Məhkəmə qərarları › İş №e-2(011)-2979/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2979/2022

05.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2979/2022 05.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 599,85 manat məbləğində əsas borc və 0 manat faiz borcu, 132,29 manat cərimə borcu olmaqla, ümumilikdə 732,14 manat borcun və dövlət rüsumunun əvəzi qismində ödənilmiş 30,40 manat məbləğin tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 05.04.2019-cu il tarixli, 109893-PC********** nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illik 0 faiz dərəcəsi olmaqla, maksimal limiti 3000 olan kredit xətti ayrılmışdır, borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur, cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o Banka olan borcunu ödəməmişdir, 08 fevral 2022-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 599,85 manat məbləğində əsas borcu, 0 manat faiz borcu, 132,29 manat cərimə olmaqla, ümumilikdə 732,14 manat məbləğində kredit borcu yaranmışdır, istehlak krediti müqaviləsinin şərtlərinə əsasən, borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının banka ödənilməsini öhdəsinə götürür, eyni zamanda həmin müqaviləyə əsasən, ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır, cavabdeh krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 05.04.2019-cu il tarixli, 109893-PC********** saylı Smile kredit xətti müqaviləsindən görünür ki, Cavabdeh ilə İddiaçı ASC arasında 36 ay müddətinə illik 0 faiz olmaqla, istehlak məqsədilə 600 manat məbləğində bərpa olunan kredit xətti açmışdır. İş materiallarında olan 05.04.2019-cu il tarixli kassa məxaric orderindən görünür ki, İddiaçı ASC Əhmədli filialı Cavabdeh bir ədəd plastik kart vermişdir. İş materiallarında olan 08.02.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 05.04.2019-cu il tarixli, 109893-PC********** saylı kredit xətti müqaviləsinə əsasən, 599,85 manat əsas borcu, 0 manat faiz borcu, 132,29 manat cərimə borcu olmaqla, cəmi 732,14 manat borcu mövcuddur və kredit müqaviləsi üzrə gecikmə 213 gün təşkil edir. İş materiallarından görünür ki, 23.04.2021-ci il tarixdə İddiaçı ASC tərəfindən cavabdehə borcunu 04 sentyabr 2021-ci il tarixədək ödəməsi, əks halda məhkəmə qaydasında qanunvericiliyə uyğun daha ciddi tədbirlər görüləcəyi barədə xəbərdarlıq məktubu göndərilmişdir. İş materiallarında olan 11.02.2022-ci il tarixi ********* saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu, 0,40 qəpik xidmət haqqı ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 05.04.2019-cu il tarixli, 109893-PC********** saylı kredit xətti müqaviləsi əsasında bank tərəfindən cavabdehə 36 ay müddətinə, 0% ilə 600 manat bərpaolunan kredit xətti açmışdır, cavabdeh müqavilə üzrə müəyyən edilmiş müddətdə kredit xətti üzrə məbləğini komissiya haqqı ilə birlikdə banka ödəmək barədə öhdəlik götürmüşdür, iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur, borcun ödənilməsi barədə iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq edilmişdir, cavabdehin banka əsas və cərimə borcu qalmışdır. Bununla belə, cavabdehin müqavilə üzrə nəzərdə tutulan öhdəliklərinin icrasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, tərəflər arasında bağlanmış müqavilə üzrə tənasübsüz surətdə yüksək hesablanmış cərimə məbləğinin azaldılaraq, 05.04.2019-cu il tarixli, 109893-PC********** saylı kredit xətti müqaviləsi üzrə 50 manat həddində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 05.04.2019-cu il tarixli, 109893-PC********** saylı kredit xətti müqaviləsi üzrə 599,85 manat əsas borc, 50 manat cərimə, ümumilikdə 649,85 manat pul alınaraq iddiaçıya ödənilməlidir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə (649,85 manat) müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də, iddiaçı tərəfindən ödənilmiş 30,40 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatadək olduqda iddia ərizəsinin verilməsinə görı 30 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 284-1, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh əsas borc kimi 599,85 manat, cərimə borcu kimi 50 manat olmaqla, ümumilikdə 649 (altı yüz qırx doqquz) manat 85 (səksən beş) qəpik və dövlət rüsumunun əvəzi qismində ödənilmiş 30 (otuz) manat 40 (qırx) qəpik alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir ay) müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar