Məhkəmə qərarları › İş №e-2(011)-2903/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2903/2025

13.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2903/2025 13.03.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Açıq səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən 13468,32 manat əsas, 141,72 manat faiz, cəmi 13610,04 manat borcun, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən 1017,70 manat əsas, faiz borcu üzrə 4,44 manat olmaqla, cəmi 1022,14 manat borcun, ümumilikdə 14632,18 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 133,90127,31 manat məbləğində vəsaitin və 0,40 qəpik bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, kredit müqavilələrinə əsasən borcalanın qeyd edlən məbləğlərdə borcu yaranmışdır. X1 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh X2 vərəsəsidir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirsə də, borc məbləğini hissə-hissə ödəyə biləcəyini qeyd etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC X3 24 ay müddətinə, illik 18 faiz dərəcəsi ilə 7000 manat kredit vermiş, X4 isə kredit borcunu müqavilə ilə müəyyən edilmiş qaydada qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC X3 48 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə 14 500 manat kredit vermiş, X4 isə kredit borcunu müqavilə ilə müəyyən edilmiş qaydada qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli kassa məxaric orderindən görünür ki, X4 14500 manat məbləğində pul vəsaitini qəbul etmişdir. Ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. 2 saylı Bakı “Asan Xidmət” mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X2 vərəsəsi Cavabdehdır, mərhumun miras əmlakı ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 121,2 kv.metr olan 5 otaqlı mənzildən ibarətdir, vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək mənzil ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil, özgəninkiləşdirilməsinə qadağa qoyulmamışdır. "xxxx" ASC tərəfindən Cavabdeh göndərilmiş xəbərdarlıqdan görünür ki, onun xx.xx.2025-ci il tarixinə əsas borc məbləği xx.xx.2022-ci il tarixli kredit maüqaviləsi üzrə əsas borc üzrə 1017,70 manat və buna müfafiq hesablanmış faiz borcu, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 13468,32 manat və buna müvafiq hesablanmış faiz borcu yaranmışdır. X2 vərəsəsi Cavabdeh banka olan bütün borc məbləğini ödəmək təklif olunmuş, əks təqdirdə qanunvericiliyə uyğun müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, borclunun "xxxx" ASC-yə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə əsas borc məbləği 1017,70 manat, vəfat etdiyi tarixə faiz borc məbləği 4,44 manat olmaqla, cəmi 1022,14 manat borcu yaranmışdır. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, borclunun "xxxx" ASC-yə xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə əsas borcu 13468,32 manat, vəfat etdiyi tarixə faiz borc məbləği 141,72 manat olmaqla, cəmi 13610,04 manat borcu yaranmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (xx.xx.2023-cü il tarixə qədər qüvvədə olan). 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.(xx.xx.2023-cü il tarixə qədər qüvvədə olan).

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqaviləilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 1306-cı maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar, əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. 1307. Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə ilk növbədə qeyd edir ki, iş materialları ilə X2 ölməsi və Cavabdeh mərhum ərindən miras qalmış əmlakı qəbul etməklə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alması təsdiq olunur. Odur ki, iddiaçı "xxxx" ASC hazırki iddia tələbini Cavabdeh qarşı qaldırmaqda haqlı olmuşdur. Məhkəmə hesab edir ki, Cavabdeh borcalanın hüquqi varisi olaraq bank qarşısında öhdəlikləri yarandığından, iş materialları ilə borcalanın xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə əsas borcunun 1017,70 manat, vəfat etdiyi tarixə faiz borcunun 4,44 manat, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə əsas borcunun 13468,32 manat, vəfat etdiyi tarixə faiz borcunun 141,72 manat olması təsdiq olunduğundan, qeyd edilən borc məbləğlərinin borcalanın hüquqi varisi Cavabdeh tutulması tələbinə dair iddia təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən 1017,7 manat əsas borc, 4,44 manat faiz borcu olmaqla, cəmi 1022,14 manat, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən 13468,32 manat əsas borc, 141,72 manat faiz borcu olmaqla, cəmi 13610,04 manat, ümumilikdə 14632,18 manat və 133,9 manat dövlət rüsumu, 0,40 qəpik bank xidməti haqqının əvəzi tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Leyla Şövkətli-Mənsimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar