Məhkəmə qərarları › İş №e-2(011)-2993/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2993/2023

20.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2993/2023 20.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi Şükürzadə Aysel Qədir qızının katibliyi Cavabdeh Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi X3 iştirakı ilə İddiaçı QSC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı QSC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı QSC-nin xeyrinə 40010017 saylı xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 1725 manat borcun, 0 manat cərimə borcunun, 37.25 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 40010017 saylı xx.xx.2022-ci il tarixli Nisyə Alqı-satqı müqaviləsinə əsasən cavabdeh 1725 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərti ilə 12 ay müddətində ödəməyi öhdəsinə götürüb. İddiaçı MMC ilə Optimal Elektronika MMC arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan Sazişə əsasən "xxxx" MMC -nin Cavabdeh qarşı olan 1725 manat məbləğindəki tələb hüququ İddiaçı MMC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun İddiaçı MMC-yə keçməsi barədə Nisyə alqı satqı müqaviləsi üzrə Alıcıya müvafiq bildiriş təqdim edilmişdir. Ferrum Kapital MMC xx.xx.2020ci il tarixində təşkilati hüquqi formasını dəyişərək QSC yə çevrilmişdir. Tərəflər arasında bağlanmış Nisyə alqı-satqı müqaviləsinin 3-cü maddəsinə görə satıcı alıcıya Təhvil təslim aktında qeyd olunan malı satır və alıcı isə həmin malı qəbul edib tərəflər arasında razılaşdırılmış nisyə alqı-satqı müqaviləsi üzrə malın dəyərini satıcıya ödəyir. Tərəflər arasında bağlanan nisyə alqı-satqı müqaviləsinə əsasən alıcı həmin müqavilənin 1 saylı əlavəsində müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürür. Eyni zamanda həmin müqavilənin 5.6-cı maddəsinə əsasən alıcı borcu vaxtında ödəmədikdə, satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 0.3 % miqdarında dəbbə pulu ödəməlidir. Əlavə olaraq tərəflər arasında bağlanmış nisyə alqısatqı müqaviləsinin 6.1-ci maddəsinə əsasən alıcı müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etmədiyi halda, satıcı mala görə hesablanmış borcu və dəbbə pulunu dərhal tələb edə bilər. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri оlaraq ödəməli оlduğu ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtmir. Belə ki ,cavabdehin bugünə 1725 manat əsas borcu, 0 manat cərimə borcu yaranıb. Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı tərəflərindən cavabdehə bildiriş göndərilmiş, lakin borclu tərəfindən ödənilməli olan vəsait ödənilməmişdir. Bu səbəbdən də, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi X1 məhkəməyə ərizə ilə müraciət edərək, işə iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddiaya etiraz edərək, 40010017 saylı xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə sifariş etdiyi məhsuldan (Kondisioner BOSCH ASO12VW30U) imtina etmiş və məhsulu təhvil almamış, nəticədə həmin müqavilə ləğv edilmişdir. Bu halı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsinin də təsdiq edə biləcəyini bildirərək, məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbinin əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və bildirmişdir ki, İddiaçı QSC-də 40010017 saylı müqavilə üzrə borcalanın adında olan borc məbləği və gecikmə "xxxx" MMC tərəfindən yaranmış texniki səhv səbəbindən yaranmışdır. Ona görə də, cavabdehin iddiaçıya borcu yoxdur. İddiaçı iddia tələbini cavabdehə qarşı deyil, "xxxx" MMC-yə qarşı irəli sürməli idi. İş materiallarına əlavə edilmiş: xx.xx.2022-ci il tarixli 40010017 saylı əşyanın nisyə alqı-satqı müqaviləsinə (Əlavə 2) əsasən Cavabdeh 1725 manat dəyərində nisyə mal almışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.2022-ci il tarixli 40010017 saylı alqı-satqı müqaviləsi üzrə sifariş olunan məhsul gəlmədiyi üçün sonradan müqaviləyə xitam verilərək, onun əvəzinə xx.xx.2022-ci il tarixində borcalana yeni 40015186 saylı müqavilə üzrə yeni məhsul kredit ilə verilmiş və İddiaçı QSC-də 40010017 saylı müqavilə üzrə borcalanın adında olan borc məbləği və gecikmə "xxxx" MMC tərəfindən yaranmış texniki səhv səbəbindən yaranmışdır. xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2022-ci il tarixli 40010017 saylı alqı-satqı müqaviləsi üzrə İddiaçı QSC-nə 1725 manat əsas, 0 manat cərimə, cəmi 1725 manat məbləğində borcu yaranmışdır. xx.xx.2023-cü il tarixli bildiriş məktubundan görünür ki, Cavabdeh 1725 manat məbləğindən borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəmədə iddia qaldırılacağı barədə xəbərdarlıq olunmuşdur. xx.xx.2019-cu il tarixli R-16/19-saylı Faktorinq müqaviləsindən görünür ki, İddiaçı MMC ilə "xxxx" MMC (VÖEN:**********) arasında imzalanan faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan xx.xx.2022-ci il tarixli sazişə əsasən "xxxx" MMC –nin Cavabdeh qarşı olan 1725 manat manat məbləğində borcun tələb hüququ İddiaçı MMC-nə keçmişdir. xx.xx.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı QSC tərəfindən məhkəməyə ərizə verilərkən 37.25 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 581.1-ci maddəsinə əsasən satıcı alıcıya keyfiyyəti alqı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Həmin Məcəllənin 575.1-ci maddəsinə əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edilmişdir ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmış, lakin cavabdehin xx.xx.2022-ci il tarixli 40010017 saylı alqı-satqı müqaviləsi üzrə sifariş olunan məhsulu gəlmədiyi üçün "xxxx" MMC ilə aralarında olan müqaviləyə xitam verilmişdir. Həmin müqavilənin əvəzinə xx.xx.2022-ci il tarixində borcalana yeni 40015186 saylı müqavilə üzrə yeni məhsul kredit ilə verilmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı QSC-də 40010017 saylı müqavilə üzrə borcalanın adında olan borc məbləği və gecikmə "xxxx" MMC tərəfindən yaranmış texniki səhv səbəbindən yaranmışdır. Həmçinin "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixli İddiaçı QSC-yə ünvanlanan məktubdan görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında 40010017 saylı xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlansa da ona tərəflərindən mal təhvil verilməmişdir.Eyni zamanda xx.xx.2023-cü il tarixli 10041 nömrəli məktuba əlavə olunan siyahıda da Cavabdeh qeyd olunan müqaviləsi ilə bağlı məlumat verilmiş, Cavabdeh ilə bağlanmış 40010017 saylı xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi dərhal İddiaçı QSCyə satıldığından şirkətlər arasında qüvvədə olan müqavilə şərtlərinə uyğun olaraq "xxxx" MMC həmin nisyə-alqı-satqı müqaviləsi üzrə İddiaçı QSC-qarşısında cavabdehlik daşıyır və faktorinq müqaviləsi əsasında qüvvədən düşmüş 40010017 saylı xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə borcu ödəməyi "xxxx" MMC öz öhdəliyinə götürmüşdür. Məhkəmə qeyd edir ki, üzərinə öhdəlik götürmüş hər bir tərəf öhdəliyini vicdanla yerinə yetirmək vəzifəsi daşıyır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarının təmin edilməsinə yönələn addımdır. Bu səbəbdən də, qanunvericilik öhdəliyin icrası zamanı vicdanlılıq şərtlərini təkcə tərəflər arasında bağlanmış müqavilənin məzmunundan irəli gələn hərəkətlərin yerinə yetirilməsi ilə məhdudlaşdırmır, hətta müqavilədə və qanunda nəzərdə tutulmasa belə, tərəflərin mənafelərinə uyğun gələn tərzdə, işgüzar adətlərə uyğun icra edilməsini təşviq edir. Beləlilklə iddiaçı tərəfindən iddia tələbinin əsaslandığı hallar məhkəmə araşdırılması zamanı öz təsdiqini tapmadığından, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5 və 284- 6-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar