Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2967/2025 10.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 2631,6 manat ödənilməmiş hissə, 1315,8 manat dəbbə pulu və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 2547,6 manat ödənilməmiş hissə, 1273,8 manat dəbbə pulu, ümumilikdə 7768,80 manat borc və 97,69 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı MMC ilə bağlanmış müqavilələrin şərtlərini pozmuş və nəticədə onun İddiaçı MMC-yə qeyd olunan məbləğdə borcu yaranmışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilmiş cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: xx.xx.2024-cü il tarixli müqavilədən, müqavilənin tərkib hissəsi olan Əlavədən və təhvil-təslim aktından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında ilkin ödəniş 120 manat ödəməklə 24 ay müddətinə hər ay 171,2 manat hissə-hissə ödəniş etmək şərtilə, ümumilikdə dəyəri 3201,6 manat təşkil edən “İphone 15 Pro” markalı telefonun alqısatqısına dair müqavilə bağlanılmış və alıcı məhsulu tam qüsursuz halda təhvil almışdır. xx.xx.2024-cü il tarixli müqavilədən, müqavilənin tərkib hissəsi olan Əlavədən və təhvil-təslim aktından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında ilkin ödəniş 953 manat ödəməklə 12 ay müddətinə hər ay 212,3 manat hissə-hissə ödəniş etmək şərtilə, ümumilikdə dəyəri 3500,6 manat təşkil edən “X3 15” markalı komputerin alqı-satqısına dair müqavilə bağlanılmış və alıcı məhsulu tam qüsursuz halda təhvil almışdır. Müqavilələrin 2.6-cı bəndinə əsasən müştəri ödəniş cədvəli üzrə ödənişlərini vaxtında ödəməsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində mübahisəsiz olaraq peniya ödəyir. xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh öhdəliyini icra etməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə cavabdehin 2631,6 manat ödənilməmiş əsas, 1315,8 manat cərimə, cəmi 3947,4 manat borcu, xx.xx.2024-cü il tarixli alqı-saqı müqaviləsi üzrə 2547,6 manat əsas, 1273,8 manat cərimə, cəmi 3821,4 manat borcu, olmaqla, ümumilikdə 2 müqavilə üzrə 5179,2 manat əsas, 2589,6 manat cərimə borcu və yekunda 7768,8 manat borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə görə, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601-ci maddəsinə əsasən, əşyanın nisyə alınması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmənin mövqeyi: Məhkəməyə təqdim olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı müqavilə üzrə öz öhdəliklərini icra edərək, müqavilənin predmeti olan məhsulları cavabdehə təhvil vermiş, cavabdeh isə müqavilə üzrə müəyyən olunmuş şərtlər daxilində malları əldə etməsinə, həmin malların dəyərini hissə-hissə ödəməsinə dair öhdəlik götürməsinə baxmayaraq, malların dəyərinin yalnız bir hissəsini ödəmiş, qalan hissəni ödəməkdən yayınmışdır. Məhkəmə hazırda cavabdehin alqı-satqı müqavilələri üzrə 5179,2 manat ödənilməmiş əsas borcunun qaldığını nəzərə alaraq hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1315,8 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə isə 1273,8 manat cərimə borcu tənasübsüz surətdə yüksək olduğu üçün azaldılmalıdır. Cavabdehdən xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 100 manat və xx.xx.2024-cü-cü il tarixli müqaviləyə əsasən 100 manat dəbbə pulunun tutulması ağlabatan və ədalətlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 2631,6 manat əsas borc, 100 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 2547,6 manat əsas borc, 100 manat cərimə borcu olmaqla, ümumilikdə 2 müqavilə üzrə 5379,2 manat və 74 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Leyla Şövkətli-Mənsimli