Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-297/2023 05.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı oğlu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı – yararsız vəziyyətə düşmüş əmlak üçün ümumi dəyəri 4413 manat təşkil edən təmir xərcləri və 600 manat təşkil edən əşyalara dəymiş ziyana görə, cəmi 5013 manat məbləğində pulun cavabdehlərdən tutularaq İddiaçı Xaliq qızına ödənilməsi və gələcəkdə qonşuluqda olan mənzilin sahibinə və ya istifadəçilərinə bu cür hərəkətlərdən yayınmaq öhdəliyinin qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Xaliq qızı ünvan 1 ünvanında yerləşən mənzilin sahibidir və faktiki həmin ünvanda yaşayır. Mənzil ÖM seriyalı, 132932 nömrəli, xx.xx.2002-ci il tarixli Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsi əsasında iddiaçıya məxsusdur. İddiaçının mənzilinə yuxarı mərtəbədə yerləşən mənzildən çirkab sularının axması nəticəsində xeyli ziyan dəymişdir. Belə ki, yuxarıda yerləşən mənzildən son illər ərzində mütəmadi olaraq iddiaçının mənzilinə su axıdılır. Bunun nəticəsində də, iddiaçının mənzilinə və mənzildə yerləşən ona məxsus əşyalarına xeyli miqdarda, sonuncu dəfə isə xx.xx.2022-ci il tarixdə maddi ziyan dəymişdir. Adıkeçən mənzilə axıdılan su, yuxarı mərtəbədə yerləşən 4 №-li mənzildən gəlir və həmin mənzil Cavabdeh2 xüsusi milkiyyətindədir. Hal-hazırda isə orada Cavabdeh1 uzun müddətdir ki, kirayədə yaşayır. Yuxarıda yerləşən mənzildə su sistemi qurğuları, su turbaları və bağlamalarının sıradan çıxması nəticəsində 2020-ci ildən bu günə kimi iddiaçının mənzilinə dəfələrlə su axmışdır. Baş verən bu hadisə ilə əlaqədar həmin mənzildə uzun illərdir kirayədə yaşayan Cavabdeh1 iddiaçı tərəfindən iradlarıı bildirilsə də, nəticəsi olmamışdır. Həmin mənzilin sahibinin isə kim olmasını iddiaçıdan gizlətmişlər. Cavabdeh1 hər dəfə iddiaçıya yalan vədlər verərək problemin aradan qaldırılmasına söz versə də bu günə kimi məsələ öz həllini tapmamışdır. Cavbdehlərin təqsiri üzündən iddiaçıya məxsus əmlaka xeyli miqdarda ziyan dəymişdir. Belə ki, bununla bağlı Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 96 saylı Mənzil-Kommunal İstismar sahəsi tərəfindən xx.xx.2022-ci il tarixdə iddiaçıya yoxlama aktı da verilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsində qeyd edilən mənzil yararsız vəziyyətə düşmüşdür. Mənzili əvvəlki vəziyyətinə qaytarmaq üçün isə xeyli miqdarda (10000 manat dəyərində) təmir xərcinə ehtiyac vardır. Lakin, mənzilin yaşanılacaq hala gətirilməsi üçün minimum 4413 manat dəyərində təmir işləri aparılmalıdır. Belə ki, fərdi qaydada usta fəaliyyəti göstərən Babək Mehdizadə iddiaçının mənzilinə baxış keçirmiş və təmir işləri üçün 4413 manat məbləğində smeta xərci çıxarmışdır. Bu xərclər əlavə olaraq qoşmada bir-bir qeyd edilmişdir. Bundan əlavə mənzildə olan, İddiaçı şəxsi istifadəsindəki ev əşyalarına da ziyan dəymişdir. Xeyli sayda yorğan, döşək, yastıq və geyim əşyalarına, elektronika avadanlıqlarına ziyan dəymişdir ki, onların da yenidən bərpası üçün o, artıq 600 manat dəyərində xərc çəkmişdir. Beləliklə də yararsız vəziyyətə düşmüş əmlak üçün ümumi dəyəri 4413 manat təşkil edən təmir xərcləri və 600 manat təşkil edən əşyalara dəymiş ziyana görə, cəmi 5013 manat məbləğ iddiaçıya ödənilməlidir. Həmçinin, gələcəkdə qonşuluqda olan mənzilin sahibinə və ya istifadəçilərinə bu cür hərəkətlərdən yayınmaq öhdəliyi də qoyulmalıdır. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan xx.xx.2003-cü il tarixli müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, İnqlab İsmayılov küçəsi, ev 3, mənzil 4 satıcı X1 tərəfindən alıcı Cavabdeh2 satılmışdır. İş materiallarında olan, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reystri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, İnqlab İsmayılov küçəsi, ev 3, 4 nömrəli mənzil Cavabdeh2 xüsusi mülkiyyətindədir. İş materiallarında olan, 96 saylı MKİS tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş məktubdan görünür ki, 96 saylı MKİS-i tərəfindən Bakı şəhəri, Xətai rayonu, İnqlab İsmayılov küçəsi, ev 3, 2 nömrəli mənzilə baxış keçrilən zaman məlum olmuşdur lki, təsadüfən 4-cü mənzlildən 2-ci mənzilə 1 dəfə su sızıntısı olmuşdur, mənzil tam təmirli olmuş və axıntı vanna otağındakı slivin sürşüb yerə düşməsi nəticəsində baş vermişdir. İş materiallarında olan xx.xx.2002-ci il tarixli qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 2 ünvanında yerləşən 2 nömrəli mənzil İddiaçı mülkiyyətindədir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6507/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizası təyin olunmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/2530 nömrəli ekspertiza rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi, ev 3 ünvanında yerləşən iddiaçıya məxsus 2 saylı mənzildə mərtəbə arası susızmanın əlamətlərinin mövcud olduğu müəyyən olunmuş, lakin cavabdehə məxsus mənzilə baxış zamanı mənzilin sanitar qovşağının şaxtasında həmçinin sanitar qovşaq avadanlıqlarında qüsur aşkar edilmədiyindən su sızıntısının texniki səbəbinin müəyyən edilməsi mümkün olmamışdır. Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi, ev 3 ünanında yerləşən iddiaçıya məxsus 2 saylı mənzilə su axıdılması nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün aparılmalı təmir-bərpa içlərinin dəyəri hal-hazırki bazar qiymətlərinə uyğun olaraq təqribən 2215 manat məbləğində müəyyən olunur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6507/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizası təyin olunmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/2697 nömrəli ekspertiza rəyindən görünür ki,ekspert baxışına təqdim edilən istifadədə olmuş əşyaların hazırki orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 310 manat müəyyən edilir. İş materiallarında olan ********* nömrəli qəbzin surətindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsinə görə 70,50 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.4-cü maddəsinə əsasən, mülkiyyətin toxunulmazlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 682-ci maddəsinə əsasən kirayəçi kirayəyə götürdüyü əşyanın müqavilə üzrə istifadəsi nəticəsində dəyişməsi və ya pisləşməsi üçün məsuliyyət daşımır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd edilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1111.2-ci maddəsinə əsasən əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən xərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Sudan istifadə” Qaydalarının 5.1.8-ci maddəsinə əsasən STKM-in (su təchizatı və kanalizasiya müəssisəsi) balansında olan STTSAS-da(su təchizatı və tullantı sularının axıdılması sistemləri) baş vermiş qəzaların, nasazlıqların aradan qaldırılmasını tələb etmək istehlakçının hüquqlarıdır. Həmin Qaydalarının 9.9.-cu maddəsinə əsasən STKM müntəzəm olaraq öz balansında olan kanalizasiya şəbəkələrinin yoxlanılması, profilaktikası, yuyulması, təmizlənməsi və təmirini həyata keçirməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...” Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Qeyd edilən müddəaların mənasından aydın olur ki, zərərin vurulmasına səbəb olan əməlin qanuna zidd olması, zərər vuran şəxsin təqsirli (qəsd və ya ehtiyyatsızlığı) olması, zərərçəkənə ziyan və zərər vurulması və təqsirkar şəxsin əməli ilə (ziyan və ya zərər vurulmasına gətirib çıxaran) nəticə arasında səbəbli əlaqənin olması əməlin mülki hüquq pozuntusu olmasını şərtləndirən əsaslardır. Yalnız bu halda, şəxs törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşıyır. İşin mübahisəsiz hallarından da görünür ki, iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, İnqlab İsmayılov küçəsi, ev 3, 2 saylı mənzilə su axıdılır. İşin bu halı Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/2530 nömrəli və xx.xx.2023-cü il tarixli, 9/2697 nömrəli rəyləri ilə də müəyyən edilmişdir. Belə ki, ekspert tərəfindən iddiaçının mənzilinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi, ev 3 ünvanında yerləşən iddiaçıya məxsus 2 saylı mənzildə mərtəbə arası susızmanın əlamətlərinin mövcud olduğu müəyyən olunmuş, Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi, ev 3 ünanında yerləşən iddiaçıya məxsus 2 saylı mənzilə su axıdılması nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün aparılmalı təmir-bərpa içlərinin dəyəri hal-hazırki bazar qiymətlərinə uyğun olaraq təqribən 2215 manat məbləğində və ekspert baxışına təqdim edilən istifadədə olmuş əşyaların hazırki orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 310 manat müəyyən olunmuşdur. Bundan başqa, Bakı şəhəri Xətai rayonu 96 saylı MKİS tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş məktubdan görünür ki, 96 saylı MKİS-i tərəfindən Bakı şəhəri, Xətai rayonu, İnqlab İsmayılov küçəsi, ev 3, 2 nömrəli mənzilə baxış keçirilən zaman məlum olmuşdur ki, təsadüfən 4-cü mənzlildən 2-ci mənzilə 1 dəfə su sızıntısı olmuşdur, mənzil tam təmirli olmuş və axıntı vanna otağındakı slivin sürşüb yerə düşməsi nəticəsində baş vermişdir Qeyd edilənlərdən də göründüyü kimi, iddiaçının mənzilinə cavabdehin mülkiyyətində olduğu mənzildən su axması və bunun nəticəsində iddiaçının mənzilinə ziyan dəyməsi iş materialları ilə sübuta yetirilir. İddiaçının mənzilinə ziyanın dəyməsində cavabdehin təqsirinin olub-olmamasına gəldikdə isə, məhkəmə qeyd edir ki, cavabdeh özünə məxsus mənzildən, habelə mənzildə yaşamasının təmin edilməsi üçün bütün zəruri vasitələrdən istifadə etməsi nəticəsində üçüncü şəxslərə dəymiş hər bir zərərə görə məsuliyyət daşıyır. Təsadüfi deyil ki, qanunvericilik hər bir şəxsin mülkiyyətindən istədiyi kimi istifadə etmək imkanını tanımaqla bərabər, bu hüququn həyata keçirilməsi zamanı qonşuların və üçüncü şəxslərin hüquqlarının pozulmamasını da nəzərə almışdır (AR MM-nin 152.5-ci maddəsi). Ekspertiza rəylərində də iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, İnqlab İsmayılov küçəsi, ev 3, 2 saylı mənzilində su sızmasının əlamətlərinin olması qeyd olunmuşdur. Bundan başqa, ekspert cavabdehə məxsus Bakı şəhəri, Xətai rayonu, İnqlab İsmayılov küçəsi, ev 3, 4 saylı mənzilinə baxış zamanı mənzilin sanitar qovşağının şaxtasında həmçinin sanitar qovşaq avadanlıqlarında qüsur (su sızıntısı, boru və boru işləmələrində çatlar və s.) aşkar edilmədiyini bildirsə də, baxışın hansı qaydada, vizual, yaxud mənzilin sanitar qovşağına açıq şəkildə baxılmasını rəyində açıqlamamışdır. Ona görə də, məhkəmə hesab edir rəyin həmin hissəsinə əsaslanmaqla iddianın rədd edilməsi qanuni hesab edilə bilməz. Şərh edilən halları nəzərə alaraq məhkəmə cavabdehin mənzilindən iddiaçının mənzilinə su axma nəticəsində zərərin dəyməsində cavabdehin təqsirli olması qənaətinə gəlir. Lakin məhkəmə hesab edir ki, iddia tələbi mənzilə və əşyalara dəymiş zərərin 5013 manat olması hissəsində qismən əsaslıdır. Belə ki, Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/2530 nömrəli və xx.xx.2023-cü il tarixli, 9/2697 nömrəli rəyləri ilə də müəyyən edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi, ev 3 ünanında yerləşən iddiaçıya məxsus 2 saylı mənzilə su axıdılması nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün aparılmalı təmir-bərpa içlərinin dəyəri hal-hazırki bazar qiymətlərinə uyğun olaraq təqribən 2215 manat məbləğində və ekspert baxışına təqdim edilən istifadədə olmuş əşyaların hazırki orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 310 manat müəyyən olunmuşdur. Bundan başqa məhkəmə qeyd edir ki, binadan nəyinsə axıdılması zamanı zərər vuran şəxsin məsuliyyət daşıması üçün bu şərtlər olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), şəxsiyyət və ya əmalka dəymiş zərər, həmin zərərin binanın (mənzilin, yaxud otağın) lazımi qaydada saxlanılmamasından irəli gəlməsi, yəni əməllə zərər arasında uyğun səbəbli əlaqə, məsuliyyətə səbəb olan binanın (mənzilin, yaxud otağın) cavabdehin mülkiyyətində və ya hər hansı formada sahibliyində olması. Məhkəmə xüsusi olaraq vurğulayır ki, binadan suyun axıdılması nəticəsində müvafiq otağı tutan şəxsin delikt normaları çərçivəsində yaranan məsuliyyəti təqsirsiz məsuliyyət halıdır, yəni bu halda zərər vuranın mülki-hüquq məsuliyyətinin yaranması üçün təqsirlilik şərtinin müəyyən edilməsinə (və ya araşdırılmasına ) ehtiyac yoxdur. Məhkəmə maddi ziyanın Cavabdeh1 tutulmasına aid hissəsini araşdıraraq qeyd edir ki, onun ünvan 3 ünvanında kirayə yaşaması (eyni zamanda nə vaxtdan faktiki olaraq həmin mənzildə yaşaması) barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. Halbuki qanunvericilikdə qeyd edilmişdir ki, daşınmaz əmlaka istifadə hüququ əqdin notarial qaydada təsdiq edildiyi andan əmələ gəlir. Məhkəmə Cavabdeh1 həmin mənzildə hüquqi əsas olmadan kirayə yaşamasını əsas götürsəydi belə onun tərəfindən ziyanın əmlakdan təyinatı üzrə istifadə etməməsi nəticəsində yarandığını, yəni təqsirli olaraq suyu açıq buraxması, boruları zədələməsi və s. hərəkətləri əsasında yarandığı öz təsdiqini tapmamış olacaqdır. Əgər ziyan əmlakdan təyinatı üzrə istifadə nəticəsində yaranmışsa, bu halda məsuliyyəti kirayəçi daşımır. Məhkəmə iddia tələbinin “gələcəkdə qonşuluqda olan mənzilin sahibinə və ya istifadəçilərinə bu cür hərəkətlərdən yayınmaq öhdəliyinin qoyulması” hissəsinə münasibət də hesab edir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının nəticəsi olaraq, suyun sızmasının səbəbi müəyyən edilməmişdir. Buna görə də iddia tələblərinin cavabdehlər üzərinə “bu cür hərəkətlərdən yayınmaq öhdəliyinin qoyulması” hissəsində təmin edilə bilməz. Bundan başqa gələcəkdə mərtəbələrarası su sızma halı olarsa, yenidən cavabdehə qarşı belə bir iddianın qaldırılması istisna edilmir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbləri qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi mütənasib olaraq 45.25 manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, işə baxılması ilə əlaqədar məsrəflər də – məhkəmə tikinit-texniki və əmtəəşünaslıq ekspertiza tədqiqatlarının dəyəri ümumilikdə 100 (50+50) manat məbləğində pul vəsaiti də cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 2215(iki min iki yüz on beş) manat məbləğində təmir xərclərinin əvəzi və 310 (üç yüz on) manat məbləğində əşyalara dəymiş ziyanın əvəzi, cəmi 2525 (iki min beş yüz iyirmi beş) manat məbləğində pul vəsaiti və ödənilmiş 45.25 (qırx beş manat, iyirmi beş qəpik) dövlət rüsumu Cavabdeh2 alınaraq İddiaçı ödənilsin. 100 (yüz) manat məbləğində ekspertiza tədqiqatlarının dəyəri Cavabdeh2 alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №e-2(011)-297/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-297/2023
05.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver