Məhkəmə qərarları › İş №e-2(011)-2810/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2810/2022

07.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2810/2022 07.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 19 oktyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən 5.140,32 manat əsas, 913,69 manat faiz borcu olmaqla, cəmi 6.054,01 manat məbləğində vəsaitin və ödənilmiş 80.54 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borclu Cavabdeh arasında bağlanmış 19 oktyabr 2019-cu il tarixli kredit kartı müqaviləsinə əsasən ona 36 ay müddətinə illik 22 faiz dərəcəsi ilə 5.500 manat kredit xətti ayrılmışdır. Kredit kartı müqaviləsinin şərtlərinə əsasən borcalan müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirmir. Cavabdehin 14 mart 2022-ci il tarixə İddiaçı ASC-yə 5.140,32 manat əsas, 913,69 manat faiz olmaqla, cəmi 6.054,01 manat məbləğində borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılıb qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddia tələbini qismən qəbul edərək onun qismən təmin edilməsini xahiş etdi. Məhkəmə cavabdehin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı ASC ilə borclu Cavabdeh arasında bağlanmış 19 oktyabr 2019-cu il tarixli kredit kartı müqaviləsinə əsasən ona 36 ay müddətinə illik 22 faiz dərəcəsi ilə 5.500 manat kredit xətti ayrılmışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Cavabdeh 14 mart 2022-ci il tarixə İddiaçı ASC-yə 5.140,32 manat əsas, 913,69 manat faiz olmaqla, cəmi 6.054,01 manat məbləğində borcu yaranmışdır. Bank yaranmış borcla əlaqədar cavabdehə xəbərdarlıq göndərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, Cavabdeh kredit kartı müqaviləsini üzrə öz riski ilə bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki Cavabdeh kredit kartı müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit kartı müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, həmin kreditdən yaranan borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı kredit kartı müqaviləsi üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 80.54 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan arayışdan görünür ki, Cavabdeh müharibə ilə əlaqədar 2-ci qrup əlildir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə görə, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həcmində dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.1.20-ci maddəsinə görə, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azaddırlar. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, hazırkı iddia üzrə cavabdeh müharibə ilə əlaqədar 2-ci qrup əlil olduğundan o, dövlət rüsumu ödəməkdən azad edilmişdir. Odur ki, iddia tələbi həmin hissədə rədd edilməli, ödənilmiş 80.54 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 19 oktyabr 2019-cu il tarixli kredit kartı müqaviləsinə əsasən 5.140,32 manat əsas, 913,69 manat faiz olmaqla, cəmi 6.054,01 manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 19 oktyabr 2019-cu il tarixli kredit kartı müqaviləsinə əsasən 5.140,32 (beş min yüz qırx manat otuz iki qəpik) manat əsas, 913,69 (doqquz yüz on üç maant altmış doqquz qəpik) manat faiz olmaqla, cəmi 6054,01 (altı min əlli dörd manat bir qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Ödənilmiş 80.54 (səksən manat əlli dörd qəpik) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar