akseptsiz qaydada silinməsinə dair tələblər, hətta əlaqələndirici, yönəldici şərtlər göstərilməmişdir. (27.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istədiyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmunun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. (28.) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» 04 iyun 2018-ci il tarixli Qərarında qeyd edilir ki, mülki dövriyyədə öhdəliklərin icrasının təmin edilməsinin daha çox istifadə olunan üsulu kimi zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (Mülki Məcəllənin 470.1-ci maddəsi). Zaminlik müqaviləsi kreditorla zamin arasında bağlanılır və zamin əsas borclunun öz öhdəliyini icra etməməsi və ya lazımınca icra etməməsi halında, həmin öhdəliyi icra edəcəyinə dair öz üzərinə vəzifə götürür. Zaminlik müqaviləsi əsas öhdəlikdən asılı olan aksessor xarakterli müqavilədir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2247/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsində, Kollegiyası qeyd edir ki, "xxxx" MMC ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilənin zaminlik deyil, Mülki Məcəllənin 390-cı maddəsinə əsasən, qarışıq müqavilə olduğunu və Mülki Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası üzrə müqavilədə nəzərdə tutulan digər üsulların ünsürlərini daşıyan müqavilədir. Digər tərəfdən, tərəflər arasında bağlanmış müqavilə zaminlik müqaviləsi olsaydı belə, Tərəflər arasında bağlanmış müqavilə MM 472-ci maddəsində nəzərdə tutulmuş qaydada (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) bağlanmışdır. İş materiallarından görünür ki, Bankla Cəmiyyət arasında xx.xx.2014-cü il tarixdə Əməkdaşlıq müqaviləsi bağlamış və həmin müqavilədə şirkətin inşa etdiyi və verəcəyi yaşayış binalarındakı mənzillərin satışının bank tərəfindən krediləşdirilməsi yolu ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, Bank müqaviləni bağlayan zaman qanunvericiliyin bütün tələblərinə riayət etmişdir. Tərəfin könüllü olaraq müqavilə şərtləri ilə razılaşması, onun imzalaması, lakin məhkəmənin müqavilədə nəzərdə tutulmuş, tərəflərin iradə ifadəsini əks etdirən halları nəzərə almaması qanunvericiliyin ruhuna ziddir. Bakı Apellyasiya Məhkəməsinin hazırki mübahisəyə hüquqi qiymət verməsi Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-4349/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmənin diqqətinə çatdırmaq istərdim ki, 14/228 nömrəli, xx.xx.2014-cü il tarixli Kredit müqaviləsinin "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli Korprativ müqavilə çərçivəsində verilmiş kreditlərinə aid olmasının sübutu mövcud deyildir. Bildiririk ki, "xxxx" MMC tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 240 ünvanda inşa edilmiş çoxmənzilli yaşayış binalarında 10.000 çox mənzil və ya müqavilə mövcuddur. Belə ki, "xxxx" MMC tərəfindən inşa edilmiş və təhvil verilmiş bütün müqavilələr Korporativ Əməkdaşlığa aid edilmir. Həmçinin İddiaçı ASC məhkəməyə həmin kredit vəsaitin Cəmiyyətin hesabına köçürülməsinə dair heç bir sübut təqdim edə bilmir. Həmçinin "xxxx" MMC Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 240 ünvanda çoxmənzilli yaşayış binalarını podratçı olaraq inşa edərək təhvil vermişdir. Onu da qeyd etmək istərdim ki, İddiaçı ASC məhz kreditləşmə ilə bağlı ödənişləri fiziki şəxs X6 və ya əlaqəli üçüncü şəxslərin hesabına ödənilmişdir. Hazırda iddiaçı LPO Bankın ödənişin köçürülməsinə dair sənədi təqdim etməməsinə səbəb qeyd olunan faktın üzə çıxmasıdır. Abşeron Rayon İcra Hakimiyyətinin Başçısı Zakir Fərəcovun xx.xx.2012-ci il tarixli 309 nömrəli Sərəncam, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 X1 Ekspertiza Baş İdarəsinin rəyləri və 2023-cü il tarixli X11 da sübut edir ki, sözügedən əmlakın sahibi "xxxx" MMC deyil, X8r. Sonda İddiaçı ASC-nin pul tələbinin cavabdeh "xxxx" MMC-dən tutulması hissənin rədd edilməsi xahiş edilmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında Cavabdeh1 ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini qəbul etdiyini bildirmiş, LPO İddiaçı ASC-yə 32.886,28 manat əsas, 1.379,41 manat faiz borcunu qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X9 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan LPO İddiaçı ASC ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2014-cü il tarixli əməkdaşlıq müqaviləsindən görünür ki, müqavilənin predmetini Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev Prospekti, 240 ünvanında tikintisi aparılan çoxmərtəbəli yaşayış kompleksində müştərilərə satılmış mənzillərin dəyərinin 85 faizindən artıq olmayan hissəsinin illik 14 faizlə 120 aylıq müddətə qədər kreditləşməsi ilə əlaqədar tərəflərin qarşılıqlı öhdəlikləri təşkil edir (Müqavilənin 2.1.ci bəndi). Həmin müqavilənin 3.3-cü maddəsinə əsasən, bu Müqavilənin 2.1.-ci bəndinə əsasən müştəriyə verilmiş kredit üzrə ödənişlər 60 gündən artıq gecikdirildikdə bu barədə Bankdan bildiriş aldığı gündən etibarən 30 (otuz) təqvim günündən gec olmayaraq Cəmiyyət həmin günə mövcud olan kredit borcunu və ona hesablanmış faizləri mənzilin alqı-satqı müqaviləsini ləğv etməklə həmin mənzili digər şəxsə satmaqla və ya öz vəsaiti hesabına tam şəkildə Banka ödənilməsini öhdəsinə götürür və özünə məxsus müəyyən edilmiş bank hesabından göstərilən borcun akseptsiz qaydada silinməsi hüququnu Banka verir. Həmin müqavilənin 5.2-ci maddəsinə əsasən, bu Müqavilənin 2.1.-ci bəndinə əsasən müştəriyə verilmiş kredit üzrə ödənişlər 60 gündən artıq gecikdirildikdə bu barədə Cəmiyyətə bildiriş verməklə 30 (otuz) təqvim günündən gec olmayaraq həmin günə mövcud olan kredit borcunun və ona hesablanmış faizlərin tam şəkildə Banka ödənilməsini tələb etmək hüququna malikdir. İş materiallarında olan Borcverən LPO İddiaçı ASC ilə Borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 14/228 nömrəli kredit müqaviləsindən görünür ki, Borcverən Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 240 ünvanında salınmış "AAAF Park 3" yaşayış massivində inşa edilən (inşa edilmiş) 240 C nömrəli evin 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 68 kv.m olan 60a nömrəli mənzilin alınması üçün Borcalana 40400 AZN (qırx min dörd yüz manat) məbləğində kreditin verilməsini öhdəsinə götürür. Borcalan bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada kredīti və kredit üzrə hesablanacaq faizləri Borcverənə qaytarmağı öhdəsinə götürür. Kreditin müddəti 120 ay, kredit üzrə faizlər illik 14% təşkil edir. Kredit müqaviləsinin 10.2-ci bəndinə əsasən, Borcalan üzərinə düşən öhdəlikləri icra etmədikdə kreditin, kredit üzrə hesablanmış faizlərin və gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün faizlər də hesablanmaqla ümumi məbləğin illik 0.1 %-i məbləğində Borc verənə dəbbə pulu ödəməlidir. Müqavilənin 12.1-ci bəndinə əsasən müqavilə şərtlərini vaxtında və lazimi qaydada icra etmək “Borc alan”ın vəzifəsidir. Müqavilənin 12.2-ci bəndində göstərilir ki, alınmış krediti və ona hesablanmış faizləri vaxtlı-vaxtında ödəmək, ödənişləri vaxtında və tam həcmdə yerinə yetirmək “Borc alan”ın vəzifəsidir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, İH/B-B(b)/072 nömrəli mənzilin alqı satqısı haqqında müqavilədən görünür ki, Satıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Abşeron ray., Xırdalan şəh., H.Əliyev pr., 240 ünvanında salınmış “AAAF Park 3” yaşayış massivi, 240C nömrəli evin 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 68 kv.m olan 60a nömrəli mənzili Alıcı Cavabdeh1 satmağı, Alıcı isə müqavilə üzrə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı əmlakın dəyərini ödəməyi öhdəsinə götürür. Mənzilin dəyəri 47600.00 manat təşkil edir. Alıcı müqavilənin 2.1-ci bəndində göstərilən məbləğin 15 faizini ilkin ödəniş olaraq ödəyir, qalan 85 faizini isə Bankdan alınmış kredit hesabına 10 gün ərzində ödəməlidir. İş materiallarında olan Əmanətlərin Sığortalanması Fondu tərəfindən cavabdehlərə göndərilmiş xx.xx.2024-cü il tarixli, 12-5/2-M-41-5700/2024 nömrəli bildirişdən görünür ki, "xxxx" ASC ilə Sizin aranızda xx.xx.2014-cü il tarixində kredit verilməsi haqqında 2211KNW143110003 saylı müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Bank tərəfindən Sizə illik 14 (on dörd) faiz ödənilməsi şərti ilə 120 ay müddətinə ilkin məbləğ 40 400 (qırx min dörd yüz) AZN məbləğində kredit verilmişdir. Bank tərəfindən verilmiş kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi Cavabdeh1 məxsus Abşeron ray., Xırdalan şəh., H.Əliyev pr., 240 ünvanında salınmış "AAAF Park 3" yaşayış massivində inşa edilən 240 C nömrəli evin 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 68 kv.m olan 60a nömrəli mənzil İpoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Lakin qeyd olunan kredit müqaviləsinin tələbləri Sizin tərəfinizdən pozulmuş, kredit ödənişləri qrafikə uyğun həyata keçirilməmiş, bununla da kredit öhdəlikləri lazımınca icra edilməmişdir. Nəzərinizə çatdırırıq ki, Sizin 25 noyabr 2024-cü il tarixinə kredit müqaviləsi üzrə ödəniş cədvəlinə əsasən ödənilməmiş 34048.26 (otuz dörd min qırx səkkiz manat 26 qəpik) AZN vaxtı keçmiş borcunuz mövcuddur, bundan 32886.28 (otuz iki min səkkiz yüz səksən altı manat 28 qəpik) AZN vaxtı keçmiş əsas borc, 1161.98 (bir min yüz altmış bir manat 98 qəpik) AZN vaxtı keçmiş faiz borcu və 0.00 (sıfır) AZN cərimə borcudur. Kredit müqaviləsi üzrə ümumilikdə isə Sizin 25 noyabr 2024-cü il tarixinə 34048.26 (otuz dörd min qırx səkkiz manat 26 qəpik) AZN məbləğində borcunuz mövcuddur, bundan 32886.28 (otuz iki min səkkiz yüz səksən altı manat 28 qəpik AZN məbləğində əsas borc, 1161.98 (bir min yüz altmış bir manat 98 qəpik) AZN məbləğində faiz borcu, 0.00 (sıfır) AZN məbləğində cərimə borcudur. Bununla əlaqədar Sizə bildiririk ki, 5 gün müddətində yuxarıda qeyd olunan borc, müqavilə şərtlərinə uyğun olaraq ödənilməzsə, Sizinlə bank arasında bağlanmış kredit müqaviləsi ləğv ediləcək və borcun, gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün faizlərin, həmçinin dəbbə pulunun məcburi qaydada Sizdən tutulması, tələbin ipoteka predmetinə yönəldilmə tələbi ilə əlaqədar qanunvericiliklə müəyyən olunmuş qaydada aidiyyəti üzrə məhkəməyə müraciət ediləcək. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 9/2195 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları və tərəflər arasında bağlanmış 07 noyabr 2014-cü il tarixli, 14/228 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh1 iddiaçı "xxxx" ASC-yə olan borcu aşağıdaki kimi müəyyən edilir, o cümlədən: xx.xx.2024-cü il tarixə: əsas borc üzrə- 32.886,22 manat; faiz borcu üzrə 7.240,56 manat. xx.xx.2025-ci il tarixə illik 5 faiz hesablanmaqla: əsas borc üzrə- 32.886,22 manat; faiz borcu üzrə- 7.240,56 manat; faiz borcu 5 faiz ilə- 269,48 manat. Rəyə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** saylı Dövlət rüsumunun ödənilməsi haqqında mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 193.62 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, "xxxx" MMC və LPO İddiaçı ASC arasında Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev Prospekti, 240 ünvanında tikintisi aparılan çoxmərtəbəli yaşayış kompleksində müştərilərə satılmış mənzillərin kreditləşməsi ilə əlaqədar tərəflərin qarşılıqlı öhdəlikləri ilə bağlı xx.xx.2014-cü il tarixli əməkdaşlıq müqaviləsi bağlanmış, müqaviləyə əsasən müştəriyə verilmiş kreditlər üzrə ödənişlər 60 gündən artıq gecikdirildikdə bu barədə Bankdan bildiriş aldığı gündən etibarən 30 təqvim günündən gec olmayaraq Cəmiyyət həmin günə mövcud olan kredit borcunu və ona hesablanmış faizləri mənzilin alqı-satqı müqaviləsini ləğv etməklə həmin mənzili digər şəxsə satmaqla və ya öz vəsaiti hesabına tam şəkildə Banka ödənilməsini öhdəsinə götürmüş və özünə məxsus müəyyən edilmiş bank hesabından göstərilən borcun akseptsiz qaydada silinməsi hüququnu Banka vermiş, "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli mənzilin alqı satqısı haqqında müqaviləyə əsasən, satıcı Abşeron ray., Xırdalan şəh., H.Əliyev pr., 240 ünvanında salınmış “AAAF Park 3” yaşayış massivi, 240C nömrəli evin 5-ci mərtəbəsində yerləşən mənzili Alıcı Cavabdeh1 satmağı, Alıcı isə müqavilə üzrə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı əmlakın dəyərini ödəməyi öhdəsinə götürmüş, Cavabdeh1 ilə LPO İddiaçı ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 14/228 saylı kredit müqaviləsinə əsasən Abşeron ray., Xırdalan şəh., H.Əliyev pr., 240 ünvanında salınmış “AAAF Park 3” yaşayış massivi, 240C nömrəli evin 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 68 kv.m olan 60a nömrəli mənzilin alınması üçün 120 ay müddətinə, 14 faiz ödənilməsi şərtilə, 40.400 manat məbləğində kredit verilmiş, Cavabdeh1 krediti qəbul etməyi, Müqavilədə göstərilən müddətdə və qaydada kredīti və kredit üzrə hesablanacaq faizləri Borcverənə qaytarmağı öhdəsinə götürmüş, iddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirmiş, lakin cavabdehlər müqavilə üzrə üzərlərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşlar, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə qaytarılmamış borc məbləğin və müqavilənin bitdiyi tarixdən sonrakı dövr üçün illik 05 faizlik məbləğin miqdarının müəyyənləşdirilməsi ilə bağlı məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspert rəyinə əsasən xx.xx.2024-cü il tarixə: əsas borc üzrə- 32.886,22 manat; faiz borcu üzrə 7.240,56 manat. xx.xx.2025-ci il tarixə illik 5 faiz hesablanmaqla: əsas borc üzrə- 32.886,22 manat; faiz borcu üzrə- 7.240,56 manat; faiz borcu 5 faiz ilə- 269,48 manat təşkil edir, cavabdehlər iddiaçı tərəfindən borclarının olması və həmin borc məbləğinin qaytarılması barədə xəbərdar olunmuşlar, iddiaçı həmin borcu tələb edir, Cavabdeh1 iddia tələbini qəbul edərək borcunu etiraf edir, digər cavabdeh "xxxx" MMC pul tələbinin cavabdeh "xxxx" MMC-dən tutulması hissənin rədd edilməsini tələb edir. Bununla belə, cavabdehlərin müqavilə öhdəliklərinin icrasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsini öz riski ilə bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Məhkəmə iddia tələbinin digər cavabdeh "xxxx" MMC-yə aid hissədə araşdıraraq hesab edir ki, iddia tələbi ona aid hissədə də əsaslıdır və təmin edilməlidir. Məhkəmə "xxxx" MMC-nin etiraz ərizəsində bank ilə aralarında zaminlik müqaviləsinin olmamasına əsaslanaraq Cəmiyyətin Cavabdeh1 kredit borcuna görə məsuliyyət daşımaması barədə gətirdiyi dəlilə münasibət olaraq bildirir ki, qanunvericilikdə öhdəliyin müxtəlif təmini üsulları nəzərdə tutulmuşdur. Belə ki, öhdəliyin təmin üsulu təkcə zaminliklə məhdudlaşmır, qanunvericilik həmin üsulların müxtəlif formalarda, hətta tərəflərin müqavilədə müəyyənləşdirdiyi formada (qaydada) həyata keçirilməsini təsbit edir. Cəmiyyətlə bank arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilənin predmetini Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 240 ünvanında tikintisi aparılan çoxmənzilli yaşayış kompleksində müştərilərə satılmış mənzillərin dəyərinin 85 faizindən artıq olmayan hissəsinin illik 14%-lə 120 ay müddətinə qədər kreditləşdirilməsi ilə əlaqədar tərəflərin qarşılıqlı öhdəlikləri təşkil edir. Həmin müqavilənin 4.3-cü bəndinə görə bu müqavilənin 2.1-ci bəndinə əsasən müştəriyə verilmiş kredit üzrə ödənişlər 60 gündən artıq gecikdirildikdə, bu barədə Bankdan bildiriş aldığı gündən etibarən 30 təqvim günündən gec olmayaraq, Cəmiyyət həmin günə mövvud olan kredit borcunu və ona hesablanmış faizləri mənzilin alqı-satqı müqaviləsini ləğv edərək həmin mənzili digər şəxslərə satmaqla və ya öz vəsaiti hesabına tam şəkildə Banka ödənilməsini öhdəsinə götürür və özünə məxsus müəyyən edilmiş bank hesabından göstərilən borcun akseptsiz qaydada silinməsi hüququnu Banka verir. Həmin müqavilənin 5.2-ci bəndinə görə Bank bu müqavilənin 2.1-ci bəndinə əsasən müştəriyə verilmiş kredit üzrə ödənişlər 60 gündən artıq gecikdirildikdə, bu barədə Cəmiyyətə bildiriş verməklə 30 təqvim günündən gec olmayaraq, həmin günə mövcvud olan kredit borcunun və ona hesablanmış faizlərin tam şəkildə ona ödənilməsini tələb etmək hüququna malikdir. Müqavilənin göstərilən bəndlərindən də göründüyü kimi, Bankla Cəmiyyət arasında bağlanmış qarşılıqlı əməkdaşlıq müqaviləsində Cavabdeh1 öhdəliyinin təmini üsulu ilə bağlı tərəflər konkret qayda müəyyən etmişlər. Həmin qayda Korporativ müqavilənin 4.3 və 5.2-ci bəndləri ilə tənzimlənir. Burada Cəmiyyətin öhdəliyinin yaranmasının əsas şərti Bankın Cəmiyyətə ödənişin 60 gündən artıq gecikməsi ilə bağlı bildirişin verilməsidir ki, iş materiallarında iddiaçı tərəfindən göndərilən xx.xx.2024cü il tarixli məktubdan görünür ki, Bank Cəmiyyətə bu barədə bildiriş göndərərək aralarında bağlanmış müqavilənin 5.2-ci maddəsinə əsasən tədbirlər görməsini xahiş etmişdir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Bankla Cəmiyyət arasında zaminlik müqaviləsi bağlanmasa da, onlar arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilədə Cavabdeh1 kredit öhdəliyinin təmini üsulu kimi, kredit borcunu və ona hesablanmış faizləri mənzilin alqı-satqı müqaviləsini ləğv edərək həmin mənzili digər şəxslərə satmaqla və ya öz vəsaiti hesabına tam şəkildə ödəməklə bağlı Cəmiyyət öhdəlik götürdüyündən, Cavabdeh1 isə krediti tam ödəmədiyindən "xxxx" MMC sonuncu ilə birlikdə iddiaçı qarşısında məsuliyyət daşıyır. Məhkəmə cavabdehdən tutulmalı olan əsas və müqavilə bitdikdən sonra hesablanan illik 5 faiz faiz borcunun məbləğini müəyyən edərkən ekspert rəyinə iş üzrə tədqiq edilmiş digər sübutlarla yanaşı qiymət verərək hesab edir ki, cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-dən müştərək qaydada 32.886,28 manat əsas, illik beş faiz hesablanmaqla 274,20 manat faiz borcu tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməlidir. Məhkəmə, faiz borc məbləğini, ekspertin həmin məbləğ üzrə gəldiyi nəticəyə deyil, iddia tələbində göstərilən məbləğə uyğun olaraq müəyyən edir. Bu onunla izah olunur ki, ekspert rəyində göstərilən məbləğ iddia tələbində göstərilən məbləğdən çox olmaqla iddia tələbindən kənara çıxır. Belə olan halda məhkəmə hesab edir ki, faiz borc məbləği iddia tələbində göstərilən həddə (1.379,41 manat) müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 404-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsaəsn öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.4-ci maddəsinə əsasən icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar Həmin Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 500.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-dən müştərək qaydada 32.886,28 manat əsas, 1.379,41 manat faiz, illik beş faiz hesablanmaqla 274,20 manat faiz borcu olmaqla cəmi 34.539 manat 89 qəpik borc tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməlidir. Məhkəmə xərclərinə münasibətdə isə məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddia tələbi təmin edildiyindən və cavabdehlərin dövlət rüsumunu ödəməkdən azad edilməsi halları məhkəmə tərəfindən müəyyən olunmadığından cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-dən müştərək qaydada ödənilmiş dövlət rüsumunun əvəzi qismində 193.62 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ASC-yə ödənilməli, Ekspertiza xərcini təşkil edən 100 manat alınaraq “Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında“ Azərbaycan Respublikası Qanununun 8.1.3-cü bəndinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda, 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi həddində dövlət rüsumu ödənilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh1 və "xxxx" MMC-dən müştərək qaydada 32.886,28 manat əsas, 1.379,41 manat faiz, illik beş faiz hesablanmaqla 274,20 manat faiz borcu olmaqla cəmi 34.539 (otuz dörd min beş yüz otuz doqquz) manat 89 (səksən doqquz) qəpik və dövlət rüsumu olaraq ödənilmiş 193 (yüz doxsan üç) manat 62 (altmış iki) qəpik dövlət rüsumu tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. Ekspertiza xərcini təşkil edən 100 manat Cavabdeh1 və "xxxx" MMC-dən müştərək qaydada alınaraq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar