Məhkəmə qərarları › İş №e-2(011)-2965/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2965/2025

19.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2965/2025 19.03.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il tarixli “Nisyə alğı-satqı” müqaviləsinə əsasən əsas borc üzrə 2300 manat, cərimə üzrə 200 manat, cəmi 2500 manat ödənilməmiş borcun və ödənilmiş 45 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə Yataq dəsti və Qonaq dəsti mebellərinin alqı-satqısına dair “Nisyə alqı-satqı” müqaviləsi (Müqavilə) bağlanmışdır. Həmin Müqaviləyə əsasən,iddiaçı həmin malları cavabdehə nisyə satmağı, cavabdeh isə ona satılmış malları qəbul edib razılaşdırılmış formada – ödəniş cədvəlinə uyğun, “Malların” dəyərini ödəməsini öhdəsinə götürmüşdür. İddiaçı bildirir ki, cavabdeh üzərinə götürdüyü öhdəliklərini lazımınca icra etmir, Müqavilənin şərtlərini qəsdən kobud şəkildə pozur. Belə ki, Müqavilə ilə nəzərdə tutulmuş ödəniş müddətlərinin keçməsinə və ödəniş barədə dəfələrlə şifahi və rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, müqavilə üzrə ödəməli olduğu borcunu ödəməkdən yayınır. Hazırda onun əsas borc üzrə 2300 manat, cərimə üzrə 200 manat, cəmi 2500 manat borcu vardır. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı və Cavabdeh arasında 20 iyul 2021-ci il tarixində Yataq dəsti və Qonaq dəsti mebellərinin alqı-satqısı barədə RNM 000351 saylı müqavilə bağlanmışdır, alıcı müqaviləyə əlavə edilmiş ödəniş cədvəlində qeyd edilmiş məbləğdə və müddətdə malın dəyərinə satıcıya ödəməyi öhdəsinə götürmüşdür, borcun əsas məbləği 4007 (dörd min yeddi) manat, ilkin ödənilən məbləğ 503 (beş yüz üç) manat, qalıq məbləğ 3504 (üç min beş yüz dörd) manatdır. Həmin müqavilənin 5.3-cü maddəsinə əsasən, alıcı ödəniş cədvəlindəki gecikmələrə görə hər gecikdirilən gün üçün aylıq ödənişin 3%-i həcmində əlavə cərimə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli RNM 000351 saylı alqı-satqı müqaviləsinə əlavə 1 ödəniş cədvəlindən görünür ki, ümumi məbləğ 4007 manat, ilkin ödəniş 503 manat, qalıq məbləği 3504 manat, ödəniş müddəti 12 ay, aylıq ödəniş 292 manatdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Arayışdan görünür ki, Cavabdeh RNM 000351 saylı müqaviləyə əsasən ödənilməmiş əsas borc məbləği 2300 manat, cərimə üzrə borc məbləği 200 manatdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 45 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Pretenziya” məktubundan görünür ki, İddiaçı borclu Cavabdeh Şakir oğlundan müqavilə üzrə 2500 manat borcun ən geci 3 (üç) gün ərzində ödənilməsini tələb etmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, İddiaçı və Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə Yataq dəsti və Qonaq dəsti mebellərinin alqısatqısına dair RNM 000351 saylı müqavilə bağlanmışdır, müqaviləyə əsasən, satıcı müqavilə üzrə nəzərdə tutulmuş öhdəliyini icra edərək əşyanı alıcıya təhvil vermiş, alıcı Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Hazırda cavabdehin iddiaçıya olan borcu 2300 manat təşkil edir, cavabdeh borcunun olması barədə iddiaçı tərəfindən xəbərdar edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını və ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Bununla belə, iddia tələbi üzrə cavabdehin müqavilə öhdəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə,tərəflər arasında bağlanmış müqavilə üzrə tənasübsüz surətdə yüksək hesablanmış cərimə məbləğinin azaldılaraq, xx.xx.2021 il tarixli RNM 000351 saylı müqavilə üzrə 130 manat həddində müəyyən edilməsini məqsədəuyğun hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 2300 manat ödənilməmiş hissə, 130 manat cərimə olmaqla, ümumilikdə ödənilməmiş 2430 manat borc məbləği Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Ödənilmiş dövlət rüsumuna münasibətdə isə məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, iddia qismən təmin edildiyindən və cavabdehin dövlət rüsumu ödəməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadığından 44,30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməli və ondan alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 2300 manat ödənilməmiş hissə, 130 manat cərimə olmaqla, ümumilikdə ödənilməmiş 2430 (iki min dörd yüz otuz) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 44 (qırx dörd) manat 30 (otuz) qəpik tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar