Məhkəmə qərarları › İş №e-2(011)-2960/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2960/2025

15.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2960/2025 15.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Fərhadzadə Mehri Polad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, iddiaçı tanışı Cavabdeh ehtiyaclarını qarşılamaq üçün 1200 manat borc vermişdir. Daha sonra, 12 sentyabr 2024-cü il tarixində cavabdeh iddiaçıya “WhatsApp” sosial şəbəkəsi vasitəsilə yazaraq əlavə 300 manat borc istəmiş, iddiaçı da bu məbləği cavabdehə vermişdir. Beləliklə, cavabdehin iddiaçıya olan borcu ümumilikdə 1500 manat təşkil etmişdir. Cavabdeh bu borcu 15 oktyabr 2024-cü il tarixində qaytaracağına söz vermişdir. İddiaçı bu məbləği cavabdehin bank kartına ödəmiş və bunu təsdiq edən sübutları (bank ödəniş qəbzini, WhatsApp yazışması və s.) ərizəsinə əlavə etmişdir. Bundan sonra, dəfələrlə cavabdehə ehtiyacı olduğunu bildirsə də, cavabdeh borcunu qaytarmamışdır. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh 1500 manat borcun, 41 manat dövlət rüsumunun, 49 manat vəkilə verdiyi etibarnəməyə ödədiyi ödənişi və 500 manat hüquqi yardına görə ödədiyi xərclərin ümumi olaraq 2090 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin çıxışını dinləyib, izahatını dinləyib, iş materiallarını tədqiq edib sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan “WhatsApp” sosial şəbəkəsində İddiaçı ilə Cavabdeh (**********) arasında olan yazışmalardan müəyyən edilir ki, Cavabdeh 1500 (1200+300) manat borcunun olduğunu qəbul etmişdir. İş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemindən olan çıxarışdan görünür ki, ********** mobil nömrə Cavabdeh məxsusdur. İş materiallarında olan Bakı şəhəri 5 saylı Vəkil bürosunun vəkili Vəkil ilə İddiaçı arasında bağlanmış hüquqi yardımın göstərilməsi haqqında 12 fevral 2025-ci il tarixli müqavilənin surətindən görünür ki, pul tələbi üzrə hüquqi yardıma görə razılıqla 500 manat haqq müəyyən edilmişdir. İş materiallarında olan 12 fevral 2025-ci il tarixli qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən vəkilə 500 manat ödəniş edilmişdir. İş materiallarında olan 11 fevral 2025-ci il tarixli etibarnamədən görünür ki, bayramov Niyazo İlhamı oğlu Vəkil məhkəmələrdə və digər dövlət orqanlarında təmsil olunmaq üçün etibarnamə vermiş, etibarnamə üçün 49 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana)n keçirməyi öhdəsinə götürür, digər iştirakçı isə (borc alan) aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin öz öhdəliyini tamami ilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin sussidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 475-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. 21-ci maddəsi müəyyən edir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir.Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur.Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Beləliklə, mülki iş materialları ilə müəyyən edilir ki, tərəflər arasında tanışlıq münasibəti olmuşdur, cavabdeh iddiaçıdan çətin vəziyyətə düşdüyü üçün borc pul istəmiş, iddiaçı da ona ayrı-ayrı vaxtlarda 1200 manat və 300 manat məbləğində pul vəsaiti vermişdir. “WhatsApp” sosial şəbəkəsində İddiaçı ilə Cavabdeh (**********) arasında olan yazışmalardan müəyyən edilir ki, Cavabdeh 1500 (1200+300) manat borcunun olduğunu qəbul etmişdir. Həmin yazışmalarda olan mobil nömrənin cavabdehə məxsus olması “Elektron məhkəmə” informasiya sisteminə verilmiş sorğu əsasında təsdiq olunmuşdur. Beləliklə, Cavabdeh İddiaçı 1500 manat məbləğində borcunun olması iş materialları ilə təsdiq edildiyindən, həmin borc hazırki günədək geri qaytarılmadığından, məhkəmə hesab edir ki, Cavabdeh 1500 manat məbləğində pul vəsaiti tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə eyni zamanda Cavabdeh 41 manat dövlət rüsumunun, 49 manat vəkilə verdiyi etibarnəməyə ödənilən ödəniş və 500 manat vəsaitin tutulması hissəsində hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslı olduğundan təmin edilməli və həmin vəsaitlər cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 1500 manat məbləğində borc, 41 manat manat dövlət rüsumu, 49 manat etibarnamə üçün ödənilən pul vəsaiti və 500 manat hüquqi yardıma görə ödənilən xərc olmaqla, ümumilikdə 2090 manat pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar