Məhkəmə qərarları › İş №e-2(011)-2961/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2961/2025

14.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2961/2025 14.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Fərhadzadə Mehri Polad qızının katibliyi, Cavabdeh X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh X2 qarşı “pul” tələbinə dair mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" MMC cavabdeh X2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, cavabdeh X3 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, Apple 20W Usb-C adapter, İmei kodu **********88542 olan İphone 15 pro max markalı telefon almış və nəticədə 5907,12 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 4962.78 manat (yəni 18 ay x 275.71 manat + 0 manat ilkin ödəniş) olan Apple 20W Usb-C adapter, İmei kodu **********88542 olan İphone 15 pro max markalı telefon üçün ümumilikdə 5907,12 manat olmaqla ondan 3938, 08 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 1969,04 manat dəbbə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1024,70 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. İddiaçı göstərilənləri nəzərə alaraq, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən Apple 20W Usb-C adapter, İmei kodu **********88542 olan İphone 15 pro max markalı telefon üçün 3938,08 manat ödənilməmiş hissə, 1969,04 manat dəbbə olmaqla, ümumilikdə, 5907,12 manat borc və 79,08 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMCyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X3 iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, telefonu alıb başqa şəxsə satmışdır, həmin şəxs çıxıb getdiyi üçün ödəniş edə bilməmiş, aylıq ödəniş çoxdu deyə çatdıra bilməmişdir. Məhkəmə iclası barədə iddiaçı "xxxx" MMC-yə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Lakin iddiaçı "xxxx" MMCnin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, iddianın təmin edilməsini və məhkəmə iclasının nümayəndələrinin iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan işə iddiaçının nümayəndəsinin və iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdhein çıxışını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə X3 arasında bağlanılmış 26 mart 2024-cü il tarixli, 03995652 nömrəli müqavilədən və həmin müqaviləyə əlavədən görünür ki, cavabdehə Apple 20W Usb-C adapter, İmei kodu **********88542 olan İphone 15 pro max markalı telefon verilmişdir. İş materiallarında olan 06 fevral 2025-ci il tarixli maliyyə arayışından görünür ki, X1 "xxxx" MMC ilə bağladığı 26 mart 2024-cü il tarixli, 03995652 nömrəli müqaviləyə əsasən ümumilikdə 5907,12 manat olmaqla, ondan 3938,08 manat ödənilməmiş hissə, 1969,04 manat dəbbə pulu borcu vardır. İş materiallarında olan "xxxx" MMC-nin cavabdeh X2 ünvanladığı 31 yanvar 2025-ci il tarixli xəbərdarlığa əsasən məlum olur ki, cavabdeh borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil,həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını,bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Ona görə də, məhkəmə hesab edir ki, mövcüd mübahisənin həlli zamanı hissə-hissə ödəmə şərtilə əşyanın nisyə alqı-satqı müqaviləsinin qaydaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-nin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Məhkəmə hesab edir ki, cavabdeh X3 müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan, cavabdehdən 26 mart 2024-cü il tarixli, 03995652 nömrəli müqaviləyə əsasən 3938,08 manat ödənilməmiş məbləğ (əsas borc) tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı Mülki Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borcluların əmlakının saxlanılması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Mülki Məcəllənin 464.1-ci maddəsinə əsasən kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsi, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsini nəzərdə tutulubtutulmadığından asılı olmayaraq, tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən hesablanmış dəbbə pulu (cərimə) cavabdehin hazırda ödənilməmiş əsas borcuna münasibətdə tənasübsüz surətdə yüksək olduğundan azaldılaraq cavabdehdən 26 mart 2024-cü il tarixli, 03995652 nömrəli müqavilə üzrə 197 manat məbləğində cərimə tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh X3 müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan, cavabdehdən 26 mart 2024-cü il tarixli, 03995652 nömrəli müqavilə üzrə 3938,08 manat əsas borc, 197 manat dəbbə pulu tutularaq, iddiaçıya ödənilməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutub, məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 26 mart 2024-cü il tarixli müqavilə üzrə 3938,08 manat əsas borc, 197 manat dəbbə pulu olmaqla, cəmi 4135,08 manat tutularaq, iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia qismən təmin edildiyindən, iddiaçı "xxxx" MMC tərəfindən ödənilmiş 79,08 manat dövlət rüsumunun 70%-i, yəni 55 manat Cavabdeh tutularaq iddiaçıya ödənilsin, qalan 30 %-i, yəni 24,08 manat iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar