Məhkəmə qərarları › İş №e-2(011)-2932/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2932/2023

12.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2932/2023 12.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Əhmədova Təranə Rafiq qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “pul tələbi barədə” iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı ASC Cavabdeh qarşı “pul tələbi barədə” kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən İddiaçı ASC-nin xeyrinə 8297,94 manat əsas; 1477,96 manat faiz, cəmi 9775,9 manat məbləğində vəsaitin və ödənilmiş 117,76 manat dövlət rüsumunun tutulması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən ona kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçının tələbini əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış kredit müqaviləsi, kredit borcuna dair maliyyə arayışı və kassa məxaric qəbzidir. Nəticədə, cavabdehin xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə 8.297,94 manat əsas; 1.477,96 manat faiz, cəmi 9.775,9 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(011)-2932/2023 saylı qərardadı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə əlaqədar icraat kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraatdan iddia icraatına keçirilmişdir. İddiaçı ASC tərəfindən məhkəməyə ərizə ünvanlanaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Odur ki, məhkəmə iddia ərizəsini, işin materiallarını araşdıraraq, hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə GTKR5343553A110 saylı kredit müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən Bank müştəriyə istehlak məqsədi ilə kredit verir, kreditin istifadəsi ilə bağlı müvafiq hesablar açır. Müştəri isə həmin kreditdən istifadə edir və yaranmış borclarını (əsas və faiz borcu, xidmət haqqı, dəbbə pulu və s) Müqavilə ilə müəyyən edilmiş qaydada geri ödəyir. Müqavilənin 1.1.2-ci maddəsinə əsasən kredit 35 ay müddətinə verilir. Müqavilənin 1.1.3-cü maddəsinə əsasən 9000 manat məbləğində kredit verilir. Müqavilənin 1.1.4-cü maddəsinə əsasən kredit 30,56% (FİFD), 26% illik faiz dərəcəsi ilə verilir. Müqavilənin 3.2.3-cü maddəsinə görə müştəri qeyd olunan müqavilə üzrə borcların ödənilməsini gecikdirdiyi halda hər gecikdirilən gün üçün gecikdirilmiş borc məbləğinin 0.6%-i miqdarında dəbbə pulu ödəyir (və ya dəbbə pulu Müştərinin bankda olan hesab(lar)ından silinir). Müqavilənin 2.8.1-cü maddəsinə görə Müştəri tərəfindən müqavilə üzrə borcların vaxtında ödənilməsi müddətləri pozulduqda Bank kreditin hesablanmış faizi ilə və digər borcları ilə birlikdə qaytarılmasını Müştəridən vaxtından əvvəl tələb edə bilər. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən, Cavabdeh xx.xx.2022-ci il tarixli GTKR5343553A110 saylı kredit müqaviləsinə əsasən 8.297,94 manat əsas; 1.477,96 manat faiz, cəmi 9.775,9 manat borcu vardır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli bildirişin surətindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə borc bildirişi ünvanlanmışdır İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, İddiaçı ASC-nin Cavabdeh verilmiş kredit üzrə əsas borcu və ona hesablanmış faizləri tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri və digər pul öhdəliklərini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında həmin kreditdən yaranan pul öhdəliklərini lazımi qaydada icra etməmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın 117,76 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də əsaslı hesab edir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. xx.xx.2022-ci il tarixli GTKR5343553A110 saylı kredit müqaviləsinə əsasən 5.679,85 (beş min altı yüz yetmiş doqquz manat səksən beş qəpik) əsas; 679,04 (altı yüz yetmiş doqquz manat dörd qəpik) faiz, cəmi 6.358,89 (altı min üç yüz əlli səkkiz manat səksən doqquz qəpik) pul məbləği və ödənilmiş dövlət rüsumunun əvəzi olan 83,59 (səksən üç manat əlli doqquz qəpik) manat pul məbləği Cavabdeh alınaraq İddiaçı ASC-nə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar