Məhkəmə qərarları › İş №e-2(011)-2862/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2862/2023

09.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2862/2023 09.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. "xxxx" MMC ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixdə “Panasonic” markalı ət çəkən maşının və “BOSH” markalı ütünün alınması barədə 40020315 saylı nisyə alqısatqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin əlavəsi olan ödəniş cədvəlinə görə əşyaların dəyəri birlikdə 373,99 manat olmaqla, ödəniş müddəti 6 ay, aylıq ödəniş isə 62 (sonuncu ay 63,99 manat) manat müəyyən edilmişdir.

2. Əşyalrın cavabdehə xx.xx.2022-ci il tarixdə təhvil verilməsi barədə təhvil-təslim aktı imzalanmış, lakin sonradan cavabdeh ütünü bəyənmədiyi üçün ondan imtina etmiş və bu barədə "xxxx" MMC tərərindən cavabdehə arayış verilmişdir

3. Həmçinin, xx.xx.2019-cu il tarixdə iddiaçı ilə "xxxx" MMC arasında faktorinq müqaviləsi bağlanmış, müqavilə ilə "xxxx" MMC cavabdehə olan pul tələbini iddiaçıya (faktora) güzəşt etmişdir.

İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri

4. İddiaçı xx.xx.2022-ci il tarixli müqavilə üzrə 123,99 manat əsas borcun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. İddiaçı iddia ərizəsində göstərmişdir ki, "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən o, 373,99 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan Ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 6 ay müddətində ödəməyi öhdəsinə götürüb. İddiaçı ilə "xxxx" MMC arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan Sazişə əsasən cavabdehə qarşı olan 373,99 manat məbləğindəki tələb hüququ iddiaçıya keçmiş bu barədə ona müvafiq bildiriş təqdim edilmişdir. Tələb hüququnun iddiaçıya keçməsi barədə cavabdehə bildiriş verilmişdir. Cavabdeh müqavilənin şərtini pozaraq üzərinə götürdüyü öhdəliyi icra etməyərək aldığı əşyanın dəyərini ödəməmişdir.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

6. Cavabdeh etirazını yazılı formada məhkəməyə təqdim edərək bildirmişdir ki, etiraza əlavə etdiyi arayışa əsasən onun iddiaçıya heç bir borcu yoxdur. Məhkəmə iclasında verilən izahatlar:

7. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək üzürlü səbədən məhkəmə iclasında iştirak edə bilmədiklərini nəzərə alaraq onların iştirakı olmadan işə baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Cavabdeh məhkəmə baxışı zamanı iddia ərizəsinə etiraz edərək bildirdi ki, "xxxx" MMC ilə aralarında bağlanmış müqaviləyə əsasən bir ədəd ət çəkən maşın və bir ədəd ütü almalı idi. Ətçəkəni yerində baxıb qəbul etmiş. Lakin ütünü sonradan gətirdikləri üçün onu bəyənmədiyindən götürməmişdir. "xxxx" MMC-yəmüraciət etdikdə ona borcunun olmaması barədə arayış vermişlər. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki Məcəllə:

9. Maddə 385.1. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ilkin kreditorun tələbi yeni kreditora hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir. Xüsusilə, öhdəliyin icrasını təmin edən hüquqlar, habelə tələblə bağlı olan digər hüquqlar, o cümlədən ödənilməmiş faizlərə hüquq yeni kreditora keçir. Tələb güzəşt edildikdə yeni kreditora girov və ipoteka hüququ, habelə ona verilmiş zaminlik üzrə hüquqlar keçir. Yeni kreditor məcburi icra və müflisolma halı üçün tələblə bağlı üstünlük hüququnu həyata keçirə bilər.

10. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

11. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

12. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

13. Maddə 655.1. Faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

14. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

15. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

16. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

İşə baxan məhkəmənin mövqeyi:

17. Məhkəmə iddia ərizənin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia əsassızdır.

18. Mülki Məcəllənin 385-ci maddəsində öhdəliyin yaranması əsasları və dairəsi müəyyən edilmişdir. Həmin müddəadan irəli gələn mənaya görə öhdəliyin yaranması üçün onun iştirakçıları (tərəfləri) arasında ilk növbədə müəyyən hüquq münasibətləri yaranmalı və bu münasibətlər qanunla müəyyən edilmiş əsaslara söykənməlidir. Yaranma formasına görə öhdəliklər müqavilədən əmələ gələn, müqavilədən kənar öhdəliklər (deliktlər) və qanundan irəli gələn öhdəliklərə (əsassız varlanma) bölünür.

19. Mülki hüquq münasibətləri çərçivəsində öhdəliklərin ən geniş yayılmış forması müqavilə öhdəlikləridir. Qanun müəyyən edir ki, müqavilədən əmələ gələn öhdəliklərin yaranması üçün tərəflər arasında mütləq müqavilə (şifahi, yaxud yazılı formada) bağlanmalıdır. Mülki Məcəllənin 389-cu maddəsində müqaviləyə verilən anlayışa görə müqavilə iki və ya bir neçə şəxsin konkret münasibətlərindən irəli gələn hüquq və vəzifələrinin müəyyən edilməsi, dəyişdirilməsi və xitamı üçün, qanunla müəyyən edilmiş hallarda yazılı, yaxud şifahi formada öz iradə azadlıqları ilə, əldə etdikləri razılaşmadır.

20. Mülki Məcəllənin 576-cı maddəsində alqı-satqı müqaviləsinə verilən anlayışdan isə məlum olur ki, (alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür) tərəflər bu barədə razılığa gəldikləri andan alqı-satqı müqaviləsi bağlanmış (həm şifahi, həm də yazılı formada) sayılır. Alqı-satqı müqaviləsi üzrə satıcının öhdəliyi razılaşdırılmış əşyanı (malı) alıcıya təhvil verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Alıcının isə əşyanı (malı) qəbul etmək öhdəliyi müqavilə bağlandlğı andan, bir qayda olaraq onun dəyərini ödəmək öhdəliyi isə əşya (mal) ona (onun mülkiyyətinə) təhvil verildikdən sonra (lakin tərəflər arasında əşyanın əvvəlcədən ödənilməsi də nəzərdə tutula bilər) başlanır. Hər bir halda, alıcı malın dəyərini o vaxt ödəməyə razılaşır ki, onu tam bəyənir və bunu ya şifahi, ya da yazılı formada bəyan edir.

21. İşin faktiki hallarından da görünür ki, cavabdehlə "xxxx" MMC arasında iki məişət əşyasının (ət çəkən maşın və ütü) nisyə alqı-satqı müqaviləlsi bağlanmış, əşyalardan hər ikisinin də təhvil verilməsi barədə təhvil-təslim aktı imzalansa da, cavabdeh ütünü götürməkdən imtina etmiş və faktiki olaraq ət çəkən maşını almışdır. Bununla bağlı "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş arayışda da qeyd edilmiş, həmçinin göstərilmişdir ki, hazırda NFTK04789 saylı müqavilə üzrə "xxxx" MMCnin sistemində cavabdehin borcu 0 AZN təşkil edir. "xxxx" MMC-də NFTK04789 saylı müqavilə üzrə borcalanın (cavabdehin) adında olan 123,99 manat artıq borc qalığı "xxxx" MMC-nin öhdəliyidir.

22. Şərh edilənlərdən də göründüyü kimi, cavabdehin NFTK04789 saylı müqavilədə göstərilən ütüyə görə onun dəyərin ödəmək öhdəliyi yaranmamışdır, çünki cavabdeh ütünü bəyənmədiyindən onu mülkiyyətinə almamışdır. Əvvəldə də qeyd edilmişdir ki, alqı-satqı müqaviləsi üzrə alıcının malın əvəzini ödəmək öhdəliyi o zaman yaranır ki, bir qayda olaraq (malı əvvəlcədən ödənilməsi halı istisna olmaqla) əşya ona verilsin.

23. Faktorinq müqaviləsi üzrə borclu barədə məlimatın düzgün verilməməsi məsuliyyətini isə kreditor - "xxxx" MMC daşıyır. Ona görə ki, ilkin kreditor olaraq "xxxx" MMC tələbi yeni kreditor olan iddiaçıya hüququn ona keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə verməyə borcludur.

24. Məhkəmə qeyd edir ki, üzərinə öhdəlik götürmüş hər bir tərəf öhdəliyini vicdanla yerinə yetirmək vəzifəsi daşıyır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarının təmin edilməsinə yönələn addımdır. Bu səbəbdən də, qanunvericilik öhdəliyin icrası zamanı vicdanlılıq şərtlərini təkcə tərəflər arasında bağlanmış müqavilənin məzmunundan irəli gələn hərəkətlərin yerinə yetirilməsi ilə məhdudlaşdırmır, hətta müqavilədə və qanunda nəzərdə tutulmasa belə, tərəflərin mənafelərinə uyğun gələn tərzdə, işgüzar adətlərə uyğun icra edilməsini təşviq edir.

25. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar