Məhkəmə qərarları › İş №e-2(011)-2964/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2964/2025

17.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2964/2025 17.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynova Nuranə Rafiq qızının katibliyi İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər X1, Cavabdeh2 qarşı alqı-satqı müqaviləsi üzrə pul tələbinə dair mülki işə inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin iddia ərizəsində qeyd edilən halları:

1. İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixdə Samsung 43 K 6000SK markalı soyuducunun, Samsung 50AU8000 markalı televizorun və Hoffman 60010W markalı paltaryuyanın nisyə alqı-satqısına dair nisyə alqı-satqı müqaviləsi bağlanılmışdır.

2. Həmin Müqaviləyə əsasən iddiaçı qeyd edilən malları cavabdehə nisyə satmağı, cavabdeh isə ona satılmış malları qəbul edib razılaşdırılmış formada – ödəniş cədvəlinə uyğun olmaqla “Malların” dəyərini ödəməsini öhdəsinə götürmüşdür.

3. Həmin müqaviləyə uyğun olaraq digər Cavabdeh2 ilə “Zaminlik” müqaviləsi bağlanmışdır. Qeyd edilən “Zaminlik” müqaviləsinə əsasən zamin, borclunun müqavilə üzrə üzərinə götürdüyü öhdəliyin tam icra edilməsi üçün onunla eyni həcmdə birgə məsuliyyət daşıdığını öhdəsinə götürmüşdür.

4. Bildirir ki, cavabdehlər üzərinə götürdüyü öhdəliklərini icra etmir, müqavilə şərtlərini qəsdən kobud şəkildə pozurlar. Belə ki, Müqavilə ilə nəzərdə tutulmuş ödəniş müddətlərinin keçməsinə və ödəniş barədə dəfələrlə şifahi və rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, müqavilə üzrə ödəməli olan borcu ödəməkdən yayınırlar. Hazırda onların əsas borc üzrə 2000 manat, cərimə üzrə 100 manat, cəmi 2100 manat borcu vardır.

İddiaçının tələbi:

5. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada – xx.xx.2023-cü il tarixli müqavilə üzrə əsas borc üzrə 2000 manat, cərimə üzrə 100 manat, cəmi 2100 manat pulun və ödənilmiş 41 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Cavabdehin etirazı:

6. Cavabdehlər tərəfindən ərizəçinin tələbinə qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır.

Tərəflərin izahatı:

7. Məhkəmnə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia tələbinin məzmununa uyğun olaraq izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

8. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materiallarına əlavə edilmiş sənədlər:

9. xx.xx.2024-cü il tarixli pretenziya məktubu.

10. xx.xx.2023-cü il tarixli, № RN001925 saylı alqı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı alıcı Cavabdeh1 1 komplekt Soyuducu Samsung 43 K 6000SK, Televizor Samsung 50AU8000, paltaryuyan Hoffman 60010W satır və bu müqavilənin 1.3-cü bəndində qeyd edilmiş Mal(lar)ın qiyməti Soyuducu Samsung 43 K 6000SK, Televizor Samsung 50AU8000, Paltaryuyan Hoffman 60010W cəmi 3900 (üç min doqquz yüz) (lar)m ümumi dəyərinin 0 (sıfır) manat məbləği ilkin ödəniş olaraq nağd şəkildə "Satıcı" ya ödənilir.

11. xx.xx.2023-cü il tarixli, RN001925 saylı müqaviləyə əlavə 1.

12. № MQ RN001925 saylı təhvil-təslim aktının kötüyü.

13. xx.xx.2023-cü il tarixli, № RN001925 saylı “Zaminlik müqaviləsi”nə əsasən İddiaçı ilə Cavabdeh2 Maarif oğlu arasında zamanlik müqaviləsi bağlanmışdır.

14. xx.xx.2024-cü il tarixli arayış.

15. Mülki iş materiallarına əlavə edilmiş digər sənədlər.

Tətbiq edilən hüquq:

16. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

471. Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir . 185.4. Tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. 214.1. Qətnaməni qəbul etdikdən sonra hakim məhkəmə iclası zalına qayıdır (tərəflərin məhkəmə iclasına gəlmədiyi hallar istisna olmaqla), qətnamənin giriş və nəticə hissələrini elan edir, qətnamədən şikayət etmə qaydası və müddətini, habelə tərəflərin müraciəti olduğu halda qətnamənin nəticə hissəsini izah edir. 214.2. Qətnamə işdə iştirak edən şəxslərin bilmədiyi dildə tərtib edildikdə, həmin qətnamənin nəticə hissəsi onlara məhkəmə iclasında iştirak edən tərcüməçinin iştirakı ilə onların doğma dilində və yaxud onların bildikləri dildə oxunmalıdır. 214.4. Qətnamənin elan edilmiş nəticə hissəsi yazılı formada tərtib edilməli, hakim və ya hakimlər tərəfindən imzalanmalı və işə əlavə edilməlidir. Qətnamənin nəticə hissəsi elan edildikdən sonra sədrlik edən işdə iştirak edən şəxslərə və nümayəndələrə qətnamənin tam mətni ilə tanış olmanın vaxtını bildirməlidir. İşdə iştirak edən şəxslərin tələbi ilə qətnamənin giriş və nəticə hissələrini əks etdirən çıxarış elan olduğu gün həmin şəxslərə rəsmi qaydada verilir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi:

18. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, əlavə edilmiş sənədləri, nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.

19. Belə ki, məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müddətli (nisyə) alqı-satqı müqaviləsi bağlanılmış (MM m.601.1), həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Qeyd edilənlər məhkəmə araşdırması zamanı iddiaçı və cavabdehin məhkəmə iclaslarında verdikləri izahlarla da öz təsdiqini tapır.

20. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 Rəfail oğlu tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçıdan mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilələr əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. (MM m.600.4)

21. Həmçinin, digər Cavabdeh2 zamin qismində nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməməsinə görə alıcı ilə birgə məsuliyyəti öz üzərinə götürməsi müəyyən olunmuşdur. Mülki qanunvericiliyin tələbinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, Mülki Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. (472.1.) Eyni zamanda əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. (472.2).

22. Məhkəmə həmçinin iddia tələbinin cərimənin (dəbbə pulu) ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə əsaslıdır. Məhkəmə iddiaçı tərəfindən tələb edilən dəbbə pulunu əsas borc məbləğinə mütənasib hesab edir.

23. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2023-cü il tarixli müqavilə üzrə əsas borc üzrə 2000 manat, cərimə üzrə 100 manat, cəmi 2100 manat pul alınaraq İddiaçı xeyrinə tutulmalıdır.

Məhkəmə xərcləri:

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

25. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 41 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

26. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

1. İddia təmin edilsin.

2. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2023-cü il tarixli müqavilə üzrə əsas borc üzrə 2000 manat, cərimə üzrə 100 manat, cəmi 2100 manat pul məbləği tutularaq İddiaçı ödənilsin.

3. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 41 (qırx bir) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı ödənilsin.

4. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar