Məhkəmə qərarları › İş №e-2(011)-2963/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2963/2023

20.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2963/2023 20.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynli Mehriban Qalib qızının katibliyi Müstəqil tələb irəli sürməyən "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə borc” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı QSC Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin halları: "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 40005846 saylı müqaviləyə əsasən, cavabdeh 1799.99 manat dəyərində nisyə aldığı mala görə 49.99 manat ilkin ödəniş olaraq ödəmiş, qalıq 1750 manat borcu isə müqaviləyə əlavə olan Ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 9 ay müddətində ödəməyi öhdəsinə götümüşdür. İddiaçı QSC ilə "xxxx" MMC arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan sazişə əsasən Optimal Elektronika MMC-nin Cavabdeh qarşı olan 1750 manat məbləğindəki tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun İddiaçı QSC-yə keçməsi barədə nisyə alqı-satqı müqaviləsi üzrə alıcıya müvafiq bildiriş təqdim edilmişdir. Cavabdeh müqavilə şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu ödənişlərin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etmir. Hazırda cavabdehin 1750 manat məbləğində əsas borcu mövcuddur. İddiaçının tələbi: xx.xx.2022-ci il tarixli 40005846 saylı müqaviləyə əsasən 1750 manat məbləğində əsas, 37.50 manat məbləğində ödənilmiş dövlət rüsumu və 0.40 manat məbləğində dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqı olmaqla, ümumilikdə 1787.90 manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdeh tərəfindən məhkəməyə daxil olan etiraza əsasən, o bildirmişdir ki, xx.xx.2022-ci il tarixli 40005846 saylı müqaviləyə əsasən sifariş etdiyi məhsuldan imtina etmiş və məhsulu geri qaytarmışdır. Nəticədə "xxxx" MMC ilə onun arasında bağlanmış xx.xx.2022-ci il tarixli 40005846 saylı müqavilə ləğv edilmişdir. Həmçinin cavabdeh etirazında qeyd etmişdir ki, həmin müqavilə üzrə heç bir öhdəliyi və borcu yoxdur. Cavabdeh məhkəmədən işə iddia icraatı qaydasında baxılmasını xahiş etmişdir. Cavabdeh tərəfindən məhkəməyə daxil olan vəsatətə əsasən, o məhkəmənin icraatında olan İddiaçı QSC-nin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə borc” tələbinə dair mülki iş üzrə "xxxx" MMC-nin müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə xx.xx.2023-cü il tarixli ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə idiaçının nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab edir. Məhkəmə iclasında (xx.xx.2023-cü il tarixli) iştirak edən Cavabdeh öz izahatında bildirmişdir ki, onun İddiaçı QSC ilə birbaşa əlaqəsi olmamışdır, o "xxxx" MMC ilə müqavilə bağlamış, lakin daha sonra müqavilə ləğv olunmuş və bu barədə arayış "xxxx" MMC tərəfindən ona təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən "xxxx" MMC-nin nümayəndəsi X2 öz izahatında bildirmişdir ki, iddia əsassızdır, belə ki, cavabdeh məhsulu aldıqdan sonra geri qaytarmışdır. Həmçinin "xxxx" MMC-nin nümayəndəsi qeyd etmişdir ki, müqavilə bağlanıldıqdan 4 gün sonra tələb güzəşt edilsə də, kondisioner alıcıya təhvil verilməyib, buna görə də iddia tələbi rədd edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlər: - xx.xx.2022-ci il tarixli 40005846 saylı nisyə alqı-satqı müqaviləsi və ona 1 nömrəli əlavəyə əsasən, Cavabdeh Şamil qızı "xxxx" MMC-dən müqavilə ilə nəzərdə tutulmuş əşyanı almağı, əvəzində isə ilkin ödəniş 49.99 manat olmaqla, 9 ay müddətinə hər ay 194 manat olmaqla, ümmilikdə 1799.99 manat məbləği ödəməyi öz öhdəsinə götürmüşdür; - xx.xx.2022-ci il tarixli Təhvil-təslim aktına əsasən "xxxx" MMC Carrier 42QHA018N markalı kondisioneri Cavabdeh Şamil qızına təhvil verməyi öhdəsinə götürmüşdür; - xx.xx.2019-cu il tarixli R-16/19 saylı faktorinq müqaviləsi və ona əlavə olunan xx.xx.2022ci il tarixli R-xx/xx-0207 saylı sazişə əsasən Optimal Elektronika MMC-nin Cavabdeh qarşı olan 1750 manat məbləğindəki tələb hüququ İddiaçı QSC-yə keçmişdir; - xx.xx.2023-cü il tarixli bildirişdən məlum olur ki, İddiaçı QSC Cavabdeh Şamil qızına alqısatqı müqaviləsi əsasənda yaranmış 1750 manat məbləğində borcun xx.xx.2023-cü il tarixinədək ödənilməsi barədə xəbərdarlıq etmişdir; - xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən xx.xx.2022-ci il tarixli, 40005846 saylı alqı-satqı müqaviləsi üzrə borclu Cavabdeh Şamil qızının xx.xx.2023-cü il tarixə İddiaçı QSCyə 1750 manat əsas məbləğ üzrə borcu mövcuddur; - xx.xx.2023-cü il tarixli hesabdan çıxarış; - xx.xx.2023-cü il tarixli arayışa görə Cavabdeh Şamil qızı xx.xx.2022-ci il tarixli 40005846 saylı müqaviləyə əsasən sifariş etdiyi məhsuldan imtina etmiş və məhsulu geri qaytarmış, nəticədə "xxxx" MMC ilə onun arasında bağlanmış xx.xx.2022-ci il tarixli 40005846 saylı müqavilə ləğv edilmişdir və hazırda "xxxx" MMC sistemində borc 0 azn təşkil edir. İddiaçı QSC-də həmin müqavilə üzrə Cavabdeh Şamil qızının adında olan 1750 azn artıq borc qalığı "xxxx" MMC-nin öhdəliyidir ; - xx.xx.2023-cü il tarixli poçt reyestri. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 655.1. Faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. 655.2. Pul tələblərinin güzəşti barəsində borcluya bildiriş verilməlidir. 655.3. Müştəri faktor qarşısında öhdəliyinin icrasını təmin etmək məqsədi ilə də borcluya olan pul tələbini faktora güzəşt edə bilər. 655.4. Faktorun faktorinq müqaviləsi üzrə öhdəliklərinə müştəri üçün mühasibat uçotunun aparılması, habelə müştəriyə güzəşt predmeti olan pul tələbləri ilə bağlı digər maliyyə xidmətlərinin göstərilməsi də daxil ola bilər. 655.5. Faktorinq müqaviləsi yazılı formada bağlanır. 655.6. Faktorinq müqavilələrini faktor kimi banklar və digər kredit təşkilatları, habelə bu cür fəaliyyəti həyata keçirməyə icazəsi olan başqa kommersiya təşkilatları bağlaya bilərlər.

656. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, faktorinq müqaviləsinə tələblərin alğı-satqısı və verilməsi haqqında müddəalar tətbiq edilir. 657.2. Faktorinq müqaviləsinin gələcək tələblərin güzəştinə əsas verən hər hansı müddəası tələblərin verilmə üzrə hansısa əlavə hərəkətlər edilmədən əmələ gəldiyi məqamda faktora keçməsini bildirir. 657.3. Faktorinq müqaviləsində müştərinin hüquqlarının faktora hansı dərəcədə keçməsi də tənzimlənə bilər. 657.4. Əgər borclu müştəridən və ya müştərinin vəkaləti ilə faktordan güzəşt barəsində yazılı bildiriş almışdırsa, ödənişi faktora həyata keçirməlidir. Bildiriş yalnız o halda etibarlıdır ki, güzəşt edilmiş tələbləri və borclunun ödənişi həyata keçirdiyi və ya hesabına həyata keçirdiyi faktoru kifayət qədər dəqiq göstərsin və bildirişin verildiyi an və ya daha əvvəl bağlanmış müqavilədən irəli gələn tələblərə aid olsun. 657.7. Əgər faktor borcludan müqavilə əsasında əmələ gəlmiş tələb üzrə məbləğ ödəməyi tələb edirsə, borclu həmin müqavilədən irəli gələn və müştərinin ondan ödəniş tələb etdiyi halda irəli sürə biləcəyi bütün etirazları faktora bildirə bilər. Borclu güzəşt haqqında yazılı bildirişin verildiyi məqamda müştəriyə qarşı olan tələblərinin ödənilməsinə dair hər hansı hüququ da qarşılıqlı əvəzləşdirmə çərçivəsində faktora qarşı etiraz kimi irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.

Məhkəmənin mövqeyi: Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, "xxxx" MMC ilə Cavabdeh arasında qanunla müəyyən edilmiş qaydada müddətli (nisyə) alqı-satqı müqaviləsi bağlanılmış (MM m.601.1), həmin müqaviləyə əsasən onlar arasında öhdəliklər yaranmışdır. Daha sonra, İddiaçı QSC ilə "xxxx" MMC arasında faktorinq müqaviləsi imzalanmış və həmin faktorinq müqaviləsinə əlavə olunan sazişə əsasən "xxxx" MMC-nin Cavabdeh qarşı olan tələb hüququ İddiaçı QSC-yə keçmişdir (MM m. 655.1). Həmçinin tələb hüququnun İddiaçı QSC-yə güzəşt edilməsi barədə Cavabdeh müvafiq bildiriş təqdim edilmişdir (MM m. 655.2). xx.xx.2023-cü il tarixli arayışdan da görünür ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2022-ci il tarixli 40005846 saylı nisyə alqı-satqı müqaviləsi üzrə sifariş etdiyi məhsuldan imtina etmiş və məhsulu geri qaytarmışdır və nəticədə müqavilə ləğv edilmişdir. İddiaçı QSCdə 40005846 saylı müqavilə üzrə borcalan Cavabdeh adında olan 1750 azn artıq borc qalığı "xxxx" MMC-nin öhdəliyidir. Optimal Elektronika” MMC tərəfindən borcun etirafı, məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilir, qarşı tərəfin bu məsələ ilə bağlı məhkəməyə etirazı daxil olmadığından iddia təmin edilməməlidir.

Məhkəmə iş materiallarını nəzərə alaraq qeyd edir ki, təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsassız olduğunu təsdiq edir. Ona görə də məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir.

Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi rədd edilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay sonra qanuni qüvvəyə minir.

Hakim: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar